Страницы

29.03.2014

Mahir, Yeri var həsrət ilə tərk eləsəm dünyanı...

Azərbaycan Dillər Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Zeynalova Aytac Xalid qızının mərhum Hacı Ələmdar Mahir haqqında yazdığı məqalə

 Bu dünyadan bir insan köçdü...Namuslu, imanlı bir insan...Yaşamaq, yaratmaq məramını dərindən duya bilən, dünya həqiqətlərindən hali bir insan...Uğrunda səfərbər olduğu prinsiplərinə çox, həddindən artıq sadiq qalan bir ziyalı...Azərbaycan kişisinə yaraşan sambalı, zəhmi, sözübütövlüyü ilə seçilən, sevilən bir Nardaran övladı, bir el oğlu, bir el ağsaqqalı köçdü bu fani dünyadan. Hərəmiz bir missiya ilə Yer üzünə göndərilmişik, lakin belə insanları gördükdə düşünürsən ki, böyük Yaradan öz hikmətlərini insanlığa çatdırmaqdan ötrü müqəddəslərdən başqa xüsusi fəhmə sahib olan insanları da yaratmışdır.
Görünür xüsusi istedad, xüsusi hal, xüsusi ziya əzəldən bu insanların taleyinə yazılmışdır, ta Qalu Bəladan. Bizləri əhatə edən gizli kodları, şifrələri açmaq, onların arxasında gizlənən həqiqətləri (damla qədər də olsa) aşkarlamaqdan ötrü...Böyük insan, böyük ziyalı, ədəbiyyatşünas, əruzun gözəl bilicisi, ən əsası isə "eşq və iman şairi" Ələmdar Mahir də belələrindən idi. Onun könül bağçasının insanlığa, elmə, mədəniyyətə bəxş etdiyi sənət-düşüncə dünyası hələ neçə-neçə alim-tədqiqatçıların zehnini məşğul edəcək, neçə-neçə ədəbiyyatsevərlərin ruhunu, yaddaşını tərpədəcək, qəlbini oyandıracaq. Ə.Mahirin ədəbiyyatşünaslığa, irfani düşüncəyə dair fərqli-prinsipial görüşləri filoloji fikirdə yeni nəzəri yanaşmaların, yeni meyl və tendensiyaların meydana çıxmsı ilə izah edilməidir.
 Ələmdar Mahiri xatırlarkən (bu sözü söyləmək bizə çox ağırdır) fikirlərimizdə ilk oyanan bu olur ki, bu insan dünyanı hikmətlərin dili ilə danışdırmağı bacarırdı. Deyərlər şairlər hamının yaşadığı, lakin heç kəsin ifadə edə bilmədiyi hiss və yaşantıları qələmə almağı, dinləndirməyi bacarırlar. Bir də deyərlər ki, əsl ilham fitrətdən gəlməlidir, "Allahın gizli xəzinələrinin açarı şairlərin dilləridir". Bəlkə bu keyfiyyətləri özündə daşıdığına örə Mahir divan ədəbiyyatının incə mətləblərinə bu qədər zərgər dəqiqiliyi, iti təfəkkürlə nüfuz edə bilirdi. Əlbəttə buraya digər əlavələri də edə bilərik: İslama məhəbbət, sözdə, qəlbdə və əməldə vəhdət, dərin dini savad, doğulduğu Nardaran torpağının ədəbi mühiti, şəxsi mütaliələr, müşahidələr və müqayisələr aparmaq bacaığı, ən bşlıcası isə İMAN!
 Şairin doğulduğu düşüncə-irfan ocağı olan Nardaran kəndi barəsində sənətə bağlı olan insanlar çox söz söyləmiş, yüksək qiymət vermişər. Bu torpağın suyundan, havasından ya nədəndirsə hər kəs şeir-sənət vurğunu olub onun qoruyucusuna çevrilir. Füzuli irsini müqəddəs kitabımız "Quran"la bərabər tutaraq pak, yüksək mərtəbədə görən Nardaran əhli tarixən sözə, səsə, musiqiyə təkcə estetik duyum mənbəyi kimi deyil, yüksək irfani ucalıq prizmasından yanaşmışlar. Ciddi davranışları, kökə-imana bağlılıqları ilə seçilən bu insanların sözə-sənətə münasibətləri də xüsusi ciddi olmuşdur. Bu yerlərin boya-başa çatdırdığı övladlar Azərbaycan xalqının tarixi yaddaşında şərəfli yer tutmuşlar. Şıx ağa (Şeyx Məhəmməd Əmin),Hacı Şıxəli Tuti, Hacəli Pərişan, Mirzə Abbas Şahin, Xəlfəli Dindar, Muxtar Fail, Hacı Mail və daha neçə-neçə yaradıcı insan öz zəka və ilhamlarını İlahinin nuru ilə zinətləndirmiş, sözə, şeirə sakral yanaşmaları ilə fərqlənmişlər. Burada bu gün də yazıb yaradan, sözün ləyaqətini qoruya bilən insanlar var ki, onlardan Ədilə Xəyali, Hacı Əlövsət, Rəcəb Sadiq, Hacı Qəzənfər Talib, Hacı Akif, Hacıxanım Kürsümxanım, Taleh Sadıq, Hacı Manaf, Fəxrəddin Cəfakeş, Şəhla Günay, Mehrəli Asim və b. adlarını çəkmək olar. Abşeronun bu kiçik diyarı indi yox, hələ Sovet təbliğat maşının ən fəal günlərində belə tarixi-mədəni, mənəvi-əxlaqi dəyərlərimizə xüsusi diqqət vermiş, xüsusi qayğı ilə onları mühafizə edə bilmişdi. Çoxlarının bəyənmədiyi, köhnəlik qalığı hesab etdikləri dini-milli dəyərlərimiz, irfani düşüncələr, dini-əxlaqi fikirlər, daha neçə-neçə hikmət boxçası müstəqillik dövründə bir tutiya kimi cəmiyyətə təqdim edilmişdi. Mahir də belə bir mühitin övladı, belə bir elin oğlu idi. Gözünü açandan qəlbini bürüyən iman nuru özündə hansı hissləri, hansı dəyərləri birləşdirmişdi? Axı iman olan qəlbə çox şey sığışar, Vətən də, ana da, əcdad da,övlad da, hələ daha kimlər, daha nələr...
 Ölüm dərin bir həyat düşüncəsi, mənəvi əxlaq nuru içində ağlını Haqqa, qəlbini xeyrə çevirənlər üçün bəlkə də eşq ilə əbədiyyət dünyasında qalmaq deməkdir. Bəlkə uca Yaradan ilahi istək ilə ona səmimi bağlananları xoşagəlməz əlaqələrdən, ağrı-acıdan hər vasitə ilə qurtarır, onları ülviyyətə çağırıb dərinləşdirir, rahatlıq verir. Peyğəmbərlərin, imamların nümunəvi həyatından, iman və Quran nurundan pay almaq, "seyri-bədayi"dən, İlahi sirlərin dərinliklərindən pay ala bilmək üçün verilən hikmətlər və ibrətlər sərgisi olan bu aləmdə Ələmdar Mahir də bir iz qoydu getdi. Arxalandığı Quran hikmətləri, hədislər, böyük Nizamilərin, Nəsimilərin, Füzulilərin bədii-irfani düşüncələri oldu. Sözə güvəndi, o böyük hikmət qapısına üz tutdu şair...

Yüz bəla gəlsə məhəbbət vadisindən dönmərəm,
Mən bu yolda vermişəm bir məhliqa dildarə söz.

Tut sözü daim özündən yüksək, ey şair könül,
Çünki Allah göndəribdir Əhmədi-Muxtarə söz.

 Söz bir İlahi lütfü, İlahi inayətidir, ona üz tutanlara arxa çevirməz, qəlbi imanlı olanları əbədiyyətə ucaldar. "Tarixin bütün qızıl səhifələri şahiddir ki, mənəvi böyüklərin, Allah yolunda söz danışıb xeyir düşünənlərin əbədiiyyət qədər ömürləri vardır". Bəli, İlahi qədərə təslim olmağın feyzini yaşamaq ariflərə, aqillərə məxsus keyfiyyətdir. Sənətkar maddənin fövqünə, məchul olana aşiqdir. Hər zaman ən gözəl olanı aramaq, axtarmaq cəhdindədir. Zaman-zaman, daha çox isə müasir dünyamızda sənətin qaynağını, ifadə etmə, reallaşma çalarlarını fərqli bucaqlarda axtaranlar da olur. Lakin klassik sənətkarlar qüsursuz və müstəsna olanı axtarmışlar. Doğrudan da həqiqi sənət insanı maddədən mənaya aparan və mənada yox edən sənətdir. İlham adlndırdığımız fövqəladə hal isə hər kəsə verilməyən bir xüsusiyyətdir. Deməli, Ələmdar Mahir də belə seçilmişlərdən idi.
 Mən Ələmdar Mahir haqqında danışmaq istəyirəm. Şair Ələmdar Mahirdən. Əslində mən Ələmdar Mahirin könül dünyasından danışarkən ilk olaraq onun şah əsəri sayılan "La fəta illa Əli, la seyfə illa Zülfüqar" misrasını xatırlayıram. Açığı şairin yaradıcılığı ilə tanışlığım da bu misralarla başlayıb:

Ya Əli, ey cümlə xaqanlar, sənə kəmtər qulamu,
Rahi-eşqində xoça ol aşiqə tutmuş məqam,
Mahirəm xaki-dərində bir gəda tək sübhü şuam,
Tutiyi-dil dəmbədəm təkrar edər biixtiyar.
"La fəta illa Əli, la seyfə illa Zülfüqar!"

Əslində bu misralar yarandığı andan həm şeirin özünü, həm də müəllifini çox məşhurlaşdırdı. Bunu həmin müxəmməsə yazılmış saysız-hesabsız nəzirələrdən də görmək mümkün idi.

Gözəllər şahını Mahir çalış vəsf et gözəl sözlə
Yəqin qiymər verər hər bir gözəl əşarə insanlar.

 Düşüncəsi, poetik ruhu irfanla yoğrulmuş bu misralarda həqiqi aşiqlərin duyğu və hisslərinin ifadəsi, İlahi təmasa çağırış motivləri güclüdür. Eşq, gözəllik, mərifət anlamları, insanın əslinə qayıtmaq istəyi Şərq-müsəlman poeziyası üçün ədəbi-estetik zərurətə çevrilmiş, bu fikir-düşüncə dünyası Mahirin yaradıcılığında özünəməxsus bir şəkildə yer tapa bilmşdir. Mahir şeirinin qaynaqlandığı orta əsrlər poeziyasının əsas söykənc yeri eşq və mərifət olmuşdur."Eşq insan fitrəritnə aid olan batini dəyərdir,...eşq insan qəlbinə nazil olan bilgi nuru və Tanrı feyzidir." Deməli, Eşq Haqqın insanlığa lütfü, inayətidir. Bu əsərlərdəki bəlalar, həsrət odu Haqqın rəhməti kimi qəbul edilmişdir. Eşq aşiqlər üçün feyz mənbəyidir, aşiq olanlar həqiqət axtaranlar, İlahi vəhdətə can atanlardır. Mahir "qəlbi-zarı ahi-atəşbar ilə" rövşən edərək, "sevdayi-eşqi-yardə dəyməz ziyan mənə" söyləyir, beləcə Ali Gözəlliyin dərkinə yönəlir şair.

Zülməti-eşq içrə çox üşşaqə ahımdır çıraq,
Çünki yandırmaq savabdır, bikəsü-biyarə şəm.

Sənin eşqinlə çox nalan ki, şövqilən veribdir can
Olaydım onlara qurban, sənə qurban olan yerdə

 Lakin şair tabı olmayanlara "bu eşq xanəsinə girmə"- deyir, çünki bu xanə "dərdü-qüssə, möhnətü-qəmlə doludur. Bu diyarqəmdə eşqin vurduğu yarələr könüldən getməz, çünki eşq əhli çox təbiblərdən, çox dərmanlardan keçmişlər. Aşiq "şöleyi-ahı" ilə dənizi qurutsam, aşiqlər üçün Məcnun səhralarının yaranacağındn qorxur.

Eşq camın nuş edən aşiq kəmalından keçər,
Vəslə yetmək istəyən cahü cəlalından keçər.

 Mahirin əsərlərinin unikallığını onun dərin dini savadının həzin misralarda kök tapa bilməsi ilə əlaqələndirmək olar. Müasir dünyamızın əruz yaradıcılığı üçün bu məsələ həssas bir mövzudur. Xaliqin insanlığa bəxş etdiyi məhəbbət nurunu şəriət ehkamları, dini-sosial ümumiləşdirmələr ilə cilvələndirmək bacarığı az şairə nəsib olur. Çünki bunun üçün yüksək dini-əxlaqi təfəkkür mistik-intiutiv duyumla eyni simə vurmağı bacarmalıdır.

Məst olub vəhdət şərabından həqiqət kəsb edən
Əhli-iman olsa dönməz yüz şəriət versələr.

Şükr qıl cövrülərə, çünki səadətdi sonu,
Yox Cəhənnəm qəmi, ey dil, qəmi-dünya görənə.

 İrfan badəsindən nuş etmiş şair şəri məsələlərə kortəbii şəkildə deyil, hökmlər və onların elmi izahları bucağından yanaşmağa üstunluk vermişdir. Sələflərindən fərqli olraq Mahir rizvanı, yaxud cəhənnəmi olacaqlardan hesab edir, imanını (vəsli-yarı) mistik düşüncələrdəndaha çox, islam hökmlərindən çıxış edərək Allah rizası üçün cənnət eşqi ilə paklandırır. Bu mənada şair öz məsləkinə, dininə daha sadiq şəkildə fikirlərini nümayiş etdirir və yeni poetik ünsiyyət vasitələri ilə oxucusunu düşündürür. Maraqlısı budur ki, bu kimi fərqli fikirləri söyləyərkən müqəddəs kitablara, qüdsi hədislərə güvənən şairin mövqeyi kifayət qədər cəsarətli və sabitdir.

Bir xəbər verməz nigarımdan mənə badi-səba,
Pərdeyi-çeşmim onunçun hər həvadən nəm çəkər

Yetiş imdadə, bərpa qıl, ədalət mülkünü şahım
Nəhayətsiz zülmlərdən gəliblər zarə insanlar

 Bu beytlərdə şair qeybə çəkilmiş sonuncu imam Mehdi Sahibəzzəmana həsr edərək onun tezliklə zühurunu arzu etdiyini dönə-dönə xatırlamışdır. Mətndən çıxış edərək bu qəzəllərdə "dilbər" obrazının Mütləqi-Həqiqət, Peyğmbər, Hz.Əli, Hüccət ə.s.və b.-na aid olmasının müəyyənlşdirmək mümkündür.
 Eşq konsepsiyası və bu konsepsiya üzərində yaradılmış rəmzlər sistemi klassik əsərlərdə, xüsusən də qəzəl leksikonunda oturuşmuş, möhürü vurulmuş bir hikmət daşıyıcılarıdır. "Badə" "saqi", "xal", "mey", "məstlik", "səru-kuy" və s. çoxlu sayda rəmz və işarələri göstərmək olar ki, şair bunlardan yeri gəldikcə yüksək sənətkarlıqla istifadə etmişdir. Söz dünyasına, fikir karvanına inci olan bu ifadələr əsərlərin bədii boyalarını daha da əlvanlaşdırmış, bədii-romantik vüsətini artırmışdır.

Nəzər etdim bütün üşşaqə, yalandan nə deyim
Mənə nisbət səri-kuyində gəda görməmişəm.

 Mənəvi-ruhani təkamülün, İlahi eşqə yaxınlaşmağın dərəcəsi fəhmlə yanaşı həm də daxili transformasiya vasitəsilə müəyyənəşir. İrfan alimləri çoxpilləli mərifət-həqiqət yolunun məqamlarından birini "fəqr" adlandırmışlar. Fəqirlik "tanrıya ehtiyac və Ondan qeyri nə varsa heç birinə bağlanmamaq və ehtiyacsız olmaq deməkdir." Səri-kuy bəndəlik məqamını bildirir. Şair-aşiq söyləyir ki, aşiqlər içərisində mənim kimi sənə ehtiyaclı olan yoxdur.

Şəm tək yandım təəssüb atəşindən sevgilim,
Mahi-ruyinlə eşitdim bəhs edər bir parə şəm.

 Bu misralarda şərab eşqi-İlahidirsə, şəm nuri-İlahini bəyan edən rəmzlərdəndir. Mahirin yaradıcılığı, sənət göstəriciləri arasında digər maraqlı olan budur ki, buradakı həyatılik, Allaha məhəbbətin real dünya şərtləri, islami hüquqlar çərçivəsində ifadəsi bəzən misraların alt mənalarından daha çox ilkin məzmuna bənzəyir: Allahın nurunu görmək eşqilə yanan aşiq hələ də təəssüb çəkməkdədir. Burada şama məxsus parlamaq, yandırmaq xüsusiyyəti Yaradanın cəmalı ilə müqayisə edilir. Elə həqiqət yolunu işıqlandıran da Allah və onun nurudur.Bu ümmanda yuyunub-arınmağa "cəzbe" və ya "cəzbeyi-ilahiyyə" deyərlər.

Kənar et zülfünü üzdən, səpilsin nurun hər yanə
Tamaşa eyləyə aləm, o məhrüxsarə hər yandan.

"Zülf"ə, yəni aşiq-yolçunun keçdiyi məqamlara işarə edərək şair bu maneələri dəf edə-edə o nura qovuşmağa can atır. Şairə görə, insanlığa bəxş edilmiş dünyanın batini mahiyyətini dərk edərək bədənlə ruhun harmoniyasını bərpa etmək həm də əsil fəzilət sahibi olan möminin vəzifəsidir.

Öylə məstəm mənə nə saqi, bə də badə gərək,
Eşq məsti ola hər qeydidən azadə gərək

 İlahi ünsiyyətə meyl edən şair aldığı feyzdən o qədər məsuddur ki, ona artıq heç bir badə, yəni feyz qaynağı, nə də heç bir saqi, yəni mənəvi mürşid lazım deyil. Çünki aşiq daxili azadəliyi sevən olur. Əslində mənəvi mürşid o kəsdir ki, bütün həqiqətlər onun könlündə əks olunur. Aşiq isə artıq həmin həqiqətlərin cazibəsindədir.
Mahirin könül sevdası bu ülvi eşqdən doymur, ona səcdə edir, "cəhd qıl tapmaya yol qəlbinə bədxah sənin" söyləyərək onu nəfsin köləliyindən qoruyur. Bu əsərlərdəki aşiq-şair öz xislətindəki və ruhundakı tovhidi tapmış və dərk etmişdir.

Bir görmədim zəmanədə ey çərxi-kəcmədar,
Aşiq rəqibsiz ola bir gül də xarsız.

 Klasik ədəbiyyatda çox işlənən üçüncü surət-rəqib, əğyar obrazı bəzən sırf cismə, bəzən salikin fənafillah məqamına aid edilir. Mahirin qəzəllərində də əğyar-rəqib nəfs, dünya,maddi həvəs, fənafillah anlamlarında ifadə edilmişdir. Bütün fəaliyyəti boyu Hacı Ələmdar Mahir öz yaradıcılığına çox ciddi və tənqidi yanaşmışdır. Necə ki, özü də söyləyir:

Yoxdur dəhəni-yarı demişlər üləmalar.
Arif bu yoxun şərhinə çox varı bağışlar.

Abbasın adı xatirinə Mahiri bilməm
Allah bu üzü qarə Ələmdarı bağışlar.

 Ələmdar Mahirin fəaliyyəti ədəbi-tənqidi düşüncələri ilə daha da bütövləşir. Bəli, mən indi ədəbiyyatşünas alim Ələmdar Mahirdən danışmaq istəyirəm. Əslində bəlkə daha çox elə bu barədə danışmaq istərdim. Yeni fikirlər, orijinal təhlillər, fərqli yanaşmalar, maraqlı paralellər müstəqillik dövrü ədəbiyyatşünaslığımızda formalaşma prosesi getdiyi bir zamanda yeni çığırın açılması deməkdir. Ələmdar Mahirin "Mənim tanıdığım Füzuli", 3 cildli "Füzuli qəzəllərinin şərhi" kitabları əslində Füzulişünaslıqda özünəməxsus yeri olan yazılardan hesab olunmalıdır. Təkrara getmədən, halal-ümmət sırf öz idrakından doğan, "gözdən-nəzərdən " qaçmış ifadələrin mənalarının sirli qatlarına enmək, onları şəriət hökmləri, islam dəyərləri ilə əlaqələndirmək bacarığı Mahiri fərqləndirən xüsusiyyətlərdəndir. Onun haqqında xatirələrdə (Hacı Qəzənfər Talibin dilindən) söylənilir ki, bir dəfə "Məcməüş-şüəra" ədəbi məclisində "Leyli və Məcnun" ətrafında gedən müzakirələr zamanı mərhum şair Əlibala Səyyah soruşdu ki, necə olur ki, Leyli Məcnun Leyliyə məhrəm olmaya-olmaya onun məzarını açıb orada dəfn edirlər? Bu zaman heç kimdən cavab gəlmədiyini görən Hacı Ələmdar dedi: "Şəriətə görə meyit dəfn olunandan sonra hansısa bir əzası sonradan tapılarsa qəbri yenidən açmaq olar. Leyli ilə Məcnun bir bədənin ayrı-ayrı üzvləri olaraq bir-birini tamamlayırlar. Vəhdətin tamamlanması üçün onlar bir qəbirə qoyulmalı idilər." Sonralar müəllif "Mənim tanıdığım Füzuli" kitabında bu araşdırmaları daha da dərinləşdirmiş, yeni-yeni elmi tapıntılarla bu irsə yeni baxış nümayiş etdirmişdi. Əsərin hər bir hissəsinə şərh verməzdən öncə tədqiqatçı yazır: "Füzuli söyləyir ki, doğrudur, mən bir əfsanə nəzmə çəkmişəm, ancaq bu əfsanə böyük bir sirri danışmaq üçün bir vasitədir. Arzularımı ALLAH-a Məcnunun dili ilə çatdıraram, Leyli adı altında isə onun camalını təriflərəm." Müəllif oxucuya tanış olan termin və anlayışlara bəzən çox yeni, bəzən də təsnif olunmuş, səliqəli bir şəkildə izahlar verir. Qeyd etmək lazımdır ki, əminlik, dəqiqlik və güclü məntiq Ələmdar Mahirin tədqiqatçı fəliyyətinin məhək daşıdır. Məsələn, "saqi" sözünün izahını belə verir: "Saqi sözünün bir neçə mənaları var: 1. Kamil şəxs. 2.Ariflərə eşq feyzi ilə şərab paylayan.3.İlahi feyz qaynağı.4.ALLAH-ın camal sifətlərinin təzahürü.5.Ruhül-qüds, yəni ALLAH-dan Məhəmməd Peyğəmbərə(s) vəhy gətirən mələk.6.Cənnətdə Kövsər suyunu paylayan (Həzrəti-Əli) və s. "Mənim tanıdığım Füzuli" əsərində ən maraqlı cəhət, bizə görə, irfani düşüncələrə inqilabi yanaşması, təsəvvüf haqqındakı fikirləridir. Müəllif irfan və təsəvvüf haqqında dəqiq, sübutlar və dəlillərlə izahlar vermişdir. Əslində müstəqillik dövrü ədəbiyyatışünaslığnda yenicə öyrənilməyə başlanan təsəvvüf-irfan məsələləri Azərbaycan elmi üçün kifayət deyildir. Amma yeni tendensiya olaraq bu iki məfhumun eyniləşdirilməsi məsələsinə və cəhdinə tədqiqatçının fərqli yanaşması və gətirdiyi arqumentlər diqqəti cəlb edir.
Tədqiqatçı "Füzuli qəzəllərinin şərh"ində təkrara getmədən yeni maraqlı açıqlamaların ilə Füzulisevərlərin intellekt səviyyəsini qaldırmağa çalışmış, yeni hikmətlərdən, yeni mətləblərdən söz açmışdır. Mahirin şərhləri içərisində xeyli sayda dərin məzmunlu əlavələri (hətta bəzən mətndən kənar) var ki, bu da onun yaşadığı həyatın, qazandığı biliklərin səviyyəsindən xəbər verir. O, Füzulinin digər "Nişani-şəfqətindir kim, olur izhar həmdinçün, Füzuli tirə təbindən, kəlami-canfəza peyda" misralarının şərhində belə deyir: Allahın qeybdən göndərdiyi sözlər iki vasitə ilə özünü göstərir: biri vəhy, digəri ilham vasitəsilə. Vəhy peyğəmbərlərə, ilham isə şairlərə veriılir. Allaha yaxın olan imanlı şairin kəlamı daha ecazkar, daha əsrarəngiz olar. İlhamın bu cür qüdrətə malik olması Allah vergisi olmasına işarədir. Necə ki, Mahir özü də misralarında belə söyləyirdi:

Ey olan Rəfrəfsəvar, ey seyri-əflak eyləyən,
Ey şəbi-əflakı mehri-arizi çak eyləyən.

Vaqifi-əsrar olan sənsən, çün elmin şəhrisən
Həmçinin sənsən bəyani-"maərəfnak" eyləyən.

 Ələmdar Mahirin Füzulinin əsərlərinə verdiyi şərhlərdə də fərqli və qanedici cəhət odur ki, ilahiyyat və irfan dünyagörüşünə kifayət qədər bələd olan müəllif onları həmin misralara, oradakı məzmuna elmi şəkildə tətbiq edə bilir. Zənnimizcə, onun tədqiqlərindəki dəqiqlik və əminlik xüsusiyyəti də məhz burdan qaynaqlanırdı. Məsələn, Füzulinin:

Qəd ənarəl-eşqə-lül-üşşaqi minhacəl hüda,
Saliki-rahi-həqiqət eşqə eylər iqtida.

-misralarının şərhində yazır:"Həqiqət yolunu işıqlandıran, o yolda gedənlərə yol göstərən də məhz eşqdir....Həqiqət axtaranlar həmin bu nurun , bu eşqin göstərdiyi yol ilə gedərlər." Müəllif daha sonra bildirir ki, Ali məqsəd naminə gedilən yollarda özbaşnalıqla getmək, məqsədə yetişmək olmaz "Həqiqət yolunun yolçuları həmin bu işıq kimi mənalandırılan eşq nuruna iqtida edərlər...Əgər yol gedən şəriət yolu getsəydi, onda onun yol göstərəni şəriət hakimi, yaxud müctəhid olmalı idi. Həqiqət yolu getdiyi üçün eşqin göstərdiyi yol ilə getməlidir."

Mənə badi-səba ol sərvi-gülrüxdən xəbər verməz,
Açılmaz qönçeyi-bəxtim, ümidim nəxli bər verməz.

 Mahirin bu misralara verdiyi izah doğrudan da onun çoxəhatəli intellektual səviyyəsi haqda çox fikirlərə aydınlıq gətirə bilər. Tədqiqatçıya görə, "badi-səba (səhər küləyi) yalnız bahar aylarında nadir hallarda, Şimali-Şərqdən əsən çox yüngül bir mehdir. Adicə tükü tərpətməyə qadir olmayan bu meh güclü küləklərin gətirə bilmədiyi qeyri-adi bir ətri özü ilə gətirir. Bu ətir gün çıxana qədər qalır, sonra gedir Xalq arasında bu ətrə cənnətdən gələn ətir deyərlər. Ariflərin nəzərində isə "badi –səba" bəşəriyyətin ümidgahı olan zamanə imamının gizləndiyi yerdən əsir və o cənabın şəxsiyyətindən saçılan imamət ətrini gətirir. Məlumdur ki, nəbatat aləmində bütün varlıqlar tozlanma ilə artıb çoxalıq, bar verir. Hər hansı bir ağac əvvəl çiçə açır, sonra bar verir. Füzuli də əvvəl baxtının qönçəsinin açılmamasından, sonra isə ümidinin ağacının bar verməməsindən danışır. Şair söyləyir ki, insan mənəviyyatının inkişafı özündən yüksək məqam sahibinin mənəviyyatı ilə tozlanmasa, "ətirlə" qidalanmasa inkişaf edə bilməz."

Ey vücudi-kamilin əsrari-hikmət məsdəri,
Məsdəri-zatın olan əşya, sifatın məzhəri.

 Böyük Füzulinin bu qəzəlinin şərhində müəllif söyləyir: ALLAH-ın da zatı və sifatı var.Onun zatını axtarmaq İslam aləmində qəti qadağandır. Çünki o sirri aça bilən ağlı ALLAH xəlq etməmişdir. Ancaq sifatı zatının eynidir demişlər. İnsanlardan fərqli olaraq ALLAH-ın zatı ilə sifatı arasında heç br fərq yoxdur. Onun sifətləri zatından doğan əlamətlərdir. Vəhdəti-vücud fəlsəfəsində deyilir ki, bütün yaranmışlar ALLAH-ın məzhərləridir, yəni görünən yerləridir. ALLAH-ın özü mahiyyət baxımından görünməz, amma bütün yaranmışlar onun görünən yerləridir. Onu görmək istəyən hər nəyə baxsa görə bilər." Zənnimizcə, mərhum tədqiqatçının belə aydın, hətta hər oxucunun belə başa düşə biləcəyi tərzdə söylədiyi fikirlər Vəhdəti-vücud kimi bir çox istilahlar haqqında və bəzi tədqiqatçılar tərəfindən Füzulinin sufi şair olması haqqındakı mübahisəli fikirlərə aydınlıq gətirə bilər. Hacı Ələmdar Mahirin tədqiqatçı fəaliyyəti haqda çox danışmaq olar, əlbəttə ki, danışmaq yox, o fikirləri nümayiş etdirmək, göstərmək çox maraq doğurur. Yəqin ki bu tədqiqatın doğru-düzgün təsdiqini hələ zaman verəcək.
 Mahir hər şeydən əvvəl isə bir kəndin, bir elin ziyalı övladı, ləyaqətli bir ağsaqqalı idi. Həyatının günlərini saymış-bilmiş bir adam kimi sanki tələsmiş, "Söz və muğzm beşiyi Nardaran" adlı kitabını ərsəyə gətirmiş, üstündə gəzdiyi, barından –bəhərindən daddığı, ləzzət çəkdiyi, ruhuna bürünərək nuruna qərq olduğu bu diyarın qarşısında son övladlıq borcunu yerinə yetirməyə də nail olmuşdu. Bu kitabda kimlər yer almadı, hansı ilmələr, hansı naxışlar iz salmadı? Həqiqi insan ömrü, əsil ziyalı faliyyəti! Necə gözəl deyib şair: "Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim".
 Biz qısaca, Ələmdar Mahirin ədəbi-bədii irsinə nəzər yetirdik: Budur bizim tanıdığımız Mahir. Xalqımızın "gec" tanıdığı, tapdığı və çox tez itirdiyi Ələmdar Mahir. Lakin mən belə deyərdim: bizim tanımadığımız Əlmdar Mahir, bizim hələ yaxşı tanıya bilmədiyimiz Ələmdar Mahir. Hələ daha nələri söyləyə bilərdi, hansı hikmətləri aça bilərdi? Bu qüdrət ona bəxş olunmuşdu. Ölüm onun üçün yerdəyişmə idi, lakin onu sevənlər, Mahir sözünün heyranları, Mahir təfəkküründən hikmətlər gözləyənlər üçün bu ağır itki idi. Ömrünün müdrik çağına yeni qədəm qoyduğu bir zamanda, illər uzunu topladığı zehni potensialını yeni bölüşdüyü bir vaxtda dinləyiciləri, oxucuları bu itkidən nələri uduzdular? Şəxsiyyətində, ziyasında bir Nardaran ruhu, Nardaran ab-havası yaşadan bu insan elə bil ki "qəm yükünün karvan"ına qoşulub bu dünyanın faniliyinə qovuşdu. Özünə Hacı Maili ustad seçən Hacı ondan sonra bu boşluğu doldurmaq üçün meydana atıldı, istedadı, təfəkkürü, bütün potensialı ilə Azərbaycan elminə, ədəbyyatına xidmət etdi. Mail onun həm ustadı, həm də həyatda idealı idi. Özü belə söyləyirdi Ələmdar Mahir. Yaradanın hökmü qarşısında hamı acizdir. Bircə söz qalır söyləməyə: böyük ədəbiyyat Hacı Ələmdar Mahiri özünə ustad və ideal seçən o insanları gözləyir.
 Xalqımın namuslu oğlu! Torpaq sizə qucaq açıb, Vətən sizə laylay deyir, çünki sizin qərib ruhunuz buralara sığmadı, öz əslinə getməyə tələsdi. Amma sizə bizim kimi çox ehtiyacı olanların gözünü intizar qoydunuz. Sizi sevənlər üçün siz ölümdən çox ucada durdunuz!
 Ruhunuz şad olsun, şair!

Azərbaycan Dillər Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Aytac Zeynalova Xalid qızı.  nardaranpiri.com

Комментариев нет:

Отправить комментарий