Страницы

27.03.2014

ŞEYX SƏDRA BADKUBEYİ

İslamın görkəmli, savadlı alimlərini yada salmağın və onların hədəflərini gələcək nəsillərə tanıtdırmağın müasir dövrdə yaşayan insanlara çoxlu faydası olacağına ümidvarıq. Belə alimlər dünyasını dəyişsə də, heç vaxt unudulmur. Onların qoyub getdiyi elm xalqındır.

 Şeyx Sədra ləqəbi ilə tanınmış Ayətullah Hacı Şeyx Sədrəddin Badkubeyi sonuncu əsrin yüksək məqamlı filosoflarından, fəqihlərindən, hakimlərindən və Nəcəf şəhərində ali dərəcədə dərs verən alimlərindən biri sayılırdı. 1899-cu ildə Qala kəndində ruhani ailəsində, dünyaya göz açmış, uşaqlıq çağlarında ərəb dilinin müqəddimatını atasından öyrənmişdir.
Atası Molla ağa Mirzə Qafqazi Bakının 18 kilometrində yerləşən Qala kəndində orta səviyyəli bir ruhani idi. Camaata movizə edir və düz yola dəvət edirdi. On üç yaşında atası vəfat edir. Amma əmisi Molla Məhəmməd Badkubeyidən yenidən ərəb dilini və riyaziyyatın bir hissəsini öyrənir. Onun elə ilk uşaqlıq vaxtından fövqəladə fitri istedadı olmuşdur.
 Bir müddətdən sonra Bakıda məskunlaşır və bu şəhərdə olan mədrəsədə tanınmış ustadlardan, o cümlədən Seyyid Əbdül-Xaliq Badkubeyi və başqalarından orta səviyyədə ərəbcə dini kitabları öyrənir. Alimin dostlarından biri mədrəsə xatirələri haqqında belə nəql edir: “O vaxtlar təzə cavanlıq dövrünü yaşadığımız zaman Bakı dini bir şəhər hesab olunurdu. Bu şəhərdə o vaxt beş yüzə yaxın məscid vardı. Hər küçənin və bazarın, habelə hər adlı-sanlı və varlı şəxsin özünə məxsus məscidi var idi. Məsələn: Dəmirçilər məscidi, Dülgərlər məscidi, Misgərlər məscidi və s. qeyd etmək olar. Şəhərdə çoxlu müctehidlər və ruhanilər, elmi və dini mədrəsələr var idi. Bu mədrəsələrdə çoxlu tələbə dərs alırdı. Biz də bu mədrəsələrin birində fiqh və üsul elmləri öyrənirdik”.
 1918-ci il Oktyabr inqilabından sonrakı hadisələr başqa ölkələrə olduğu kimi Azərbaycana da təsirini göstərmişdir. Trotskist-bolşeviklər məscid və mədrəsələri bağlayırlar. Alimlər və islamçılar kütləvi şəkildə həbs edilir. Mədrəsələrdə oxuyan tələbələrin hər biri bir guşəyə çəkilir. Mərhum Şeyx Sədra o qanlı-qadalı günlər barəsində, habelə ölkədən çıxması haqqında belə söyləyir: “1918-ci ildə Sovet hakimiyyəti qurulduqdan sonra Bakı şəhəri bolşeviklərin əlinə keçdi. Ruhanilər və tələbələr dağılmışdılar. Biz bolşeviklərin əli altında olmaq istəmədiyimizdən gecə ikən bir neçə tələbə yoldaşımızla birlikdə İrana tərəf yola düşdük. Amma İranın yolları cənub tərəfdən bağlandığına görə biz məcbur olduq, ən uzun və çətin yol olan Xəzər dənizinin sahillərindən dövr etməklə İrana gedək. Neçə ay gündüzlər gizlənərək gecələr piyada yol getdik. Bu müddətdə çox ağır və üzücü çətinliklərlə qarşılaşdıq. İş o yerə çatmışdı ki, aclıq və yeməyin olmamasına görə çöldə olan ilanların tutub başını kəsir, dərisini soyub kabab edir yeyirdik. Nəhayət neçə aylıq əzab-əziyyətdən sonra, yorğun halda və gizli yolla Türkmənistan sərhədlərindən İrana daxil olduq, müqəddəs Məşhəd şəhərində məskunlaşıb, hövzə dərslərimizi davam etdirdik”.
 Şeyx Sədra Məşhəd şəhərində tələbə dostu Ayətullahül-üzma Ağaseyyid Həsən (“Qəvaidül-fiqhiyyə” kitabının müəllifi) ilə birlikdə mədrəsədə yüksək məqamlı ustadların müxtəlif dərslərində böyük maraqla iştirak edir. Əvvəlcə tanışlıq üçün məhşur alim Mirzə Əbdül-Cəvad Nişapurinin ədəbiyyat dərslərində iştirak edərək ərəb dilini öyrənir. Bundan sonra orta səviyyədə ədəbiyyatı öyrənmək üçün Seyyid Baqir Rəzəvi və Seyyid Cəfər Şəhristaninin dərslərinə gedir. Fəlsəfə və ilahi hikməti məhşur filosof Şeyx Əsədullah Yəzdidən, İbni Sinanın kitablarını və Molla Sədranın “Əsfari-ərbəə” kitabını tanınmış ustad və filosof Ağabozorg Həkim Xorasanidən öyrənir. Bundan sonra Ayətullahül-üzmalardan Ağamirzə Məhəmməd Ağazadə Xorasaninin (“Kifayə” kitabının müəllifinin oğludur) üsul və fiqh xaric dərsinə gedir. Habelə Hacı Hüseyn Təbatəbai Qumi və Şeyx Murtəza Aştiyaninin ali səviyyədə üsul və fiqh dərslərində iştirak edir. Bu müddətdə əqli və nəqli elmləri lazımı səviyyədə mənimsəyir və öz fitri istedadının və səylərinin nəticəsində yüksək dərəcəli ustad olur.
 On iki il Müqəddəs Məşhəd şəhərində təhsil və tə`limlə məşğul olduqdan sonra 1921-ci ildə öz təhsilini ali səviyyədə təkmilləşdirmək məqsədi ilə Nəcəfül-Əşrəfə yola düşür. Nəcəfdə Ayətullahül-üzmalardan Mirzə Hüseyn Naininin ali səviyyədə olan üsul və fiqh dərslərində, habelə Məhəmməd Hüseyn Kompani İsfahani, Şeyx Musa Xorasani və Seyyid Əbdül-Həsən İsfahaninin müxtəlif dərslərində iştirak edərək ictihad məqamına çatır. Bundan əlavə ali səviyyədə ilahiyyat fəlsəfəsini öyrənmək üçün filosof Seyyid Hüseyn Badkubinin fəlsəfə dərslərində iştirak edir. Çox çəkmir ki bu alim Nəcəfi-Əşrəf elm ocağında fiqh, üsul, fəlsəfə və hikmətül-ilahiyyə kitablarının məhşur ustadı kimi tanınır və alimlər arasında parlayır. Çoxlu fəzilətli şagirdlər tərbiyyə edir. Bu şagirdlərdən məhşuru, inqilabda şəhid olan Ayətullah Seyyid Baqir Sədrdir.
 Şeyx Sədranın “fəlsəfeyi-məşşai”, “fəlsəfeyi-işraqi” və “hikmətül-mütəaliyə” elmlərində çox məharəti var idi. 1940-cı ildə Seyyid Hüseyn Badkubə Nəcəfi-Əşrəfdə vəfat etdikdən sonra Şeyx Sədra və Şeyx Məhəmməd Kompani İsfahani fəlsəfə və hikmət məktəblərində birinci dərəcəli ustad kimi tanınmışdılar. Onun adı Sədrəddin idi. Amma islam filosofu Molla Sədra Şiraziyə çox əlaqəsi olduğu üçün “Sədra” ləqəbini özünə seçir və alimlər arasında Şeyx Sədra kimi tanınır. O uzun illər ərzində Nəcəfi-Əşrəfdə fəlsəfə, hikmət, habelə Rəsail, Məkasib və Kifayə dərslərini tədris etmiş, yüzlərlə adlı-sanlı alimlər və fəzilətli müctehidlər yetişdirmişdir. Onun üsul və fiqh dərslərini ali səviyyədə verməkdə tam məharəti var idi və Nəcəfi-Əşrəfdə alimlər arasında çox məhşur idi. O günlərdə Nəcəfdə iki nəfər məhşur və adlı-sanlı müdərris vardı ki, onların dərslərində yüzlərlə tələbə iştirak edirdi. Onların hər ikisi Azərbaycandan idi. Onlardan biri Şeyx Sədra Badkubeyi, digəri isə Ayətullah Şeyx Müctəba Lənkərani Nəcəfi idi. Bu iki ustadın dərsləri Nəcəfi-Əşrəfdə ən çox tələbəsi olmaqla yanaşı ən sevimli dərslərdən hesab olunurdu. Belə ki Şeyx Sədra Badkubeyinin “Kifayə” dərsində təxminən dörd yüz nəfərə yaxın tələbə iştirak edirdi. Demək olar ki hal-hazırda Nəcəf alimlərinin əksəriyyəti Şeyx Sədranın şagirdlərindən hesab olunur. Alimin şagirdlərindən bəzilərinin adını qeyd edirik:
1.Şəhid Ayətullah Seyyid Məhəmməd Baqir Sədr (İraq İslam İnqilabının rəhbəri). Beş il müntəzəm surətdə o alimin mənzilinə gedib ondan dərs alıb. 2.Ayətullah Seyyid Əbdül-Əziz Təbatəbai Yəzdi (“Əsfari-ərbəə” dərsində). 3.Ustad Məhəmməd Baqir Müdərris Bəhudi. Şeyxin “Kifayə” dərslərini kitab şəklinə salaraq çap edib. 4.Ayətullah Seyyid Məhəmməd Kələntəri.
 Şeyx Sədra Badkubeyi dəyərli müctehid və müasir filosoflardan biri idi. Hamı onun fəzilətinə və dərin elminə inanırdı. Fəlsəfə və hikmət elmlərində misilsiz ustad idi. Bəzi Nəcəf alimlərinin fəlsəfə ilə müxalifətləri ucbatından Yəzd tələbələrindən bir qrupu onun mənzilinə hücum edərək şeyxi məcbur edirlər ki, fəlsəfə dərsini ləğv etsin. O da ümumi səviyyədə fəlsəfə dərsini ləğv edərək xüsusi şəkildə öz mənzilində tədris eməyə başlayır. Bundan sonra o, dahi bir filosof kimi məhşurlaşır.
 Həyatı boyu çox zahid, dünya malına qarşı meyilsiz olmaqda misilsiz idi. Evinin otaqları 60-70 kv metrdən çox olmazdı. Mənzilində zəruri avadanlıqlardan savayı demək olar ki heç nə yox idi. Həyatı həmişə çətinliklə, əzab-əziyyətlə keçmişdir.
 Şeyx Sədra çox elmli müctehid idi, Ayətullahül-üzma Seyyid Əbdül Hadi Şirazidən “ictihad” icazəsi almışdı, fiqh və üsul dərslərini ali səviyyədə tədris etmək qabiliyyəti vardı. Bütün bunlara baxmayaraq xaric dərslərinə başlamır və əməliyyə risaləsi yazmır, sadəcə Ayətullah Seyyid Mahmud Şəhrudinin sual-cavab məclislərində iştirak edirdi. Alimdən çox da kitab qalmayıb. Təkcə “Kifayə” dərsinin müxtəlif bəyanları çapdan çıxıb.
 Misilsiz filosof Ayətullah Şeyx Sədra Badkubeyi 1972-ci ildə dünyasını dəyişib və Nəcəfi-Əşrəfdə torpağa tapşırılıb.

Mənbə: Faiq Vəli oğlu

Комментариев нет:

Отправить комментарий