Страницы

27.03.2014

İMPERİYA HƏVƏSLİ QULLAR VƏ ONU DOĞURAN SƏBƏBLƏR

Şirinxanım Kərimbəyli Şadiman

Bu yazını heç qələmə almaq istəməzdim. Ancaq nə edəsən, səni məcbur edirlər ki, yazmaq istəmədiyin mövzularda da qələm çalasan. Əfsuslar olsun ki, bizim əhalinin bir qismi internet saytlarında, sosial şəbəkələrdə var-gəl edir, ürəyində nə dərdi-səri var hamısını açıb dünyaya faş edir. İş tapmayanlar, məmur özbaşnalığından təngə gələnlər, keçmişlərin xəyallarıyla aşıb-daşanlar, «bəlkə də qaytardılar» fikiri ilə yaşayanlar, bügünün azadlığına da, müstəqilliyimizə də xor baxanlar, sovet eşqiylə həyatını qurban verməyə hazır olanlar, türk adına, türkliyə lənətlər yağdıranlar, Rusiya başçısının hal-hazırkı hərəkətlərindən vəcdə gələnlər gündən-günə çiçəklənməyə başlayıb. Sosial ədalətsizliyin tüğyan etdiyi ölkələrdə el dili ilə desək, ara qarışdırmaq çox asan olur. Belə ölkələrdə qırğınlar salmaq, necə deyərlər şəhərlərin, kəndlərin tozunu göyə sovurmaq, etnik qövmləri bir-biriylə döyüşdürmək, çarpışdırmaq həmişə imperiyalar əlində ən güclü silah olub. 
Əslində biz heç Rusiya ilə ərazi baxımdan qonşu deyilik, amma, o, kilometrlərlə yol qət edib və gəlib bizim qulağımızın dibində oturub. 
Rusiya başçıları Qafqaza qədəm qoyan gündən türk-erməni, müsəlman-erməni düşmənçiliyi yaradıb, bu düşmənçilik həm onların, həm bizim ürəyimizdə dərin yaralar açıb. Necə deyərlər həm erməniləri əbədi bədbəxt edib, həm də bizi…
Bu gün sosial şəbəklərdə Rusiyanın bugünki siyasi mövqeyindən zövq alanlar, məmur azğınlıqlarını imperiya ilə hədələyənlər bilməlidirlər ki, heç bir imperiya digər millətlərə xoşbəxtlik gətirmir, o da olsun Rusiya… O ölkəyə bizim isti iqlimimiz, təbii sərvətlərimiz lazımdır, bizim varlığımız isə onlara qətiyyən lazım deyil, ruslar o qanlı-qadalı illərdə bizləri buralardan yox etmək istəyirdilər, amma bizim içdən milli dirənişimiz, dilimizi, adət-ənənəmizi qorumağımız, kökümüzdən-soyumuzdan uzaq düşməməyimiz onların imperiya hisslərinə üstün gəldi. Bugün sovet eşqiylə aşıb-daşanlar bilməlidir ki, o qurluş bir də geri qayıtmayacaq, o qurluş özü də kökündən bədbəxt və yerində sayan qurluş idi, insan yaxşı nəsə bir geyim almaq istəyirdisə, bir-iki aylıq qazancından keçirdi, pullarımız o zamanın dili ilə desək «alverçilərin» əllərində toplanırdı. Dükanlar boş olurdu, çörək, ət, kolbasa, pal-paltar növbələri, adamların günü növbələrdə keçirdi. Hələ bir-birinin başın yaran, bir-birinə xəsarət yetirənlər də olurdu. Biz hamımız məhbəsdə idik, təsadüfən xaricə yolu düşənlər də ordan qorxa-qorxa nə isə gətirirdi, qonum-qonşu da onun gətirdiyi pal-paltara, həsədlə baxardı. Bizim arzularımız boyunumuza bağladığımız qırmızı qalstuklar idi, sonralar onlar rüs gülləsinə çevrilib ürəyimizə dikləndi.
Biz indi müstəqilik, amma müstəqillik özüylə bizə çox böyük əzab, əziyyətlər də gətirib. O əziyyətlər nədir? 
Birinci əziyyət, işğal olunmuş torpaqlar, dondurulmuş müharibə susmayan güllələr…
İkinci, bizim ölkəmiz 200 ildən çox qul psixologiyası ilə yaşayıb, köləlik düsturu ilə qol-boyun atıb, insanların içində vara hərislik, ac qalmaq təhlükəsi, yığmaqla doymamaq hal-hazırda keçmişin bizə vurduğu sağalamaz xəstəliklərdən biridir. Yəni gözümüz acdır, yetmiş il sovet hökuməti kimləri hakimiyyətə gətirirdi? Tam savadı olmayan, səfil, yoxsul adamları, bu adamlar sonradan yavaş-yavaş təhsil görməyə başladılar. Yəni gözü ac adamların törəmələri meydana çıxdı… 
Əgər insanın gözü ac olmasa, o yığdığı varidatla çox böyük xariqələr yarada bilər, milləti, ölkəni ayağa qaldıra bilər, camaatın sevgisini qazana bilər. Xeyirxahlıq, ancaq halal pulla ola bilər, Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov və başqa milyonerlər sovet vaxtından qabaq öz halal pullarını necə xeyirxahlığa sərf edirdi…
İndi bizdə isə əksinədir, getdikcə insanların indiki qurluşa da, onun məmuruna da nifrəti artır. Bunu biz özümüzdən demirik, insanların yas yerlərində, toy ziyafətlərində, sosial şəbəklərdə, bir çox saytlarda söylədiklərinə, yazdıqlarına rəğmən bu fikləri yazmağa məcburuq. Əlinə vəzifə keçənlər bu ölkədə özünü allah sayır, başqalarına yuxarıdan aşağı baxır, artıq vəziyyət o həddə çatıb ki, sürdükləri maşınların sükanını idarə etməyə qadir deyillər, necə deyərlər camaatı ayaq altında tapdalayırlar. İndi müharibədən də çox yol qəzalarında insanlar həlak olur. Bunumu biz arzulamışdıq?! 
Ruhunda qul psixologiyası otruşmuş insanlar, təzədən yatmış hisslərini ayıltmağa başlayıblar: Bizim dərdimizə yalnız “böyük qardaşımız”əlac edə bilər. Artıq rus eşqiylə yanıb yaxılanlar bügünlər Pusiyanın atdığı yanlışlıqları alqışlamağa başlayıblar. Deməli, yuxarılar varidat yığıb kef etməklə məşğul ikən, millətin miskin hissəsinin içində bölünmələr baş alıb gedib, dini parçalanmalar dini əndişələrə gətirib çıxarıb, iş o yerə gəlib çatıb ki, öz torpağında əskərlik çəkərkən ata-anası on dəfələrlə yanına gedib gələn oğullarımız indi Suriyada bir-biriylə 
çarpışan məzhəblər arası rəzil savaşın qurbanı olurlar. Bir qarın çörəkçin özgə məmləkətlərdə od-alovun içinə atılırlar! Axı, biz bu müstəqilliyi ona görə qazanmışdıq ki, gedib dilini belə bilmədiyimiz ölkələrdə qanmıza qəltan olaq? Bunun kökündə nə dayanır? Bunun kökündə dayanan yəqin ki, madiyyatdır, bu, qəpik-quruşla yaşayan insanların artıq öz ölkəsinə qarşı ümidsizliyi və yad ölkələrdə imdad aramaq istəyidir.
Bu yaxınlarda görkəmli politoloq Vəfa Quluzadənin 5-ci kalon barədə dediyi fikirlərin canlı təzahürü insanların sosial şəbəkələrdə, bir çox saytlarda, etnik qarşıdırma prinsiplərinə söykənən fikirlər səsləndirməsi, ölkə içində baş alıb gedən incikliklərdən xəbər verir. Məmurların bir gündə xarici ölkələrdə xərclədiyi pulları bu məsum insanlar on illərlə əldə edə bilmir. Ölkəmizdə hələ də 160-180 manat maaş alan və bu maaşla ailəni saxlamağa məhkum olan insanlarımız var. Günəmuzd daş karxanalarında işləyən insanlar artıq öz varlıqlarına belə nifrət edirlər. Axı sovet qurluşundan bizi elə də uzun bir dövür ayırmır, o dövürun insanları hələ həyatdadı. İndiki həyatla keçən dövrü müqasiyə edirlər, deyirlər ki, o vaxt heç nə tapılmasa da iş var idi. Heç kim heç kimə hambal kimi baxmırdı. O zaman burdakı azğınları Moskva ilə qorxudurduq, indi isə harınlaşmış adamlar heç kəsdən qorxmur, hətta millətin nə gündə yaşamasını da artıq unudublar, ölkədə bahaçılıq baş alıb gedir, insanlar ət, balıq, bir çox yeyinti məhsullarını almağa çətinlik çəkir. Necə deyərlər hər şey var, pul yoxdur! Adicə qarın  dolandırmaq müşkülə çevrilib, ilbəil oğruların, yol kəsənlərin, öz evində pul-para üstündə öldürülənlərin sayı artır, hamı banklardan asılı qalıb. İndi doğmalar doğmalardan üz döndərib, hamı öz hücrəsinə çəkilib, insanlar əsəbidir, hər gün narazı üzlərlə metroda, digər nəqliyyat vasitələrində qarşılaşırsan necə deyərlər ümidsiz gözlər üzür adamı, cənablar!
Sovet dövrü pul var idi, yemək qıt idi, indi yemək bol, para qıt. Bax budur, insanları bizə yad olan məzhəblərə üz tutmağın, «böyük qardaş» eşqiylə alışıb yanmağın, etnik qurupları bir-birinə qarşı çıxartmağın səbəbi… Ac adamda nə vətən hissi, nə millət istəyi olar. Çünki ac qarının qurultusu, nəinki adamın özünü, onun yaşadığı ölkəni də zəlzələtək titrədər və böyük dağıntılar törədə bilər.
Müstəqillik hər bir dövlətin insanları üçün böyük xoşbəxtlikdir, amma bu xöşbəxtlik o dövlətin insanlarına heç olmasa orta dolanışıq səviyyəsində çatırsa…
Bizim ölkənin müstəqilliyi kövrək və gəncdir! Gənclər necə dözümsüzdürsə, bizim müstəqillik elə dözümsüzdür, hələ oturuşmayıb, o da olsun ki, qarşıda dondurulmuş qanlı müharibə, düşmənimiz arxasında dayanan qorxulu, əli saysız-hesabsız qanlara batan yağı. Necə deyərlər, ilahi, məni düşmənimin dostundan qoru, düşmənimlə özüm bacararam.   
Türkiylə, farsıyla. talışıyla, ləzgisiylə, kürdüylə, yəhudisiylə, həmçinin bu ölkədə, özünü bu ölkənin doğması sayan bütün insanlarımızla birlikdə, biz hamımız bütünlükdə azərbaycanlıyıq, bu ölkə hamımızındır, hamımızın da bu müstəqilliyin bəhrəsini dadmağa haqqımız var, bu haqdan bizi təcrid edənlər bunu anlamalıdır, dərk etməlidirlər ki, xalqın əsəbləriylə oynamaq olmaz, bunun fəsadlarını aradan qaldırmaq sonra çox çətin olur… Necə ki, ixtişaşlar baş qaldıran ölkələrdə olduğu kimi…
Allah elə eləsin ki, müstəqilliyimiz ötən əsrdə 23 ay olmuşdusa, bu əsrdə isə neçə-neçə iyirmi üçləri keçsin, neçə-neçə əsrləri adlasın, çünki müstəqillik özü də kişilik məktəbidir! Bu məktəbin qapıları heç zaman üzümüzə qapanmasın, işğal olunmuş torpaqlarımızda, əsəkərlərimiz zəfər marşı çalsın! Güneyimiz istiqlal şərbətini dadsın! Bəsdir itirə-itirə getdik, artıq yetər!..
Sonda ölkəmizdə baş qaldıran beşinci kalona məsləhət: Tələsməyin, siz baxın, görün 1-2 ildən sonra Rusiyanın özündə nə baş verəcək?..

Комментариев нет:

Отправить комментарий