Страницы

28.03.2014

Troya atları

Mayis Güləliyev

Doğrudanmı, Azərbaycan iqtisadiyyatı Rusiya iqtisadiyyatından daha güclüdür?

Əziz  oxucular! Bu dəfə mən siyasətdən yazmayacam. Ona görə yox ki, o vacib deyil, əksinə, çox vacibdir. Ona görə ki, regionda baş verən hadisələri daha dərindən başa düşmək üçün bəzən digər instrumentlərdən də istifadə etmək lazım gəlir. Siyasi prosesləri daha sadə və başa düşülə bilən dildə izah etmək həmişə asan olmur. Odur ki, bir az tarixdən, bir az riyaziyyatdan bir az da iqtisadiyyatdan bildiklərinizi, sadəcə, yada salmaq istərdim.
Məsələn, riyaziyyatdan hamınıza məlumdir ki, a=b olarsa, b=a olur. Bu bərabərliyi, Bakıda da, Şəkidə də, London və Vaşinqtonda da hamı belə anlayır. Lakin doğrudanmı, praktiki fəaliyyətimizdə və yaşayışımızda bu belədir?
“Bəli” deməyə tələsməyin! Sadə bir misal gətirim: Azərbaycanda hamıya bəllidir ki, bir ABŞ dolları =0, 785 azərbaycan manatı. Yəni 100 ABŞ dollarını Azərbaycanda istənilən banka təqdim edəndə 78 manat 50 qəpik  almaq mümkündür. Əlbəttə, bank işçisinə “əziyyətinə” görə müəyyən qədər haqq vermək də lazım olur. Hələlik bu haqqı nəzərə almayaq. Eyni ilə 78 manat 50 qəpik təqdim etməklə Azərbaycanın istənilən bankından 100 ABŞ dollarını əldə etmək olar. İlk baxışda burada heç bir qeyri-adilik yoxdur. Gəlin eyni əməliyyatı digər ölkələrdə aparmağa çəhd edək. Yəni 78 manat 50 qəpiyi elə dolların vətəni ABŞ-ın paytaxtı Vaşinqtonda hər hansı bir banka təqdim edək. Bank azərbaycan manatını qətiyyən qəbul etməyəcək. Bəs nədən yuxarıda qeyd etdiyimiz bərabərlik Azərbaycanda doğru olduğu halda, ABŞ-da doğru olmur?
Bir az da iqtisadiyyatdan bildiklərinizi yada salım. Hələ orta məktəbdən hamınıza məlumdur ki, pul maksimum likvidliyi olan elə bir xüsusi əmtəədir ki, digər mal və xidmətlərin dəyərinin universal ekvivalentidir. Bir az da sadə dildə desək, dövlətin məsuliyyəti əsasında  buraxılan elə  “kağız parçasıdır” ki, hər hansı mal və xidmətin dəyərini onun vasitəsilə müəyyən etmək mümkündür. Deməli, əgər dövlətin pul haqqındakı məsuliyyəti dəyişməyibsə (yəni pul ilə bağlı dövlət heç bir islahat aparmayıbsa), mövcud bazarda mal və xidmətlərin növü və miqdarı  dəyişməyibsə, onda pulun da “ekvivalantlik” rolu oynayan dəyəri dəyişməməlidir. Yəni bazarın və dövlətin maliyyə siyasəti dəyişmədiyi halda, hər hansı bir valyutanın “dəyərinin” dəyişməsi nəzəri cəhətdən mümkün olmamalıdır. Bəs nədən “Forex”  qrafikləri hər saniyə dəyişir? Bəs nədən Avro-nun dollara nisbətən dəyəri dəyişdiyi halda, azərbaycan manatının dollara nisbəti dəyişmir? Məgər Azərbaycan iqtisadiyyatı Avropa iqtisadiyyatından güclüdür? Yaxud nə üçün rus rublu dollara nisbətən kursunu dəyişdiyi eyni nisbətlə manata görə də “gücdən düşür”? Doğrudanmı, Azərbaycan iqtisadiyyatı Rusiya iqtisadiyyatından daha güclüdür?
Başqa bir məsələ, milli valyutaların kursu ilə bağlıdır. Məsələn, bir neçə gün bundan əvvəl ABŞ prezidenti Rusiyaya sanksiyaların tətbiq ediləcəyini bildirdi. Yuxarıda qeyd etdiyimiz kimi, Rusiya dövləti tərəfindən heç bir maliyyə islahatı aparılmadığı və Rusiya bazarında mal və xidmətlərin miqdarında heç bir dəyişiklik olmadığı halda, rus rublu dollara (həmçinin azərbaycan manatına) nisbətdə  20%   ucuzlaşdı. Niyə? Yəqin deyəcəksiniz ki, belə məsələləri bazar həll edir. Axı mən də əvvəlcədən qeyd etdim ki, bazarda heç bir dəyişiklik olmayıb. Rus rublunun, həmçinin Ukrayna qrivnasının birdən birə həm dollara, həm də azərbaycan manatına görə qiymətdən düşməsinə səbəb nədir? Yenə deyəcəksiz ki, Rusiyaya tətbiq edilən və edilməsi gözlənilən sanksiya xəbərlərindən sonra  dollara olan tələb çoxalıb və “tələb-təklif” qanununa müvafiq olaraq rus rublu qüvvədən düşüb. Bəs onda niyə rus rublu azərbaycan manatına nisbətdə də ucuzlaşıb? Məgər Rusiyada azərbaycan manatına da tələb artıb? 
Beləliklə, bir neçə sualın araşdırlıması vacibdir ki, Rusiya və Ukrayna arasında olan son gərginləşmənin mahiyyəti dərk edilsin. Bu hadisələrin mahiyyəti açıldıqca, regionda baş verən hadisələrin Azərbaycana mümkün təsirləri də məlum olacaq. Bu vəzifənin öhdəsindən çalışacağıq ki, gələk, İnşAllah!

birlik.az

Комментариев нет:

Отправить комментарий