Страницы

29.04.2014

Akif ABBASOV - AYRILIQ

“Acı xatirələr” romanından

Müjkan  qəmli, qüssəli hekayətini çox böyük çətinlik və qəlb ağrısı ilə başa çatdırdı. Həyəcanlı və pərişan idi, dodaqları əsirdi.  Rasim gördüyü ilk anlarda Müjkanın yaxşı əyləncə, yataq yoldaşı olacağını düşünərək ona yaxınlaşıb tanış olmuşdu.  Bilet məsələsi də bir bəhanə idi. Bəd ayaqda təyyarə ilə uçacaqdılar. Rasim fikirləşirdi ki, Müjkanın öz mənzili var, planı tutsa, Moskvada kirayə mənzil tutmaz, elə qadının genə-bol mənzilində qalar, burada şahanə həyat keçirər. Kənddən gələndə südündən, qatığından, qaymağından, nehrə yağından, motal pendirindən, balından, doşabından, qara kürüsündən, ağ balığından, hinduşka və kənd toyuğundan və kənd yumurtasından daşıyıb gətirər. Bir növ Müjkanı saxlayar, daha Moskvada o arvadın, bu qızın dalınca düşməz. Xəstəliyə yoluxmaz. Ərzaqlar xarab olmasın deyə, simiclik eləməyib təyyarəyə oturar.
Bir su içim saatda Moskvada  olar, kirayə evə verəcəyi pulu təyyarəyə xərcləyər.
Fəqət günlər keçdikcə görürdü ki, o, zənnində  yanılıb. Hətta ilk gördüyü anlarda Emillə birlikdə onu gah Tori Blek, gah da Sanni Leone ilə müqayisə etdiklərini yadına salıb xəcalət çəkdi. Bu qadınlar parnoulduzlar idilər. Hərəsi yüz-iki yüz parnofilmdə çəkilmişdilər. Həmin filmlərdə müxtəlif kişilərlə min oyundan çıxırdılar.  Müjkanı onlarla müqayisə etmək ən azı ədalətsizlik, insafsızlıq idi. Müjkan küçə qadını deyildi. Abırlı-həyalı, millətinin, xalqının layiqli, ləyaqətli nümayəndəsi idi. Moskvada da, sadəcə, gün keçirmir, avaraçılıq etmir, namuslu əməklə məşğul olur, heç kimlə də görüşmürdü.  
Müjkan Moskvaya öz arzusu, istəyi ilə deyil, taleyin hökmü ilə gəlib. əlacsızlıqdan, çarəsizlikdən burada məskən salıb.
Rasimgillə tanışlıq da bir təsadüf idi. Yerli, azərbaycanlı olduqları üçün onlara qanı qaynamışdı. Belə ipək xasiyyətə, gözəlliyə, mədəniyyətə malik qadın yalnız xoşbəxt olmağa layiq idi. Lakin həyat amansızdır. Çox zaman həyat məhz belələrindən -  sadəlövh, istiqanlı, evini, ailəsini, Allahını sevən, düz oturub, düz davrananlardan qisas alır, onlara acı xatirələr yaşadır. Axı Müjkanın günahı nə idi ki, ona belə tale yaşatdırdılar?! Axırda baş götürüb elindən-obasından çıxdı.
Rasim tutulmuşdu. Hərəkətlərinin, düşüncələrinin peşmançılığını çəkirdi. Üzrxahlıq eləmişdi, lakin özünə yer tapa bilmirdi. Müjkan kresloda oturmuşdu. Bir əlini çənəsinə söykəyərək baxışlarını məchul bir nöqtəyə dikmişdi. İndi onun həyatda hər şeyi vardı, ata-anası ilə də barışmışdı. Lakin başına gələnləri, qayınanası, polis rəisi tərəfindən şərəf və ləyaqətinin necə alçaldığını unutmamışdı. Hər dəfə həmin hadisələr yadına düşəndə, qanı bərk qaralırdı. Belə çıxır ki, güclüsənsə, pullusansa, vəzifə və nüfuz sahibisənsə özündən zəifləri, imkansızları, ayaqlar altına almaq, alçaltmaq, şərəf və ləyaqətinə tüpürmək, namusunu və ismətini ləkələmək olar. Lənət belə insanlara, onlara imkan verən, şərait yaradan, azğınlıqlarının qarşısını almayan, yaxud almaq iqtidarında olmayan cəmiyyətə lənət!
Rasim gözləyirdi. Müjkan xəyala qapılmışdı. Bir Allah bilir ki, nə fikirləşir. Rasim irəli yeriyib Müjkanın qarşısında diz çökdü və onun əllərindən öpdü. Müjkan əllərini çəkmədən:
-Lazım deyil, Rasim,- dedi.
Rasim:
- Müjkan, sənin acı xatirələrin məndə kədərli  təəssüf  hissi oyatdı. Sənə qarşı bəzi insanlar amansız olublar. Allah onları zəlil eləsin. Mən sənin simanda öz idealımı tapdım.
Müjkan:
-Belə demə. Öz xoşbəxtliyin barədə düşün. Öz tayını tap. Mən sənə tay deyiləm.
Bir qədər fasilə verib sözünə davam etdi:
-Rasim, yadında saxla, biz dostuq. Sadəcə dost. Xahiş edirəm, bundan belə sarı simə vurmayasan. Həyatda çəkdiklərim bəsimdir. Hələ nə zaman ayaq üstə duracağımı bilmirəm. İçməyimin, arada restorana getməyimin əsas səbəbi də dərdlərimi yüngülləşdirmək, sınıq qəlbimi ovundurmaq üçündür. Bu da, əslində müvəqqətidir, müəyyən vaxt çərçivəsində kömək edir. Sonra hər şey yenidən öz yerini alır. 
Rasim dilləndi:
-Dərdsiz insan olmur. Axtarsan hərənin bir problemi, çətinliyi var.
Sonra Müjkanın dərdini  yünğülləşdirmək üçün  ispan rəssamı Pablo Pikassonun həyatından nümunə gətirdi: 
-Sərt qış ayları idi. Şaxta qılınc kimi adamı kəsirdi. Pablo Pikassonun yaşadığı mənzil son dərəcə soyuq imiş. Rəssamın pulu olmadığı üçün mənzilini qızdıra bilmirdi. Çox düşünüb-daşındıqdan sonra axır ki, bir çarə tapdı. Çəkdiyi rəsmləri sobaya atıb isinməyə başladı. Əlbəttə, bu, müvəqqəti çətinlik idi. Müəyyən müddətə davam etdi. Ağır yaşayış tərzi onu yaradıcılıqdan qoymadı. Pablo Pikasso haradasa 200 min rəsm çəkdi. Sonralar çəkdiklərinin rəsmi satışı 262 milyon dollar təşkil etdi. 2010-cu ildə aksiona çıxarılan “Çılpaq yaşıl yarpaqlar və büst” rəsmi 106 milyon 482 min dollara satıldı.
Müjkan onun danışdıqlarına münasibət bildirməyib soruşdu:
-Deməli, sabah Bakıya yola düşürsən?!
Rasim:
-Bəli, amma yarı canım burada, sənin yanında qalacaq, - dedi.
Müjkan gülümsədi:
-Burada yalnız yarı canını saxla, yarı canın isə Gəncədə qalar.
Rasim heyrətlə açılan gözlərini ona zillədi:
-Elə niyə?
Müjkan fincana işarə edərək:
-Çayını soyudursan.
Rasim qənd götürdü:
-Elə niyə?
Müjkan dedi:
-Axı birisi gün  mən də Səhərlə birgə Gəncəyə uçacağam. Yadından çıxıb deyəsən.
Rasimin yadına düşdü:
-Doğrudan da...
Müjkan  zarafatla soruşdu:
-Məni bir şey maraqlandırır. Sənin elə cəmi iki canın var?
Rasim fincanı nəlbəkiyə qoyaraq:
-Niyə görə belə deyirsən? – deyə xəbər aldı.
-Yarı canın burada, yarı canın Gəncədə qalacaqsa, bəs kəndə hansı canını aparacaqsan?
Rasim vəziyyətdən çıxmağı bacardı:
-Öz canımı buralarda qoyub, sənin yarı canını kəndimizə aparıram. Yoxsa ürəyim dayanar.
-Allah eləməsin.
Müjkan bayaq sarı simə toxunmamaq barədə xəbərdarlıq etsə də, özünü saxlaya bilmir, qeyri-ixtiyari Rasimlə münasibətində tam ciddi olmağı, rəsmiyyət göstərməyi bacarmırdı. Rasim də onun kimi, nə qədər çalışırdısa, hisslərini cilovlaya bilmirdi. Yaxşı bir dostdan savayı Müjkanda həm də bir qadını görürdü. Sevilməyə, əzizlənməyə, qayğı göstərilməyə layiq bir qadını. Bu qadın daim nəvaziş, məhəbbət və səmimiyyətlə əhatə olunmalı idi.
- Müjkan, əzizim, nə zaman geri dönəcəksən?
-Uzağı bir həftəyə Moskvadayam.
-Onda mən də həmin vaxt burada olaram. Heç getməyim gəlmir. Amma qalmağımın da xeyri yoxdur. Sən də gedirsən. İnan ki, kənddə tikan üstündə oturacağam. Emilin qardaşının toyunu yola verən kimi qayıdacağam. Gəncədə gecikmə. Kənddə və burada sənsiz keçən hər gün mənə bir il kimi görünəcək.
-Heç istəsəm də, çox ləngiyə bilmərəm. Bir həftə növbəti məzuniyyətimdən  götürmüşəm. Səkkizinci gün işə çıxmalıyam.
Rasim ayağa qalxdı:
-Mən gedim hazırlaşım, sən də dincini al.
Müjkan da durdu:
-Yaxşı yol!
Rasim:
-İcazə ver, bir dost kimi səni öpüm.
O, Müjkanı qucaqlayıb onun üzündən öpdü. Hər ikisi kövrəlmişdi.
* * *
Müjkan Gəncədə idi. Ata-anası onun, Səhərin başına fırfıra kimi fırlanırdılar. Qızlarının uğursuz taleyi onları yandırıb-yaxırdı. Bu işdə özlərini də günahkar bilirdilər. Müjkan cavan və təcrübəsiz idi. Hissə qapılaraq qoşulub qaçmışdı. Həmzə ilə Rəfiqə inadkarlıq edib qızlarının taleyi ilə maraqlanmamış, onun necə acı həyat keçirdiyindən xəbərsiz olmuşdular. Qızlarına dayaq dursaydılar, qızlarının polis rəisi ilə sərgüzəştləri də olmazdı. Rəxşəndə Müjkanın köməksiz vəziyyətindən ustalıqla yararlanmışdı. Nə isə, keçənə güzəşt deyərlər. Çalışmaq lazımdır ki, bu acı günlər bir daha yaşanmasın.
Səhərin sevincinin həddi-hüdudu yox idi. Sanki möcüzələr aləminə düşmüşdü. Babası, nənəsi, dayısı, qohum-əqrəba onu min dillə dindirir, nəvaziş və qayğı ilə əhatə edib darıxmağa qoymurdular. Səhər rus dilində yaxşı danışırdı, ingilis dilini də bilirdi.
Müjkangilin geniş, bağlı-bağatlı həyətləri vardı. Həyətin ortasında çardaq, Səhərin dili ilə desək, “besetka” vardı. Çardağın ətrafı gül-çiçək idi. Hasarın kənarlarında və çardağın ətrafında əkilmiş qızılgül, zanbaq və digər güllərin ətri adamı bihuş edirdi. Sol tərəfdə çarhovuz vardı ki, xüsusi qurğular daim onun suyunu dövr etdirir, təmizləyirdi. Uşaqlar, böyüklər isti havalarda hovuzdan çıxmaq bilmirdilər. Bağda ərik, armud, şaftalı, tut, armud, alma, nar, gilas, albalı, gavalı, üzüm, heyva, əncir ağacları əkilmişdi. Yay-qış həyətdən meyvə, tərəvəz əskik olmazdı. Burada moruq, qarağat, böyürtkən, zoğal, hətta fındıq kolları da vardı. İki mərtəbəli bina xüsusi zövq və layihə ilə tikilmişdi. Hər cür şəraiti vardı.
Səhər babası ilə bağı dolaşır, meyvə ağaclarına baxırdı. Həmzə meyvələrdən dərir, yuyaraq Səhərə verirdi:
-Qızım, meyvələrin hərəsi bir dərdin dərmanıdır. Bu şaftalını al. Şaftalı mədənin dərmanıdır, amma yeməkdən əvvəl yeyilməlidir. Armud yeməyin yaxşı həzm olunmasına, alma – ürək-damar sisteminin yaxşılaşdırılmasına kömək göstərir, ərik – qanı artırır, sinirləri yatırır, yuxunun nizamlanmasını təmin edir.
Diqqətlə babasına qulaq asan Səhər onun qoluna girərək soruşdu:
-Babacan, tutun qarası yaxşıdır, yoxsa ağı?
-Hər ikisi, qızım. Qara tut – qanı artırır, öskürəyin, qaraciyərin dərmanıdır. Mədə və bağırsaqların işini yaxşılaşdırır. Ağ tut ac qarına yeyildikdə bağırsaq qurdlarını öldürür, mədə və bağırsaqlara rahatlıq gətirir...
Bağda meyvə ağacları xüsusi səliqə ilə əkilmişdi. Bir-birlərinə mane olmurdular. Cərgələr üzrə bir xətt boyunca düzülmüşdülər. Suvarma asan və hərtərəfli olsun deyə, bir çox yerlərə krant çəkilmişdi. Həyət-baca oynamaq üçün əlverişli idi. Həyətə beton döşənmişdi. Səhər hər dəfə Gəncəyə gələndə geri qayıtmaq istəmirdi. Moskvada onun günləri yeknəsəq keçirdi. Tezdən uşaq bağçasına gedir, axşamüstü anası onu götürüb evə aparırdı. Ya bütün axşamı mənzildə keçirir, növbəti günə qədər buradan çıxmır, televizora baxır, oyuncaqlarla oynayır, şəkil çəkirdi. Oynamağa bir uşaq belə yox idi. Yaxud da həyətə düşür, anası ilə dükan-bazara, yaxınlıqdakı bağa gəzməyə çıxırdı. Kafeyə, restorana və  toy məclislərinə  getdikləri də olurdu.
Səhər arada ərköyünlük edir:
-Ana, anacan, mən burada, babamın, nənəmin yanında qalmaq istəyirəm, -deyirdi.
Müjkan onun qohum-əqrəbadan kənarda qaldığını görür, ürəyində ona haqq qazandırırdı. Fəqət onu burada qoyub gedə bilməzdi. Ürəyi partlardı. Səhərsiz həyatını təsəvvürünə gətirə bilmirdi. Odur ki:
-Qızım, nə qədər istəyirsən burada qal. Rəfiqələrinlə, baba və nənənlə oyna, amma biz qayıtmalıyıq.
Səhər də ona qulaq asır, lakin anası yola düşəcəklərinə qərar verəndə darıxır, göz yaşlarını axıdırdı.
Belə məqamlarda Həmzə də, Rəfiqə də Müjkanı dilə tutmağa çalışırdılar:
-Qızım, Moskvada, yad yerdə yaşadığın bəs edər, qayıt gəl. Şükür Allaha, gen-bol evimiz-eşiyimiz var. Kiminçin tikmişik?
Müjkan gülür:
-Bir zaman yığışıb gələrik, - deyirdi.
Bir dəfə Səhər nənəsi Rəfiqəyə dedi:
-Nənə, bu necə olur? Dayımgildə beş nəfər var: dayım, arvadı, iki oğlu, bir qızı. Xalamgil də altı nəfərdir: xalam, əri, üç qızı, bir oğlu. Biz isə iki nəfərik: anam və mən.
Rəfiqə qəlbağrısı ilə dilləndi:
-Qızım, gün o gün olar ki, siz də çox olarsınız.
-Nənəcan, niyə hamının atası var, mənim yoxdur?
Bu suala cavab tapa bilmədiyindən Rəfiqə xanım bir anlığa susdu, lakin başa düşdü ki, sualı cavabsız qoya bilməz.
 Rəfiqə xanım Çərkəzin ailəyə qayıdacağına inanmırdı. Ən azından Müjkan onu qəbul etməyəcəkdi. Fəqət Rəfiqə xanım nəvəsinin qəlbini qıra bilməzdi. Çərkəzə beş il iş kəsmişdilər. Rəxşəndə də məsuliyyətdən yaxa qurtara bilməmişdi. Altı il də ona iş vermişdilər. Ana-bala indi həbsxanada yatır, cəzalarını çəkirdilər
-Sənin atan səfərdədir, gec-tez gələr.
-Nənəcan, gec-tez necə gün eləyir? Bir gün, beş gün, bir ay?
Nəvəsinin məntiqi qarşısında Rəfiqə xanım aciz qalmışdı. Müjkanın  onlara yaxınlaşması onu bu vəziyyətdən çıxardı.
Bir həftə başa çatmaq üzrə idi. Müjkan təyyarəyə bilet almışdı. Sabah yola düşəcəkdilər. Birdən hamı bir-birinə dəydi. Həmzə kişi yerində uzanıb zarıyırdı. Həkim gəlib müayinə etdi. İlyası bir kənara çəkib dedi:
-Onu yerindən tərpətmək olmaz. Atan infarkt olub. Onu xəstəxanaya aparmaq lazımdır. Bu dəqiqə təcili yardım çağıraram.
Müjkan təcili Moskva ilə əlaqə saxladı. Vəziyyəti iş yerinə anladıb xahiş etdi ki, məzuniyyətin qalan hissəsini də götürməyə icazə versinlər.
* * *
Həsənbəyli kəndi ana Kürün həm sağ, həm də sol qolunda yerləşirdi. Bu gün kəndə hay düşmüşdü. Həsənbəyin kötücəsi Fərəməzin toyu idi. Həsən bəy bu kəndin bünövrəsini qoyanlardan idi. Adil, rəhmdil bir bəy olmuşdu. İndi də şəninə təriflər deyilir, dualar oxunurdu. Lənətə gəlmiş Sisyanovun Gəncəyə hücum edəcəyi xəbərini alan kimi Həsən bəy Cavad xana xeyli atlı və silahlı göndərmişdi.
Rasim dəmir bankalı pivələri sağ-salamat gətirib kəndə  çıxarmışdı. Dünən axşam məşvərət qismində yığıncaqları olanda ortaya yemək-içmək gələndə həmin pivələrdən birinə də əl dəyilməmişdi. Pivə meyli çəkənlərə “Jiquli”, yaxud “Xırdalan” gətirilmişdi. Məsləhət olmuşdu ki, toyun pulunu elə Rasimciyəz özü yazsın, yanında da bir ağsaqqal oturdacaq və ona balaca bir hamam çamadanı veriləcəkdi ki, yığılan pulları orada saxlasın.
Emilin qardaşı Xansuvar idi. O, Kənd Təsərrüfatı Texnikumunu bitirmişdi, briqadir işləyirdi. Ona Tellini alırdılar. Telləri çox da gur olmasa da, qız Xansuvarın xoşuna gəlmiş, ata-anasının “Ay oğul, evlənmək vaxtındır, kimin qapısını döyək?” sualına çəkinmədən və utanmadan “Sizin hansı qapıya gedəcəyinizi bilmirəm, mənciyəz Tellini alacağam, qara Bəşirin qızı Tellini!”. Onun cavabı valideynlərinin döşünə yatmış, tez elçiləri götürüb yola düşmüşdülər. 
Qara Bəşir kənddə sayılıb-seçilən adam idi. Vaxtilə briqadir, ferma müdiri, kənd sovetinin sədri işləmişdi. İndi təqaüddə idi. Yaxşı ailəsi vardı. 
Rasim özünün pulyazan qoyulmasından narazı qalmışdı. Amma açıb ağartmırdı. Kənd yeri idi, hər şeyi bəzəyirdilər. Pulyazan toy boyu oturub yerində mıxlanmalı idi. Toya gələnlər kefləri istəyəndə gəlib pul yazdırırdılar. Biri yığışıb gedəndə, o biri siqaret çəkməyə çıxanda, bir başqası ayaqyoluna tələsəndə... Yerindən tərpənsəydi, kimsə onu axtarmalı olsaydı, narazılıq yarana bilərdi. Rasim daha çox mütəhərrik işləri xoşlayırdı. Sağlıqlar demək, kiminsə şəninə təriflər yağdırmaq, dalaşanı ayırmaq, hərəni öz yerində oturtmaq onluq idi.
O, burnunu sallayıb durmuşdu. Emilin başı qarışıq idi. Çox şey üçün özü ora-bura qaçırdı. Maşınının sakit dayandığı olmurdu. Birdən yadına Rasim düşdü. Soruşdu, dedilər ona iş tapşırıblar. İşin adı çəkiləndə Emil bir şivən qopartdı ki, gəl görəsən:
-Ay ata, bu heç Rasimə yaraşan işdir?! Daha deyin yazığın əl-qolunu bağlayıb atmısınız quyuya. Mən onun xasiyyətinə bələdəm, dinməsə də, dişi bağırsaqlarını kəsir. Ay kişi, o, məclis adamıdır, təkbaşına məclisin bütün işlərini yoluna qoyar. Onu mənim yanıma göndərin. Pulyazan da qoyun Fərzalı dayı olsun. 
Rasimin kefi durulmuşdu. Emillə birgə göstərişlər verir, spirtli içkinin, aşpazların üzərində nəzarətçi qoyurdu. Bu çadır toyunun qəribə cəhətləri vardı. Aşpazlar əl altından ətin bir hissəsini öz adamlarına verib aradan çıxarırdılar. Arağın başına da belə daş salan olurdu. Şadlıq evlərində belədir ki, kimi toya çağırmısan, tək, yaxud həyat yoldaşı, övladı ilə gəlirlər. Şadlıq evində pul yer (stul) hesabı ilə ödənilir. İki yüz yer sifariş vermisənsə, adamın gəldi, gəlmədi iki yüz nəfərin pulu restoran sahibinə çatmalıdır. Üç yüz nəfər demisənsə, üç yüz nəfərin. Çadır, kənd toyu isə belədir ki, bir nəfəri toya çağıranda azından həmin ailədən üç-dörd adam gəlir, yeyib-içir, yeyib-içdiklərinin qədərindən də xeyli az pul yazdırırlar. Olur aldım qoz, satdım qoz. Qohum-əqrəbadan isə danışmağa dəyməz. Evlərinin qapısına qıfıl vurub, köçlü-külfətli, bələkdəki körpəsi də daxil olmaqla toya gəlirlər. Bir sözlə, məmə deyəndən, pəpə yeyənə kimi hamı toya tələsir. Toyxanada uşaq əlindən tərpənmək olmur.
Bu zaman araqdan başqa, mineral suyun üzərində də nəzarətçi qoymaq lazım gəlir. O gəlir “su”, bu gəlir “su”. Suyu beləcə uşaq-muşağa paylayanda məclisə mineral su çatmır.
Bütün bunları yaxşı bildiyindən Emil evdə məsləhət eləmişdi ki, bəlkə toyu rayon mərkəzindəki şadlıq evlərinin birində eləsinlər?! Belə olan halda balaca uşaqlar, evdə darıxıb söz-söhbət, əyləncə və macəra axtaran qadınlar, bekar kişilər, işsiz kənd adamları bu yolu basa-basa şadlıq evinə gəlmirlər. Bu da toy sahibini ən azından çağrılmamaış yüz-yüz əlli adamın qarnını doydurmaqdan xilas edir. O qədər adam həm də gör nə qədər izafi xərc deməkdir.
Emilin təklifini qulaq ardına vurmuşdular.
-Ay oğul, ay Emil, onda deyəcəklər ki, bizi, kəndin adət-ənənəsini bəyənmədilər. Hərənin ağzından bir avaz gələcək. Xeyrimizə də olsa, ziyanımıza da olsa mağar quraq.
İndi Emil az qala bütün kənd camaatının yığışdığı, ortada əl-ayağa dolaşdığı məclisi atasına göstərərək:
-Ay ata, bunu istəyirdin? Bu bizə lazım idi? Dəli Aslanın gic oğlu da, keçəl Pürzə də, çolaq Məmmədağa   da toyuna gəlib. İraq olsun ehsan verirsən? Qoymadın bəy balası kimi gedək oturaq şadlıq evində.
-Ay oğul, özünə toxtaqlıq ver. Birinci dəfə deyil ki. Gözümüzü açıb kənd toyunu belə görmüşük də. Mən toya çağrılanda dalıma düşüb sən də mənimlə birgə gələrdin toya. Yadından çıxıb? Yanımda oturub kasa dolu yağlı bozbaşı gözünə təpməyin? O zaman elə bilirsən sənə görə əlavə pul yazdırırdım? Toydur, şənlikdir, pul yığmaq üçün eləmirik ki...
Rasim Emili bir kənara çəkib:
-Özünü ələ al, hər şey qaydasındadır. Ağlıma bir fikir gəlib...
Emil cəld:
-Sarsaqlama, gecdir. Yəqin Müjkanı toya dəvət etmək istəyirsən?! O, geyinəsi, maşın tutası, yol gələsi... O vaxta toy qurtarar.
- Müjkan haradan yadına düşdü? Onun burada nə azarı var? Ağlıma gələn başqa şeydir. Həftə səkkiz, mən doqquz Moskvadayıq. Əlimiz gətirir. Az pul qazanmırıq. O pulların bir hissəsini rus qızlarına, restoranlara xərcləyirik. Köməkləşib burada – kənddə bir şadlıq evi tikək.
Emilin sifəti işıqlandı:
-Ömründə birinci dəfədir ağıllı təklif verirsən. Doğrudan da, yaxşı ideyadır. Toyu yola verək, bu barədə danışarıq. 
Maşınları bəzəyib gəlinin dalınca getmişdilər. Eyvaz kişi qan-tər içində özünü Emilə çatdırdı:
-Ay oğul, görürsən bu Bəşir kişini, mən onu adam bilirdim?
Emil üz-gözünü turşutdu:
-Ay dədə, gəlini gətirməmiş artıq başladınız qırğına. Axı nə olub?
-Gəlini vermir. 
-Nə deyib vermir, ay dədə?
-Deyir, kəbin kəsdirməmisiniz, qızı kəbinsiz verən deyiləm. Deyir bu qız ərə gedir, oynaş yanına getmir ha. Halallıq olmalıdır, qanuni olmalıdır Ər-arvadlıq rəsmiləşməlidir.
-Bəşir kişu düz deyir. Sən öz qızını kəbin olmadan gəlin köçürərsən? Bəs bu vaxta qədər niyə nikah kəsdirməmisiniz? Molla Vəlini çağırın, tez kəbinlərini kəssin.
Eyvaz başını yellədi:
-Bəşir kişi molla-filan hərləmir, deyir Vəli cavanlığında oğraşlıqla məşğul idi, yeyib-içir, qıza-gəlinə sataşır, lotuluq edirdi. İndi dinə-imana gəlib, molla olub? Tüpürüm ona deyir. Vəli kəsən kəbin nə olar? Həm də deyir, əsl nikah dövlət orqanında bağlanandır. Mollalar yüz dəfələrlə kəbin kəssələr belə, bu, dövlət səviyyəsində tanınmır, sayılmır.
Emil dönüb Rasimə baxdı, sonra sözünə davam etdi:
-Mən Bəşir kişinin dediklərinin hamısını təsdiq edirəm. Düz sözə nə deyəsən? Dini nikah ər-arvadın hüquq və vəzifələrini yaratmır, onların üzərinə heç bir borc və məsuliyyət qoymur. Gərək vaxtında çarəsini qılaydınız. İndiki ağsaqqallarda bir ağsaqqallıq qalmayıb. Hərəsi bir təsbeh götürüb düşüblər kəndin canına, mömin olublar. Heç biri də digərini bəyənmir...
Qızışıb dediyi bu sözlərin atasına pis təsir göstərdiyini görüb:
-Bağışla, ata, sən Allah, bağışla, amma gərək biləydiniz ki, nikahsız gəlin gətirmək olmaz. Bəylə gəlin rəsmi ər-arvad elan olunmalıdır. Yalnız bundan sonra onlar bir yerdə ola bilərlər.
Eyvaz kişi:
-Nə bilim, heç özüm də bilmirəm bu necə olub. Lap başımı itirmişəm.
Eyvaz kişi cavan oğul itirmişdi. İndi bu toy o istədiyi qaydada keçməsəydi, onu böyük dərd olardı. Ona görə Emil toyun bütün ağırlığını öz üzərinə götürmüşdü ki, atası sıxılmasın, özünü köməksiz  hiss eləməsin. 
Onlar üç qardaş idilər: Emil, Xansuvar, bir də Oqtay. Oqtay sonbeşikləri idi. Onu çox sevirdilər. İpək kimi oğlan idi, salamlı-kalamlı, əxlaqlı, böyüyün – böyük, kiçiyin – kiçik yerini bilən. O, on birinci sinifdə oxuyurdu. Səbinə adlı qızla bir-birlərini sevirdilər. Yay ayları idi. Buraxılış imtahanlarını verməyə hazırlaşırdılar. Oqtay buraxılış  gecəsində Səbinə ilə o ki var rəqs etdi, ürəyini qıza açdı. Onun da razılığını aldı. Bir müddət sonra orta məktəbə əlvida deyəcəkdilər. Bir-birləri ilə hər gün görüşə bilməyəcəkdilər. Oqtay sənədlərini Texniki Universitetə verəcəkdi. Səbinə rayondakı Pedaqoji Kollecə girmək istəyirdi. Ata-anası qızlarını gözlərindən uzağa qoymaq istəmirdilər. Bundan belə kim bilir bir-birlərini nə zaman görəcəkdilər?!.  Oqtay universitetə girsə, Bakıya getməli olacaqdı, qız isə burada kənddə qalacaqdı. Səbinə Kollecə daxil olsaydı, ya gərək atası hər gün onu kənddən rayon mərkəzinə öz maşını ilə aparıb-gətirməli olacaqdı, yaxud da rayonda mənzil, ya da həyət evi kirayələməli idi. 
Deməli, biri Bakıda, biri də rayonda yaşayacaq, tətildən-tətilə bir-birlərini görə biləcəkdilər. Oqtay işini ehtiyatlı tutmasa, bir də gördün ata-anası qızı götürüb bir başqasına verdi. 
Bunlar Oqtaya rahatlıq vermirdi. O, aparıb qızı evlərinə ötürdü. Evə çatan kimi anasına sirr gəldi, Səbinəni sevdiyini, qızın da ona gəlməyə razı olduğunu anasına dedi:
-Atamla, danış, ay ana, o qızı mənə nişanlayın.
-Ay oğul, sənin nə yaşındır?! Hələ məktəbi qurtarmamısan. Səndən qabaqda iki evlənməli qardaşın var.
Oqtay razılaşmadı:
-Anacan, mən Səbinəsiz yaşaya bilmərəm.
Ana heyrətdən əllərini yanlara açdı:
-Bıy, başıma xeyir…
Oqtayın yalvarıcı nəzərlərlə baxdığını görüb dilləndi:
-Yaxşı, ay oğul, atana da deyərəm. Amma o da mən deyəni təkrar edəcək.
Ananın dedikləri doğru çıxdı. Eyvaz kişi daş atıb başını tutdu:
-Mən böyük oğlanlarıma axı necə deyim ki, siz gözləyin, qoyun kiçik qardaşınız evlənsin.
Ana ərinin dediklərini Oqtaya çatdırdı. O, bir söz demədi. İmtahanlara lap az qalmışdı. Hamı kimi Oqtay da imtahanlara hazırlaşırdı. Amma fikri dağınıq idi. Səbinə ilə rastlaşanda sevinir, Səbinəsiz anlarda məyuslaşırdı. Bir gün fotoqrafın yanına gedib şəkil çəkdirdi və şəkli sinif yoldaşlarının sayı qədər çıxartdırdı, onlara paylayıb:
-Məktəbi qurtarırıq. Hərəmiz bir tərəfdə olacağıq. Kimimiz işə girəcək, kimimiz ali məktəbdə, kimimiz də kollecdə oxuyacağıq. Bu şəkillər məndən sizə yadigar qalsın.
Ertəsi gün Oqtay yenə anasına yaxınlaşdı. Gülə-gülə:
-Ana, Səbinəgilə elçiliyə gedirsiniz?
-Ay bala, başa düş, evlənmək qaçmır ki?! Səndən böyük qardaşların hələ subaydırlar. Sən ali məktəbə imtahan verməlisən, oxumalısan. Nə xəbərdir?! Bu iki daşın arasında niyə evlənmək fikrinə düşmüsən?
Oqtay təəssüf ifadə edən baxışlarını anasına zilləyərək:
-Deməli, elçiliyə getməli olmadınız?!
-Atanla söhbətimiz olub. O biri qardaşların ailə qurandan sonra sən də evlənərsən.
-Onda bir daha məni görməyəcəksiniz.
Ana onun sözlərindən bir şey başa düşmədiyindən   əhəmiyyət vermədi.
Yaram saat keçmədi ki, tövlədən atəş səsi eşidildi. Evdə kim vardısa, hamısı tez tövləyə sarı qaçdı. Oqtay qoşalülə tüfəngi sinəsinə dirəyib atəş açmışdı. Otun üstünə bir xətkeş düşüb qalmışdı. Məlum oldu ki, barmaqları tüfəngin tətiyinə çatmadığından həmin xətkeşdən istifadə edib.
Oqtayın sinif yoldaşlarına payladığı yadigar şəkillər dəfn mərasimində matəm əlaməti olaraq, sinələrə taxıldı…
Bu hadisə ani olaraq, Emilin gözləri qarşısından keçdi: “Birdən bu nikah məsələsinə görə toy pozular ha?! Kişinin ürəyi partlar. Oqtay elə, Xansuvar da belə!”
Emil dönüb Rasimə baxdı. Yəni: “Əlac sənə qalıb”.
Rasim başa düşdü, “Mersedes”inə yaxınlaşıb işə saldı və rayon mərkəzinə sürdü. Nikah idarəsi bağlı idi.  Şöbənin müdiri Rəhilə xanımın əri ilə Rasimin tanışlığı vardı. Axtarıb Bağırı tapdı. Məsələni ona anlatdı. Bağır onu arxayın etdi.
-Uzağı yarım saata kənddəyik. Nikah toyxanada kəsilər.
-Ay qardaş, kənd toyunda gəlin mağara gətirilmir, oğlanla yanaşı oturmur. Gəlini gətirib evə qoyurlar, o, toyun sonunu, bəyi gözləyə-gözləyə qalır. “O olmasın, bu olsun” filmindəki kimi. 
-Yaxşı, məni burada gözlə. Rəhilə xanımı da gətirib gəlirəm.
Təxminən on beş-iyirmi dəqiqə çəkdi. Məlum oldu ki, onlar nikah idarəsinə gedib sənədləri götürüblər ki, qeydlər aparmaq mümkün olsun.
Rasim öz maşınında, Rəhilə xanım da ərinin BMV-sində kəndə gəldilər. Məsləhət oldu ki,  bəyi də götürüb qız evinə getsinlər, orada onların nikahını kəsib, gəlini gətirsinlər
Elə də etdilər.
* * *
Gəlini gətirdilər. Rasimin nişanlısı Nailə ilə Emilin həyat yoldaşı Zəhra da gəlinin yanında idi.
Ata-ana цчцн оьул, гыз тойундан язиз ня вар ки?! Иллярля бу эцнц эюзляйиrляр. Zəhra güzgü tutmuşdu. Qız gəlin köçəndə gətirdiyi güzgü rəmzi məna daşıyır. Güzgü təmizlik, bakirəlik, üzüağlıq və ismət deməkdir.
Tellini yola salanda onun anası Tamam arvad güzgüni Zəhraya verərək:
-Oğlan evi arxayın olsun, bizim Telli bu ayna kimi tər-təmizdir, halal ata çörəyi yeyib, təmiz ana südü içib.
Ortaya düşüb oynamağa başladılar. Rəqs edənlər bir-birinə qarışdılar, bilinmədi oğlan evinin adamı hansıdır, qız evinin adamı hansı. Gəlinin əlindən tutub pilləkənlərlə ağır-ağır evə çıxarmağa başladılar. Otağın qapısı ağzında ayaq saxladılar. Gəlinin ayağının altında üzü üstə qoyulmuş boşqab vardı. Evdə anası qızını başa salmışdı: “Ayaqqabının dabanı ilə boşqabı sındırarsan. Çalış zərbən bərk və sərrast olsun”. Telli dayanıb baxırdı. Nailə dedi: “Hə, gəlin, gücünü sına”.
Telli zərbəni endirdi. Boşqab sındı. Bu, xalqımızın gözəl toy adətlərindən biri idi.  Mənası da bu idi ki, təki sınan qab-qacaq, şüşə  olsun, əsas odur ki, ürək sınmasın.
Telli otağa daxil oldu. Gərdəyin dalında, döşəyin üstündə körpə oğlan uşağı qoyulmuşdu. Adətlərimizi nəzərə alan Telli körpəni götürüb bağrına basdı. Bunun da mənasını gəlinə anlatmışdılar: ailəniz oğullu-uşaqlı olsun!
Nailə  çölə çıxanda Rasimlə rastlaşdı. Salam verib ötüb keçmək istəyəndə Rasim:
-Səninçin olsun, - dedi.
Nailə astaca:
-Sağ ol, - deyə cavab verdi və aralanıb qızlara qoşuldu.
Yemək yeyilən yerlə toyxana, yəni musiqiçilərin əyləşdiyi çadır ayrı idi. Küçədə dörd çadır qurulmuşdu. Birində yemək bişirilirdi, digəri musiqiçilərin idi. İki çadırın birində kişilər, digərində qadınlar oturmuşdular. Bir ucdan yeməklər, kabablar, salatlar, mədən suları, kişilər üçün spirtli içkilər – araq, pivə, çaxır daşınırdı. Axırda plov gəldi, həm səbzi qovurmalı, həm də aş-qaralı. Yeyib doyanlar oynamaq, musiqiyə qulaq asmaq üçün o biri çadıra – musiqiçilərin öz çalğıları ilə bütün kəndə səs saldıqları çadıra tələsirdilər. Bu çadırda toya dəvət olunanlar həm də olunmayanlar, uşaqlar, kişi və qadınlar əyləşirdilər. Oturmağa yer tapmayanlar çadırın dövrəsinə yığılır, onun ətəklərini qaldıraraq, toyxanaya tamaşa edir, oxuyub-oynayanlara baxır, yaxud özləri sifariş verib rəqs edirdilər.
Rasim işlərini görüb qurtardığından oturub yeməyini yeyirdi. Arada sağlıq deyib dostları ilə araq içir, Moskvadan gətirdiyi pivə ilə arağın acılığını öldürürdü. O biri çadırdan qoşa nağara, qarmon  və klarnetin səsi ətrafa yayılmışdı, onların da qulaqlarını oxşayırdı. Emil də gəlib oturdu:
-Ay uşaq, o sərin pivədən mənə də gətir.
Gətirdilər, acqarına pivəni başına çəkib sonra yeməyə girişdi. Birdən Rasimin gözü o biri cərgədə onunla üzbəüz oturmuş çalbaş kişiyə sataşdı. Dirsəyi ilə Emili vurub:
-Əminə bax, a kişi, bu da vururmuş ki...- dedi.
-Əmimə nə olub ki, cavan oğlandır.
-Cavan olmağını bilirəm.
Rasimi gülmək tutdu. Yadına bir əhvalat düşmüşdü. Emil onun nəyə güldüyünü başa düşüb o da gülümsədi. Amma çalışdı ki, gülməyi bilinməsin. Vəfadar kişi görsəydi, onun belini sındırardı. Əlüstü başa düşəcəkdi ki, ona gülürlər.
-Sən Allah əminin neçə yaşı var?
-Aprel ayında səksən bir yaşı tamam oldu.
-Maşallah cin kimidir.
Rasim yadına saldı. Bir  neçə ilin söhbətidir. Zalxa arvad döşənmişdi. Həkim gəlir, başını bulayaraq: “Mənlik deyil”, - deyib  gedirdi. Arvadın boğazından su da keçmirdi. 20-25 il əvvəl əri Vəfadar kişi ilə boşanmışdılar. Vəfadar gedib Zalxadan 10-15 yaş kiçik olan bir qız almışdı. Təzə arvaddan iki qızı, bir oğlu oldu. Vəfadarın  Zalxadan da iki oğlu, iki qızı vardı. Oğlanlar evlənmiş, qızlar da ərə getmişdilər. İndi hərəsinin neçə oğul-uşağı, onların da öz qızları və oğulları vardı.  Zalxa Vəfadardan sonra ərə getməmişdi. Kənddə belə şeyləri xoşlamırlar, həm də böyük uşaqları vardı. Kişilərə nə var ki? İstəyirlər boşayırlar, istəyirlər yenidən evlənirlər. Onları qınayan olmur, kişidir də.
Zalxa arvad yataqda uzanıb zarıyırdı. Həkim demişdi ki, daha bundan adam olmaz, üzü o yanadır, bu gün-sabahlıqdır, hazırlığınızı görün. Zalxa arvadın əhvalı hamıya bəlli idi. Artıq həyətdə çadır qurulmuşdu, kəfən alınmış, qənd-çay, un tədarükü görülmüşdü. Hətta halva da çalmışdılar. Həyətdə mal-heyvan, qoyun-quzu vardı ki, bunun əziyyətini çəkməyəcəkdilər. Mollaya da xəbər yollamışdılar ki, gözdə-qulaqda olsun, uzaq bir yerə getməsin. Xəbər verən kimi özünü çatdırsın.
Zalxa arvadın uşaqları, nəvə və nəticələri, qohum-əqrəba, qonşular həyət- bacadan yığılmırdılar. İri samovar ara vermədən qaynadılır, gəlib-gedənlərə çay verirdilər. Mollaya demişdilər  hələ ki, gözə görünməsin. Arvadın ürəyini üzmək istəmirdilər.
Bir də gördülər uzaqdan bir tozanaq qopub. Bir nəfər atın tərkində və atın bağrını yara-tara onlara sarı gəlir. Yaxınlaşanda baxdılar ki, Vəfadar kişidir. Arvadını, uşaqlarını atıb gedəndən bəri onunla soyuq davranır, görüşmək istəmirdilər. Uşaqlar üzlərini yana çevirdilər. Vəfadar onlara əhəmiyyət vermədi. Belə qarşılanacağını gözünün altına alıb gəlmişdi. Zalxa necə olmasa, onun ömür-gün yoldaşı olmuşdu. İndi Vəfadar son borcunu yerinə yetirməyə, onunla halallaşmağa və vidalaşmağa gəlmişdi. Böyük oğlu irəli yeriyib üzəngini basdı. Vəfadar sıçrayıb atdan düşdü. Heç kimlə xüsusi görüşməyib ümumi salam verdi və evə sarı getdi. Böyük qızı Esmira anasının yanını kəsdirib oturmuş, göz yaşlarını axıtmaqda idi. Arvad sabaha çətin çıxardı, qəbri də qazılmışdı. Qız atasını görüb ayağa qalxdı, bütün olanlara baxmayaraq, gəldiyi üçün atasına minnətdar oldu. Halbuki Vəfadar yenidən ailə qurandan sonra qız ondan fərli-başlı atalıq görməmişdi:
-Qızım, ananla məni tək qoy.
Qız çıxdı.
Vəfadar çarpayının qırağında oturub Zalxanın əlini əlinə aldı. Arvadın əli buz kimi soyuq idi. Vəfadar onun əlini ovuşdurmağa başladı:
-Zalxa, Zalxa, mənəm, Vəfadaram!
Vəfadar kövrəlmişdi.
Zalxa qımıldanmırdı, halı yox idi, deyiləni eşitmirdi, dərk etmirdi.
-Zalxacan, ömrüm-günüm!!!
Bu sözlər sanki Zalxaya çatdı, gözlərini açmağa çalışdı. O,  səsi tanımışdı, Zalxa 30 il idi bu səsə həsrət idi. Başını üstündəki Vəfadar idi. İlk və son sevgisi. Vəfadarın günahı üzündən boşanmışdılar. Onun xasiyyəti dözülməz idi. “Zalxacan, ömrüm-günüm!!!” Bu sözlər Zalxaya tanış idi. O, sanki həmin illərə qayıdırdı. Bir-birlərindən doymadıqları o gözəl günlərdə Vəfadar Zalxaya belə müraciət edərdi. Zalxa dikəlmək istədi, bacarmadı, Vəfadar kömək etdi. Zalxa bir təhər dodaqlarını bir-birindən aralayıb:
-Vəfadar, gəldin? Axır ki gəldin. Bəs nə gec gəldin?
Vəfadar aşağı əyilib onu qucaqladı. “Doğrudan da o çox gec gəlmişdi. Nə pis adammış bu Vəfadar. Nə Zalxaya əmməli-başlı ər, nə də Zalxadan olan uşaqlara ata, onların törəmələrinə düz-əməlli başlı baba ola bildi”.
Vəfadar ağlayırdı. Zalxa bunu duydu:
-Ağlama, Vəfadar. Su istəyirəm.
Vəfadar su verdi.
-Acmışam.
Vəfadar onun arzusunu çöldəkilərə çatdırdı. Dərhal toyuq bulyonu gətirdilər. Vəfadar qaşıqla bulyonu ona içirtdi. Zalxanın gözlərinə işıq gəlmişdi:
-Bilirdim ki, gələcəksən, Vəfadar!
-Can, Vəfadar.
Zalxa arvad əllərini uzatdı. Vəfadar aşağı əyildi. Bu dəfə Zalxa onu qucaqladı. Vəfadar tapşırmışdı, içəri girən olmasın. Vəfadar Zalxanın bədənini ovuşdurmağa başladı. Qarını bədəninə istilik gəlirdi.
Hər gecə növbə ilə Zalxadan muğayat olmaq üçün onun  yanında bir nəfər qalırdı. Vəfadar bildirdi ki, bu gecə qarının yanında özü qalacaq. Əvvəlcə razılıq vermək istəmədilər. Vəfadar onlara acıqlandı:
-Yoxsa qeyrətiniz yol vermir. Qoca arvaddır, can üstədir.
Daha bir söz demədilər. Hərə öz işinin dalınca getdi. Həmin gecəni Vəfadar Zalxanın keşiyini çəkdi, qulluğunda durdu. Son borcunu verirdi…
Sübh tezdən Vəfadar çölə çıxıb iti addımlarla boz atına sarı getdi, ayağını üzəngiyə qoyub atın tərkinə mindi. Üzünü böyük oğluna tutub:
-Ə bu çadırı buradan yığışdırın, ananın üzü bəridir, - deyib atına bir qamçı çəkdi. 
Çöldə dayanıb acı xəbər gözləyənlər Zalxanın yatağa düşdüyü otağa sarı qaçdılar. Möcüzə baş vermişdi. Zalxa yerində dikələrək balışa söykənmişdi. Gələnlərə baxırdı.
* * *
Bunları bir daha xatırlayan Rasimi gülmək tutdu. Emil işarə ilə bildirdi ki, açıb-ağartmasın. O zamanlar Zalxa 72 yaşında idi. O, daha 6 il yaşadı. Qohum-əqrəba, övladları, hətta həkimin özü də Zalxa arvaddan dönə-dönə xahiş edirdilər ki, danışsın: Vəfadarı görəndən sonra necə oldu ki, kəfəni yırta bildi, nə oldu ki, ölümü özünə yaxın buraxmadı, Əzrailin əlindən qurtuldu. Zalxa arvad zarafata salır, “Vəfadara məhəbbətimin gücü ilə həyata qayıtdım. Onu görüb dirildim. Sevgi məlhəmmiş”  deyir, əsil həqiqəti isə heç kimə açmırdı.
Vəfadarın saqqızını oğurlayanlar oldu. Bu onun uşaqlıq dostu Şəmil idi. Sirr açılan kimi Şəmil əhvalatı bütün kəndlə bir elədi. Vəfadar Şəmili tapıb çomağına doladı: “Adamın kişiliyi olar!” – dedi. 
İndi Vəfadarı görəndə hamının yadına qapını arxadan bağlayaraq ölüm yatağında Zalxa ilə onun necə sevgi macərası yaşadığı düşürdü. Bu, bir möcüzə idi ki, Vəfadarın sayəsində can verən qarı sonra cana gəldi. 
Durub mağara keçdilər. Sərxoş olmasa da, Rasimin kefi yuxarı idi. Toyxananın ətrafı qız-gəlin və uşaqlarla dolu idi. Kişilərin az qismi içəridə əyləşmişdi, çoxu toyxanadan aralıda dayanıb siqaret çəkir, söhbət edirdilər. Rasim gözlərini dolandırıb yarını – Nailəni axtardı. O, gözə dəymirdi, yəqin gəlinin yanında idi. Nailədən əli çıxdığından, Müjkanı xatırladı. Görəsən, indi nə edir? Birisi gün Moskvaya uçmalıdır. Rasim də qərara almışdı ki, bileti təyyarəyə alsın.
Müjkana rast gələndən Nailəyə marağı azalmışdı. Halbuki Nailənin üstündə neçə cavanla qanlı-bıçaq olmuşdu. Nailənin dalınca düşənlərin çoxaldığını görəndə elçilərini göndərmiş, nişanlanmışdı. Evdən onu tələsdirirdilər ki, toyunu tez eləsin. Qızı nə qədər nişanlı saxlayacaqdı? Onlar nişanlanandan sonra kənddə sanki qurbağa gölünə daş atılmış, Nailə söhbəti yığışmışdı. Ortada namus, qeyrət məsələsi vardı. Sataşardın, cavabını alardılar.
Rasimin əmisi oğlu Qasım da Nərgizə nişanlı idi. Əmioğlu hədsiz utancaq və keyqulu idi. Nərgiz isə lap erkək Tükəzbanın özü idi ki, Qasıma rast gəlmişdi. Toylar olanda Qasım “Bala Nərgiz” mahnısını çaldırır, oynaya-oynaya Nərgizi də rəqsə dəvət edirdi. Amma Nərgiz Allahın bəlası idi. Qız Qasım kimisini yorub yolda qoyar, dəyirmana susuz aparıb susuz gətirərdi. O, oynamaqdan doymaz, Qasımım heyi kəsilənə kimi ortadan çıxmazdı. Axırda yorulub əldən düşən, qıçları bir-bitinə dolaşan Qasım dayanar, əli ilə Nərgizə işarə ilə,  bir növ yalvarıcı tərzdə xahiş edərdi ki, o da rəqsi dayandırsın. Qasım bu dəfə də “Bala Nərgiz” mahnısını başa çatdıra bilməyib, dayandı və nəfəsini dərməyə başladı. Nərgiz ona yaxınlaşaraq: “Sən hələ bundan sonra mənim havama çox oynayacaqsan, Qasımçik, - deyib ortadan çıxdı.
Rasim baxır, özünü meydanda Müjkanla rəqs edən görürdü: “Heç Müjkan camaatın içində məni belə ağır sözlərlə ittiham edərdimi? Əsla. Bu Nərgiz əmioğlumun başında turp əkəcək. Hələ ərə getməyib Qasıma qan uddurur. Yox, əmioğlum yaman ilişib!”.
Nailə göründü. Zəhra da yanında idi. Rasim Emilə işarə etdi. Qızları rəqsə dəvət etdilər.

Комментариев нет:

Отправить комментарий