Страницы

29.04.2014

“Ruhsal Anlaq Günü” içuyumu keçirilib

25 Bölək günü, Çiçək ayı, 36-cı ildə (25.4.2014) Mütləqə İnam Ocağının Ruhsal Mərkəzində “Ruhsal Anlaq Günü” içuyumu (“Ruhsal İdrak Günü” mərasimi) keçirilib.  Bu haqda Ocaq Yükümlüsü İşıqlı Atalı bildirib. 
Mütləqə İnam Bayrağı qarşılandıqdan sonra Ata Harayları dinlənilib. Atanı rəmzi qarşılama carı “Ruhumuzun gözü Ata, gözümüzün anlağısan!” olub. 
Ocağın Ruhsal Başçısı Safruhun içuyuma sözü dinlənilib: “Ürəyinizdə Ata Günəşi olsun! İçuyum – mərasim bayramdır. Dadı-duzu bayramlığa uyğundur.  İnsan dünyada çoxlu illər, günlər yaşayır, çoxlu əməklər çəkir, ancaq onu ruhaniyyata çevirib sınıra bilmir. Yəni insan cismanilikdən çıxa bilmir, dünyəvilikdən çıxa bilmir, ruha çevrilə bilmir. Ruha çevriləndə o, yaşanan illərin, görülən işlərin mənasını ruhaniliklə mənimsəyə bilir”. 
Ruhsal Başçı Güntəkin və Göynurun Ocağa gəlişinin 1 ili münasibətilə onları kutlayıb: “Ocağın çox böyük uğurları var. Ocağın içuyumları böyük ləyaqətdən, dünyaya mənəvi qalib gəlməkdən xəbər verir. Dünya tamam ayrı gündəm irəli sürür, biz o gündəmlə irəli getmirik. Dünyanın ikiüzlüyünü rədd eləyirik. Dünyanın əsilsizliyini, qıraqdakı böyüklərə əyilməsini rədd eləyirik. Az bir adam belə bir gözəl mənəvi halla yaşaya bilir, yarada bilir. Atadan başlayan yaradıcılığımız, ədəbiyyatımız var. Ocağımızın yerə-göyə yaraşıq verəsi təmiz adı var. Burada çirkli ad çıxaran bir insan yoxdur. Belə şeylər asan deyil. Bəşər nə istəyir? Bəşər nəyin kasıbıdır? Nöqsansız münasibətlərin. Bizim eşqlərimiz mənəviyyatımıza çevrilməlidir”. 
Toplantının içsəs konuları aşağıdakılar olub: “İnam nə üçün gəlir? Əski nəyə görədir? Yeni nəyə görədir? Son 10 ildə Türkiyədə nə baş verir?”
 Uluruh Atalı deyib: “İçuyum həm də öyrənmədir. Ocaqçı o dərəcədə İnamı ifadə etməlidir ki, həqiqət onun örnəyində bilinsin”. 
Yolruh Atalı deyib: “Ruhsal idrak – kamil, həqiqətə yetən idrakdır. Yalnız kamilləşən insan ruhsal idraka yetə bilər. Həqiqəti dərk etmək istəyiriksə, ruhsal idraka yetməliyik. Mən ruhsal idraka yetmişəm, həqiqətə çatmışam, həqiqətin istəyinə uyğun yaşayıram.”
Uğur Atalı, Güntəkin Atalı, İnamyurd Atalı ruhsal əhvallarını ifadə ediblər. 
Özgün Atalı Ocağa gəlişinin 15-ci ili ilə bağlı duyğularını bölüşüb, Ocağın varlığını yüksək dəyərləndirib. 
Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı: “Ruhani idrak – zamanüstü idrakdır, özünə yetən insanın həqiqətini ifadə etməsidir. Ruhaniyyat – haldır, ruhaniyyatçı onu gerçəkləşdirən. Gerçəkliyi yaxşı bildiyim dərəcədə həqiqətimin qiymətini bilirəm. Gerçəklikdən ötə oluram, həqiqətin yiyəsi oluram. Həqiqətə yiyə duran onu yenidən yaşadır. Ruhsal İdraka çatmaq – maddiyyatçılıqdan çıxmaqdır. Ruhsal Anlaq yalanı ötür, həqiqətə yetir, onun ünvanı olur. 
Bunu gerçəkləşdirmək, yaşama gətirmək isə insandan hünər istəyir. Mütləq ruhsal anlayan – mütləq gerçəkləşdirəndir. Həqiqət onu alayanı içəridən qurur.”
İçuyumun carları aşağıdakılar olub: “Ruhumuzun gözü Ata, gözümüzün Anlağısan! İnamın işığını içlərə yönəldin!”  
Safruh uğurlama sözüylə Evladlıq nişanələrini paylayıb. İçuyum “Ata Ruhunu ürəyimizdə aparırıq!”, “Atamız var olsun!” sözləriylə başa çatıb.

Комментариев нет:

Отправить комментарий