Страницы

18.04.2014

Akif Abbasov - Restoranda

“Acı xatirələr” romanlndan
   
Dostlar səbirsizliklə Müjkanın nə zaman geri qayıdacağını gözləyirdilər. Rasim əsəbi halda dedi:      
-Bu dəqiqə Müjkan bu binanın hansı mərtəbəsindənsə, hansısa mənzilin pəncərəsindən bizə baxır.
-Bax, bunu düz dedin. Baxır və iki ali təhsilli adamı necə barmağına sarıdığını görüb qəşş edir. Yarım saat üç saat oldu.
-Yox, brat, o mənim dözümümü yoxlayır. Gec-tez aşağı düşəcək.
Emil sancmağından qalmırdı:
-Sənin dözümün onun nəyinə lazımdır? Hər gün burada – Moskvada sənin kimi onlarla insan görür, kim bilir hər gün neçəsinin qoynuna girir?
Rasim bozardı:

-Tanımadığın adam barədə elə danışma! O, başqalarına bənzəmir.
-Necə bənzəmir, bir taksiyə görə bədənindən mərc gəldi? Başqalarına zahirən oxşamasa da,  onların əməllərini təkrar edir. Üstümə niyə qışqırırsan? Yoxsa onu öz namusun hesab edirsən? Namusuna toxundum?
Rasim tutuldu. Emil müəyyən mənada haqlı idi. Fəqət Müjkan bədəni ilə alver etməmişdi. Sadəcə, məsələnin bu şəkildə ciddiləşəcəyini təsəvvürünə gətirməmişdi.
Emil dil tökməyə başladı:
-Rasim, əzizim, gəl, çıxıb gedək. Qoy rədd olsun. Nə  çoxdur Moskvada gül kimi qızlar. Düşmüsən bunun dalına. Bakıda, rayonda nə çox Müjkanlar, Aygünlər,  Rayonda axtarsan heç 5-6 rus qızı qalmayıb. İstəyirsən Roza ilə Marinanı axşam çağırtdıraq, gəlib bizə kef versinlər.
Birdən Rasim ucadan səsləndi:
-Mən nə deyirdim?! Bu da Müjkan!
Dörd saatdan sonra Müjkan, axır ki, göründü.
-Siz getməmisiniz?
Rasim qabaqdangəlmişlik elədi:
-Bizim getmədiyimizi çox yaxşı bilirdin. Məgər yuxarıdan – pəncərədən baxmırdın?
Müjkanın çöhrəsinə təbəssüm yayıldı:
-Doğru buyurursan, arada baxırdım, - Emili göstərərək, - bu cavan oğlanın tez-tez özündən çıxdığını da görürdüm...
Rasim incikliyini büruzə verdi:
-Görür və əzab verirdin?! Arada dondurma da aldırdın?
Müjkan:
-Nə dondurma? Kim aldırdı, kimə aldırdı?
-Yekə qızsan. Dondurmanın nə olduğunu bilmirsən?! Cinsi şalvarda, ağ qısaqol maykada sarışın bir oğlanın apardığı dondurmanı deyirəm.
Müjkan cavabında dedi:
-Hə bildin, Feyzəddini deyirsən, tatar oğlanı. O, bacıları və anası ilə beşinci mərtəbədə yaşayır. Dondurmanı özləri üçün alıbmış, bizim üçün yox.
Müjkan paltarını dəyişmişdi. Mütənasib əndamı vardı xallı gözəlin. Qəşəng  bədənini daha da gözəlləşdirən paltar geyinmişdi. Paltarı düzdən bir az yuxarı idi. Sanki şüşə kimi hamar, düz və yaraşıqlı qıçlara malik olduğunu göstərmək istəyirdi. Sir-sifətinə əl gəzdirmişdi. İndi bayaqkından da gözəl görünür, Rasimi varından yox edirdi. Yanağındakı xalını karandaşla bir qədər də qaraltmışdı. Sinəsi ağappaq idi. Üzük və sırğalarını, boyunbağısını taxmışdı. Rasim bu gözəlliyin  sehrindən bir təhər azad olub dedi:
-Gözləməkdən gözümüzün kökü saraldı, ay nazlı-işvəli qız. Adam da başqasına bu qədər əzab verər. Yorğunluqdan qıçlarımız bir-birinə dolaşır. Bir az da gec gəlsəydin, Putunə şikayət edəcəkdik. Bəlkə gedib dincələk?
Müjkan rasılaşdı:
-Hansı restorana gedəcəyik?
-Ürəyin hansını istəyirsə, həmin restorana.
-Bir yaxşısı vardı: “Dişi və erkək aslanlar”. Fəqət onu bağlayıb, yerində italyan kafesi açıblar. “Çerri Mio” adlanır. Amma oraya getməyə dəyməz. Evimizə yaxın olsun. Metronun “Slavyanski bulvar” stansiyasının yaxınlığında “Köhnə şəhər” restoranı var. Gedək ora.
-Gerasim Kurin küçəsindəkini deyirsən? Emillə bir dəfə orada olmuşuq. Emil, yadına gəlir?
Bunu soruşanda Rasimi nədənsə gülmək tutdu. Emil qızardı və düşündü: “Bu Rasimin bərkdə əli yoxdur. Bir də gördün Müjkana danışdı”.
Emilin, əlbəttə, yadında idi. O qədər içmişdi ki, özündə-sözündə deyildi. Axırda ayaqyoluna gedib bütün yeyib-içdiklərini qaytardı.
Müjkan Rasimin dediklərini təsdiq etdi: 
-“Köhnə şəhər” restoranında həm Avropa mətbəxinə, həm də Qafqaz mətbəxinə aid yeməklər təklif olunur. Azərbaycan və gürcü yeməkləri sifariş verə bilərik, yaxşı kababları olur.
Rasim:
-Taksi saxlatdırım?
Müjkan:
-Bir dayan, biz axı üç nəfərik. Təkik. Halbuki cüt olmalıyıq.  Bir nəfər çatmır. Qoy onu da çağırım.
Müjkan mobil telefonunu çıxarıb nömrəni yığdı:
-Ay qız, aşağı düş, gözləyirik.
Müjkan bunu deyib telefonu qapadı:
-Rəfiqəmdir. Qonşuluqda yaşayır. Çağırdım ki, Emil dostun darıxmasın.
-Mən hazır!
Dönüb baxdılar. Düz biçimli, nə arıq, nə də kök bir qız idi. İdmançılara məxsus bədən quruluşu vardı. Əyninə cinsi şalvar geyinmişdi. Şalvar dar olduğundan yanları şalvarı dağıdırdı. Gözəllikdə Müjkana çatmasa da,  gənc, təravətli, şux və çevik idi. Sifət cizgiləri cəlbediciydi. Dağ laləsini xatırladırdı.
Müjkan dilləndi:
-Bu da mənim rəfiqəm.
Emil soruşdu:
-Rəfiqənin adı nədir?
Rasim:
-Birdən Fatma olar ha?!
Müjkan soruşdu:
-Fatma niyə, Fatma kimdir?
Rasimi gülmək tutdu:
-Yadıma bir lətifə düşdü. Sənin rəfiqəndən iraq. Əzrail gəlir bir evə. Görür ər və arvad oturublar. Özünü qadına təqdim edib deyir:
-Hazırlaş, gəlmişəm səni aparmağa.
Qadını titrəmə tutur, dönüb ərinə baxır. Kişi çiyinlərini çəkir. Yəni: “Mənim əlimdən bir şey gəlməz. Bu, Əzraildir. Mənlik deyil”.
Birdən Əzrail qadından xəbər alır:
-Sənin adın nədir?
Qadın dili topuq çala-çala:
-Fatmadır, - deyir.
Əzrail başını bulayır:
-Yox, səni aparmalı olmadım. Mənim anamın adı da Fatmadır.
Əzrail zəhmət çəkib gəlmişdi. Əli boş qayıtmayacaqdı ki... Odur ki, üzünü qadınım ərinə tutaraq:
-Sənin adın nədir?
-Mənim adım Həsəndir. Amma uşaqlıqdan mənə Fatma deyirlər.
Hamını gülmək tutdu. Müjkanın rəfiqəsi yaxın gəlib:
-Təəssüf ki, mən sizin Fatmaya oxşamıram və Əzrail da bu tezliklə mənim canımı almaq fikrinə düşməz.
Rasim:
-Sən Allah bağışla. Xətrinə dəymək istəmirdim. 
-Narahat olma. Mən dəymə-düşər deyiləm. Amma yadında saxla. Belə deyirlər: kişilərin səbri illərlə, qadınların səbri isə dəqiqələrlə ölçülür. Bir az ehtiyatlı ol.
Sima Rasim və Emillə tanış oldu. Az sonra onlar artıq “Köhnə şəhər” restoranında idilər. Sima Müjkandan fərqli qız idi. Özünü ədalı, yekəxana aparırdı, istehzalı danışığı vardı, özünü çəkirdi. Yemək sifariş veriləndə Rasimə müraciətlə soruşdu:
-İçkidə bizimlə ayaqlaşa biləcəksiniz?
-Bu, nə deməkdir?
-Bu, o deməkdir ki, heç kim havayı pul xərcləmir. Bizi buraya nə üçün gətirdiyinizdən xəbərim var. Necə bir kişi olduğunuzu bəri başdan içki ilə sınağa çəkəcəyik.
-Xanım, kişilik içməklə müəyyən olunur?
Bunu  Emil dedi.
-Hər halda çalışarıq ki, kişi olaq. Özümüzü kişi kimi aparaq.
Bunu da Rasim dedi.
Sima dilləndi:
-Cavan oğlan, sən mənim sözlərimdən nə inci, nə də onları qəribçiliyə sal. Bu, bir həqiqətdir ki, dünyanı kişilər idarə edirlər, kişiləri isə qadınlar. 
Rasim ona dil çatdıra bilməyəcəyini başa düşüb soruşdu:
-Nə içəcəksiniz?
-Konyak.
Bunu da Müjkan dedi. O özünü ədəbli aparır, arada Simanın ətəyini də çəkirdi ki, özündən çıxmasın.
Rasim təklif etdi:
-Gəlin belə danışaq. Bizim konyakla aramız yoxdur. Siz  konyak, biz isə araq içərik.
-Oldu, - deyə Sima dilləndi.
Onun Rasimdə gözü vardı. Odur ki, ona sataşmaqdan həzz alırdı:
-Məsələn, sən nə qədər içə bilərsən?
-Sən nə qədər desən?
-Məsələn.
-Məsələn? Bax bu Müjkan uzansın bir vannanın içərisinə. Araq  şüşələrini bir-bir boşaldın vannaya. Araq Müjkanın boğazına çıxana kimi qoyun vanna dolsun. Mən də başlayım o arağı içməyə.  Dodaqlarım Müjkanın bədəninə toxunana qədər içə bilərəm. Bu qədər. 
-Gopa basma.
Rasim şərtini kəsdi:
-Deməli, sizin hərənizin qarşısına bir yarımlitrlik konyak, bizim hər birimizin qarşısına bir şüşə araq qoyulacaq. Sağlıq deyildikcə qaldırıb içəcəyik. Butulkalar boşalanda ehtiyac olsa, yəni oyundan çıxan olmasa, içkini davam etdirəcəyik. Onda kimin kim olduğu bilinəcək. Qalıb də, məğlub da bəlli olacaq. Gözəl qız, demək, sən bizi içki ilə imtahana çəkirsən, neynək.
Sifarişlər gəlməkdə idi. Şahlara layiq süfrə açıldı. Ortaya iki şüşə konyak, iki şüşə araq qoyulmuşdu. Sima fironluğunu davam etdirməkdə idi. O, Rasimə dedi:
-Məclisin sonuna kimi burada gərək Azərbaycan musiqisi səslənə. Buna gücün çatar? 
Emil özünü saxlaya bilmədi:
-Bu, mümkünsüz bir işdir? Restoranlara neçə millətin nümayəndəsi gəlir. Hər biri öz sifarişini vermək, bəzisi öz musiqisini eşitmək istəyəcək.  Vals, tanqo, “Şaliko”, “Ləzginka” oynamaq  arzusunda olacaqlar...
-Emilçik, mən sual vermışəm, cavab gözləyirəm: hə, yox.
Rasim ürəyində Simanı söyərək ayağa qalxdı:
-Rasimin leksikonunda “bacarmaram” sözü yoxdur.
Rasim orkestrə yaxınlaşdı. Onlar yerlərini yenicə tutmuşdular. Musiqi alətlərini sazlayırdılar. Hələ ifaya başlamamışdılar. Restorandakı stollar yavaş-yavaş tutulurdu. Rasim orkestrin rəhbərinə yaxınlaşıb sifarişini verdi:
-Biz restoranı tərk edənə kimi Azərbaycan musiqisi səsləndirə bilərsiniz?
O, başını buladı:
-Bu, baş tutan sevda deyil. Əvvəla, bizimkilər Azərbaycan mahnı və rəqslərini ifa edə bilmirlər. Bundan başqa, camaat buraya əylənməyə, istirahət etməyə, dincəlməyə gəlir. Durub rəqs edir, oynayırlar. Onların sifarişlərini yerinə yetirməsək, istədiyi mahnıları, rəqsləri səsləndirməsək, narazı qalar, müdiriyyətə şikayət edərlər. Sizinlə də problem ola bilər. Brat, məni düzgün başa düş, gecəni təkcə Azərbaycan musiqisi ilə başa vura bilmərik. Səhnəmizin altını üstünə çevirərlər. Sonra da sözlərini, melodiyasını bilmədiyimiz musiqini necə ifa edə bilərik?!
Rasim qayıdıb onun söylədiklərinin süfrə başında oturanlara danışdı. 
Emil:
-Mən dedim axı.
Sima narazı qaldı və istehza ilə güldü: 
-Döşünə döyməklə deyil ha, gördün, bacarmadın.
Onun istehzalı baxışlarını görən Rasim pərt oldu. Onun boynuna doğrudan da çətin vəzifə qoyulmuşdu. Lap müdiriyyətə də deyilsə, düzələn deyildi. Ya gərək Luşkov, ya da Putin göstəriş verə.
Sima qəflətən ayağa qalxaraq:
-Onda durun, “Bakı” restoranına gedək, - dedi.
Müjkan onu yerində oturtdu. Sima Rasimin əsəbləri ilə oynamaqda israrlı idi. Bu, bir tərəfdən istəkdən irəli gəlirdi. Digər tərəfdən, bu iki kişi onlara yüngüləxlaqlı qadınlar kimi baxırdılar. Onlarla yaxınlıq etmək üçün restorana çəkmişdilər. Sima bu barədə düşündükcə daha çox  qəzəblənirdi:
-Yekə kişisən, Azərbaycan musiqisi çaldırmağa da gücün çatmadı?
-Əvvəla, bunlar Azərbaycan musiqisini çala bilmirlər. Nə mahnımızı, nə oyun havalarımızı, nə də Azərbaycan estrada musiqisini ifa etməyi bacarmırlar. Yenə bilsəydilər, bütün gecəni ifa etməsələr də, tez-tez sifariş verərdik. Puluna minnət. Mənim günahım nədir, bilmirəm.
-Elə restorana gətirəydin ki, istədiklərimizi sözsüz yerinə yetirəydilər.
-Bu restoranı mən təklif etmişəm.
Bunu Müjkan dedi. Sima susdu. Hiss olunurdu ki, o, Müjkandan çəkinir. Müjkan onun ipini dərhal və asanlıqla çəkə bilir və onun sözünün üstünə söz demirdi.
Rasim yenidən orkestrə yaxınlaşdı. Bədii rəhbərdən xahiş etdi:
-Brat, məni vəziyyətdən çıxar. Qadınlara söz vermişəm. Sənin zəhmət haqqın ayrıca ödəniləcək.
O, yoldaşları ilə məşvərət elədi. Məlum oldu ki, musiqiçilərdən biri “Cücələrim”i ifa edə bilir. Deməli, onun müşayiəti  və köməyilə “Cücələrim” səslənə bilər.
-Amma sizin sifarişlə  bərabər o biri sifarişləri də yerinə yetirəcəyik ki, narazılıq olmasın. Danışdıq?
-Danışdıq.
Rasim pulun ağzını açdı. Bir onluq verdi. Restoranda repertuar “Cücələrim”lə başladı. Hər iki-üç mahnı və rəqsdən sonra “Cücələrim” səslənirdi. Gah rusca, gah ingiliscə, gah da azərbaycanca.
Bir ingilis ayağa qalxıb əlini bir-birinə vura-vura öz dilində oynamağa və oxumağa başladı:

Chuck, chuck, oh my chickens,
 Chuck, chuck,  chuck, chuck, oh, my chickens,
 Little, lovely, fluffly chickens,
 White and yellow little chickens
(çak-çak oh may çikens).

İngilis irəli yeriyib Rasimi ortaya çəkdi ki, oynasın.
Növbəti dəfə “Cücələrim” ifa olunanda bir rus qadınla bir rus kişi ortaya çıxdı. Birlikdə ruca oxumağa başladılar: 

Цып-цып, мои цыплятки,
 Цып-цып-цып, мои касатки,
 Вы пушистые комочки,
 Мои будущие квочки.
Здесь, в траве густой, привольно
 Погулять вам можно вволю.
  Здесь, в траве густой, привольно
  Погулять вам можно вволю.

“Cücələrim” hamıda maraq oyatmışdı. Həm musiqisi, həm də sözləri gözəl idi, asanlıqla ifa olunur, sözlərini, mahnısını bilməyənlər belə burada həm sözlərini, həm də  mahnısını öyrənib ifa edirdilər. Rasimlə  Müjkan, onların ardınca da Emillə Sima meydanda göründülər. Bu dəfə mahnı onların ifasında azərbaycanca səsləndi və alqışlarla qarşılandı:

Cip-cip cücələrim
  Cip-cip, cip-cip cücələrim
  Mənim qəşəng cücələrim
  Tükü ipək cücələrim
Gözləyirəm tez gələsiz
Göy çəməndə dincələsiz
  Gəlin sizə yemək verim
  Mən su verim, çörək verim
  Mənim qəşəng cücələrim
  Tükü ipək cücələrim

Müjkan baş barmağını yuxarı qaldırıb Rasımə:
-Əla alındı. Bundan yaxşısı ola bilməzdi, - dedi.
Sima da razı qalmışdı. Amma “Cücələrim” Rasimə baha başa gəldi. Hər dəfə bu mahnını səsləndirmək üçün 10 manat verirdi. Üst-üstə 230 manat pul xərcləmişdi. Sağlıqlar bir-birini əvəz etdikcə araq və konyak dolu qədəhlər qalxır, toqquşdurularaq içilirdi. Arada Müjkanla Sima əl çantalarını da götürüb ayaqyoluna dəyir, üz-gözlərinə su vurub geri qayıdırdılar.
Hərəyə bir şüşə spirtli içki boşaltmışdılar. İkinci şüşələr stolun üstündə idi. “Cücələrim” çalınırdı. Arada  durub oynayırdılar. Qulaqlarına narazılıq ifadə edən səslər də dəyirdi: “Nə qədər olar: cip-cip, cücələrim?..”
Müjkan bu dəfə foyeyə tək çıxmışdı. Rasim dərhal onun ardınca yollandı. Müjkan sütuna söykənib Moskva gecələrini seyr edirdi. Rasim yaxınlaşıb arxadan onu qucaqladı. Müjkan çırpınıb onun qolları arasından çıxdı. Müjkan ağlayırdı. Rasimin hərəkətlərindən sonra hönkürtüsü daha da artdı. Rasim üzr istəyib ağlamağının səbəbini soruşdu:
-Müjkan, əzizim, niyə ağlayırsan? Yoxsa xətrinə dəyən oldu? Yoxsa ürəyincə olmayan bir hərəkətə yol verdik?
Müjkan cavab vermir, ağlamaqda davam edirdi. Az sonra Sima da gəldi. Onu sakitləşdirib içəri apardı.
Araq və konyak dolu badələr onları gözləyirdi. Rasim sağlıq dedi. Müjkanla Sima badələri qaldırıb bir-birinə vursalar da,  içmədilər. Emil də onlar kimi. Bir oturuma nə qədər içmək olardı?
Rasim Simaya müraciətlə soruşdu:
-Xanım qız, dəyanətimi yoxladın? Arada havanızı dəyişmək bəhanəsi ilə çölə çıxırdınız. Elə bilirsən səbəbini bilmirəm?! Keflənməmək və mərci uduzmamaq, bizimlə ayaqlaşmaq üçün içdiklərinizi qaytarıb, yenidən  süfrə başında otururdunuz. Olan şeydir, lakin adam yalandan sinəsinə döyməz, başqasının ləyaqətinə toxunmaz.

Комментариев нет:

Отправить комментарий