Страницы

06.04.2014

Kərbəlayi İlham - Enişli yoxuşlu həyat yolunda

Enişli yoxuşlu həyat yolunda,
Əlini əlimə ver gedək gülüm.
Ayağa dəyməsin hicranın daşı,
Eşqini yollara sər gedək gülüm.

Umduğum ülvi eşq, sevgidir deyə,
Qoyma bu suallar qəddimi əyə.
Ərklə güvəndiyim dağa, zirvəyə,
Hələki yağmamış qar gedək gülüm.

Düşünüb özünü yorma dərindən,
Fikir dağ oynatmaz heç vaxt yerindən.
Iki körpə mələk, bir sən, birdə mən,
Xöşbəxt dünyamıza dur gedək gülüm.


Qəlbin niyyətindən Allah halıdı,
Günahsız günahlar başın qalıdı.
Çəkişib bərkimək el misalıdı,
Atadan, babadan sor gedək gülüm.

Ilham, bir doğulub günəş, ayımız,
Bir bulaqdan axır tale suyumuz.
Dünyaya cüt gəlib qismət payımız,
Elə gedəndə də bir gedək gülüm.
-----
O mavi göyləri uca qartaldan,
Dağların başını gəl qardan soruş.
Çölləri ilandan, düzü maraldan,
Nigaran bül-bülü bahardan soruş.

Nələr çəkdiyimi oxu üzümdən,
Naşı anlayarmı doğru sözümdən.
Dərdi ürəyimdən, qəmi gözümdən,
Ciynimə yüklənən azardan soruş.

Hərraca qoyuldu qəıbin imanı,
Şeytana, iblisə qaldı gumanı.
Vətənin başında qara dümanı
Qürbətə yol alan qatardan soruş.

Cahilin nadanlıq olar niyyəti,
Anlamaz din-iman, olmaz mürvəti.
İlhamdan soruşma halal zəhməti
Əlində gördüyün qabardan soruş.
 -----
Bu fani dünyada ömrümə həmdəm
Mən səni bilmişəm, səni bilmişəm.
Eşitsin qoy cahan, eşitsin aləm,
Mən səni seçmişəm, səni seçmişəm.

Aradım mən səni ellər içində,
Yandım həsrətindən küllər içində.
Eşqin bağçasında güllər içində,
Mən səni dərmişəm,səni dərmişəm.

Tale qismətimsən sevgi dünyamda,
Vüsalın arayan gülsən sevdamda.
Əlləri əlimdə, gecə röyamda,
Mən səni görmüşəm, səni görmüşəm.

Şimşək kimi çaxan gözümdən bilki,
Yanım alışdığım közümdən bilki,
Qələmimdən bilki,sözümdən bilki,
Mən səni sevmişəm, səni sevmişəm.
-----
Günüm necə keçir sən biləydin kaş,
Küsüb dünya məndən, danışmır ana.
Gülünə əl atdım, dönüb oldu daş,
Bu dünya mənimlə barışmır ana.

Ümid çırağıydı dostum, tanışım,
Dar gündə köməyim,arxa, sirdaşım.
Yarı yolda qoydu zalım qardaşım,
Bu dünya mənimlə barışmır ana.

Yağır baharıma qar neçı vaxdtı,
Düşüb gümanıma qor neçə vaxtdı,
Üzü məndən çönüb gör neçə vaxtdı,
Bu dünya mənimlə barışmır ana.

Yoluma daş salıb, sirrimə açar,
Susub dinləyirəm kor-peşman, naçar.
Görüb məndən uzaq qaçar, hey qaçar,
Bu dünya mənimlə barışmır ana.

Namərdə arxadı, dayaqdı hələ,
Mərdi imkan düşdü tez verir ələ.
Ömrü dəyər-dəyməz satır ay, ilə
Bu dünya mənimlə barışmır ana.

Nə cavan tanıyır, nədə ixtiyar,
Kiminə qəm verir, kiminə qubar.
Qəlbi gen olana oldu dar məzar
Bu dünya mənimlə barışmır ana.

Gələnə, gedənə əl eylədi,əl,
Nakam köçənlərə yol eylədi, yol.
Yandırdı İlhamı kül eylədi, kül,
Bu dünya mənimlə barışmır ana.
-----
Hədyanalıq edib fələk,
Gülür üstümə, üstümə.
Qurub yolumda min kələk,
Gəlir üstümə, üstümə.

İşə salır şirin dili,
Dərd ilə yükləyir beli.
Nahaq qana batıb əli,
Silir üstümə, üstümə.

Var imiş neçə cür üzü,
Demədi nə haqqı, düzü?
Addım başı günah tozu,
Dolur üstümə, üstümə.

Başımda ağaran teləm,
Haqqa uzanmış bir ələm.
Ürəyimdə ahım, naləm,
Qalır üstümə, üstümə.

Düşüb yenə həvəsindən,
Çıxammıram qəfəsindən.
Cini, şeytanı da qəstdən,
Salıq üstümə, üstümə.

İlham gözün haçan gülər?
Yaz qədrini qış nə bilər?
Dağda saçın bənövşələr,
Yolur üstümə, üstümə

Комментариев нет:

Отправить комментарий