Страницы

01.04.2014

Ərdoğan Rövnəq Abdullayevin “başına” 5 milyard qoydu

Nurçu agentura çetesi haqda yeni faktlar

Türkiyədə bələdiyyə seçkisi öncəsi baş naziri Rəcəb Tayyib Ərdoğan açıq mesajla bildirmişdi ki, seçki bitəndən dərhal sonra siyasi rəqibləri ilə (əslində isə “Camaat”la) haqq-hesab çəkəcək. Təbii ki, seçkidən qələbə ilə çıxan Ərdoğanın bu istiqamətdə artıq əməli fəaliyyətə keçəcəyi şübhə doğurmur.
30 mart seçkisindən sonra “balkon çıxışı”nda elan etdiyi kimi, onun əsas hədəfi hələlik Gülən camaatı ilə yarımçıq qalmış siyasi hesablaşmanın sona çatdırılması olacaq: “Son 30-35 il ərzində dövlətin içərisinə sıza bilmiş paralel yapını təmizləməyin vaxtı artıq çatıb”.

Müşahidəçilərin proqnozuna görə, siyasi hesablaşmalar yaxın 2 ayda baş verəcək. Çünki iyunda artıq Türkiyədə prezident seçkisinə start verilir. 
Qardaş ölkədə ilk dəfə olaraq prezidentin ümumxalq səsverməsi yolu ilə seçiləcəyini nəzərə alsaq, bu vaxta qədər bütün hesablaşmalar bitməlidir. Əks halda, “təmizləmə” əməliyyatı seçki dönəmində Ərdoğan üçün arzuolunmaz situasiya yarada bilər.
Məlum olduğu kimi, Gülən camaatının əsas biznes və ideoloji-siyasi dayaqlarından biri də Azərbaycandır. Onların burada geniş və problemsiz fəaliyyət göstərən şəbəkələri, media təsisləri, QHT-ləri, xeyriyyə qurumları, beynəlxalq şəbəkələrə bağlı platformaları var. Bu baxımdan, Türkiyədəki iç hesablaşmaların Azərbaycana da sıçrayacağı tam gözləniləndir. Əslində isə proses artıq sıçrayıb da, ilkin nəticələr də ortadadır.
Görünən də budur ki, Azərbaycan iqtidarı seçim qarşısında qalıb; lakin çox da tərəddüd etmədən Ərdoğanın tərəfini seçib. Seçkilərdən öncə məhz Türkiyənin baş naziri T. Ərdoğanın təkidi ilə Fətullah Gülən camaatının Azərbaycandakı əsas dayaqları- hakimiyyətdə yer almış gənc nurçular vuruldular. Azərbaycan prezidenti Elnur Aslanovu Prezident Administrasiyasındakı mühüm postdan çıxardığına görə birbaşa T.Ərdoğandan təşəkkür aldı. Yəni baş nazir Ərdoğan Azərbaycanın “Camaat” üçün nə demək olduğunu artıq bilir və mübarizəsində buradakı hörgütü bitirməyə ciddi önəm verdiyi ortadadır.
Son bilgilərdən də aydın olur ki, Azərbaycanda, eləcə də Türkiyənin özündə  Gülən camaatının əsas biznes tərəfdaşlarından biri də Dövlət Neft Şirkəti və onun prezidenti Rövnəq Abdullayevdir. “Hizmet” hərəkatının nəzarətində olan məktəblərin və kursların yuridik olaraq SOCAR-a keçməsi də, onların ortaqlaşa Beynəlxalq Təhsil Kompleksini yaratması da Türkiyə iqtidarında ciddi şübhələr yaradıb. Bu şübhələri belə bir fakt da gücləndirir ki, SOCAR-ın Türkiyə bölümü “Hizmet” hərəkatına böyük məbləğdə dəstək verib, onlara bağlı təsisatlara ağlasığmaz ölçüdə para axıdıb.
Mümkündür ki, bütün bunları Rövnəq Abdullayev siyasi hakimiyyətin sanksiyaları ilə həyata keçirib. Lakin o, hazırda belə bəyanat verə bilmir, mümkün də deyil. Bu baxımdan, Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovdan fərqli olaraq postunu qoruya bilsə də, 1 saylı hədəf statusundan çıxa bilməyib. Kiminmi hədəfidir?  Əlbəttə ki, birbaşa Türkiyənin baş naziri R.T. Ərdoğanın.
Ötən yazılarımızda da qeyd etdiyimiz kimi, son vaxtlar Azərbaycandakı “Hizmet” hərəkatı, o cümlədən də onlara bağlı olan yerli məmurlarla ilgili kompromat materiallarını Bakıdakı media quruluşlarına Türkiyə xüsusi xidmət orqanları servis edirlər. Qəzet və saytların elektron ünvanlarına məxfi sayılacaq ciddi məlumatlar ötürən Türkiyədəki qaynaqlar  R. Abdullayevi də hədəfdə saxlayırlar.
R. Abdullayev aktiv müdafiə olunmur. Lakin əl altından özünə təhlükəsizlik kəməri-  media quruluşları yaradır. Bu da təbii ki, əlavə qıcıq doğurmaya bilməz.
“Yeni Müsavat”a mötəbər mənbələrdən bilgi daxil olub ki,  Ərdoğan hökuməti rəsmi Bakıdan məlum şəbəkəni dağıtmağı, onun hakimiyyətdəki himayədarlarının isə işdən çıxarılmasını tələb edir. Bu tələbin hazırkı əsas hədəfi isə Rövnəq Abdullayevdir. Son məlumatlar da bir neçə gün öncə gələnləri təsdiqləyir: Ərdoğan SOCAR rəhbərinin vəzifədən götürülməsini, bu qurumun Türkiyə bölümünün nurçulardan təmizlənməsini arzulayır və onu da dilinə gətirir.
Osmanlı təbirincə desək, Ankara Bakıdan ARDNŞ prezidentinin “kəlləsi”ni tələb edir. Bununla bağlı Bakıya dolayı xəbərdarlıqlar da olub. Məsələn, bu yaxınlarda Ərdoğana yaxın olan “Turcas Group” şirkəti İzmir bölgəsinin Əliağa qəsəbəsi yaxınlığında inşa edilən “Star” neftayırma zavodu və eyniadlı terminalda ortaqlığını dayandırdığını bəyan edib. Şirkətin rəsmi açıqlamasına görə, “Turcas Group” bu layihədəki 18 faizlik payını ARDNŞ-ə satmaq üçün danışıqlar aparır. SOCAR “Turcas Group”un da majoritar səhmdarıdır.
Şirkət “Star” neftayırma zavodu layihəsindəki payının əvvəlcə 13,5 faizini satmaq istəyib, daha sonra bütün payını sataraq layihədən çıxmağı qərara alıb. 5,5 milyard dollara başa gələcək “Star” neftayırma zavodu Türkiyənin neft məhsulları idxalından asılılığını azaltmalıdır. Yəni layihə birbaşa Türkiyənin özünün də maraq dairəsinə daxildir.
“Star” neftayırma zavodunun və eyniadlı terminalın tikintisi layihəsində problemlər xeyli müddətdir davam edir. Türkiyə dövləti həmin ərazidə SOCAR-a neftayırma zavodunun tikintisi üçün lisenziya versə də, “Buhar Enerji” adlı başqa şirkətə də geotermal sulardan elektrik enerjisi istehsal etmək üçün lisenziya verib. Nəticədə SOCAR illərdir ki, bu şirkətlə məhkəmə çəkişməsindədir.
“Star”ın tikintisi Azərbaycan prezidentinin şəxsi nəzarətində olan bir məsələdir və layihənin maliyyələşdirilməsinin bir hissəsini Azərbaycan Dövlət Neft Fondu həyata keçirir. Layihənin ümumi dəyəri 5 milyard dollardır.
Güman ki, Türkiyə şirkəti məhkəmənin nəticəsinin onların xeyrinə olmayacağını güman etdiyindən layihədən çıxır və ARDNŞ-in ziyanına şərik çıxmaq istəmir. Türkiyə tərəfi özünün də iqtisadi marağında olan layihənin gerçəkləşməsinə mane olursa, deməli, bu siyasi qərardır. Konkret desək, Ərdoğan hökuməti Bakıya təzyiq edir ki, R.Abdullayev cəzalanmasa, 5 milyardlıq layihə bata bilər.
İndi görünən budur ki, yaxın 2 ayda R.Abdullayev cəzalandırılmasa, 5 milyard avroluq “Star” layihəsi bata bilər. Nəzərə almaq lazımdır ki, bu mərhələdə Ərdoğan üçün geriyə çəkilmək və ya kompromisə getmək siyasi intihara bərabərdir. Üstəlik, onun avtoritar xarakteri də buna imkan vermir.
Lakin Azərbaycan prezidenti də sadə fiqur deyil və təzyiqlərə boyun əyməyi sevməyən birisidir. Bu baxımdan, onun Rövnəq Abdullayevi qoruması və bu məsələdə dirənməsi mümkün görünür. Ancaq bu sual həmişə aktualdır —  dəyərmi? Rövnəq bəyin “başına” qoyulan 5 milyardın nəhəng çəkisi, həm də SOCAR rəhbərinə hazırda hakimiyyətin özündə formalaşan neqativ rəy onu göstərir ki, nüftxuda qurban veriləcək…
İki qardaş arasında bir Rövnəq nədir ki…

musavat.com

Комментариев нет:

Отправить комментарий