Страницы

27.05.2014

ETİBAR SALMANOV - PAKLIĞA DÖNÜŞ

Aləmləri yaradan, xəlq edən Allah,
Özümə bənzərin yaradım dedi.
Bununçün Dünyanı yaradan Allah,
Günəşdən parçalar ayırım dedi.

Günəşdən ayrılan bütün parçalar,
Günəş aləmində cəzb olundular.
Onunla birlikdə dövrə vurdular,
Günəşin nurundan nəsib aldılar.

Parçaların birində Dünya yarandı,
Altı günə yerlər, göylər yarandı.
Öz məhvərində Dünya fırlandı,
Gecələr, gündüzlər belə yarandı.


İldə bir Günəşin başına döndü,
Rəngarəng fəsillər belə yarandı.
Adəmi bir parça gildən yaratdı,
Mübarək ruhundan ona ruh qatdı.

İnsanlıq törəyib çoxalsın deyə,
Həvvanı Adəmə həmdəm yaratdı.
Şeytan insanlığı qısqandı deyə,
Tanrı itaətindən boyun qaçırtdı.

İnsanı çaşdırmağa şeytan and içdi,
Məhşərədək Tanrıdan möhlət istədi.
Adəmnən Həvvanı yoldan çıxardı,
Behiştdən Dünyaya yolçu elədi.
---
İlk yaradılan insan Adəm olsa da,
Məhəmmədin nuru öncə yaranmış.
Adəm ərşin qapısında La-İlahə İlləllah
Məhəmmədən Rəsul Allah oxumuş.

Sonra ağıl,ruh,məna,həqiqət,vicdan,
Aşkarlıq gətirən nurdan ərsəyə gəlmiş.
Tanrı Məhəmmədi özüylə insanlara
Vasitəçi etməkçün qərara gəlmiş.

Günəş maddi aləmi nuru ilə aydınlatsa da,
Məhəmməd mənəvi aləmin Günəşi olmuş.
Gizli, qapalı aləmləri aydınladaraq,
Qurani- Kərimlə bərqərar olmuş.

İnsan torpaqdan yaranmış,torpaqla yaşamış,
Sonunda yenə də torpağa qayıtmışdır.
Torpağı insan edən Yaradanın ruhudur,
Ruhun varlığı ilə insan dərk olunmuşdur.

Ruha bağlı olanlar insanı var edəndir :
Sevinc, kədər, duyğu, zövq, həyəcan, xəyal,
Vicdan, istək, iradə, mühakimə və yuxunu
Beyində seyr edən ruh, dərk etdirən Allahdır.

İnsanlar Ali bir ruhdan həyat alsa da,
Nurdan ayrılan ruhlar çox müxtəlifdir.
Bütün nəbatat bir torpağın suyun içsə də,
Hərəsinin dadı və rəngi çox müxtəlifdir.
---
Ruh bədənin harasında,yerini bilən yoxdur,
Hər yerdə var olan Rəbbin,yerini bilən yoxdur.
Ağıl ruhun qidasıdır, mənasıdır - bilən çoxdur,
Canla ağılın hasili o Vahiddir -şəkkim yoxdur.

Bir gün yenə ruh dönəcək sahibinə,
Bədən yenə dönəcək öz torpağına.
Arada yaşanan ömür adlı bir yol var,
Başladığı nöqtəyə yenə qayıtmağı var.

Həyatının qədrini bil, yaşa savabla,
Sonunda behiştlə faydalanarsan.
Uyub şeytan felinə,batma günaha,
Həm bu,həm o Dünyada cəzalanarsan.

Ömür yollarında böyük sınaqlar,
Paklığa dönüşə yollar hazırlar.
Qorxma, bu dünyada olan acılar,
Paklığa dönüşdə köməyin olar.

Etibarı bu həyatda seçilmiş edən,
Gələn gözəl sözlərə mirzədar edən,
Şerlərə gedən çətin, uzun yollarda,
İbrahim dostunu ona bələdçi edən,
Uca Tanrıya dönüş -Paklığa dönüş.

Комментариев нет:

Отправить комментарий