Страницы

27.05.2014

TƏHMƏZ ZABİT- DAR AĞACI

Mən bir əsir idim. Azad olmaq istədim (Əhməd bəy Ağaoğlu).

Dekabr ayının son günləri idi. Qar o qədər yağmışdı ki, hər tərəfi al rəngə boyamışdı. Havanın sərt soyuğu adamın dərisini sanki qılınc kimi kəsirdi. Günəşə əks tərəfdəki kiçik bir pəncərənin də çox hissəsini tikanlı məftillərlə və dəmirlərlə bağlanmışdılar. Məhbus ayaqları topuğuna qədər suyun içində divarları nəmişli otaqda yorğan döşəksiz yalnız nazik bir çul paltarla ağrılı-acılı, əzab-əziyyətli bir həyat yaşayırdı. Yatağı yalnız torpaqla hündürlətdiyi yer və onun üzərinə sərdiyi saman kollarından ibarətdir. Üç aydan artıq idi ki, belə dözülməz şəraitdə yaşayırdı... Cinayətsiz və səbəbsiz... Yaxın dost-tanışlarını, hətta doğma qardaşını da yanına buraxmırdılar. Guya, durumu yaxşıdır və o qədər böyük cinayət etmişdir ki, hətta yaxınlarıyla görüşmək belə təhlükəlidir. Olmaz. Onu nəinki insana və insanlığa sığışmayan hərəkətlərlə qəti cinayətkarlara edilən işgəncələr qədər incidirdilər, hətta, "sən türksən", "sənin sonun çatmalıdır", "türkər məhvə məhkumdur"...
kimi ifadələr işlədərək, sankı, türk olmaları bir cinayətmiş kimi qətllərə, edamlara məhkum edirdilər... Hər bir qətllərin, edamların arxasında bir türk qorxusu dayanırdı. 
Öz doğma yurdumuzda bizi çağırılmamış qonaq kimi qarşılayanlar din pərdəsi adı altında hər çür hoqqabazlıqdan çıxır, ondan bir vasitə kimi çıxış edirdilər. Onların heç bir əməli dinə və dini inanclara sığmırdı. Burda edilən əziyyətlərin acısı, bəlkə də, cəhənnəm əzabından da artıqdır. Milli varlığımızı əks etdirən milli kimliyimizi zorla dəyişdirməyə, soy-kökümüzdən uzaqlaşdırmağa səylə çalışmaqları bir yana, hələ məcburən ruhumuzu param-parça etməklə yanlış kimliyimizi öz dilizidən eşitmək üçün qaladıqları tonqalda qızdırılaraq qızarılan dəmir parçalarıyla bədənimizi yandırmağı belə unutmurdular... Mənim də buraya düşməyimə səbəb öz haqlarıımı tələb etməyim olub. Mən günahkarammı?! Ədaləti tələb edib ədalətsizliklə qarşılaşıram...
 Mən hələ uşaqlığımda onların bizə qarşı olan kəskin nifrətlərinin şahidi olmuşam. Heç vaxt unutmaram qonşumuz ağsaqqal Elxan babanın başına gətirdikləri acı müsibətləri... On beş ilə yaxın idi ki, nəvə üzünə həsrət qalan nurani kişi, qoca vaxtlarında Tanrının verdiyi nəvə sevincini yaşamışdı. Savalan dağının ətəklərində keçən körpəlik çağları, əzəmətli dağın zirvələrinə qalxarkən yurdunun, elinin, obasının təbiət mənzərələrini, coşqun çay və bulaqlarının sədasını unutmamış, ata yurduna bağlı olduğundan doğma nəvəsinə də Savalan adını vermişdi. Lakin bu adı da körpəyə çox gördülər. Məcburən fars adı verilən körpəni öz himayələrinə götürərək gələcəkdə özümüzə qarşı bir vasitə kimi istifadə üçün özləriylə aparmışdılar.
 Zindana düşməyimin və şovinizmin qurbanı olmağımın da səbəbi, milli düşüncə sahibi olmağım, birlik və bütövlük ideallarımın varlığı idi. Əslində buraya düşməzdən əvvəl də azad deyildim. Çünki, əsarətin böyüklüyü, kiçikliyi olmaz. Adamın qəlbini parçalayan odur ki, öz doğma elində, obanda qul halında yaşayasan və başqalarının oyuncağına çevriləsən. Həmişə olduğu kimi, bu dəfə də, həmyaşıdlarımı, yaşca məndən kiçikləri, dost və tanışlarımı öz ərtafıma yığaraq təbliğat apararkən həps olunduğumdan mənə daha dözülməz əzab-əziyyətlər verirdilər. Hamımızı tutub buraya gətirərkən başımıza torba keçirmişdilər ki, gətirdikləri yeri özümüzdən gizli saxlasınlar. Yaşca məndən kiçik olan dostum Əlini çatar-çatmaz onlara qarşı daha sərt müqavimət göstərdiyindən ağır işgəncələrlə elə ilk gündəcə öldürmüşdülər. Bu hadisədən sonra digər yoldaşlarımdan xəbər tuta bilmədim. Görəsən, onların da ölümlərinə fərman veriblər? Son aqibətləri nece oldu? Hansı bəlaları gətiriblər başlarına? Dəfələrlə məni də dindirməyə çalışıblar, amma, ölümlə hədələsələr də, nəyəsə görə bunu etməmişdilər. Yəqin nə isə başqa planları var. Bütün fikirlərimi, düşüncələrimi valideyinlərimdən öyrənmişəm: torpaq müqəddəsliyini, azadlıq nemətini, vətən sevgisini... Və bu səbəbdən də adımı Azad qoydular ki, mən də adıma uyğun fəaliyyətimlə Azadlıq uğrunda savaşım, gələcək nəsillərə əmanət, irs qoyacaq bir işlər uğrunda savaşım- deyə pəncərənin qarşısında dayanıb öz-özünə düşünərkən zəncirlənmiş qapının arxa tərəfində ayaq səsləri eşidilməyə başladı. Qapı açılarkən ondan iyirmi beş-otuz metr aralıda qalın bir ölüm maşını göründüyündən Azad anladi ki, artıq onu da dar ağacı gözləyirdi...

Комментариев нет:

Отправить комментарий