Страницы

01.05.2014

Əli Hacı şeirinin poetikası

İbrahim Quliyev
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun elmi işçisi
                           
II məqalə (“Heyrətdən həqiqətə doğru” kitabından bir parça)

Məlum olduğu kimi, ədəbiyyatda heç bir proses daimi üfüqi, yaxud daimi şaquli xətt üzrə getmir; cəmiyyətdə, siyasi həyatda, hətta qlobal dünyada baş verənlər yaradıcı insanın mənəvi-psixoloji aləmində fərqli ovqatlarla təzahür edərək dialektikanın səbəb və nəticə anlayışlarına sığmayan poetik düşüncənin öz xüsusi məntiqini yaratmaqla impulsiv dəyişiklikləri qaçılmaz edir. Bununla bərabər, etiraf etmıliyik ki, bəzi istisnalarla zaman ədəbiyyata gec müdaxilə edir və hadisələrin bədii məntiqini ictimai-siyasi, sosial-mənəvi məntiqə çevriənə qədər uzun vaxt keçir, amma nəhayətdə mütləq ədəbi-tarixi missiyanın başına gəlir, onu idarə edir və bu idarəetmə prosesində həm də sənətkarın öz şəxsiyyətini, daxili mənini  formalaşdırır.
Diqqətlə fikir versək görəcəyik ki, 80-ci illərin sonuna qədər, elə lap 90-cı illərin əvvəllərində də mühafizəkar ədəbiyyat astanada dayanan  azadlıq  barədə “desant fikirləri” içəri buraxmamaq üçün nə bacarıbsa, nəyə gücü çatıbsa edib. Lakin yuxarıda qeyd etdiyimiz kimi, kökü 60-cı illərə gedib çıxan yeni dövrün ədəbi şturmanları sırasında olan Əli Hacının 80-ci illərin ortalarından başlanan poetik üsyanı 88-90-cı illər milli –azadlıq düşüncəsinin bədii strategiyasının qabaqcadan müəyyən etməyə imkan verirdi. Bu yeni ədəbiyyatın isə özünəməxsus yeni obrazları, yeni müqayisə, təşbih, epitet sistemi, yeni energetikası, ən başlıcası isə üfüqü son dərəcə yaxında olan bədii romantikası vardı. Amma bu romantika duyğusal deyil, daha çox üsyançı- Bayronsayağı “köynəyindən qan daman” romantika idi:

Ayrılıq-sinəmi yandıran dərd,
Ümidlərsə başımın altında rahat yastığım olar.
Bizi-bizdən ayıran sərhədlər
Gözümün dağı olar.
Bu gün deyə bildiyim söz –
Dilimin qılıncı:
Gedirəm Nəsimi tək soyulmağa.
Gedirəm əlimdə əlimin qılıncı,
Şah İsmayıl kimi bu dərdə son qoymağa.
Qanıma batmış köynəyim,
Başımın üstündə bayrağım olar.

Kamil Vəliyev «Sözün sehri» kitabında yazırdı: « İnsan ruhunun dəyişmələri soyuq təsvirə sığmır. Ovqatın elə məqamları var ki, onda təfsilat köməyə gəlmir və yazıçı öz istedadının gücü səviyyəsinə detallar verir, bu detallar və həmin detalların proyeksiyaları üzrə vəziyyəti, psixologiyanı aşkarlayır». Yuxarıdakı şeirə daxil edilən Nəsimi, Şah İsmayıl isimləri, “qanlı bayraq”, “əlimin qılıncı”  ifadələri ictimai ovqatdakı dəyişmələrin istiqamətini, yönünü və əlamətlərini bəri başdan nişan verməklə bərabər, həm də şairin özünün həmin proseslərə uyğun şəkildə daxili təbəddülatlarını, mənəvi-psixoloji transformasiyasını göstərir, onun şeirdən-şeirə necə yetkinləşməsinin meyarı rolunda çıxış edir. Şair bu şeirində əvvəlki bədii nümunədən fərqli olaraq “niyə” “nə üçün” suallarını vermir, “başının altında rahat yastığa dönən ümidlərinin gerçəkləşmə yolunun qanlı “köynəyinin bayrağa çevrilməsindən keçdiyini” dilə gətirir və buna özünün də hazır olduğunu bildirir. Bu, əslində şair fəhminin, yəni vəhy - ilham öncəgörənliyinin pıçıltıdan fəryada çevrilmə məqamlarıdır. 
Xatırladaq ki, bu şeir, hələ milli-azadlıq hərəkatlarının, müstəqillik  ideyasının “maddiləşmədiyi, kütlələrə, xalqlara yiyələnmədiyi” dövrdə - 1987-ci ildə, bundan əvvəl nümunə gətirdiyimiz şeir isə 1985-ci ildə  qələmə alınıb. Hər iki şeirdə özünü “insafsızcasına” ittiham və gələcəyə heyrətamiz inam tarixi gerçəklik fonunda cərəyan etməklə lirikanın bütün parametrlərinin üsyan ideyası ətrafında cəmlənməsinə şərait yaradır.  
Ümumiyyətlə, real həyatın ədəbiyyatda inikası üç zaman fonunda gerçəkləşir; birincisi, yazıçı öz bədii təxəyyülü və fəhmi ilə hadisələri qabaqlayaraq gözlənilən (əks halda fantastika) gerçəklik barədə əvvəlcədən informasiya verməklə duyğusallıq yaradaraq, oxucunu  romantika aləminə aparır, onun xəyalını gerçəkliyin fövqünə qaldırmaqla sanki iki dünyanın vətəndaşına çevirir; ikinci halda, ədəbiyyat öz işini ictimai-tarixi proseslərin gedişində görür, qəhrəmanlar yaradıcılıq otağının astanasından birbaşa bədii mətnə daxil olur, obrazlaşır, oxucunun real həyatda tanıdığı insanların tipik nümayəndəsi kimi hadisələrə müdaxilə edir, necə deyərlər, realizmin bütün növlərini formalışdırır; üçüncü halda isə, hadisələr yazıçı yaddaşında əriyir, durulur, onun bədii təxəyyül süzgəcindən keçdikdən sonra ədəbiyyat materialına çevrilir, burada nostalgiya, nifrət, sevgi, təəssüf, göz yaşı, bir sözlə, insanın bütün duyğu sisteminə aid temperamentlər özünü göstərə bilir. Bu ədəbiyyatın gücü və təsiri daimi olur.
Əli Hacının bura qədər haqqında danışdığımız şeirləri qeyd etdiklərimizdən fərqli şəkildə, yəni gələcəyə ünvanlanmaqla keçmişin ittihamı, bu günün mübarizəsi, sabahın romantikası ilə sintezdə vücuda gələn bədii nümunələr idi.  Ümumiyyətlə, həmin dövrdə ədəbi proses bu günkündən fərqli olaraq millidən qloballığa, beynəlmiləlçiliyə doğru deyil, əksinə, qloballıqdan, beynəlmiləlçilikdən milliliyə qayıtmaqda, özünüdərk və özünəqayıdış prosesini yaşamaqda idi.  Bu dövrdəki şeirlərin əksəriyyətinin idealında azadlıq yanğısı ilə bərabər, həm də Azərbaycan ədəbiyyatının çoxdankı ağrılı mövzusu – bötövləşmə ehtirası gündəmə gəlir və bir qədər də dəqiq desək, milli –azadlıq idealı məhz məhz bu bütövləşmək, qovuşmaq arzusu fonunda zamanın əsas süjet xəttinə qayıtmaqda idi. 
Bir məqamı da vurğulayaq ki, ictimai - tarixi prosesin getdikcə daha çox insan kütləsini öz nəzarətinə alması, milli mənlik şüurunda baş verən ciddi təbəddüllatların qalxma və enmə bucaqlarının üst-üstə düşməsi 80-cilərin yaradıcılığında bəzi məqamlarda bir “inqilabi”  təkrarçılığın, “azadlığ”ın obraz oxşarlarının yaranması ilə müşaiyət olunmağa, mövzu, süjet, hətta energetikanın ötürülmə nöqtələrinin yeknəsəqliyinə gətirib çıxarmaqda idi.   Mövzu, süjet, obrazlar sistemindəki bu yeknəsəqliyin əsas səbəbi isə idealını dəyişməkdə olan müstəqillik ədəbiyyatını formalaşdırmağa hazırlaşan gənc şairlərin yeni mərhələ qarşısında bəyənilən, yadda qalan hər hansı bədii tapıntının arxasınca kütləvi şəkildə yürüş etmələri idi. Bundan əlavə, pafos, ritorika, inversiya, xüsusi vurğulu cümlələr həmin gənclərin yaradıcılıqları  arasında üslubi intervalı sıfıra endirirdi. Üstəlik, mühafizəkar ədəbiyyatla - sümüyünün iliyinə qədər sovet ideologiyasının nüfuzuna məruz qalmış yaşlı nəsıllə  - yeni ədəbi gənclik arasında ilk konfliktlər və ilk qarşıdurmalar da  məhz bu dövrdən köklənməyə başladı: bu mübarizə şairlər arasında ilk çağlarda klassik, yəni qafiyəli-vəznli üslubla sərbəst üslub arasında inkarçılıq kimi təzahür etsə də, sonralar daha barışmaz xarakter aldı. İnsaf naminə desək, ilk dövrlərdə yaşlı nəsil gənclərlə bütün mübahisələrdə ədəbi söhbəti bir qırağa qoyaraq, sadəcə mənəvi-əxlaqi prinsipləri önə çəkdiyi halda, gənclər daha irəli gedir, klassik üslubda yazan şairləri özlərinə düşmən qismində görür, onların yaradıcılığını primitiv mədhiyyəçilik, epistolyar saray ədəbiyyatı adlandırırdılar: yəni  “kim bizimlə deyilsə, kim sərbəstdə yazmırsa, demək yeni ədəbiyyatın düşmənidir” devizi həmin dövrdən başlayaraq uzun müddət davamlı şəkildə məcmuə və topluların başlıca müzakirə mövzusu oldu. Bir sözlə, 80-ci illərin II  yarısının ədəbi mənzərəsi belə idi – barışmazlıq, inkarçılıq, xaotiklik, bədii ifadədən çox siyasi iradəyə söykənən ədəbi nümunələr… 
Əli Hacı ədəbiyyatın bu yolayrıcında fraksiya və dəstələrin və onlar üçün cızılmış yolların heç biri ilə getmədi; o, öz geniş poetik nəfəsi, öz üslubu və dəsti-xətti ilə bir çox elementləri baxımından daha çox kampaniyaçılıq xarakteri daşıyan 80-ci illərin ümumi simfoniyasına sığmadı, postmodernizmin ilkin şərti kimi meydana çıxan prozaik sərbəst şeir də onun kökdən gələn enerji və ilhamı üçün yetərli məkan olmadı, o, əslində, özü-özünə yol oldu. Təbii ki, burada təmənnasızlığın, daha doğrusu, şeirin şairin özünü təsdiqi üçün deyil, dərdlərinin, ağrılarının təsdiqi üçün olması prinsipini bir ədəbi tezis kimi qəbul edən Əli Hacının şəxsiyyətini tamamlayan  səmimiyyəti bu mərhələdə bəzən ona “qərib adam” epitetini qazandırdı:

Qardaşdan, bacıdan ayrı, 
Tanrı tək sevdiyim bir yurddan ayrı,
Kimsə bilməyən 
Bir qərib adamam hamıdan uzaq.
    
Bu ayrılıq mənəvi uzaqlıq, ruhi yadlıq deyildi, sadəcə insanın sevdiklərindən cismani uzaqlığı, körpülərin ruhların üzünə qapanması mənasını daşıyırdı. Bu isə fikir və düşüncələrin qarmaqarışıq düşdüyü bir məqamda şairin ətrafında bir həsrət, bir nostalji ovqat, kimsəsizlik ab-havası və sonda tənhalıq haləsi yaradırdı, amma bu tənhalıq bizim adət etdiyimiz yalquzaqlıqdan fərqli xüsusiyyətlərə malik idi, onun təbiətində aktivlik, mübarizlik, döyüşkənlik, haqqını istəmək, ittiham və məhəbbət gizlənirdi. Çünki onun təxminən 200 illik yaşı, ağrılarının 200 illik tarixi vardı. Çox – çox sonralar Azərbaycanda milli-azadlıq hərəkatının tarixi öyrənilərkən “niyə məhz bizim respublikada vulkan daha güclü şəkildə püskürdü?” sualı meydana çıxanda bir tarixçi çox düzgün olaraq demişdi ki, sovet xalqları içərisində heç bir millət bu qədər zülmə, əzaba məruz qalmayıb, heç bir xalqı parçalayıb yarısını çayın o tayına, yarısını bu biri tayına atmayıblar. Həmin ədalətsizlik  1988-ci ildə başlayacaq hərəkatı son dərəcə böyük enerji ilə körükləyirdi. Çünki həmin ədalətsizlik tarixinin Əli Hacı əli ilə çəkilmiş “1828-ci il” adlı poetik rəsmindən 150-160 il sonra da qan dammaqda idi:

O gün namaza duran olmayıb,
Allahı tanıyan olmayıb.
Ağlımızı başımızda alanlar,
Başımızı canımızdan alıb. 
Düşmən qabağı kəsənlərimiz ,
Düşməndən hamilə olub.

Siyasi pamflet qədər kəskin olan bu şeirdə Əli Hacı siyasi pamfletdən fərqli olaraq heç bir sözü birbaşa deməyib və əslində, bu şeir misraların ələbəyaxa döyüş səhnəsini xatırladır: hücuma keçən bir misranın ardınca müdafiə mövqeyində dayanan ikinci əsgər misra gəlir. Bu qitə qədər xırda şeir bir neçə illik nəhəng müharibənin cizgilərini, fikrimizcə, cild-cild kitablardan daha dəqiq, daha canlı  çəkib, çünki şair bu ağrıları yaşayıb. Əsl istedad odur ki, kitablara sığışmayan tarixi bir neçə cümləyə sığışdıra bilir. Xorxe Luis Borxesin bir əfsanəsi var: orada kralın sarayı haqqında poema sifariş verdiyi bir kelt şairindən bəhs edilir. Şair bu poemanı yazmaq üçün üç il ərzində üç dəfə cəhd edir. İlk iki cəhdində kralın hüzuruna əlyazması ilə gəlsə də, yazdığını krala bəyəndirə bilmir. Üçüncü cəhdində isə o əlyazmasız gəlir və krala bircə söz deyir: bu “saray” sözü olmasa da, “saray”ın mahiyyətini ən kamil şəkildə ifadə edən bir söz idi. Şair həmin sözü ağzından çıxaran kimi saray yoxa çıxır. Yəni fikir bundan ibarətdir ki, bəzən bircə söz nəhəng bir sarayı əvəz edə bilir. 
Ümumiyyətlə, Əli Hacının əksər şeirləri lakonik, həcm etibar ilə son dərəcə yığcam olsa da, bunun fikrin bütövlüyünə heç bir xələli dəymir; çünki şeirlərin heç birində proloq, yaxud əxlaqi-tərbiyəvi sonluq yoxdur, şair demək olar ki, bütün hallarda nəticə çıxarmağı oxucunun öz öhdəsinə buraxır. 
Onu da qeyd edək ki, Əli Hacının ilk şeirləri daha çox publisistik xarakterə, sərt tribuna ritminə əsaslanıb; fikir, ideya, qarşıda duran məqsəd şairi daha çox cəzb etdiyindən, bəzi hallarda ümumiyyətlə sözün bədii deyim tərzi, poetik mənalandırma ikinci plana keçir, şair sözü birbaşa, heç bir məcaz donuna bürümədən hədəfə yönəldir. Əslində, biz bunu da təbii qəbul etməliyik, totalitar rejimin hakim olduğu cəmiyyətdə uzun zaman sənət və ədəbiyyatın taleyini senzura həll etdiyindən, sənətkar öz fikir və məramını sətirlər arxasında gizlətməyə məcbur olduğundan, azadlıq havasının duyulduğu 80-ci illərin başlanğıcındaca onun nisbi demokratikləşmə mühitindən sui-istifadə etməsi anlaşılan idi. Həmin dövrün əsas ədəbi xüsusiyyətlərindən biri məhz sənətkar - oxucu dialoqunun birbaşa, eyhamsız qurulması, şərtiliklərin aradan götürülməsidir. Məmməd Arazın ittiham və iddia kimi səslənən lirikasından, Xəlil Rza Ulutürkün ruhun həyacanı hopan ciddi tribun şerilərindən, Sabir Rüstəmxanlının ucu-bucağı görünməyən nəhəng bir nəhr kimi hər şeyi ağuşuna alıb aparan ləngərli azadlıq poeziyasından rişələnən 80-cilərin yaradıcılığı Azərbaycanın yeni ədəbi-tarixi, sosial-siyasi, mənəvi-əxlaqi mərhələsinin pyedstalı rolunda çıxış etməkdə idi. Bu, həm də başqa bir istiqamətdə,  tamamilə yeni ruhda nəsildəyişmə prosesinin başlandığını göstərirdi.  Həmin prosesin ən istedadlı nümayəndələri sırasında yer alan Əli Hacı öz bədii idealının ifadəsi nə yuxarıda qeyd etdiyimiz struktur inqilabı yolu ilə, nə də qafiyə-vəznin dəmir şəbəkə kimi sarındığı ənənəvi heca üslubu ilə getmədi, onun ilk  dövrlərdə yazdığı şeirlərin əksəriyyəti qafiyəli – vəznli olsa da, həmin qafiyə və vəzn sərbəst və azaddır, şeirə dəmir şəbəkə kimi sarmaşmır. Üstəlik, gənc şairin ağrı və dərdlərini simvolizə edən həmin dövr şeirləri qan yaddaşı, qəriblik, ayrılıq,  tarixi ədalətsizlik,  yurdsuzluq  və s. ifadələrdə öz ortaq nöqtəsini tapırdı. Amma ifadələrdə passivli, hərəkətsizlik yox idi, onlar döyüşürdü, sıxılmış yumruqlar kimi bədii mətnin içərisində möcüzəvari partlayış effekti yaradırdı. Rainer Maria Rilke deyirdi ki,  “gözəl olan dəhşətin başlanğıcından başqa bir şey deyil”. Bu sözün Azərbaycan ədəbiyyartının haqqında danışdığımız dövrü üçün həm məcazi, həm də real mənada böyük həqiqəti var. Çünki ədəbi təlatümlərin siyasi təlatümlərlə əvəzlənməsinə, şeirlərdəki həyacanın meydan və tribunalarda həyacana çevrilməsinə  çox az qalmışdı. Ədəbiyyat 1988-ci il inqilabının astanasında idi.

Комментариев нет:

Отправить комментарий