Страницы

30.06.2014

Akif Abbasov - BIĞ

Vəli Balayev Günəşli rayonuna yola düşməmişdən ağsaqqal rəhbər işçilərindən məsləhətlər aldı. Onlar öz iş üslubları barədə bəzi mətləbləri ona anlatdılar. Özünü hökmlü aparmağı, ciddi olmağı tövsiyə etdilər.
Vəli Balayev bundan belə birinci katib vəzifəsində çalışa¬caqdı. O, artıq bilirdi ki, hər rayonda özündən deyən, hamını təsiri altına ala bilən, sözünün qabağına çıxmayan, hər kəsin hesablaşdığı, lazım olanda üstünə borca getdiyi, onun-bunun qabağına düşüb işini düzəltdiyi bir-iki nəfər olur. Vəli öyrəndi ki, Günəşli rayonunda da belə şəxs - ictimai iaşə idarəsinin sədri Xeyrulladır. O, dərhal Xeyrulla haqqında məlumat topladı. Sonra tapşırıq verdi ki, Xeyrulla onun yanına gəlsin.
Vəli Balayev Xeyrullanı yaşlı, ağır tərpənişli bir adam təsəvvür edirdi. Lakin qəbuluna çağırdığı şəxs orta yaşlarında iri cüssəli idi. Enli, kərpic bığları vardı.
Birinci katib onunla görüşüb hal-əhval tutdu. Soruşdu ki, neçənci ildən rayonda işləyir. İdarədə vəziyyət necədir, haranı qurtarıb, neçə uşağı var və s.

Həmin məlumatlar əslində katibdə var idi. Sadəcə, söhbətə körpü salırdı. Sorğu-sual bitdikdən sonra Xeyrulladan xəbər aldı:
-Mənimlə bir yerdə işləmək istəyirsən?
Xeyrulla suala müsbət cavab verdi. Katib ağır-ağır söhbətinə davam etdi:
- Çox yaxşı. Onda bir neçə şərtim var. Sənin də enli kərpic bığın var, mənim də… Birinci şərtim budur ki, gərək bığlarını qırxasan.
Xeyrullanın qaşları çatıldı. Vəli Balayev onun dinmədiyini görüb dedi:
-Yaxşı, get, hələ bu şərtimə əməl elə, o birilərini sonra deyərəm.
Xeyrulla xudahafizləşib çıxdı. Katibənin yanından ötəndə nəsə fikirləşib ayaq saxladı. Bir kağız alıb nə isə yazdı, kağızı katibəyə verib otağı tərk etdi. Az sonra həmin kağızı birinci katibə göstərdilər. Vəli Balayev ərizəni oxuyub fikrə getdi.
Xeyrulla işdən azad olunmağını xahiş edirdi.
Vəli Balayev təxminən beş il Günəşli rayonunda birinci katib işlədi. Xeyrullanın yerinə başqa adam qoymuşdular və Vəli bu beş ilin ərzində nə bir dəfə də olsun Xeyrullanı gördü, nə də onun hansısa xoşagəlməz hərəkətini eşitdi. Görünür, buna görə də Xeyrullanı çoxdan yaddan çıxartmışdı.
Vaxt-vədə gəlib yetişdi. Vəli Balayev Günəşlidən getməli oldu. Mərkəzi Komitəyə çağırıb demişdilər ki, hazırlaşsın, Aydınlı rayonuna katib gedəcəkdir.
İndi kabinetdə əyləşən Vəli Balayev sənədləri, kağız-kuğuzu saf-çürük edə-edə həm də olub-keçənləri yadına salırdı. Birdən Xeyrullanı xatırladı. Maraqlandı. Xeyrulla çıxıb başqa rayona getmişdi. Orada işləyirdi. Vəli Balayev göstəriş verdi. Maşına oturub Xeyrullanın ardınca yollandılar və axşam tərəfi onunla birlikdə geriyə qayıtdılar.
O, içəriyə girən kimi birinci katib stolun arxasından qalxıb irəli yeridi. Xeyrulla əvvəlki kimi enli, kərpic bığ saxlamışdı. Vəli Balayev onu mehribanlıqla qarşıladı. Gülə-gülə:
- Bax, belə. Sən kişi adamsan, Xeyrulla, mən gedirəm, gəl, otur əvvəlki yerində, işlə…

Комментариев нет:

Отправить комментарий