Страницы

25.06.2014

Fransız kollecləri və Türk okulları

TURAL SAHAB

Deməli belə, mən də bir-iki kəlmə yazmaq istəyirəm, bu bağlanan Araz kursları və digər okullardan. Bunu bir vətandaş, bir araz məzunu, bir zamanlar o qrumlarda çalışmış biri olaraq yazmağı özümə bir mənəvi borc bildim. Onu da deyim ki, nurçu falan da deyiləm. Sadəcə düşünən bir beyin olaraq bu məktəblərin mənfi və müsbət cəhətlərini deyəcəm.
Hər kəsə məlumdur bu məktəblərin Fətullah Gülənə aid olan hizmət hərəkatının tabeliyində olması. Və yenə hər kəsə məlumdur bağlanma səbəbinin Türkiyədə Hoca ilə hökumətin tərs düşməsi olduğu. Yəni sabah Türkiyədə AKP hakimiyyətdən getdiyi an, bu okullar yenidən açılacaq. İndi biriləri nurçu söhbətinə görə bağlandığını deyəcək, bir başqası başqa şey. Ancaq bu məktəblər açılandan dövlətimiz onu kimin açdığını yaxşı bilirdi və bir təhlükə olaraq görmürdü. Təhsil Nazirinin olduğu hər yerə Çağ Öyrətimin rəhbərliyi dəvət edilir, ölkəmizdə etdiyi hizmətlərdən dolayı təşəkkür edilirdi ona. Yəni kimsə onlardan narazı deyildi.

Bu okullar müstəqilliyimizin ilk illərində açıldı. O zaman ki, yenicə ayağa qalxan ölkəmizdə bu çox önəmli bir addım idi. "Təhsil millətin gələcəyidir" deyən Ulu öndərimizin fikirlərinə də dəstək oldu, təhsilimizi inkişaf etdirdi. Azərbaycanı beynəlxalq olimpiadalarda uğurla təmsil etdi, gənclərimizin Avropa və Amerikanın ali məktəblərinə daxil olmasına səbəb oldu. Bir sözlə təhsilli, mədəni bir nəsil yetişdirdi. Bu gün hansı fakültəyə daxil olsaq orada mütləq bir neçə Araz məzunu görə bilərik. Bunlar fədakar Anadolu insanın və onların yetişdirdiyi öz müəllim və abilərimizin sayəsində oldu. Və əmin ola bilərsiz ki, bu insanların ağlından zərrə qədər pislik, xəyanət keçmədi. Araşdırsanız görərsiniz ki, bu insanların çoxu kiçik bir maaşa işləyirdi və maddiyyat adına heç bir şeyləri yoxdu bu həyatda. Baxın, təzadlar zənciri də buradan başlayır və elə mən də mənfiləri buradan başlayım yazmağa.
Ölkənin ən bahalı məktəbində işləyən müəllimlər niyə bu qədər az aylıq alırdı, qrup rəhbəri olan abilər nəinki aylıq alır, hətta pul ödəyirdilər, yemək və yatmaq pulu. Abilər əsasən tələbələrdən olurdu. Bunlar hizmət adı ilə bu fədakarlığa dözürdülər. Ancaq onları işlədənlərin vicdanı? Bu qədər pul ödəyirdi ailələr. Onların pulu hara gedirdi?
Başqa bir sual - İslam ölkələrini qanına bələyən Amerika bu qədər böyük bir islami quruluşun rəhbərini niyə ölkəsində saxlayır? Hocanın Nurəddin adlı tələbəsi ona hocanın "Səni çox dinlədik, gizli-gizli haqqını halal elə" dediyini söyləmişdi. Daha sonra Türkiyədə minlərlə insanın dinlənməsi, parelel yapı adı ilə dövlət çevrilişinə cəhd kimi olaylar baş verdi və bütün bunlarda hocanın adı hallandı. Doğrusunu Allah bilir, ancaq bizə düşən hansısa ölkədə əyləşən birini yox, öz dövlətimizi, onun verdiyi qərarları dəstəkləməkdir. Uzun sözün qısası, Aysberqin görünən üzündə heç bir təhlükə yoxdur və müəllim heyəti işlə təmin edilməli, onların təcrübəsindən yararlanılmalıdır. Qaldı Aysberqin görünməyən tərəfi Sakit okeanın o biri tərəfində çox- çooox dərinlərdədir və nələrin baş verdiyini bilə bilmərik.
Yavuz Bülənt Bakilər çox sevdiyim və oxuduğum bir yazardır. O, Osmanlının yıxılma səbəblərindən biri kimi ölkədə açılan xarici məktəbləri, başında da Fransız kolleclərini göstərir. Uşaqlar hansı dildə təhsil alırlarsa o millətə xidmət edir, o millətin fərdi olurlar - bunu da Ziya Gökalp deyir. Türk okullarını bağladıq təhlükləlidir deyə, bəs ingilislərin, fransızların kollecləri? Nurçuluq təlqin edilirdi Türk okullarında, burası tamam, bəs o kolleclərdə missionerlik fəaliyyəti aparılmırmı? Və ən son, sizcə o məktəbləri bağlaya bilərikmi?! - Təbii ki, yox. Dünya ayağa qalxar ki, Azərbaycan gerici bir dövlətdir.

Комментариев нет:

Отправить комментарий