Страницы

25.06.2014

İNSANLIQ VƏ VƏTƏNDAŞLIQ BORCU

Şirinxanım Kərimbəyli Şadiman

İnsan, insan olmaqçın, doğulan gündən borclarla doğulur. Bu borcları aşağıdakı kimi oxucuların diqqətinə çatdırmaq olar.
1.Allahı tanımaq.
2. Halalı haramdan ayırmaq.
3.Yaxşını pisdən ayırmaq.
4. Paxıl olmamaq.
5. Ədalətli olmaq.
Bu tələbləri körpə vaxtdan insana əxz etmək üçün, birinci növbədə ailə, sonra təlim-tərbiyə ocaqları olan uşaq bağçaları, məktəblər önəm kəsb edir. Yəni şəxsiyyətin yetişməsi üçün bu ocaqlar mənəvi dayaqdır, yəni insanın insan olması tam mənada onlardan aslıdır. Sovet vaxtının böyük pedaqoqu Makarenko demişdi ki, «uşağı beş yaşına qədər tərbiyələndirmək lazımdır. Beş yaşından sonra o əks tərbiyə tələb edir.» Mənə elə gəlir ki, bu fikir öz dəyərini itirməyib.
Məktəbə gedəndən sonra uşağın dünya görüşünü formalaşdırmaq, vətəndaşlıq hisslərinin onun körpə qəlbində alovlandırmaq, vətənpərvər duğularla bəsləmək əsasən müəllimlərdən aslıdır. Onlar bu əvəzsiz rolun daşıyıcılarıdır, bu danılmaz yük onların çiyinlərinə düşür. Tam mənasıyla desək müəllimlər məktəblərdə gələcəyimiz üçün dəyərli ana və ata, Vətəni qorumaq üçün vətəndaş yetişdirirlər. 
Ölkəmizdə axır vaxtlar xeyli sayda yeni məktəblər tikilib, təzə avadanlıqlarla doldurulub, deməli uşaqların yuksək səviyyəli təhsili üçün imkanlar yaradılıb, amma gəlin görək 200 manat maaşla müəllim öz şagirdinə obyektiv, yəni səmimi ola bilərmi? Bizim ölkəmizdə dövlət anti-korrupsiya idarəsi varsa, deməli korrupsiyanı inkar etmək ən azı nadanlıqdır. 200 manat alan müəllim məktəbdə işləyirsə, ya doğurdan da 200 manata layiq müəllimdir, onun bəslədiyi şagirdlər elə özünə oxşar, ya da dolanmağa başqa yollar tapar.
Müasir adamı bir şəxs kimi formalaşdırmaq dövrün yazarlarının boynuna bir borc təki düşür. Media insanları arasında belə fikir səsləndirilir və bu fikir rəsmi fikir təki qəbul olunur ki, altımışıncılardan sonra Azərbaycan torpağında yazıçılar, şairlər olmayıb, nə vardısa keçmişdə qalıb. Bu mövqe təəccüb doğurur ki, bəs onlardan sonra gələn nəsil içərisindən çıxan yaradıcı şəxslər hardadır? Çünki yazarların sırasında heç vaxt o qədər üzv olmayıb. Altımışıncıları biz inkar etmirik. Onlar üç şeyi ədəbiyyata gətiriblər:
1. Stalinin mifini yox etməyi, bu da kommunist partiyası siyasi bürosunun sifarişi idi.
2. Dissidentliyi ədəbiyyata gətirməyi, hansı ki gec-tez Sovet İmperiyiasının məhvinən qurtarıb.
3. Öz şəxsi hisslərini dövlətin və millətin mənafelərindən yuxarı tutmaq, bu da ailənin zəifləməsinə və çox ailələrin dağılmasına gətirib çıxarıb. Allahsız ölkədə allahsızlıq sovet tərkibində olan xaçpərəst respublikalarda daha çox açıq-aşkar özünü büruzə verib. Hal-hazırda onlar demoqrafik vəziyyətdən zərər çəkir.
Altımışıncılar sovet ölkəsinin törəməsidirlər. Onların əsas müsbət cəhətləri savadlı olmaqları və əksəriyyətinin ana dilini yaxşı bilməkləridir.
İndi tamam  başqa dövrandır, yeganə Sovet İmperiyasının əvəzinə on beş müstəqil ölkə yaranıb. 163 illik köləliyin əvəzinə azadlıq gəlib və biz azad ölkənin layiqli vətəndaşı olmalıyıq ki, azadlığı qoruya bilək. Bunun üçün dövlət təzə adamlar bəsləməlidir ki, özünü rus qulu yox, azad insan kimi hiss eləsin. Təəssüf ki, bunun üçün də üç nəsilin dəyişməsi lazımdır, necə ki vəba epidemiyasında  üç dərəcəli karantin yaradılır, çünki biz hamımız, indiki yaşayanlar sovet yolxucu xəstəliyinə yolxmuş xəstələrik. Bu da ona gətirib çıxarıb ki, respublika içərisində azərbaycanlılardan ibarət beşinci kalon yaranıb. İndi baxaq cavan şairlərin arasında hansı mahnıların sözləri yazılır? O mahnılar bizi azad Azərbaycanı qorumağa apara bilərmi?
Bu yaxınlarda telekanalların birində gedən verlişə baxırdım. Orada cavan bir şair də var idi. şairin iddiası açıq deyim ki, məni sarsıtdı. Onun sözlərini olduğu kimi dəyərli oxucuların nəzər-diqqətinə yetirmək istəyirəm. Xülasə onun dediyi fikir belə idi: «Mənim 28 yaşım var, mən şairəm, nə evim, nə işim yoxdur. Dövlət mənə nə verib ki, mən vətəndən yazım?! Sonra da seks barədə bir şeir oxumaq istədi, aparıcı ona icazə vermədiyinə görə, o, studiyanı tərk edib getdi. O, studiyanı ona görə tərk etdi ki, onun azad və dərin fikirlərini orda oturanlar qiymətləndirməyə qadir olmadılar. Bu istehlakçı duyğular cavan adamda hardandır? Yəqin ki, sovet Azərbaycanından gələn duyğulardı, çünki sovet vaxtında bəzi şairlər və yazıçılar dövlət balansında olaraq, ad alaraq soveti, sovet ideologiyasını vəsf eləməklə çox yaxşı öz istedadlarını işlədirdilər. Bu əməklərinin əvəzində onlar Bakının mərkəzində mənzil, bağ evləri, xüsusi istirahət evində dincəlmək, kitablarını dövlət hesabına tirajlarla çap etdirmək və sair imtiyazlar qazanırdı. Bu cavan şair unudub ki, bunlar hamısı keçmişdə qalıb. Çox vaxt mediada tez-tez rast gəldiyimiz « kapitalist ölkələr» adlı bir ifadə səslənir. Bu ifadəni işlədən adam fikirləşməlidir ki, o bu ifadəni işlədəndə deməli kapitalist ölkələrdən fərqli bir ölkədə yaşayır. Onda belə sual doğulur, bəs biz hansı qurluşlu ölkədə yaşayırıq? Qabaq sovet dövründə biz hamımız bir nəfər kimi inkişaf etmiş sosializmi qurmağa çalışırdıq. O sovet qurluşu 1991-ci ildə məhv oldu, indi isə biz ölkəmizdə inkaf etmiş kaptalizmi qurmağa cəhd edirik. Savadlı və ehtiyaclı adamlar bunu çoxdan başa düşüb Azərbaycan vətəndaşlığını dəyişdirib inkişaf olunmuş kaptalist ölkələrinə üz tutublar. Beləliklə, bir şeyi unutmaq lazım deyil ki, kapitalist ölkələrində heç nə pulsuz verilmir, nə mənzil, nə istirahət evi, nə də rahat yaşayış. Bütün bunların hamısını qazanmaq lazımdır. 
Gənclər unutmasınlar ki, «pulsuz yalnız tələdə pendirdir.» İndi gənc qızların arasında pritça yazmaq dəbə düşüb. Onlar bilməlidirlər ki, pritça sözünü rus dilindən bizim dilə çevirəndə mənası hədis anlamını verir. Hədislər isə peyğəmbərlərin işlətdiyi ifadələr və yazılar idi. Yüz iyirmi dörd min peyğəmbərdən heç biri də qadın olmayıb. Bunu gənc şairlərə ali məktəbdə oxuyanda görəsən müəllimlər başa salmayıblar? Çox təəccüblüdür ki, belə cavan şairlər,  beş-on şeiri, cızmaqarası olanlar prezdent təqaüdçüləridir. Zənimcə prezdent  mükafatını verəndə bir az ehtiyatlı olmaq lazımdır. Düşünməliyik ki, bu prezdent adından verilən ədəbiyyat mükafatı nə həkim  sekssoloqlara, nə də qız peyğəmbərlərə çatmasın, çünki prezdent adından belə yazarlara verilən mükafat, bu mükafatı devalvasiyaya aparır. Mənim yaxşı yadımdadır ki, hələ sovet vaxtında yazıçı Çingiz Abdullayev demişdir ki, Türkiyədə iki nəfər yazarlar, bizdə isə tək mən qonararnan yaşayıram. Ümumiyyətlə, şeir yazmaq, şairlik bütün yer kürəsində cibə ziyandır. Yəni adam bundan para qazanmır, para itirir, şairlik heç bir gəlir gətirmir. Şair olan kəsin mütləq başqa peşəsi olmalıdır. Bunu nəzərə alaraq mən həyat yoldaşımla maaşımızı birləşdirib çapdan çıxacaq kitabları öz hesabımıza buraxırıq. Artıq bü illər ərzində mənim yaradıcılığıma 30 000 manatdan çox pul gedib, hələ demək olar ki, reklama pul sərf eləməmişəm. Mən fikirləşəndə ki, Məmmədhüseyn Şəhriyar kimi şair dolanmaq üçün Təbrizdə bankda işləyib, elə oradan da təqaüdə çıxıb, öz-özümə deyirəm kı, mən ondan artıq ola bilmərəm. 
İndi kapitalist ölkədə şair olmaq çox baha başa gəlir. İlhamı olmayan, şair tipli yazarlar, özlərindən çox razıdırlar, onlar vətənpərvərlik mövzuları misralarına gətirməyi özlərinə yaraşdırmırlar. Halbuki vətəni olmayan şairin nə doğma dili, nə doğma ruhu, nə də milliyyəti olur. Avropa abı-havasıyla coşub daşan bu insanlar anlamırlar ki, Avropa avropalılar üçün doğmadır, millidir. Özlərini onlara oxşatmaqnan avropalı ola bilməzsən, bu qarğanın bülbül təki cəhcəh vurmaq sevdasına bənzəyir. Özlərini avropalılara bənzədən kəslər avropalılar üçün də çox maraqsız, çox gülüncdür. Çünki ağıllı avropalılara da hər kəsi öz donunda görmək daha maraqlıdır.
Allaha qarşı çıxmaq, şeytani hisslərlə oturub-durmaq, vətənə arxa çevirmək, bu ölkənin əksəriyyətinin islami inancda olan adamlarının dini hissləri ilə oynamaq və bu yolla özünü reklam edib populyarlıq qazanmaq bəzi yazar əhlinin həyati təlabatına çevrilib. Nə bilmək olar, bəlkə də onlar hansı xarici qurumlardansa maddi dəstək alırlar? Özünü yazar qiyafəsində görən belə kəslər yaxşı olardı ki, «bağa qınından çıxdı, öz qınını bəyənmədi» misalına diqqət kəsilsinlər. Dövlətçiliyimizə, milli adət-ənənələrimizə arxa çevirib, kimliyini unudub bizə yad olan təriqətlərə, sektalara, dinlərə üz tutanlar tufanlı dənizin kənara atdığı taxta parçalarına bənzəyirlər. Adları müsəlman adları, özləri bizə yad olan sektaların, dinlərin qulu…
Biz muharibə şəraitində yaşayırıq, düşmən bizi azadlığa problemlə buraxıb, bu problem torpağımızın bir hissəsindən məhrum olmaqdan ibarət olub. Biz iqtidarlı-müxalifli hələlik ki, bu ağır, üzücü yükün daşıyıcılarıyıq, amma bəzilərinə xarici, bizi istəməyən qüvvələr tərəfindən vətənsizlik təbliğ olunur. Onlar elə zənn edirlər ki, dahi olmaq üçün yazar öz milliliyini, vətəndaşlığını heç zaman yazılarında büruzə verməməlidir, belələrinə nə əldən getmiş torpaqlar, nə də cavan canını Vətənə qurban vermiş şəhidlər maraqlıdır. Onların marağı hansısa bir xarici dili bilib lap elə erməni adıyla bu ölkəni tərk edib qoltuqlara sığınmaq və sonra getdiyi yerdən öz vətənini, mənsub olduğu millətini, dinini, dədəsini, babasnı getdiyi yerə xoş gəlsin deyə yamanlamaqdır. Zənimcə belələri Vətənə düşmənimizdən də qorxulu varlıqlardır. Bəla burasındadır ki, belələrinin yazdıqları cızma-qaralar saytların mötəbər yerlərində dolaşır, belələrinə saysız-hesabsız şərhlər yazılır, onlar ağızlarda-dillərdə dolaşır, lap şou-biznesin dəbdə olan adamları kimi, əksəriyyətinin səsi yox, sözü-söhbəti, qeybəti önəm kəsb edir. Sanki ölkə başdan-başa şou azarına tutulub. İndi bizim toylarımız da, yaslarımız da şouya çevrilib, artıq dinimiz də şou burulğanında batır, müasir zamanəylə ayaqlaşmayan uzun saqqallardan tutmuş, nənələrimizin baş örtüyünə bənzəməyən qadınların geyindiyi baş örtüklərinə qədər…
Mənə elə gəlir ki, biz sovet dövründə qadağalara baxmayaraq daha çox dinimizə, mənəviyyatımıza sadiq olmuşduq. İndi isə kimin kim olduğundan baş çıxartmaq olmur ki, olmur. 
Heç şübhəsiz ki, ilhamlı şair, yazar təkcə vətənpərvərlik duyğuları ilə yox dünyavi prizmadan da öz ruhunu kökləyir, yaşadığı dövürdə baş verən bütün əngəllərə yox deyir, ruhu riqqətə gətirən bütün gözəlliklərə, incəliklərə könül bağlayır, o ilahinin ona bəxş etdiyi təbinin pıçıltılarına biganə qala bilməz.
Bəs gənc yazarların içində vətənpərvərlik duyğularıyla coşub daşan istedadlar yoxmu? Şübhəsiz ki, var, onları axtarmaq, üzə çıxartmaq, onlara dövlət tərəfindən kömək göstərmək, kitablarını buraxmaq, reklam etmək lazımdır.
Onda  Azərbaycanda da azad Azərbaycana aid dəyərli, qəlbləri oxşayan, ürəyə yatımlı nəğmələr eşidəcəyik. Sonda onu bildirmək istəyirəm ki, istedadlara kömək lazımdır, istedadsızlar isə özləri üzə çıxar.
Əks təqdirdə Azərbaycan əlvan yox, hamısı boz rəngdə və eyni səviyyədə görünəcək.

Комментариев нет:

Отправить комментарий