Страницы

20.07.2014

Fələstinli uşaq

Pərviz Arif

Məni əhv eylə, Fələstinli uşaq
Bu qədər zülmə yumub göz, susuram
Gecələr fəryadımın xeyri nədir
baş əyib zalıma gündüz, susuram.
Məni əhv eylə ki, yardım yerinə
baxıram haqqsız axan qanlara acizcəsinə
qulaq adətkar olub sanki bu zülmün səsinə.
Sığınıb gizlicə bir parça çörək kölgəsinə
səni qurban verirəm özgəsinə.
Hələ tezdir, yaşayırsan nələri
sənə bəxş etdi həyat gülləri yox, güllələri
Belə qardaşlıq olar?!

mən uşaqlıqda atamla əl-ələ
dolanım hər qarışın gül-çəmənin,
sən uşaqkən ata can tapşıra qarşında sənin.
Belə düzgünlük olar?!
Hanı dünyanın ədalətliləri,
hanı İslamımızın əhdə sədaqətliləri?!
Niyə din qardaşının dadına yetmir görəsən?!
min əlacsız uşağın naləsini
bir ərəb şeyxi eşitmir görəsən?!
Məni əhv eylə Fələstinli uşaq.
Seçilirsə əməlimdən niyyət.
Bu Ramazanda düzüb süfrəmə hər cür nemət
açıram iftarımı əhvalı xoş.
Sən isə dad eləyirsən “su” deyib
gözü yaşlarla dolu, kuzəsi boş.
Məni əhv eylə ki, sakit baxıram.
sən uçan bombalar altında yatarkən mən isə,
“sətir altında” özümdən çıxıram.
Hanı bəs vəhdəti imanlıların?
dili laldır, gözü kordur dünya.
canı cansızdan ucuzlaşdırılır canlıların
elə bil adi qəza nöqtəsi olmuş Qəzza.
Mərhəmət gözləmə qatillərdən
yetimin halına olmaz ki, yanan
hələ sən körpə ikən gülləyə tuş gəldi anan.
Ola bilməz belə bitsin hər şey.
Batacaq haqqsızın axırda səsi.
Bu əzazilləri tapşır Haqqa
bir ümid vardır, Onun məhkəməsi...
Bizsə öyrəncəliyik dildə hünərdən danışaq,
Bu müsibət də bizi bir yerə cəm eyləmədi
necə tək-tək vuruşaq?!
Bizi əhv eylə Fələstinli uşaq...
Bizi əhv eylə Fələstinli uşaq...

Комментариев нет:

Отправить комментарий