Страницы

15.07.2014

Qasım Səfərov - Kimə nə?

Bütün günü şeirlərində "yar"ını vəsf edib camaatı bezdirən şeir yazanlara!

Şaira, yaruvu gəl millətə reklam eləmə,
Aşiqin mə`şuqə meyli-marağından kimə nə?

Beş şeirdən üçünə "busə" sözün yazma, utan,
Öpüşündən, yanağından, dodağından kimə nə?

Leylidi, Əslidi, Culyetta, Şirindir ya acı,
Gecə-gündüz sinəvi dağlamağından kimə nə?

Xalqa sayma xalını, beşdi ya on beş dənədir,
Aydı-ulduzdu, nədir, xal-yanağından kimə nə?


Zülfü ağdı-qaradı, ya ki çvetnoydusa da,
Leylivün saçlarının qarə-ağından kimə nə?

Kipriyin bir də qaşın tiri-kaman eyləmisən,
Bir deyən lazım: onun qaş-qabağından kimə nə?

Səni mehman edib-etməməsin faş eləmə,
Otağından, gecəsindən, qonağından kimə nə?

Bizə yar ilə keçən günlərivün dəxli nədir?
Ömrüvün zövqlü ya qəmli çağından kimə nə?

Neçə ildir özüvü bülbül edibsən, onu gül,
Belə gül ətri və bülbül budağından kimə nə?

"Əhsən!"ə xatir özündən bizə vəsf uydurma,
Sidqisiz bir şeirin səs-sorağından kimə nə?

Qasimin gəl sözünü vurma qulaq-ardına sən,
Söyləmə: boş danışandır, qınağından kimə nə?

1 комментарий: