Страницы

04.08.2014

Həmid Herisçi hansı imamla görüşüb?


Stalker. İmam Sahib əz-zəmanla tale yolları kəsişmiş, qovuşmuş tək-tük fağır Allah bəndələrindən biri də elə mən özüməm.
Həəə, necə baş verib bu  möcüzə? Bu həyəcanlı görüş? Harda... hansı qərib ünvanda, itbat yerdə mümkün olub axı bu təmasımız?
Mövzu ətrafında söhbətimə əvvəlcə çox-çox uzaq ünvanlardan başlasam da, xatircəm olun –söhbətlərim, xatirələrim istisnasız tam həqiqətdir.
“N” nöqtəsi. Sövet vaxtı, uşaqkən, biz yay fəslini Zaqğulbadakı rəhbər işçilərçün nəzərdə tutulmuş partiya sanatoriyasında keçirərdik adətən.
Televiziya ekranlarından, mətbuat səhifələrindən tanıdığımız partiya rəhbərlərini burda qara kastyumsuz, yüngül yay paltarlarında görərkən, yadımdadı, əvvəlcə biz uşaqlar xeyli pıçıldaşardıq öz aramızda. Yazıq valideynlərimiz, belə hallarda adətən adi nitqdən vaz keçər, gözləriylə lal xəbərdarlıq ötürərdilər bizlərə-“özünüzü yığışdırın ha...artıq-əskik danışmayın”.
Yaşıl kölgəliklər arasında kitab oxumaq azarına tutulmuş təqaüdçüləri güdərək gəlib çıxdım sanatoriya kitabxanasına. Gözümə dəniz quldurları barədə qalın cildli bir  kitab dəyincə boğazım anında qurudu. Əlim kitab rəfinə girincə, “Telefonçu qız” filminin qəhrəmanını xatırladan cazibədar kitabxanaçı qız:
– Dəniz kənarında gərək belə kitablar oxuyasan. – deyib, hissiyyyatımın zəif nöqtəsini qıdıqladı.
Düşdüm bu kitabın cazibəsinə-özümü dənizdə qəzaya uğramış zavallı qurbana oxşatdım. Acı taleyim barədə, gələcək nəsillərə ünvanlaşmış  məktub qələmə aldım. Dəqiq coğrafi koordionatlarımı öyrənmək  bir xeyli vaxt apardı. Axırda, şübhəli bir ünvandan bunu öyrənincə xeyli sevindim. Məktubumu bu coğrafi koordionatlarla bitirib götürüb yerləşdirdim dayım Əliheydərdən qalma boş arağ şüşəsinə. Nə vaxtdı çimərlikdə uzaq, əlçatmaz bir tənha qayanı gözaltı etmişdim. Axşam üstü birtəhər bu qaya üzərinə dırmaşıb, ağzını kip bağladığım şüşəni ordan vəhşi Xəzərin düz ortasına vızıldatdım.
Elə sabahısı gün, gələcək xilaskarlarımla bağlı bütün ümüdlərimi puç edəcək acı mənzərəylə üzləşdim ləpədöyəndə. Şüşə amansızcasına sındırılmış, fəryad dolu məktubum tapılıb oxunmuşdu. Məktubun üzərindəki qəhvəyi ləkələr, digər şübhəli sarı izlər olan-qalan heysiyyətimə ağır sarsıdıcı zərbəydi.
Nəticədə özümə daha da çox qapandım. Başladım tay-tuşlarımdan aralı gəzməyə. Elə bilirdim sanatoriyadakıların hamısı məktubumu oxuyub...Gizlində mənə gülürlər.  
Ətrafımdakı sakitlik də tezliklə məni qane etmədi. Səhər sübh tezdən gizlincə yatağımdan qalxıb, sanatoriya ətrafını yaxşı-yaxşı tədqiq etmək qərarına gəldim. İlk qənimətlərim adiydi-sanatoriya istixanasından oğurladığım qırmızı, dadlı pamidorlar...ağaclardan yığdığım "şpanka" vişnələr.
Azca kənarda kasıb bir koma aşkarladım. Ev sahiblərinin qoşa kölgəsi, bir an mənə lap yaxınlaşdı elə bil. Divara kip söykənib yad gözlərdən, kölgələrdən yayınmağı bacardım.  
Yolumu bir az da uzadıb, qayalıqlar arasında gizlənmiş tam qapalı bir əraziyə daxil oldum. İki mərtəbəli lal binanın qapısını azca aralayıb içəri zilləndim. Otaqlarda radio cihazları, antenalar, qulaqcıqlar boldu...Morze aparatını xatırladan cihazın önündə bir rus zabiti başını masa üzərinə qoyub mışıl-mışıl yatmışdı.
Otağa girincə bu zabit ayılıb, yerindən dik yuxarı atıldı:
– Kimsiz? Burda neynirsiz?
Lal sükutum, bu suala ən səmimi cavab idi:
– .......
Zabitin üzündəki həyəcan ifadəsindən tezliklə əsər-əlamət qalmadı belə. O, gülərək:
– Bura quş quşluğu ilə gəlib çıxa bilmir, sən bəs bura necə gəlib çıxıbsan? -deyib, əliylə saçlarımı sığalladı.
Özümdən ixtiyarsız bayaqkı qənimətlərimin bir qismini masa üzərinə buraxdım. Coğrafi koordinatları göstərən mürəkkəb cədvəl üzərində bu nemətlər çox cəlbedici göründü həmin gülərüz, mehriban zabitə. Yumşaq dost əli, saçlarım üzərindən sürüşüb çiynimdə ləngidi:
– Qoçaqsan...müharibə vaxtı görəsən bu qəhrəmanlığını təkrarlaya biləcəksənmi heç?
Sanki çox saylı antennalar, radiolar, sirlər-sehirlər özü dartıb gətirmişdi məni tam məxfi o ünvana...
Çox sonralar öyrəndim- gizli, qapalı ərazilərə sızan mən kimi bu cür istedad sahiblərinə elmdə "STALKER" deyirlər...
“Xəbər”. “Stalker” istedadı pillə-pillə, tədricən açılır öz sahiblərinə. Əvvəlcə, bayaq təsvir etdiyim kimi, dörd tərəfdən qapalı, tam gizli bir otağa, “N” nöqtəsinə sızırsan. Sonra, ünvansız bir yerdən, qeyb aləmindən çox ciddi müstəsna sənədlər, adına “xabar” deyilən bir məlumatlar alırsan qəfil, birdən birə...
Bir gün xoş, yaxud kor təsadüf nəticəsində bilgisayırmın zəif, soluxmuş ekranı təkrar-təkrar söndü, yandı. Söndü, yandı. Kosmik fəzalardan gələn bir işartımı deyim...yoxsa əcaib siqnal, qəfildən bilgisayarımı tirtir titrətdi. Ekrana diqqət etdikdə bu dəfə day bilgisayarım yooooxxxx, beynim silkələndi, vallah. Qarşımda canlanan əcaib, anlaşılmaz şəkilləri izləyə-izləyə gəlib çıxdım məxfi informasiya ilə yüklənmiş qapalı elektron bir ünvana. Qəfildən uca səslə ingiliscə rəqəmlərin geriyə sayımı başladı-on, doqquz....altı...üç...bir...sıfır...
Qısa parıltıdan sonra ekranda rusca yazılmış on səhifəyə yaxın bir mətn canlandı. Sənəd üzərindəki qəzəbli “tam məxfi!” işarəsi, beynimə ox kimi sancılıb mövzuya marağımı daha da artırdı. Var diqqətimlə sənədləri oxumağa girişdim. Elə ilk sətirlərə bələd olunca, hiss etdim alnımı necə soyuq tər dalğası basır...
***
Yaxın vaxtlar harda hansı prezidentin qətlə yetiriləcəyini, yaxud dağıdıcı partlayışların baş verəcəyini öncədən bilmək istəyirsənsə, darıxma. Bəzi “jurnalist”lərin səfər trayektoriyası izlə yaxşı-yaxşı. Qısa araşdırmalardan sonra gəldiyin acı nəticə, bütün lal suallarını cavablandıracaq. Bəzi jurnalistlərin qəza baş verəcək ünvanlara öncədən gəlişi çox şübhəli görünəcək sənə...
TASS İnformasiya Agentliyinin müxbiri Leonid Rassadin bax belə jurnalistlərdəndi. Sovetlər Əfqanistana girməmişdən iki gün öncə cənab Rassadin, sadəlövh Kuveyt Xarici İşlər Nazirindən SSRİ-ni tərifləyən müsahibə almış, Qızıl Ordu Kabula girincə müsahibəni dünya mətbuatına çıxarmışdı...
1981-ci ildə oxşar əhvalat yenidən təkrarlanır. Moskvanın 26-iyun istisində Leonid Rassadin, SSRİ Dövlət Teleradio komitəsinin sədr müavini Ənvər Nazimoviç Məmmədovdən xüsusi tapşırıq alır-“Cəld çamadanlarını hazırla. Uçursan əvvəl Dəməşqə. Ordan Tehrana. Vəzifən, İran paytaxtında telemüxbir mərkəzimizi açmaqdır”. Əfqanistan alovunu keçmiş qorxmaz telejurnalist Arkadiy Qromov da qoşulur bu kiçik dəstənin tərkibinə. Dəməşqdə aldığı bağlı zərfi, yoldaş Rassadin Tehrana çatınca İran Televiziyasının o vaxtkı sədri əlicanab, Qərb təhsilli cənab Qotbzadəyə təqdim edir...
Bağlı zərfin məzmunu Qotbzadəyə çatınca, onun üz ifadələrinin rəngi dəyişir. Beş-altı dəqiqə bəs edir ki, İran İnformasiya Nazirliyinin rus, hind mənşəli iki qadın əməkdaşı, Qotbzadənin göstərişi ilə dəstənin tərcüməçisi təyin edilsin. Həmin bu iki nazənin xanım, dəstənin bütün sonrakı marşrutlarına yaşıl işıq yandırmalıymış.
Tehrandakı baş sovet kəşfiyyatçısı mərhum Leonid Şabarşinlə şübhəli görüşlərə qatılan cənab Rassadinin qeydlərində maraqlı məqamlar az deyil:
– O vaxtkı qorxulu Tehranda bizdən savayı “təsadüfən” cəmi iki digər xarici müxbir vardı- “Mond” qəzetindən məşhur Erik Rulo, Britaniyanın “Hardian” nəşrindən Devid Xerst. Tehrandakı ikinci günümüzdə-28 iyun tarixində, qaldığımız otelin lap yaxınlığında güclü partlayış baş verdi. Yüzdən çox Xomeyninin ən yaxın silahdaşı başda ayətullah Behişti olmaqla, partlayış zamanı hələk oldu. Bizə nə var? Lap yaxınlıqdaydıq... Tez gəlib hadisələri lentə aldıq.
***
Bayaq yuxarıda qeyd etdiyim cümlələrimə yenidən qayıtmalıyam söhbətimizin bu gərgin, həlledici nöqtəsində: “Yaxın vaxtlar harda hansı prezidentin qətlə yetiriləcəyini, yaxud dağıdıcı partlayışların baş verəcəyini öncədən bilmək istəyirsənsə, darıxma. Bəzi “jurnalist”lərin səfər trayektoriyası izlə yaxşı-yaxşı. Qısa araşdırmalardan sonra gəldiyin acı nəticə, bütün lal suallarını cavablandıracaq. Bəzi jurnalistlərin qəza baş verəcək ünvanlara öncədən gəlişi çox şübhəli görünəcək sənə”...
Leonid Rassadin, Erik Rulo, Devid Xerstin əvvəlki, sonrakı səfər trayektoriyalarını bilgisayarımda izlədikcə dünyanın bir çox sirləri açıldı üzümə... Bütün günümü bilgisayar qarşısında itirdim... Qərara gəldim ki, bütün bu çox saylı cinayətlər siyahısında mənə hələlik Behiştinin qətliylə əlaqədar şübhəli məqamlar daha sərfəlidir.
Özümü, məşhur rejissor Tarkovskinin filmindəki “Stalker”ə oxşatmağa başladım. Uşaqlıqda o rus rabitəçisindən eşitdiyim etitaflar yenidən qulaqlarımda cingildəyib xeyli əks-səda verdi:
– Bura quş quşluğu ilə gəlib çıxa bilmir, sən bəs bura necə gəlib çıxıbsan?... Qoçaqsan... müharibə vaxtı görəsən bu qəhrəmanlığını təkrarlaya biləcəksənmi heç?...
Səttarxanın evində. Qısası, dəyirman işə düşdü...
Aldığım bu “xabar”ı, bilirdim nə vaxtsa özümə sərfəli şəkildə hardasa xərcləməliyəm. Sonrakı həyatımdakı naməlum təsadüflər ardıcıl olaraq biri digərini təqib etməyə başladı. Bir gün Təbrizdən mənə növbəti “xabar” gəldi ki, “Ey deli-qafil, niyə yerində belə rahat oturubsan? Bəs, Təbrizdəki kimsəsiz nəhəng ata mülkünə yadlar, oğrular girib halal malını talayır. Tələs. Yoxsa sabah gec olar”...
Hövülnak, tələsik Təbrizə gəlincə, əvvəlcə mərhum bibim Zinət əmmənin Dəvəçi məhəlləsindəki kasıb gil komasında qərar tutdum. Qapının böyründəki köhnə, susuz hamamın damında tənha tikan kolu qaralırdı. Gün batarkən tez içəri girirdim ki, bu kolun kədərli kölgəsini öz əzablı sifətimdə hiss etməyim. İçəridə isə məni, sonuncu inqilab zamanı faciəli şəkildə həlak olmuş üç şəhid bibioğlumun ruhuyla, fotoşəkilləriylə iztirablı, lal görüşlər təqib edib sakit buraxmırdı. Evin kiçicik ərazisini ölçdüm, üç şəhidi saldım bu riyazi hesablamalarımın tərkibinə. Beynimlə deyil, titrəyən bədənimlə hiss etdim ki, Təbrizin hər qarışına nə qədər şəhid, qurban düşür...
Təbrizdə qalmış son uzaq qohumlarımızdan biri- ən dələduzu, bir gün məni özüylə götürüb ata mülkümüzün bağlı qapısına gətirdi. Əlimdəki sənədlərdə bəzi nöqsanları görüncə sifətinə qara kölgələr qondu:
– Belə de...
Kapron fincandakı “paket çayı” aramıza girincə hiss etdim ki, burdakı qiymətim günü-gündən sürətlə ucuzlaşır.
Axşam əzanlarının birində- sevimli Təbrizimi lal ildırım işartıları əhatəsində görərkən, elə bil məni də oxşar lal zərbələr haqladı. Üstümə tökülən yağışı son damlasınadək canıma çəkincə, quru dodaqlarımdan cəmi ikicə cümlə qopdu:
– Baxarıq sabah kimdi buranın ağası, kimdi qulu... Məndə İranın tarixini dəyişəcək gizli sənədlər var...
Təbriz divarlarının yekə şəlpə qulaqları var. Burda ilk növbədə elə özünə pıçıldadıqlarını eşidirlər.
Sabahkı axşam əzanını səbirsizliklə gözləməyim əbəs olmadı. Gil daxmamızın qapısını yad barmaqlar taqqıldatdı:
– Sizi sabah Səttərxanın evində gözləyirlər.
Elə bil Səttarxanın özü dəvət edirdi məni öz evinə. Qapını açıb eşiyə çıxarkən qəfil geriyə-bibimin kasıb daxmasına boylanmağı unutmadım. Gördüm ki, indiyədək üç şəhid vermiş bu kasıb gil koma, dördüncü şəhidinə də tam hazırdı. Təbrizlilər demiş “amadədir”... Nooolacak ki, qapıya vay xəbərim gəlsə?
Heç nə... damdakı tənha tikanın yükü, bu kasıb koma üçün bir zərrə də ağırlaşacaq, vəssəlam.
Qısası, day nə başınızı ağrıdım, gəlib yetişdim Təbrizin ən müqəddəs ünvanına. İçəridəkilər sadə adamlar deyildi-şəhərin fərmandarı da burdaydı, baş prokuroru da. Dedilər ki, bəs indicə burda bir nadir Təbriz xalçasını xanadan kəsib çıxaracaqlar. Bəs bu xalça elə belə, sadələrindən deyil-üzərində dünya ictimaiyyətinə ünvanlanmış xüsusi sülh məktubu var. İrandakı YUNESKO nümayəndəsinin özü-çinli cənab Van YU Şin, indicə qayçını götürüb xalçanın ilk telini kəsəçək. İkinci teli, inşallah siz kəsərsiz vətənizdə...
Həyətdə əyləşmiş çox saylı qonaqlar sırasında mənə tez yer tapılsa da, gördüm heç kim mənim yaxınlığımda belə əyləşmək istəmir. Beləcə, Səttarxanın evində öz tənha yerimi tapıb azca rahatlandım. Gördüm ki, qırmızı saplı gümüş qayçı əldən-ələ ötürülərək düz mənə tərəf istiqamətlənib. Çin qonağından sonra xanadakı xalçanın növbəti telini mən kəsməliydim sən demə. Şəhər fərmandarı, baş prokuror mənə sarı bir ötəri nəzər yolladılar. Çar-naçar qalıb qayçını əlimə götürdüm.
Yaxınlaşdım xanadakı sənət əsərinə. İndiyədək keçdiyim bütün həyat yolum, əlimdəki qayçının bir hərəkətiylə öz istaqəmətini dəyişəcəkdi elə bil. Səttərxanın doğma yuvasında taleyin ipini, nazilmiş sapını kəsməliydim, bəli...
Xalçanın telini kəsməyimlə, səhnədəki Qaradağ aşığının qıy vurub sazı ağlatması eyni zamana düşdü. Aşıq “Döşəmə Koroğlu”nu ifa edə-edə qan-tərə boyandı. Gördüm ki, bu qədər qonağın içində  məhz məni nişan alıb o. Düzü, utandım bu zaman. Diqqət mərkəzinə düşməyimi qətiyyən istəmirdim. Hiss etdim ki, kasıb daxmamızın damındakı tənha tikanla təkbətək qalmağım daha münasibdi mənimçün. Getməyə elə təzəcə hazırlaşırdım ki, tanımadığım birisi qolumdan yapışdı:
– Sizdəki sənədlərlə nə vaxt tanış olmaq imkanı...-
Alnını dərin çapıq izi bəzəyən bu naməlum kəsə, gözlərimlə işarə ötürdüm ki, bəs, aydındı, cümləni bitirməyə day ehtiyac qalmayıb. Gəl arxamca, dalda bir yer tapdımmı, vəssəlam, sənədləri sənə ötürəcəm. Neçə-neçə inqilab dalğasını, pıçıltılarını, xəlvət sirlərini yola salmış müqəddəs məkanda tənha görüşümüz üçün sanki tarixin özü lazımı şəraiti hələ çox-çox öncədən hazırlamışdı. 1981-ci ildə bütün dünyanı silkələmiş bir qətlin gecikmiş izahı, yenə də məhz burda-Səttərxan evinin dar dəhlizlərində səsləndi. Sənədlər, suda axan yarpağa dönüb bir başqa səmtə istiqamətləndi. Hövsələm çatmadı bu mənzərəni axıracan izləməyə. Sənədlərdən canımı bir təhər qurtarıb açıq qapıdan küçəyə adladım. Səttərxanın evinə bir də təzim edərək bibimgilə qayıtdım.
Xamdım. Elə bilirdim verdiklərimin əvəzinə sabahısı gün ata mülkümə qalibcəsinə daxil olacağam. Kapron fincandan çay içmək təhlükəsi də artıq tam arxada qalacaq mənimçün.
Qeyb imamla görüş. Sənədlər tezliklə İran dövri mətbuatında çap olunub, dəli qasırğa kimi ətrafımı təlatümə gətirsə də, əsas məqsədim-ata mülkünə qayıdışım, nədənsə xeyli ləngiyirdi. Damdakı tənha tikanın qaraltısı, ay işığında bir az da qəmgin sifət aldı. Mən də, elə bil day bu tikandan çox da seçilmirdim.
Bibim nəvəsi Röya, qapıdakı kölgəmi xeyli güdüb axırda cürətə gəldi:
– Burda bir qurum var, adına farsca “Setate icrayeye fərmane İmam” deyərlər.
– Həəə...noolsun...Nə deməkdir ki, bu?- əsəbləşincə, aramızdakı qara kölgəm itib məni dəcəl Röya ilə təkbətək buraxdı.
– Sahibsiz mülklərin işi qiyamətə qalanda Qeyb İmamın adından məhz bu qurum girər araya. Deyəsən sizin mülkünüz də keçir Qeyb İmamın ixtiyarına. –Röya, xəfifcə gülümsəyib əlini havada oynatdı. –İşiniz qaldı qiyamətə.
– Demək istəyirsən ki, indi mən Qeyb İmamla şərikəm? Bu gün sabah hüzurunda olmalıyam, həə?- mövzunu zarafata salsam da, sinəmdəki ürəyim sürətlə vurmağa başladı.
– Sabah gedək bu qurumun Təbrizdəki mərkəzinə. Görək Qeyb İmamın nə sözü var bizlərə?- Röyanın zarafatı uzun gülüşlə davam etdi.
Gecəni gözüdiri keçirdim. Səhər yeməyi boğazımdan keçmirdi. Röyanın tanışı, bir sərhəng- rütbəli hərbiçi, mülkü geyimdə qapımızda peyda olarkən, mətləb tədicən aydınlaşdı mənimçün.
Daha əsəbləşmədim. Sakitcə sərhəngin təzə “Pejo”suna oturdum. Röya arxada əyləşdi.
Təbrizin təzə məhəllərində qərar tutmuş bu sakit ünvanda deyəsən hamı mənlə görüşə hazırdı.
İçəri keçincə Röya məni içəridəki saqqallılarla tanış etdi:
– Evin vərəsəsi öz ayağıynan gəlib burdadır... Buyurun, tanış olun... Ağaye Həmid Herisçi... özüdür ki, var...
Son dərəcə həyəcanlıydım. Xatircəmdim ki, indicə Qeyb İmamın bəlkə elə özüylə də görüşəcəm. Əvəzində gördüyüm gümüş üzüklü barmaqlar mənə xeyli diksindirdi.
– Qəzetə elamiyyə verdik. Kimsə səslənmədi. Evinizi müsadirə etdik... kimsəsiz qalıb neçə vaxtdı... Qiyamət gününü yaşayır... Eviniz indi İmam Sahib əz-zəmanın tam ixtiyarındadır.
***
Təbrizin Hacı Cabbar Naib küçəsindəki ata mülkümüzdə iyirmi il öncə rəhmətlik bibim Əqdəslə keçirdiyim gözəl, niskilli günlər bu vaxt qəfil yaddaşımdan qopub gözlərim önündə canlandı. Ağzı dualı bu rəhmərlik bibim, məni naməhrəm sayardı görüşümüzün ilk günlərində. Mənlə danışarkən üzünü həmişə mən səmtə deyil, kor divarlara dikərdi. Söhbətimiz axara düşüncə, bir də görürdün bibimin sifəti kor divarlardan aralanıb tədricən, aramla mən tərəfə səmtlənir. Axırda, bir nöqtədə qərar tutaraq ordan ehmalca mən tərəfə boylanır. Nəzərlərimiz qovuşunca elə bil dünyanı bağışlayırlar hər ikimizə...
Gözlərimizin bu incə hərəkər dinamikası indiyədək məni izləyir. Vaxtaşırı həyəcanlandırır.
Əqdəs əmməm çox dindar qadındı. Evimizin zirzəmisində həmişə şam yandırar, çörəkdən həmişə bir qismət kəsərək onu özüylə zirzəmiyə götürərdi.
– Deyirəm, İmamın gəlişinə həmişə amadəyəm, hazıram. Bu da ruzusu, suyu, çörəyi, şamı. Qorxuram gələr, xəbərsiz qalaram...-Əqdəs əmmə, niqabını bu vaxt üzünə çəkər, sanki ötən əsrlərin arxasında gizlənərək mövzunu davam etdirərdi.
– Bilirəm, bir gün mütləq bu evə O gələcək. Atan gəlmədi... ancaq O gələcək...-rəhmətlik bu zaman başlardı için-için ağlamağa...
Hə... Hadisələrin məntiqi gedişi elə Əqdəs əmmə deyən kimi oldu. Evimiz axırda keçdi İmam Sahib əz-Zəmanın ixtiyarına.
“Setate İcrayeye Fərmame İmam” ünvanında mən bütün bunları xatirəmdə bir daha yaşadım. Sonra ayıldım öz yuxularımdan. Handan-hana özümə gəlib sol əlimlə havada bir-iki dairə cızdım:
– Halal etmirəm.
Qərarımı verib, son hökmümü səsləndirdən sonra day bu ünvanda qalmağımın mənası yoxdu. Otaqdakıların təşvişlərinə, həyəcanına əsla fikir vermədən sürətlə eşiyə atıldım.
Mülkü geyimli sərhəngin “Pejo”suna əyləşib şəhərin köhnə məhəllələrinə tərəf götürüldük.
“Azərbaycan” otelindəki sakit, müştərisiz çayxana indiki vəziyyətimizə tam uyğun bir yerdi deyə, sərhənglə qərarlaşdıq ki, ora gedək. Sifarişimizin icrası xeyli gecikdi amma. Qarşımdakı tozlu pencərəni açanda gördüm ki, üst-üstə qalanmış iki vəhşi bulud, dəyirman daşları kimi fırlana-fırlana düz mənim üstümə gəlir. Önümdəki mənzərələr, Şah dövrün dənqalma fahişəxanaların xarabalıqlarıydı. Qəfildən sarsıdıcı ildırımlar ardı arası kəsilmədən qarşımdakı mənzərələrin düz ortasına sancıldı.
Bir-iki saniyə sonra göydən yerə dolu töküldü...
Bol töküldü...Lap halal  payım kimi...Təbriz sanki su altında, dolu altında qaldı bir an. Selləmə sular damları yudu, navalçaları doldurdu, şəhərin həm şah dövründən, həm dünəndən qalma zir-zibilini bir göz qırpımında yoxluğa qovuşdurdu.
Köhnə fahişəxana eyvanında əyləşmiş bir qoca bu vaxt nəşəsini alışdırıb qəlyanını tüstülədi.
Sərhəng arxadan mənə yaxınlaşdı:
– Quranda belə qara buludlar “arid” adlanıb, kafirləri cəzalandırır. “Əl-Əxkaf” surəsinin 24-cü surəsini oxu... Gördüklərimizin mənası ordadır...
– Çayınız hazırdı, ağa.  – xidmətçi, qaraşın  kənd balası, hüzurumuzda daş heykələ dönmüşdü.
Yazığın bütün hərəkətləri əmrlərimizə bənddi. “Əllərin ağrımasın” deyib, yazığı intizardan qurtardıq.
Acı reallıqdan qopmaq naminə sərhəng, Təbriz tarixindən misallar çəkməyə girişdi:
– Şah İsmayıl özünü Təbrizin “Sahibül-əmr” məscidində şah elan edərkən mürüdlərinə əmr verdi ki, düşmənlərini qılıncdan keçirsinlər. Nahara qədər qurbanların sayı qırx mini ötdü.
Gözlərimi bayaqkı fani mənzərələrdən ayırmadan anında sərhəngin cavabını qaytardım:
– Yenə də qarın, iştaha girib araya. İmkan verib çoxlarına canlarını ölümdən qurtarsınlar. Nahar ortaya girməsəydi, bəlkə Təbrizdə indi bu qədər yaramaz mövcud olmazdı.
***
O tufan zamanı, bəli, hadisələrin tam mənzərəsi, mənası mənə çatmırdı. Aylar, illər aradan keçincə nəhayət öz qismətimlə tədricən razılaşmağa başladım.
Qərara gəldim ki, İmam sahib əz-zəmanla şərik olmaq, Allah bəndəsinin payına düşən nadir fürsətdir.
Qulağımda yenə o sarışın rus zabitinin cümlələri cingildədi:
– Bura quş quşluğu ilə gəlib çıxa bilmir, sən bəs bura necə gəlib çıxıbsan? Qoçaqsan... müharibə vaxtı görəsən bu qəhrəmanlığını təkrarlaya biləcəksənmi heç?..

Həmid Herisçi    1937.az

Комментариев нет:

Отправить комментарий