Страницы

17.08.2014

Morli Kallaqan - YALANÇININ ETİRAFI

Akif Abbasovun tərcümələri

Fil əyləşib Stevart kafelərin birində qurtum-qurtum qəhvə içirdi. Qaranlıq get-gedə qovuşurdu. Qardan islanmış ayaqqabıları qurusun deyə o, sobaya yaxın oturmuşdu. Bu ara gözü onunla bir stol arxasında əyləşmiş geyimli-keçimli, uzunsaçlı, üzü tər-təmiz qırxılmış kişiyə sataşdı. Kişi qaş-qabağını turşudaraq üzərinə donuz piyi qoyulmuş çovdar çörəyini kənara itələyirdi. Buterbrodun görünüşü sanki onun ürəyini bulandırırdı. O, baxışlarını əl dəyməmiş buterbroda zilləyib köksünü ötürdü. Kişi möhkəmcə sərxoş idi. Necə deyərlər, lül vurub mil durmuşdu. İçkinin təsirindən gözləri axırdı. Sol əlində yemək çeki tutmuşdu. O biri əlilə cibindəki bağlını əzişdirir, pul çıxartmaq istəyirdi. Kişi özünü ələ almaq, normal adam kimi durub sərxoşluğunu büruzə vermədən kassirə tərəf getmək, üzüsulu yeməyin pulunu ödəmək fikrindəyrdi. Sonra taksi tutub evə gedəcək, yıxılıb yatacaqdı. 

Birtəhər pul bağlısını çıxartdı. Bütün ağırlığını stola salıb baxışlarını kassirə zillədi. Pul bağlısını stolun altında tutmuşdu. Fil köksünü ötürdü. Bir dollara onun hədsiz ehtiyacı vardı. O, iş  tapmaq ümidilə açmadığı qapı qoymamışdı. İstədiyinə çatmadığından suyu süzülə-süzülə avtobusla geriyə - Stevarta qayıtmışdı. Yazıq olan-qalanını da xərcləyib qurtarmışdı. Xeyli müddət idi ki, köynəyini 26-cı küçədəki ən ucuz camaşırxanaya yuyulmağa vermişdi. Vaxtı ilə onun məktəb yoldaşı olan birisi indi nəşriyyatda işləyirdi. Dünən Fil ona zəng vurmuşdu. Həmin adam demişdii ki, yanıma gəl, bəlkə sənin üçün dənizçilərin idarəsində müvəqqəti yer tapdım. 
Pulunu ödəməsə, paltarını camaşırxanadan verməyəcəklər. Belə olan halda Fil öz uşaqlıq dostunun, indi dövləti az qala yer batıran o adamın görüşünə çirkli köynəklə  necə gedəydi?
Kişinin ətli barmaqları əsə-sə pul bağlısını əzişdirirdi. Yeməyin pulunu vermək üçün yalnız bircə banknot lazım idi. Bayaqdan qabağa əyilib həsrət dolu nəzərlərlə onu müşahidə edən Filə elə bil dünyanı bağışladılar. Onun şirin xəyal kimi təsəvvür etdiyi şey baş vermişdi. Yoğun barmaqların ehtiyatsızlığı ucbatından kağız pullardan biri bağlıdan yellənə-yellənə gəlib stolun altına düşdü və kişinin qaloşlarının döşəmədə buraxdığı qara, çirkli «gölməçə» üzərində qərar tutdu. Kişi kassanın qarşısındakıı kiçik qapıcığa baxdığından bunu görmədi. 
Özünü xam bir röyada hiss edən Fil gülümsədi. Kişinin başı üzərindən stollara sarı boylandı. Müştərilərə verilən xörəyin iştahaçan qoxusundan sinə dolusu uddu. Ürəyi atlandı. Xəyalından keçirdi ki, səhərdir, camaşırxanaya gedir, köynəklərini geri götürür, bir il əvvəl Filadelfiyadan dörd dollara aldığı yaraşıqlı, ağ zolaqlı açıq mavi rəngli köynəyini əyninə geyir.
Baxışları Fillə  toqquşan sərxoş başını yırğaladı. O, Filin köhnəlmiş  fetr şlyapasına, kəmərli köhnə paltosuna, bir də çirkli köynəyinə baxdı və gördüklərini bəyənmədi. Oğlanın görkəmi dalğın nəzərlərlə onu süzən kişidə ikrah hissi oyatdı:
- Ey xəyalpərəst, nə fikrə getmisən? 
- Mən?
- Bəli, sən xəyalpərəst.
- Sizinlə ki, işim yoxdur. Yaxşısı budur yolunuzla düz gedin. Mənə gəldikdə, nə barədə istəsəm, fikirləşərə bilərəm. 
- Bağışla, xəyalpərəst. Bəlkə də sən haqlısan. Bu gecə  elə iş-gücüm səhv etmək olub. 
Öz günahını yumaq istəyən sərxoş  gülümsədi.
Bu ara solğun çöhrəli, baldırlı bir qız yaxın gəlib  kişi əyləşən stolun arxasına keçdi. 
Qızın sarışın saçları səliqəsizdi, daranmamışdı. Görünür, çoxdan idi ki, onlara qulluq etmirdi. Qız əyninə açıq qəhvəyi rəngli palto geyinmişdi. Palto yağış və qar damcılarından islanmışdı. Qız pulu ödənilməmiş yemək çekini əlində tutmuşdu. O, stola dirsəklənərək ətrafa boylandı. Sanki kimisə gözləyirdi. Bir dollarlıq banknot  onun ayaqlarından azacıq kənarda idi. 
Bayaq sərxoş ad-sanına yaraşan ləyaqətlə qalxmışdı. Səndələmədən kassaya doğru hərəkət edirdi. Onun bir əlində çek, digərində isə bir dəstə dollar vardı. O, təzəcə uzaqlaşmışdı ki, Fil qıza baxdı. Baxışlar dərhal toqquşdu. Sınayıcı nəzərlərlə xeyli baxışdılar. Qızın gözləri mavi idi. Kirpik qırpmadan baxırdı. Sonra nədənsə darıxdı, səbri tükəndi, gözlərini döşəməyə zillədi. 
Filin ürəyi düşdü. Tez dollara sarı əyildi. Dizinin birini döşəməyə söykəyib pulu qamarladı. Puldan qızın da xəbəri vardı. Oğlan onu götürmək istəyəndə qız ayağını dolların üstünə qoydu. Elə bil bədəninin bütün ağırlığı ayaq barmaqlarına toplanmışdı və o da həmin barmaqlarını möhkəmcə döşəməyə basırdı. Fil başa düşdü ki, azacıq da canfəşanlıq etsə, pul cırıla bilər və yalnız bu vaxt onun bir parçasına yiyələnə bilər. Əks təqdirdə, pulu dartıb qızın ayağı altından bütövcə çıxarmaq ağlasığmaz iş idi. 
O, əlində dolların bir ucu köməksiz halda başını qaldıranda gözü  qızın yaş, yırtıq  ayaqqablarına və topuğuna sataşdı. Qız corab geyinmişdi. Baldırının yarısına qədər corabda ilmə qaçmışdı. Qız da aşağı əyildi.  Sifətləri bir-birinə lap yaxınlaşdı. Oğlan:
- Bu dollar kişidən düşüb, - dedi. 
Qız:
- Bilirəm, - deyə cavab verdi. Onun ayaq barmaqları hələ də banknotun üzərində idi. Sifəti od tutub yanırdı. 
- Bəlkə götürüb kişinin dalınca qaçmaq istəyirsən?
Qız gülümsədi: 
- Belə şey yatar yuxuma da girməz! 
Onun gülüşündə açıq tərslik və soyuq istehza oxunurdu. Əgər qız ayağını pulun üstündən götürsəydi, oğlan az sonra baş verəcək hadisəyə də səbəb olmazdı. Fil hiss etdi ki, qonşusu onun nə vaxt belini düzəldəcəyini, özünü bir balaca dostyana aparacağını gözləyir. Onda, şübhəsiz, qız fürsəti fövtə verməyib dolları özünə sarı çəkəcəkdi. Dollara yiyələnmək,  köynəyini camaşırxanadan almaq ümidi isə Fildən özünü başqa cür özünü aparmağı tələb edirdi. Ona görə çiyinlərini çəkib xoş təbəssümlə xəbər aldı: 
- İndi deyirsən nə edək? 
- Nə bilim?! Bəlkə sən deyəsən?! 
- Pulu, demək olar ki, eyni vaxtda görmüşük və hər ikimizin ona ehtiyacı var. Gəl  oryol-reşka oynayaq. 
Qız tərəddüd etdi. Sonra:
- Yaxşı,  nə  deyirəm ki… - deyə razılaşdı. 
Hər ikisi güldü. Fil jiletinin cibindən beş sentlik pul çıxartdı. Qız lap gənc idi. Gözünün altında kiçik göyümtül ləkə vardı. Sifətinin solğunluğu, gözünün altındakı ləkə, pırtlaşıq saçları qızın həyatı barədə nələr demirdi?! Fil onun çöhrəsindən hər şeyi oxuyurdu. Lakin qərarından dönə bilmirdi. Fil:
- Pulun üzü yuxarı düşsə, mən uduram, arxası yuxarı düşsə sən, - deyə atmağa hazırlaşdı.
Qız başını tərpədib onun fikrinə şərik olduğunu bildirdi və qabağa əyildi: 
- Stolun üstündə at, özü də toxunma, qoy axıra qədər fırlansın…
- Bax, xanım, - deyə Fil pulu baş barmağı ilə şəhadət barmağının üstünə qoyub atdı.
Qənd, xardal, sirkə, xren sousu stolun üzərində kiçik bir yer tutmuşdu. Pul bu şeylərin başına – özü də geniş bir dairə boyunca fırlandı. O dayananda qızla oğlan elə cəld irəli əyildilər ki, az qaldı başları bir-birinə dəysin. Qız:
- Üzü yuxarı düşüb ki… - dedi. Gözlərinə  inanmırmış kimi bir də baxdı. O nə barədəsə düşünürdü. Onun başında nəsə dəhşətli bir fikir vardı. Bəlkə də bu sual idi. Cavabı isə stolun üstündəki puldaydı. Qızın sifəti oğlanın sifətinə çox yaxınlaşmışdı. Gözlərində yaş damlaları parıldayırdı. Tez üzünü yana çevirdi və süst halda:
- Okey, cavan oğlan. Səninki gətirdi, - deyib ayağını banknotun üstündən çəkdi. Oğlanın aşağı əyilib pulu götürdüyünü görüb yarıkönül gülümsədi. Fil: 
- Təşəkkürlər, - dedi. – Yəqin səninki də eşqdə gətirir.
- Ola bilər… Nə isə… Salamat qal…
Qız kassirə sarı getdi. Ödənilməmiş çeki geriyə qaytardı. Yağış və qardan islanmış açıq qəhvəyi rəngli paltosunun yaxalığını qaldırdı. Saçının bir çəngəsi pərakəndə halda yaxalığının üstünə tökülmüşdü. O, kassirlə danışarkən oğlan ovcunda saxladığı beş sentlik pula baxdı. Xəcalətindən əridi. Pulu çevirdi. Hər iki tərəfi bir-birinin eyni idi. Bu saxta senti iki il əvvəl tapmışdı. Bayaq stolun üzərində pulun fırlanmasına qız necə də maraqla tamaşa edirdi. Filin gözünün qabağı toranlıq gətirmişdi, əlindəki pulu güclə görürdü. Qızın sifətinin ifadəsi gözü önündən çəkilmək bilmir, onun ahı hələ də qulaqlarında səslənirdi. Elə bil o yazığın həyatı boyu bəslədiyi nə qədər ümid, etdiyi nə qədər arzu vardısa, bu, bir dollarlıq pulda tamamlanmış, sona yetmişdi. Bu arzu, bu ümid də puça çıxandan sonra yer üzündə onun üçün nə xoşbəxtlik? Oğlanın yadına qızın yerində donub qalması, sonra gülümsəməsi düşdü. Dolları udmaq qız üçün ən böyük arzu, əlçatmaz istək idi. Fil isə onu aldatdı. Qız çıxıb gedirdi. Oğlan onun ardınca qaçdı, onun siqar dükanından iyirmi addım kənarda getdiyini gördü. 
Qar hələ də yağırdı. Qız, dükanın yağışdan islanmış və palçıqlı qapısı ağzında  dayanıb küçə yuxarı, küçə aşağı baxmağa başladı. Onun yüngül ayaqqabıları qarla dolmuşdu. Fil ona çatmamış qız əllərini ciblərinin dərinliklərinə salıb  başı aşağı tez-tez getməyə başladı. Fil: 
-Xanım, bir dəqiqə səni olar? – deyə harayladı. – Ay canım belə hara tələsirsən? 
Qız təəccüb içərisində ayaq saxladı. Qaşqabaqlı görünürdü:
- Nə olub?
- Mənə bir yaxşılıq edərsən? 
- Mən? Nə üçün məhz mən? 
- Çünki bu səndən asılıdır. Əgər əziyyət olmasa…
- İmkanım xaricində deyilsə, canla-başla…
- Elə isə, bu dolları götür. Götürərsən? 
Qız bir anlığa onu başa düşməyə çalışdı:
- Bu nədir, cənab? Sən onu vicdanla udmusan. Okey! Qoy özündə qalsın. 
Qızın sifəti çox ciddi və restoranda olduğundan xeyli yaşlı görünürdü. Fil:
- Xeyr, - dedi. – vicdanla udmamışam. Al, miss, xahiş edirəm, - o, pulu cibindən çıxartdı və qızın qolundan yapışdı. Qız onu özündən kənar edib qaşlarını çatdı. Oğlan həyəcanlanmışdı:
- Bir bu pula bax. Bayaq atdığımdır. Özü də saxtadır. Görürsən, pulu udmağa zərrəcə imkanın yox idi. Mən səni aldatdım. 
- Bəs indi niyə əl-ayağa düşmüsən? 
- Bilmirəm… sənin kafedən çıxıb getməyinə göz qoyurdum. Ürəyim ağrıdı. Hiss etdim ki, sənin işlərin mənimkindən daha betərdir. Pul sənə daha çox lazımdır.
Fil, pulu götürsün deyə ona yalvar-yaxar edirdi. Çətinə düşmüş, karıxmış qız:
-Mənə bax, - dedi, - əgər aldatmısansa, artıq keçib gedib. Hər halda mən də  gərək  key olmayaydım. Pula baxıb, onun saxta olduğunu görməliydim. Keçənə güzəşt deyərlər. 
- Bilirsən, dollara ehtiyacım vardı. Ancaq  kafeni o şəkildə tərk etməyin özümə qarşı məndə nifrət oyatdı. Yuyulmuş köynəyimi almaq üçün sabah camaşırxanaya gedəcəkdim. Buna görə fikirləşir, kişinin pul bağlısına acgözlüklə baxırdım. Birdən sənin içəri girib ona yiyələnmək istəyin mənə toxundu. Çox götür-qoy etdim. Sonra həmin kələyə əl atdım. 
Qız nəzakətlə qulaq asırdı. Oğlanın etirafı onu doğurdan da çıxılmaz vəziyyətə salmışdı. O, qoluna girmək üçün oğlana imkan verdi. Elə bil çoxdanın tanışı idilər, bütün gecəni birlikdə keçirmişdilər. Aralarında yaş fərqi olsa da, bir-birini yaxşı anlayırdılar. Qız:
- Qulaq as. Dedin ki, camaşırxanadan köynəyini geri götürməlisən? – deyə xəbər aldı. 
- Hə, belə bir şey söylədim. Bu, mənim üçün hər şey deməkdir. 
- Arzuna çata bilərsən. Köynəyinin dalınca get. 
- Yox, daha fikrimdən daşınmışam. Bu dolları gərək alasan. 
Qız sərt: 
-Mənim isə nə təmiz köynək, nə də bu dollar dadıma yetə bilməz...- dedi. Sonra güclə seziləcək təbəssümlə əlavə etdi. 
- Hələlik.
Onun gülüşündən şən, yenilməz əhval-ruhiyyə oxunurdu. Bu dəfə son təhlükəli qərar çıxarıb vüqarla addımladı. Əgər oğlan aldatmasaydı, qız dollara sahib olar, belə xətərli qərara gəlməzdi. 
Fil əsil həqiqəti yalnız indi anladı. Başa düşdü ki, bir dollarla qızın yarası sağalmaz, bu bir  dollar heç vaxt əsil səadəti ona bəxş edə bilməz. Onun həyat tərzini dəyişmək üçün, yer kürəsini sarsıdan böyük çevriliş lazımdır. 
Qız  özü ehtiyac içərisində olsa da, bayaq oğlana kömək etmək barədə düşünürdü. Təmiz köynək, ovcundakı dollar Filin nəzərində boş, mənasız və natəmiz bir şeyə çevrildi. 
Kiçik mehmanxananın işığında küçəyə baxdı. O ya dollardan yaxa qurtarmalı, ya da həmişə əllərini ciblərinə qoyub vüqarla gəzən qız haqqında fikirləşməli idi… 

İngilis dilindən tərcümə edən: Akif ABBASOV

Комментариев нет:

Отправить комментарий