Страницы

09.08.2014

Müsavat Partiyası ilə bağlı siyasi gündəmi silkələyəcək təklif var

Ramiz Tağıyev: "Az qalırlar deyələr ki, 1918-ci ildəki Demokratik Respublikanı da indiki Müsavat qurub"

İstər Azərbaycan əhalisinin sayına, istərsə də zərurətə görə ölkədə həddindən artıq çox partiya var. Onların elə bir ciddi fəaliyyəti də nəzərə çarpmır. Özləri bunu hamıdan gözəl dərk edir. Sadəcə, başqa bir məşğuliyyət yoxdur deyə partiyaların qapısını bağlamırlar. Heç çoxunun qapısı da yoxdur. Bir sədr, bir qovluqdan ibərət olan partiyalarımız əksəriyyəti təşkil edir.
Olmuş bir hadisəni nəql etməklə siyasi partiyaların hansı acınacaqlı vəziyyətdə olması barədə təsəvvür yaratmaq istərdik. Yalnız adı olan partiyalardan birinin rəhbəri orta səviyyəli bir iş adamını öz qarmağına saldıqdan sonra onunla şərt kəsir: "Mən sənin mallarının gömrükdən "şapkasız" keçməsinə şərait yaradacam, sən də mənim partiyama üzv olursan". 
Razılaşma baş tutur. İş adamı partiyanın koordinatlarını istəyir. Sədr başqa bir nömrə olmadığı üçün öz evinin nömrəsini verir.
İş adamı dəqiqləşdirmə aparmaq üçün həmin nömrəyə zəng vurur. Dəstəyi partiya sədrinin həyat yoldaşı qaldırır.
Biznesmen - Filankəs müəllimi olar?
Qadın - Kimdir onu soruşan?
Biznesmen - Partiyasının üzvü.
Qadın - Onun partiyası da var?
Doğrudan da baş vermiş bu hadisəni heç də təsadüfən xatırlatmadıq. Öz ailəsi tərəfindən qəbul olunmayan partiya funksionerləri az deyil.
Digər bir-iki müxalifət partiyası isə böyüklüyü və elektoratı ilə fəxr edir. Əlbəttə, bir az əvvəl misal çəkdiyimiz partiyalardan bunları fərqləndirən bir cəhət də var. Hansısa irsi mənimsəmə. Özünü tarixə imza atmış bir qurumun varisi elan etmə və s. Məsələn, 22 ildir Müsavat Partiyası Məhəmməd Əmin Rəsulzadənin varisi olduğunu iddia etməkdən başqa heç bir nailiyyətə imza ata bilməyib. Nəticə göz qabağındadır. Hər halda, belə məhsuldarlıq əmsalına malik olan partiyanın özünü kiminsə varisi elan etməsi və bütün təbliğatını bunun üzərində qurması elə həmin irsin özünə böyük hörmətsizlikdir. Bunu nəzərə alan bir neçə ziyalı redaksiyamıza müraciət edib. Bildirdiklərinə görə, analoji müraciəti onlar ölkə rəhbərliyinə də göndərməyi planlaşdırır. Ziyalılar bildirir ki, Müsavatı hörmətdən salmaq olmaz: "Tələb edəcəyik ki, bundan sonra müsavatçılıq siyasi təşkilat ənənəsi kimi yox, elmi-tarixi irsin araşdırılma mərkəzi kimi qalsın, öyrənilsin və gələcək nəsillərə ötürülsün. Şanlı tariximizlə siyasi alverə son qoyulmalıdır".
Yəni bu adda bütün siyasi təşkilatlardan imtina edilsin, o sadəcə, ideoloji bir irs kimi yaşadılsın. Təklifə Milli Azadlıq Hərəkatının tanınmış üzvlərindən olan Ramiz Tağıyevin münasibətini öyrəndik. O, qəzetimizə açıqlamasında bildirdi ki, olduqca bəyəniləsi təklifdir və buna dəstək verməyə hazırdır. Müsahibimizin sözlərinə görə, onun özü də bir neçə dəfə belə bir təkliflə çıxış edib":Müsavat xalqımızın tarixidir. Özü də şanlı və öyrəniləsi dövrü. İndi bir partiya ona sahib çıxmaq istəyir. Özü də o partiya ki, yarandığı gündən indiyə kimi bir dənə də olsun uğura imza atmayıb. Biz imkan verə bilmərik ki, bizim qeyrətli oğullarımızın keçdiyi həyat yolu siyasi intriqalar ucbatından ləkələnsin. Az qalırlar deyələr ki, 1918-ci ildəki Demokratik Respublikanı da indiki Müsavat qurub. Bəli, Müsavat sözü bütün partiyaların adından çıxarılmalıdır. Ancaq bu o demək deyil ki, biz Müsavatı yaddan çıxarmalıyıq. Onun tarixi və elmi aspektdən öyrənilməsi bizə daha çox fayda vermiş olar".

M.QƏRİBLİ                    milletim.info    

Комментариев нет:

Отправить комментарий