Страницы

01.09.2014

Akif ABBASOV - DAYANACAQ

Axşamüstü 107 nömrəli avtobus sonuncu dayanacağından tərpəndi. Az keçmiş növbəti dayanacağa çatdı. Sərnişinlərdən düşəni də oldu, minəni də. Lakin maşın tərpənmədi. Sürücü dayanıb gözləyirdi. Bu dayanacaqda minən çox olduğundan sürücünün bu tezliklə tərpənmək fikri yox idi. Sərnişinlər darıxmağa başladılar. Saat altının yarısı idi. Rizvan toya tələsirdi. Bir istədi dillənsin, Hidayət adlı birisi ondan qabağa düşdü. Səsinin gur yerinə salaraq ucadan:
-Qədeş, tərpən də! Nə qədər gözləyəcəyik?! – deyə dilləndi.
Sürücü də öz növbəsində:
-Deyirsən boş gedim?! Axı plan verirəm, - dedi.
Hidayət borclu qalmaq istəməyərək onun cavabını verdi:
-Plan verirsən deyə bizim əsəblərimizlə oynayacaqsan?! Axı bura sənin nə sonuncu dayanacağındır, nə də əvvəlinci dayanacağın ki, durub gözləyirsən. Tələsirik axı.
Sürücü artıq üzə durur, həyasızlıq edirdi:

-Tələsən taksi ilə gedir.
Hidayət cin atına mindi:
-Mənə yol göstərirsən?
Sürücü də özündən çıxmışdı:
-Nə demək istəyirsən?! Nə zaman istəsəm, onda da gedəcəyəm. Bir taksi tut, hara istəyirsən get.
Hidayət:
-Zibilin biri zibil! Mənə deyirsən?! – deyib ayağa qalxdı.
- Lap elə sənə deyirəm.
Sürücü də ayağa qalxmağa başladı.
Rizvan başa düşdü ki, maşın bu tezliklə yola düşməyəcək, hələ bu iki nəfər ayırd etməlidir ki, kim haqlıdır. İndi ara qarışacaq. Bunu görüb maşından düşmək istədi.
Sürücü ayağa durmuşdu. Düşən adamın bayaqdan onu hədələyən şəxs olduğunu güman edib onun qulağının dibinə birini ilişdirdi. Rizvan özünə gəlib nə hadisə baş verdiyini ayırd etməyə çalışırdı ki, yumruğun biri də gəldi. Bu dəfə gözünün altını tutdu.
Hidayət günahsız Rizvanın yumruğa tutulduğunu görüb özünü sürücünün üstünə atdı. Bu heç insafdan deyildi. Rizvan günahsız ola-ola döyülmüşdü. Avtobusda bir vur çatlasın qopdu ki, gəl görəsən.
Rizvan daha dayanmayıb avtobusun salonunu tərk etdi. Ötüb keçənlər dönüb ona baxırdılar. Rizvanın gözünün altı sızıldayırdı. Ara-sıra ağrıyan yeri ovuşdururdu. Bir maşının yanından keçəndə əyilib güzgüsündə özünə baxdı. Gözünün altı qaralmışdı. İndi toya necə getsin? Oturduğu yerdə işə düşmək bu idi.

Комментариев нет:

Отправить комментарий