Страницы

01.09.2014

Narıngül - Sevgiylə qorxunun sərhədində

Qoca sufinin söylədikləri

Mən o gün 
çox böyük bir vara sığındım.
Dünya daş küçəydi
Getdikcə gedirdim.
Mənzil bilinmirdi.
-Var olan, həm də, yox deməkdir
Var sən olan yerdədir- 
Qoca sufi söylədi...

Daş küçə bitmirdi
Mən inad edirdim.
Ağzı dişsiz körpələr
Süd qoxusu verirdi.

Zolaq-zolaq arılar
Güllərin sinəsindən 
Şirəsini çəkirdi.
Alnımdan tər gəlirdi.
- Mən daş kimi varam,
Mən günəş kimi varam!
Ölüm də - qalım da məndədir- deyirdim.
- Intihar edənlər
Arzusundan asılır-
Qoca sufi söylədi...

Getdikcə gedirdim
Daş kimi cansızdım.
Sevmək istəyirdim.
-Sevgi ən böyük maraqdır
Həyəcanın itməsin,
Marağın azalmasın! - 
Qoca sufi söylədi...

Daş küçə bitmirdi
Zaman bilinmirdi.
Bilinmirdi hardaydım.
Həm yoxdum,  həm vardım.
Sarıdimidik sərçələr havanı iyləyirdi
Külək hələ qopmamış
yarpağı yellədirdi.
- Zamanın içində sən varsan.
Özün öz qarşında divarsan- 
Qoca sufi söylədi...
Daş küçə diksindi...
Həyat alnıma dəydi 
Ayıldım.

Gecənin şeiri

Ay üzlü lal gecənin 
Qanadı üstümdədir.
Yenə uzanır zaman
Əqrəblər qəsdimdədir.

Köpüklənmiş dənizi 
Sığallayır ləpələr.
Mürgüləyir daş küçə
Yatır yorulmuş şəhər.

Bir qərib ağacdələn
Ruhumu döyəcləyir.
Mənim ümidlərimi
Göyərçinlər dənləyir.

Sevgi ağacım vardı
Kim qurutdu, kim kəsdi.
Məni xoşbəxt etməyə
İkicə  kəlmə  bəsdi.

Bu gecə barmaqlarım
Sarı simə toxunur.
Uzaqda  bir it hürür
Hardasa quş oxuyur.

Bu qədər dərd çəkməyə
Məndə ürək nə gəzir.
Səpirəm vərəqlərə
Dərdlər şeir cücərdir. 

Ağlamaq ürəyin payız fəslidir

Ağlamaq ürəyin payız fəslidir
Damlalar rəqs edir naxışın altda.
Bir ürək boşalır burda ləngimə,
Gəl tut əllərini yağışın altda.

Dərviş libasında,  köç üstündəyəm.
Ötür yağışlardan, yola sal məni.
Keçir  bir payızlıq durna qatarı...
Həsrətin rəsmidir, çək bu lövhəni.

İkiyə bölündüm, yarımcan oldum.
Dua tək pıçılda son vidanı da.
Dünyanın ən gözəl sevəni mənəm
Dünyanın ən gözəl unudanı da. 

Sevgiylə qorxunun sərhədindəyəm
Hansının gülləsi tez dəyər mənə? 
Tanrım, kömək elə sən verən ömrü
Şinel əvəzinə geyim əynimə...

Bu yay başqa bir yaydır

Bu yay başqa bir yaydı
Bir gör uzanır necə 
Əlini uzat göyə 
Ay doğacaq indicə.

Özü boyda atəşdir
Fəsillərin od payı.
Hər gecə yuxu görür
Şəhər, dəniz, qağayı...

Şəhər ayaq üstədir
Yatmayır gecə boyu
Qucağında dənizi
Qoynu izdiham dolu

İstidən  şövqə gəlib
Cırcırama oxuyur.
Mənim qəlbim gizlicə
Yenə həsrət toxuyur.

Qarpız kəsək, fal açaq
Bu yayın öz bəxti var
Ərköyündür, şıltaqdır
Hələ bir az vaxtı var

Bu yay başqa bir yaydır
Belə də yay olarmı?
Qəlbimdəki ağrını
Yükləsəm apararmı?..

Комментариев нет:

Отправить комментарий