Страницы

07.10.2014

Saxta dərmanlar bazara necə yol açır?

Saxta dərmanlardan istifadə fərqli xəstəliklərlə yanaşı insanın ölümünə də gətirib çıxarır

Çox zaman insanlar dərmanların təsirsizliyindən və ya əks təsirlərinin güclü olduğundan şikayətlənirlər. Mütəmadi dərman istifadə edənlər bunu bədənin dərmana öyrənməsi və müqavimətin artması ilə izah edirlər, amma bəlkə istifadə etdikləri dərmanın saxta olub-olmaması ilə heç maraqlanmırlar da... 
Mütəxəssislərə görə, hər il dünyada 700 milyon insan saxta dərman istifadə edir. Araşdırmalar zamanı saxta dərmanların tərkibində siçan zəhəri belə aşkar olunub. 
Saxta dərman - saf olmayan, əskik və ya səhv aktiv maddə məzmununa sahib olan dərmanalara deyilir. Saxta dərman istehsalı ilə məşğul olmaq istehlakçını aldatmaqla xəstələrin həyatını təhlükə qarşısında qoyduğu üçün cinayət tərkiblidir. 
Son illərdə bütün dünyada saxta dərman istehsalında böyük artım müşahidə edilir. Saxta dərmanların istehsalı ilə məşğul olanların dərman paketlərinin sürətini eyni ilə çıxara bilən yeni mexanizmlərdən istifadə etməsi insanların həyatının təhlükədə olması riskini bir qədər də artırır.
Çünki sürəti çıxarılan dərman paketləri orijinal paketlərlə eyni olduğundan, orijinal dərmanı saxtadan ayırmaq çox çətin və hətta bəzən mümkünsüz olur. Mütəxəssis olmasınız belə, saxta dərmanları orijinalından fərqləndirə bilmək üçün bir az diqqətli olmaq yetərlidir. Əczaçı Nigar Süleymanovanın sözlərinə görə, bəzi saxta dərmanlar yaxşı qablaşdırılmır, paketlərin üzərində imla və ya hərf səhvləri diqqəti çəkir. "Dərmanların qutuları üzərində olan möhür keyfiyyətsizdirsə, paketin üzərindəki rənglər solubsa və ya lazım olan ton və ya rəngdə deyilsə, deməli, dərman saxtadır. Bəzi dərmanların isə həblərində dəyişiklik, lazım olandan fərqli rəng və keyfiyyətsizlik onların saxta olduğunu müəyyən edir. Bəzi nümunələrdə isə pis görünüş və ölçü fərqliliyi müəyyən edilir". 
Müsahibimizə görə, alıcı çalışmalıdır ki, bütün dərmanları dövlət qeydiyyatında olan aptek və xəstəxanalardan əldə etsin. "İnternet məkanında satılan dərmanların 99 faizi saxta dərmanlardır. Çalışmaq lazımdır ki, dərman alveri ilə məşğul olan saytlardan dərman alınmasın. Dərmanın saxta olduğu barədə kiçik bir şübhəniz olarsa, Səhiyyə Nazirliyinə müraciət etməlisiniz. Bununla yanaşı yaxın bildiyiniz mütəxəssislə məsləhətləşib dərmanın orijinal istehsalı ilə məşğul olan firma ilə əlaqə yaratmaq olar". 
N.Süleymanova bildirir ki, saxtaçılıq ciddi ictimai və iqtisadi nəticələr doğurur. Ən əhəmiyyətli nəticəsi isə xəstələrin etibarlı və təsirli məhsula çata bilməməsi və ciddi həyati risklə qarşı-qarşıya qalmasıdır. "Saxta dərmanların istifadəsi fərqli xəstəliklərə gətirib çıxarmaqla yanaşı ölümlə nəticələnə biləcək qədər ciddi fəsadlar yaradır. Bəzi saxta dərmanların tərkibinə toksik maddələr belə qatılır. Bu toksik maddələri dərman istehsalçıları dərmanlardakı dadı təqlid edərək orjinala bənzətmək üçün vururlar". 
Beynəlxalq Səhiyyə Təşkilatının hesablamasına görə, saxta dərmanlar bir çox ölüm və xəstəliyə səbəb olub. Saxta maddələr və əskik müalicə, gözlənilməz advers reaksiyalardan toksitit və ya anaflaksiya halı ilə fərdlərə zərər verə bilər. "Təsəvvür edin, xərçəng üçün şişi aradan qaldırmağa kömək edən dərman almısınız, özü də baha qiymətə. Amma dərman saxta olduğu üçün heç bir təsir etmir, xəstəlik inkişafına davam edir. Və ya aldığınız antibiotik yoluxucu xəstəliyi sağaltmır, xəstəlik yayılmağa davam edir. Bildiyiniz kimi, peyvəndlər insanları müəyyən xəstəliklərdən qorumaq üçün vurulur. Sizə saxta peyvənd vurulubsa, istənilən zaman xəstəliyə tutula bilərsiniz. Uyğun olmayan müalicə və ya saxta dərman istifadəsi xəstəliyin artan səviyyədə bulaşmasına, antibiotik müqavimətinin inkişafına səbəb ola bilər ki, bu, cəmiyyəti sağlamlıq baxımından təhlükə altına alır". 
Həmsöhbətimizin dediyinə görə, dünyada bütün dərmanların 6 faizi saxtadır. Amerikada qızdırma salandan xərçəng əleyhinə olan dərmanlara qədər hamısının saxtası istehsal edilir. Bəzi ölkələrdə dərman bazarının 50 faizini saxta dərmanlar təşkil edir. Bu, özünü əsasən inkişaf etməkdə olan ölkələrdə göstərir. Bu nisbət Afrika qitəsində 80 faizə bərabərdir. Dünya dərman bazarında yüksək satışa malik dərmanların saxtaları istehsal edilir. Məsələn, Afrikada malyariya dərmanlarının çoxunun saxtası istehsal edilib. 
Əgər aldığınız dərman ucuz satılırsa, buna diqqət etmək vacibdir. Saxta dərmanlar orijinaldan qat-qat ucuz satılır. "Dərmanın üzərində çıxarılmış və dəyişdirilmiş məhsul etiketinə dair işarələr olub-olmadığına baxın. Saxta məhsul istehsalçıları orijinal etiketi çıxarıb bunu saxta etiketlə əvəz edə bilirlər. Saxta dərmanların etiketinin kənarlarında rənglər solmuş və ya pozulmuş ola bilər. Son istifadə tarixinin dəyişdirilmiş olub-olmadığına baxın. Saxta dərman istehsalçıları "istifadə müddəti bitən" dərmanları alıb etiketlərini dəyişdirirlər. Məhsul qabında dəyişikliklər axtarın (daha əvvəldən satın alınan məhsullarla müqayisə edin)". 
Dərman alarkən qablarda, kağız toxuması, etiketlərin ölçü və qalınlığı, ayrıca kağızın parlaqlığı və ya cilasında fərqlilik olub-olmadığına fikir vermək lazımdır. Əczaçı yazı xarakteri və ölçü, yazının rəngi və ya qabartmalı yazı və s. bu kimi fərqliliklərə baxmağı məsləhət görür. Dediyinə görə, mümkün olduğu qədər qabın qapaqları və səthindəki bütün yazıları əvvəlllər alınmış məhsulla müqayisə edin. Holoqram və ya rənglər arası fərqlər kimi ictimai təhlükəsizlik xüsusiyyətlərinə, möhürə və ya möhürdə qırılma və ya cırılma olub-olmadığına baxın. "Qutunun ölçülərinə, uzunluğu, diametri və şəklindəki fərqliliklərə baxın. Şüşə ağzı və ya qapaqların diametrlərində dəyişiklik olub-olmadığını araşdırın. Şüşə və ya plastik qabların qalınlığındakı dəyişiklik və qab rəng tonlarında dəyişiklik olub-olmadığına nəzarət edin. Məhsulun fiziki xüsusiyyətlərini müqayisə edin. Rəng, həb və ya kapsula işarələrini, dərmanın şəkli və qalınlığını araşdırın. Böyük dəyişikliklərin olub-olmadığını görmək üçün məhsulu çəkə bilərsiniz".
Amerikalı araşdırmaçı alim Culian Harisə görə, hər il 700 min qızdırma və vərəm xəstəsi saxta dərman səbəbilə həyatını itirir. Saxta dərman bazara 3 yolla girir. Birincisi, internetlə satışdır. Daha çox cinsi gücü artırıcı, saç tökülməsini önləyici, arıqlama dərmanları, saxta vitaminlər internet saytlarında ucuz qiymətə satılır. Kredit kartı ilə pulunu alan fırıldaqçılar saxta dərmanı yüklə göndərir. Bəzi saxta dərmanlar isə səyyar satıcılar vasitəsilə bazara təqdim edilir. Bunlarla yanaşı, digər saxtaçılıq üsulu isə əcza anbarı və əczaxanadan satışdır. Qabı, qutusu və içindəki məhsulu ilə orijinalına çox bənzəyən saxta dərmanlar, bəzi əcza anbarları yoluyla satılır. Ayrıca son istifadə etmə tarixi keçən dərmanlar da saxta qutularla dəyişdirilərək ya da orijinal qutudakı istifadə tarixi yenilənərək xəstələrə verilir.
Mütəxəssislər fırıldaqçılara aldanmamaq üçün internet saytlarından və səyyar satıcılardan dərman almamağı məsləhət görürlər. 

İradə CƏLİL               ekspress.az

Комментариев нет:

Отправить комментарий