Страницы

04.11.2014

Ah, Bakı... Bakı...

Bakı unikal şəhərdir. Onda hər şey var... Mistika da!  Mən mistikaya inanıram, Bakının sehrli bir şəhər olduğuna da...  Bakı özündə o qədər sirləri gizlədir ki... nəinki yaşını, heç yaranma tarixini də bilən yoxdur.  Ancaq dünyada qədim şəhərlər var ki, salındığı il də bilinir, kimlərin yaratdığı da...  Bakının adı da indiyədək maraq obyektidir: tədqiq olunur, mübahisə və müzakirələr doğurur...  Sirrini vermir bu şəhər! Çünki o, Allahın şəhəridir!
***
Allahın çoxsaylı adları kimi Bakının da adı bir deyil, iki deyil... Hərçənd “Bakı” sözünün özü də Allahın 99 mübarək adından 96-cısı (əl-Baki) sayılır... Bu, Bakının Islam mənbələrində çəkilən adıdır.
Lakin istər ərəb, istərsə də qədim türk, fars və hind dillərində olsun, “Bakı” sözünün mənası bir-birinə yaxındır: ərəbcə “sonsuz” və “əbədi”, türkcə “toxunulmaz” və “müqəddəs”, farsca və sanskritcə isə “Allah” deməkdir. 
Adının mənası kimi, tarixi də “sonsuz”dur, “toxunulmaz”dır! Çünki o, Allahın yaratdığı şəhərdir!
***
Sara Aşurbəyli “Bakı şəhərinin tarixi”ndə yazır ki, şəhərin adına ilk dəfə V-VIII əsr mənbələrində - Baqavan, Atli (Atşi) Baqavan və Atşi (Atəşi) Baquan kimi rast gəlinir.
“Baqavan” toponimi Hind-Avropa dillərinin bir çoxunda “Günəş” - “Allah” mənalarını bildirən “baqa” kökündəndir.  Avesta və qədim Iran dillərində də “baqa” “Allah” deməkdir. “Baqa” sözünə “Böyük Ilahə”, “Allah” mənalarında qədim türk dillərində də rast gəlinir.
Bakışünas alim yazır ki, “Baqavan” toponimi - “baqa”, yaxud “baq” söz kökündən və “van” şəkilçisindən ibarətdir. “Van” şəkilçisi isə “şəhər” və ya “yer” mənasını bildirir ki, bu halda da “Baqavan” - “Allah şəhəri”, yaxud “Allah yeri” kimi yozulur.
Qeyd etdik ki, “baqa” sözü həm də “Günəş” (od, alov, atəş) mənasını bildirir. Deməli, “Baqavan” toponimi həm də “Günəş (atəş) şəhəri”, yaxud “Günəş (atəş) yeri” deməkdir. Lakin burada “Günəş” dedikdə, yenə də “Allah” nəzərdə tutulur; yəni atəşpərəstlərin allah hesab etdiyi günəş - atəş...
Adını çəkdiyimiz mənbədə də göstərilir ki, “atəş” sözünün təhrif olunmuş şəkli olan Atş - “od”, Atşi-Baquan isə “Baquanın odları” deməkdir.
Bir sözlə, Bakıda çox qədimlərdə torpaqdan çıxan neft-qaz öz-özünə alışıb yandığı üçün odu baş ilahi qüvvə hesab edən atəşpərəstlər də Bakını atəşə sitayiş yerinə çevirmiş, bu ərazini müqəddəs yer, Allahın şəhəri bilmişlər.
***
Lakin bu o demək deyil ki, Bakının tarixi V əsrdən başlayır... Bəs, indiki Bakının yaxınlığında mövcud olmuş, sonra itmiş Səba şəhəri necə olsun?! Onun ki tarixi heç bilinmir?!
Səba şəhəri haqqında da yalnız mülahizələr var. Fərziyyəyə görə, Səba şəhərini vaxtilə Cənubi Ərəbistanda yaşamış atəşpərəst Səba xalqı salıb. Deməli, Səba şəhəri də Bakı kimi atəşpərəstlərin şəhəri olub. Belə demək mümkünsə, Bakı Səba şəhərinin varisidir... Tarixdən məlumdur ki, Səba xalqı hələ eramızdan əvvəl VIII əsrdə indiki Yəmən ərazisində Səba dövlətini qurub. Bu dövlət eramızın IV əsrində müharibələr nəticəsində süqut edib.
“Quran”da isə Səba xalqının Günəşə sitayiş etdiyi üçün cəzalandırıldığı, bu dövlətin Arim seli nəticəsində məhv edildiyi bildirilir.
Belə bir nəticəyə gəlmək olar ki, Səba dövlətinin süqutundan sonra pərən-pərən düşən atəşpərəst səbalıların bir qismi “Günəş (atəş) yeri”nə - odlu-alovlu Abşeron torpaqlarına, indiki Bakının ətrafına üz tutur və burada Səba şəhərini qururlar.
***
Lakin maraqlıdır ki, səbalıların taleyi burda da qırılır... Səba şəhəri bu dəfə Xəzərin səthinin yüksəlməsi səbəbindən (çox ehtimal ki, tektonik zəlzələ nəticəsində) sulara qərq olur... Kim bilir, bəlkə, onları yenidən Allah cəzalandırır? Ancaq onu da ehtimal etmək olar ki, səbalıların yerdə qalan qismi bu dəfə indiki Bakıya üz tutur, burada məskunlaşır, digər etnik toplumlarla qaynayıb-qarışaraq öz mövcudluqlarını itirirlər...
Səba dövlətinin eramızın IV əsrində süqutunu, Bakının adının isə ilk dəfə eramızın V əsrindən başlayaraq çəkildiyini nəzərə alsaq, onda Səba şəhərinin bu dövrlər arasında mövcud olduğunu düşünə bilərik...
Onu da nəzərə alaq ki, eramızın II-VI əsrlərində Xəzər dənizinin hazırkı sahili Nargin (Böyük Zirə) və Vulf (Daş Zirə) adalarından xeyli uzaqda olub. VI əsrdən başlayaraq Xəzərin səviyyəsi artıb və Qız qalasınadək olan bütün körfəz su altında qalıb (Q.Ilkin. “Bakı və bakılılar”).
Dedik ki, Bakını Səba şəhərinin varisi saymaq olar. Bəs, bugünkü Bakıda Səbadan qalma bir nişan varmı?
Bakının rayonlarından birinin Səbail adını daşıması “Səba” toponimi ilə bağlıdır. Görünür, Səbail rayonunun yaxınlığında, Xəzərin sahilindəki adada XIII əsrin əvvəllərində inşa edilən, 70 il sonra isə su altında qalan “Səbail qəsri” də Səba şəhərinin xatirəsinə belə adlandırılıb...
Bir sözlə, xalq arasında Səba unudulmayıb. Deməli, səbalılar bugünkü Bakı ərazisində yaşamışlar ki, toponimikada da iz qoya bilmişlər. O da maraqlıdır ki, “Səba” toponimi ilə bağlı ifadələrə bu gün dünyada yalnız Bakı şəhərində təsadüf edilir.
Bir qədər də irəli getsək, düşünə bilərik ki, qədim Bakını ya səbalılar salmış, ya da onun inkişaf etdirilməsində böyük rol oynamışlar. Bu baxımdan, tarixi mənbələrdə Bakının “baqan” tayfasının salması ehtimalı da diqqət çəkir.
Qeyd etdiyimiz kimi, “baqa” (yaxud “baq”) sözü həm də “Günəş” (atəş) deməkdir; “an” isə orta Iran dillərində cəm şəkilçisidir. Deməli, “baqan” sözü “atəşpərəstlər” mənasını verə bilər (S.Aşurbəyli. “Bakı şəhərinin tarixi”). Səbalıların da atəşpərəst olduğu məlumdur...
***
Bəs, Bakıda birbaşa Səba şəhərindən qalma tikili-abidə yoxmu?
Bu gün Qız qalası kimi tanıdığımız və nəinki Azərbaycanda, heç dünyada da bənzəri olmayan sirli bir abidəni Səba şəhərinin yadigarı hesab edə bilərikmi?!
Bu barədə və ümumiyyətlə, Bakının tarixi ilə bağlı çox maraqlı mülahizələrə Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan paytaxtı” adlı məqaləsində də rast gəlinir.
Məqalədə Qız qalasının memarlıq tərzi və görünüşü ilə islamiyyətdən əvvələ - “Yunani-qədim və Venedik dövrləri”nə aid olduğu yazılır. Həmçinin Bakı bulvarında XX əsrin əvvəllərində “dəniz hamamı”nın tikintisi zamanı su altında qala divarlarına bənzər hasar qalıqlarının göründüyü və bunların Qız qalasına doğru uzandığı haqda məlumat verilir.
Bütün bunlar şübhəsiz ki, itmiş Səba şəhərinin Qədim Yunanıstan və Venediklə əlaqələrinə işarədir; o cümlədən, Qız qalasının Səba şəhəri ilə əlaqəli bir tikili olduğunu da düşünməyə sövq edir.
Təsadüfi deyil ki, Bakının özü kimi, Qız qalasının da adı və yaranma tarixi mübahisəlidir. Azərbaycanın möhtəşəmliyinə, qədimliyinə qısqanc yanaşan rus-sovet tarixçiləri indiyədək Qız qalasını XII əsrə aid etməklə, Bakının da yaşını azaltmağa cəhd göstəriblər.
Bu gün isə Qız qalasını antik dövrə aid edən mütəxəssislərin mülahizələri üstünlük daşıyır. Eləcə də bu abidənin atəşpərəstlik məbədi kimi tikilməsi fikirləri daha cəlbedici görünür.
***
Düşünürəm ki, Qız qalası Səba şəhərindən qalma tikili və ya atəşpərəst səbalıların məbədi ola bilər.
Axı, tarixi mənbələrdə deyildiyi kimi, Səba dövləti (Cənubi Ərəbistan) qədim sivilizasiyalardan biri olmuş, səbalılar iqtisadi və mədəni üstünlüklər, o cümlədən, inşaat sahəsində texniki nailiyyətlər əldə etmişlər.
Qız qalası kimi möhtəşəm bir abidənin də bu sivilizasiyanın töhfəsi olduğunu güman edirəm. Hərçənd, bu mistik abidənin daha qədim zamanlara (Şumer və Zərdüşt dövrlərinə) aid olması iddiaları da nəzərə alınmalıdır. 

Lakin nə olursa olsun Qız qalasının atəşgah kimi inşa edildiyi məndə şübhə doğurmur. Axı, Qız qalasının “buta” formasında tikilməsi də ipucu verir?! Buta - odun rəmzidir. “Buta” sanskrit dilində (bute-puta-buta) “od” demək deyilmi?
Düzdür, Qız qalası kənardan və yuxarıdan baxdıqda “9" və ya ”6" şəklində tikilməsi effektini də verir ki, bu da “Bakı” sözünün Allahın 99 adından 96-cısı olması fikri ilə əsaslandırılır... Lakin Qız qalasının Islam memarlığının nümunəsi olmadığı zahirən də görünür. Üstəlik, Qız qalasının təsadüfi bir tikili, yaxud qədim Bakıda yeganə atəşgah olmadığı da nəzərə alınmalıdır.
S.Aşurbəylinin istinad etdiyimiz əsərində ehtimal olunur ki, qədimdə Bakı yaxınlığındakı Bibiheybət yüksəkliyində sonralar, islamiyyət dövründə, pirə çevrilmiş atəşpərəstlik məbədi olmuşdur. Lakin nəinki “Bibiheybət” ziyarətgahı, hətta Içərişəhərdəki “Cümə” məscidinin də qədim atəşpərəstlik məbədinin yerində tikilməsi məlumdur.
***
Bura qədər nə yazdıq, nə düşündüksə, bütün hallarda Bakının müqəddəs bir şəhər, məbəd-şəhər olduğuna eyham vurduq. Əsas məqsəd də budur; diqqəti Bakının önəminə çəkmək, ictimai fikri onun mühafizəsinə, qayğısına, tarixinin öyrənilməsinə cəlb etməkdir.
M.Ə.Rəsulzadənin “Azərbaycan paytaxtı” məqaləsində də məqsəd Bakını tanıtmaq, onun tarixi barədə bilgi vermək olub. Özü bu barədə qeyd edir ki, dövrünün mətbuatında Bakıya aid bir şey görmədiyi üçün şəhərin tarixi barədə yazmaq qərarına gəlib.
“Azərbaycan paytaxtı” məqaləsində fikrimi daha çox cəlb edən də bu oldu: ustad yazır ki, Bakının bugünkü zairləri (ziyarətçiləri) əski atəşpərəstlər kimi din hissiyatı və ruh ehtiyaclarını deyil, maddi həvəslərini təmin etmək, artıq tamahlarını doyurmaq üçün gəlirlər. Buradakı sərvəti kəndi kəşanələrinə axıtmaq istəyirlər. Bu müasir zairlər tarixin hekayələrini oxuyarkən hind zairlərinin gəlib burada müqəddəs atəşlərə ibadət etməkdən başqa bir fayda gözləmədiklərini heyrətlə tələqqi edər, o nur və hərarət sərgərdanlarını qətiyyən anlamazlar. Çünki onlar “eşqi” şamın başına fırlanıb da özünü yandıran və yanarkən səs çıxarmayan “pərvanə”dən deyil, çəmənlikləri, çiçəklikləri birər-birər gəzib də güllərdən şirə çəkən “arı”lardan öyrənmişlər...
Lap bu günümüz üçün yazılıb! Ustad onu da əlavə edir ki, Bakının indiki ziyarətçiləri lazım gəlsə, palçığa girər, hisə bulaşar, mazuta batar, ancaq atəşə sitayiş etməzlər. Çünki onlar üçün sitayiş edilən şey qaz, neft deyil, bunlardan gələn gəlirlərdir! 
Əlbəttə, bu fikirləri günümüzdə təkcə dünyanın dörd tərəfindən neft və qaz milyonları üçün Bakıya axışan əcnəbilərə deyil, daha çox yerli qəsbkarlara aid etmək olar. O qüvvələr ki, son 20 ildə Bakının sərvətini talan etdikcə, sümürdükcə doymaq bilmir ki bilmir, gözləri hər şeydə qalır...
Belələri Bakını məbəd sayarmı? Bakının müqəddəsliyinə etiqad edərmi? 
Həqiqətən də qədim zamanlarda Bakıya axışan atəşpərəstlər şəhəri qənimət bilməyib, ona zərər yetirməyiblər. Indiki “atəşpərəstlər” isə o qədər qudurmuş ki, elə bil nefti-qazı Allah yox, bunlar yaradıb və sanki Bakının da yaradıcısı bu ünsürlərdir... Onların Bakıda tikib-qurduqları dəbdəbə də şəhərə xidmətin yox, talançılığın görsənişidir... Bakını “Nyu-Yorka” çevirmək, Xəzərində “Dubay” salmaq da tərəqqinin yox, görməmişliyin əlamətidir... 
***
Ancaq günümüzdə tək Bakının sərvətini tar-mar edən heyvani bir təbəqə deyil, özünü ədəbi-ictimai mühitin siması sayan, lakin ədəbdən uzaq olan intellektual kəsim də var ki, bu şəhərlə ədavət aparır, qəlblərində bəslədikləri kin-küdurəti ara-sıra üzə çıxarırlar...
Bakı mühitini “qısır”, Bakı mədəniyyətini “kütlə mədəniyyəti”, bakılıları isə “elmdən-maarifdən uzaq” adlandıran belələri ya Bakıdan xəbərsizdirlər, ya da özlərini xəbərsiz kimi göstərirlər...
Bəlkə də Bakını dərindən tanımamaq, onun ruhunu duymamaqdandır ki, məbəd hesab etdiyimiz bu şəhər hətta yeni ədəbiyyat nümunələrində “fahişələr fahişəsi” kimi “tərif” olunur?! Hansı ki yüz il öncə “Bakı” kəlməsi hər bir azərbaycanlının “bismilə”si kimi dəyərləndirilib; Bakı azərbaycanlılara “bir əməl kəbəsi və həyat məscidi” olub.
Bu gün Bakının köhnə və tarixi məhəllələrini abad etmək əvəzinə, yerli-dibli dağıtmaq, sakinlərini didərgin salmaq da bu şəhərə yad və məkrli münasibətin nəticəsidir... Bütün Azərbaycanı zəbt edən bir tayfa (yaxud tayfalar birliyi) özünü ölkənin “yeni azərbaycanlı”sı hesab etdiyi kimi, paytaxtda da “yeni bakılı” kimi önə çıxmaq istəyir. Bu üzdən yerlərdə ona qarşı duracaq, rəqib olacaq köklü bir toplumu sıxışdırır, aradan çıxarır...
Lakin bu iddiaya düşənlər Bakıda 20 il yox, 100 il də hökm sürsələr “bakılı” ola bilməyəcəklər... Çünki Bakının ruhu onların saxta qəlblərini qidalandırmaz, onları özünə yaxın buraxmaz. Əsil bakılı olmaq üçün həm də həqiqi bir vətənpərvər - azərbaycanlı, azərbaycançı olmaq gərəkir.
***
Bakının adlarından biri də elə Şimal küləklərilə bağlı olan “Badkubə”dir. Fars dilində “bad” - külək, “kubə” - döymək, vurmaq deməkdir: yəni, “külək döyən (vuran) yer”. Lakin bu cür yozum xalq etimologiyası olub, “Bakı” sözünün qədim yazılış şəklini təhrif edir (S.Aşurbəyli, “Bakı şəhərinin tarixi”).
Göründüyü kimi, Bakının adı bir deyil, iki deyil... Islam mənbələrində hətta on ikinci imam Hz.Mehdinin (Sahibi-Zaman) özəl adlarından birinin də məhz Hz.Bakıyyətullah olduğu söylənilir. Həmin imam ki, şiə inancına görə, bir gün zühur edib dünyada ədalət və nizamı əbədi olaraq bərqərar edəcək... Mən Bakının sehrinə inanıram! Axı, onun adının ən qədim mənalarından biri də “həqiqətə doğru” anlamını ifadə edir...
Inanıram ki, haqq-ədalət bütün dünyaya məhz Bakıdan - Azərbaycandan yayılacaq! Adı müqəddəs Bakı ilə bağlı olan ilahi qüvvə Azərbaycanda zalımların hakimiyyətinə son qoyacaq! Bu gün Bakının neft və qazının başına “pərvanə” kimi dolaşanlar, elə neftin və qazın oduna yanıb külə dönəcəklər!
Bu həqiqətən də dünyada zülmün birdəfəlik sonu, ilahi ədalətin bərqərarı olacaq! 
Mən mistikaya inanıram!

Şövkət Məmməd                 azadliq.info    

Комментариев нет:

Отправить комментарий