Страницы

19.11.2014

Prokurorluğun ən önəmli isimlərindən biri getdi

Bu günlərdə tanınmış prokuror, sayılıb-seçilən peşəkar hüquqşünas, axırıncı iş yeri Bakı şəhər prokurorluğu olan, yaxın dostum Mobil İsmayılovun öz raportu əsasında prokurorluq orqanlarından getməsi xəbərini eşitdim. Bu məlumat şübhəsiz ki, ovqatıma çox pis təsir etdi. Çox təəssüfləndim... 
Şərəfli, ibrətamiz həyat yolu keçən, ləyaqət və fədakarlıq nümunəsi olan, öz peşəsinin vurğunu, dövlətçiliyə sədaqətli, sözün əsl mənasında müdrik şəxsiyyət Mobil İsmayılov görəsən niyə bu addımı atıb? Bu sualın cavabını çözələyə-çözələyə xəyalım yaxın keçmişə getdi...
...Onu 2001-ci ildən tanıyıram. Yenicə Şirvan şəhərinə (o vaxtlar Əli Bayramlı adlanırdı) prokuror təyin olunmuşdu. Xidməti fəaliyyətimlə əlaqədar tez-tez həmin şəhərə getməli olurdum.
Bu dəfə də növbəti səfərimdə konkret cinayət işi ilə bağlı şəhər prokuroru ilə görüşdüm. Birinci görüşümüz idi. Şəhər prokuroru çox nurlu insan idi. İlk baxışdan  adamı özünə çəkirdi. Mobil İsmayılovla tanışlığımız belə oldu. O, məndə çox yüksək təəssürat yaratdı. Şirvan şəhərinə yolum düşən kimi hökmən prokuror Mobil İsmayılovla görüşürdüm. Bizim münasibətlərimiz səmimi bir şəkil aldığından arabir telefon danışıqlarımız da olurdu. Mən Mobil İsmayılovun timsalında savadlı hüquqşünas, nadir, bütöv bir şəxsiyyət, çox dəyərli bir insana rast gəlmişdim. Geniş ürək sahibi olan Mobil İsmayılov sözün əsl mənasında daxili zənginliyi ilə insanları məftun edirdi. Öz savadına, yüksək intellekt səviyyəsinə, insanlarla münasibətlərinə, ümumiyyətlə kişi xüsusiyyətlərinə görə onun Şirvan şəhərində müstəsna hörməti var idi. Mobil İsmayılov Şirvanda 8 il işlədi. 
2009-cu ilin aprelində Mobil İsmayılov Cəlilabad rayonuna prokuror təyin olunanda mənim sevincimin həddi-hüdudu yox idi. Axı, Mobil İsmayılov mənim yaşadığım və işlədiyim rayona təyin olunmuşdu. Zəngin həyat təcrübəsi, şəxsiyyəti qısa müddət ərzində yeni məkanda əhali arasında böyük hörmət qazanmasına səbəb oldu. Yüksək mədəniyyəti, insani keyfiyyətləri adamlarda xoş təəssürat yaradırdı. Qısa bir dövr ərzində hüquq-mühafizə orqanlarının kollektivləri arasında müstəsna hörmət qazanmağa nail oldu. Dərhal ictimai rəy belə formalaşdı: “Rayona qeyri-adi istedada, xarakterə, müqayisəedilməz mədəniyyətə malik, sadə, təvazökar prokuror təyin olunub. Çox savadlı, əsl ziyalı, prokuror vəzifəsi də öz yerində. Ən əsası odur ki, halal, mərd adamdır. Haqqı-nahaqqa vermir, ədalətlidir”.
Cəlilabad rayonunda işlədiyi 5 il müddətində Mobil İsmayılov həmişə ağa-ağ, qaraya isə qara dedi. Iclaslarda, tədbirlərdə kiməsə xoş gəlsin  deyə, layiq olmayanı heç vaxt tərifləməzdi, düz olmayanı alqışlamazdı. Heç vaxt təriflə tənqidin yerini dəyişik salmadı. İşlədiyi müddətdə heç vaxt vicdanı əleyhinə getmədi. Nəinki tanıyanlar, hətta haqqında eşidənlər də, Mobil İsmayılova məhz bu kişi xüsusiyyətlərinə görə hədsiz hörmət və ehtiramla yanaşırdılar.  
İllər sürətlə ötüb keçdi. 5 il tamam oldu. Mobil İsmayılov rayonda prokurorluq fəaliyyətini başa vurdu. Özümü güclə ələ alıb onunla xudafizləşməyə getdim. Rayon prokurorluğunun binasında və həyətində təsəvvürə gəlməyən möhtəşəm bir növbə var idi. Böyük nüfuz sahibi ilə görüşüb xudafizləşmə iki gün davam etdi. Belə heyrətamiz, mənalı anlar çox az adama qismət ola bilər. Belə kövrək anların dəyəri heç nə ilə ölçülə bilməz. Amma bu nemət Mobil İsmayılova qismət oldu...
...Yenə qayıdıram yazımın əvvəlinə. Axı, görəsən niyə Mobil İsmayılov vaxtından əvvəl öz ərizəsi ilə prokurorluq orqanlarından getdi? Onunla hələ görüşməmişəm. Ancaq xəbər mənə çatan kimi dərhal telefon əlaqəsi yaratdım. Sualımın cavabı çox qısa oldu: “Hər halda belə qərar qəbul etdim. Düşünürəm ki, mövqeyim düzgündür. Yəqin ki, bu  da mənim tale yazımdır. Axı, hər birimiz öz taleyimizi yaşayırıq”. 
Onun cavabı da səmimi idi. Axı, Mobil İsmayılov həmişə öz səmimiyyəti ilə başqalarından fərqlənirdi. Bir sifəti vardı: üzdə necə idisə, arxada da elə idi. Haqsız hərəkətlərə ən azı etirazını bildirməyi bacarırdı.  
Mobil İsmayılov Cəlilabad rayonunda özünə böyük abidə ucaldıb getdi. O, prokuror işlədiyi müddətdə əslində insanlıq borcunu yerinə yetirdi. Bu gözəl, xeyirxah, dəyərli insanı təkcə Cəlilabadda deyil, respublikamızda yaxşı tanıyırlar. Dünyada təmiz adamlar var. Təəccüblü də olsa, Mobil müəllim də belələrindən idi. Ona görə “təəccüblü” deyirəm ki, Mobil İsmayılov prokuror vəzifəsini tuturdu. Amma o, öz vəzifəsindən heç zaman sui-istifadə etməzdi, heç vaxt heç kimə yaltaqlanmazdı və heç kimin də arxacınca  danışmazdı. Onunla ünsiyyətdə olanlar Mobil müəllimi belə tanıyırdılar. 
Mobil İsmayılovun həyat fəlsəfəsi mənəviyyatla yaşamaqdır. Ümummilli Liderimiz Heydər Əliyevin dediyi kimi, insan mənəviyyat üçün yaşamalıdır. Mənəviyyatını qoruyan, yaşadan insan əbədi olacaqdır. 
Mobil müəllimin tərcümeyi-halında bənzərsiz səhifələr vardır. Mən cəsarətlə deyə bilərəm ki, o, prokurorluğun tarixinə öz adını qızıl hərflərlə yazıb getdi.  Ancaq gərək getməyəydi. Respublika prokurorluğunun yüksək kürsüsündə əyləşənlər onunla xudafizləşməyə gərək tələsməyəydilər. Mobil İsmayılov kimi təmiz və vicdanlı, təcrübəli kadrlara respublikamızın böyük ehtiyacı var. Mobil müəllim kimi adamları camaat da qiymətləndirir, Ulu Yaradan da dəyərləndirir. Belə xeyirxah,  dəyərli insanları Ulu Yaradan həmişə qoruyur. Çünki Mobil İsmayılovun yolu Allah-Təala tərəfindən buyrulan bir yoldur. Belə yolu tutub gedən insanlar heç vaxt darda qala bilməzlər.
Ulu yaradan sənə şərəfli həyat bəxş edib, Mobil müəllim! Bundan sonra da sənin mükafatını Ulu Tanrı özü verəcək, Mobil İsmayılov!

Ağakişi Nağıyev,
Azərbaycan  Vəkillər kollegiyasının üzvü ,   
yazıçı-publisist

Комментариев нет:

Отправить комментарий