Страницы

25.12.2014

Əfrahim Huseynli - YÜKSƏLƏ-YÜKSƏLƏ

BAHARA, PAYIZA BAŞIM QARIŞDI...

Vaxtsız-vədəsiz düşən yarpaq tək
Daha gözlərimdən düşdü bu ömür.
Ayların, illərin günahlarını
Zamanı çatıbdı, indi yu, ömür!

Bahara, payıza başım qarışdı,
Beləcə yadıma qış düşmədi heç.
Göylər bulud-bulud gözünü sıxdı,
Günlərin gözündən yaş çıxmadı heç.

Hər günün gəlişi buz-qar gətirir,
Qurulub önümdə qışın kəməndi.
Günü günə satdım, dedim hələ var,-
Bacar, bu kəməndə düşmə gəl indi.


Yalançı gümanın məngənəsində
Uçdu, viran oldu ciğır, yol-bərə.
Bəlkə də baş əymək vaxtı çatıbdır
Qismətə, taleyə yazılan əmrə.

Bir ömür yuxumu gözümdən çəkən
Bu zalım qələm də əlimə yatmır.
Nə vaxtsa, yazdığım şeirlərimin
Bircə misrası da dilimə yatmır.

Məndən soruşurlar, o, kimdi belə,
Doğmadı şeirinin hər bir sətrinə?
Deyimmi, yalandı, nağıllar kimi
Özümdən uydurdum sevgi xətrinə?

YÜKSƏLƏ-YÜKSƏLƏ

Bəzən dərdi-səri unuduruq biz,
Üz tutub gedirik üzü yuxarı.
Bizə qənim olur əməlləriumiz,
Yağdırır yollara əməllərimiz.

Boyumuz uzanır, əlimizsə yox,-
Yaxınlar, doğmalar uzaqda qalır.
Bilmirik...dünyanın intizarı çox,
Analar, bacılar soraqda qalır.

Bir az sözümüzə yiyə durmuruq,
Sözümüzə qarşı söz deyən olmur.
Yüksələ-yüksələ başımız göyə,
Çox şeyi görməyə gözümüz olmur.

Yuxarı qalxmağın yıxılmağı var,
Yıxılan təzədən yerinə düşməz.
Yüksəkdə ürəyin sıxılmağı var,-
Torpaq sevməyənin əlinə düşməz.

Göyün də, Yerin də yerini bilsək,
Ayağımız altdan qaçmaz bu torpaq.
Yüksəyə qalxanlar yerini bilsə,
Gümana əlini açmaz bu torpaq.

Yüksələ-yüksələ gərək biləsən,
Acı ola bilər yuxarı dadı.
Yüksələ-yüksələ görə biləsən,
Tanrı bəndələri aşağıdadı.

Комментариев нет:

Отправить комментарий