Страницы

13.12.2014

Antiqlobalist mübarizə tarixindən: ŞEYX HÜSEYN LƏNKƏRANİ TEHRANİ

Şeyx Hüseyn Lənkərani: “İngilislər bəşərin düşmənləridir”

 Ayətullah Hacı Şeyx Hüseyn Lənkərani Tehrani adlı-sanlı fəqih, yorulmaz mübariz və son yüz illikdə din uğrunda mübarizə aparan alimlərdən biri olub. O, 1891-ci ildə elmli və inqilabçı ailədə, Tehranda dünyaya göz açır, təhsilini başa vurduqdan sonra Tehranda sakin olur. Çox cəsur və ayıq olduğuna görə ölkədə baş verən siyasi böhranlarda (dini alimlərlə şah üsul-idarəsi arasındakı çəkişmədə) yaxından iştirak etməyi özünə vacib bilir. Öz ata-babaları son yüz ildən bəri siyasi və dini mübarizə səhnələrindən kənarda durmayıb əsas rəhbərliyi öhdələrinə götürdüyü kimi, o da siyasi səhnədən kənarda durmayıb hərəkata qoşulur və mühüm işlərdə yaxından iştirak edir. Onlardan bəzilərini qeyd edirik.
 1919-cu ildə şah hökumətinin xaincəsinə bağladığı rüsvayçı müqaviləyə qarşı Ayətullah Seyyid Həsən Müdərrisdən əvvəl bu əmələ qarşı mübarizəyə başlayır. O, Tehranın imam-cüməsindən (Ayətullah Xoyi) istəyir ki, Tehranın “Türklər” məscidini bu müqavilə ilə müxalif olanların ixtiyarına versin. Çünki bu yolla inqilabçı qüvvələr özləri üçün möhkəm dayaq nöqtəsi tapıb bu məsələ ətrafında müzakirələr apara bilərlər. Bundan əlavə Şeyx Hüseyn Lənkərani Seyyid Həsən Müdərrisdən xahiş edir ki, bu müqavilə ilə müxalifət edənlərin rəhbərliyini ona tapşırsınlar. 1922-ci ildə şah hökumətinin rüsvayçı müqaviləsinə etiraz olaraq kiçik elanlar yazmaqla, ingilislərin İrana ayaq açmasını ifşa edir. Bu elanlarda “İngilislər bəşərin düşmənləridir” cümlələri çap olunub camaata paylanır. Bu kiçik elanlar ingilislərin İranda yeritmək istədiyi siyasətə ciddi surətdə mane olur və onların bütün təbliğatlarının təsirdən düşməsinə gətirib çıxarır.
 1923-cü ildə Rzaxandan ölkədə cümhuriyyət elan olunması tələbi ilə Mərhum Lənkərani Ayətullah Şəhid Müdərrislə çiyin-çiyinə mübarizəyə başlayır. 1919-cu il müqaviləsi onların hökümətə göstərdiyi təzyiqlər nəticəsində ləğv edildikdən sonra Şeyx “Tarix mühakimə edir: İngilis-İran, London-Tehran” başlıqlı elanlar yazıb paylayaraq İngiltərənin İranda yeritmək istədiyi məkrli siyasəti və İran xalqına bu işdən dəyəcək xəsarət və ziyanlar haqqında söhbət açır, bütün bunların əsl səbəbkarının Rzaxan olmasını vurğulayır. Bir il sonra 1924-cü ildə şiə alimlərinin, fəqih və müctehidlərin İraqdan çıxarılmasına etiraz olaraq Şeyx Hüseyn Lənkərani bu əmələ qarşı müxalif olanlarla birlikdə Tehranın Soltan məscidinə yığışırlar və kiçik nəşriyyə çap etməyi qərara alırlar. Bunun üçün kiçik həcmli qəzetlər nəşr edib bu məsələ barəsində öz fikirlərini xalqa çatdırırlar. Qəzetin yeddinci nömrəsi çap olduqdan sonra Hüseyn Lənkərani bu işin məsuliyyətini öz üzərinə götürür və bundan sonra həmin qəzet “İslam birliyi” adı ilə çap olunur. Bu nəşriyyənin çapı 12-ci nömrəsinə qədər davam edir. Nəhayət 1924-cü ildə mərhum Lənkərani şah rejimi tərəfindən həbs edilir. Bununla da bu qəzetin nəşri dayanır.
 1303-cü ildən (hicri şəmsi) şah rejiminə qarşı açıq-aşkar mübarizə apardığı və ingilislərlə barışmaz müxalifətdə olması ilə təqsirləndirilərək həbs olunduqdan sonra Məşhəd şəhərinə sürgün olunur. Rzaxan onun camaat içində olan böyük nüfuzundan qorxduğu üçün yolda gizlin edam olunması hökmünü verir. Amma mərhum Lənkərani möcüzəli surətdə bu hökmdən xəbərdar olur və Rzaxana şiddətli bir məktub yazır. Məhz bu məktubdan sonra Rzaxan onun ölüm hökmünü ləğv edir. Sürgündən qayıdandan sonra rejim məmurları onu ciddi nəzarət altında saxlayırlar, beləliklə onun adı ölkənin nəzarət altında saxlanan siyasi şəxsiyyətləri sırasına düşür.
 Lənkərani sürgündən öz ata-baba evinə (Tehranın Səngələc məhəlləsi) qayıtdğı zaman xalq sel kimi onun yanına axışır. Bu haqda “No-bahar” qəzeti bir səhifədə onu qarşılayanların şəklini vermiş və yazmışdı ki, böyük bir siyasi şəxsiyyəti qarşılamaq üçün Tehranda son əsrdə heç vaxt bu qədər əhali yığılmayıb.
 İranın on dördüncü parlament seçkilərində Lənkərani Ərdəbil əhalisi tərəfindən nümayəndə seçilir. Məclisdə İngilis tərəfdarları onunla ciddi şəkildə qarşı-qarşıya dururdular. Mühüm işlərdə məclis iştirakçılarının təfəkkürü Lənkəraninin ciddi və azadlıqsevər bəyanatları ilə işıqlanırdı. O dövrdə amerikalı Doktor Milispur idarələrin birində yüksək vəzifədə işləyir və xalqın malını mənimsəməklə məşğul olurdu. Şeyx Lənkərani bu işdən xəbərdar olduqdan sonra məclisdə ona qarşı şiddətlə çıxış etməyə başlayır (Hadisə 1944-cü ildə baş vermişdi.) Alimin sözləri o qədər təsir qoyur ki, hələ sözləri sona çatmamış xəbər verilir ki, Doktor Milispur öz vəzifəsindən istefa verib.
 Alimin İmam Xomeyni ilə ilk tanışlığına gəldikdə qeyd etməliyik ki, İmam Xomeyni “İkrari hezar risalə” kitabını rədd etmək üçün “Kəşful-əsrar” kitabını yazdığını eşidəndə onunla tanış olur (bu kitabda İmam Xomeyni bəzi siyasətbazların dini etiqadlar haqqında təhqiramiz sözlərinə cavab vermişdi) və onunla dostluğu da məhz bu günlərdən başlanır. Ömrünün axırına qədər İmam Xomeyni ilə dostluğunu davam etdirir. İslam İnqilabı başlanmasından sonra İmam Xomeyni yayda, dərslər tətil olarkən Lənkəraninin evinə gəlir, bağda oturub söhbət edirdilər. Bu dostluq 1963-cü ildə özünün ən yüksək mərhələsinə çatır.
 Lənkərani 1342-ci il 15 xordad hadisəsindən əvvəl Tehranda şah rejiminə qarşı mübarizə aparanların başçılarından idi. Onun evi inqilabçıların və azadlıq sevənlərin yığışan yeri idi. Elə bu səbəbə görə də o günlərdə həbs olunur. Zindanda böyük şəxsiyyətlərlə (Şəhid Mütəhhəri və s.) birlikdə olur. Şah rejiminin Milli Təhlükəsizlik (SAVAK) naziri 15 xordad hadisələri barədə şaha bu cür məlumat verir: “Bizə dəqiq mə`lumat verilib ki, müxaliflər çox vaxt Ayətullah Lənkəraninin evinə yığışırlar. Amma işi elə gizli aparırlar ki, əlimizdə heç bir sənəd yoxdur”.
 İmam Xomeyninin Türkiyə və İraqa sürgün edilməsindən sonra Şeyx Lənkərani əvvəllərdə olduğu kimi inqilabçıların başında və hələ də pəhləvi rejimini qəzəbləndirən şəxsiyyətlərdən idi. 1970-ci ildə Ali Məclisdə şahın göstərişi ilə bir nəfər Şeyx Lənkəranini təhqir edir. İslam İnqilabının qələbəsindən sonra yaşının 90, bədəninin zəif və xəstə olmasına baxmayaraq, İnqilab rəhbərini və islam cumhuriyyətini yorulmadan müdafiə edirdi. O, İmam Xomeyniyə son dərəcə məhəbbət bəsləyirdi. İmam Xomeyninin vəfat xəbəri ona çatanda hönkür-hönkür ağlayaraq demişdir: “Mən də tezliklə gedəcəyəm”. İmamdan beş gün sonra (1989-cu il) o da canını tapşırır. Onu Tehranda Şah Əbdül-Əzim hərəmində dəfn etmişlər.

Mənbə: Faiq Vəli oğlu

Комментариев нет:

Отправить комментарий