Страницы

19.01.2015

Əfrahim Hüseynli - Yaxamı əzaba tanıtdım belə

ÖLMƏYƏ DƏ VAXT QALMADI...

Tanrının verdiyi ömrü
adamlar bölə bilirmiş.-
bir dəfə dünyaya gələn
neçə yol ölə bilirmiş?!

daşı da əridi yolun,
buz-qarı əriməz qalıb.
bu bəxti yazan deyəsən,
daş, qarı dəyişik salıb.

axı mən sənə demədim,
yuxarı başa keç belə.
sonra nə qədər əzab var,-
daşı, çiynimə şələlə.


yollar uzandı... uzandı...
çatmadı mən deyən yerə.
bu qış da qarı ələdi,
düşmədi gündöyən yerə.

sulardan keçdim şah kimi,
sellər yudu,- taxt qalmadı.
bölünə-bölünə ömür,
ölməyə də vaxt qalmadı.

yazan da belə yazıbmış,-
daşı, bu yükü, ha daşı...
yol uzaq, mənsə nabələd,-
naşı! bu yükü ha daşı...

KÖRPÜLƏR UÇURAN SEL OLACAQMIŞ

Nə bilim, bu yollar qaya, dağ, dolay,-
Bir yalan olacaq o hay, o haray.-
Zülümlə, əzabla qurulan saray
Günlərin birində kül olacaqmış.

Bir güman gətirdi gör məni hara?-
Üz tutdum, büründü Göy buludlara.
Dedim ki, ərisin, yad olaq qara,-
Körpülər uçuran sel olacaqmış.

Harda məskən saldı güman gizlicə,-
Bu ömrü ömürdən mən sayım necə?
Gözümün önündə uzanan gecə
Özümdən xəbərsiz il olacaqmış.

Yaxamı əzaba tanıtdım belə...
Bu giley-güzar nə?.. sən bilə-bilə.
Bir ömür yaşadım mən bölə-bölə,
Eh, mənə kim dedi, böl... olacaqmış.

Bil, olub-olanı uzaqdan uzaq,
Günlər də, aylar da olsun üzüağ!
Ağac budaq-budaq, kol budaq-budaq
Yollara uzanan əl olacaqmış.

BİLƏN YOXMU

Biri gözü yaşlı,ürək,
Birisində daşdı ürək.
Bilən yoxmu öldürəcək
Axırda Allah adamı?

Gündüzü günəşdən uzaq,
Gecəsi axtarır çıraq.
Ağı qara, qarası ağ...
Unutdum Allah adımı!

Ğözlədilər, gəlmədik heç,
Əridilər, bilmədik heç.
Olsa, bəlkə ölmərik heç
Beş-altı allah adamı.

Комментариев нет:

Отправить комментарий