Страницы

19.01.2015

SÖZ MƏSULİYYƏTİ

 Şirin Xanım Kərimbəyli Şadiman

Dünən 11.01.2015-ci il, Fransanın paytaxtında Parisdə, bütün Avropanın, bəlkə də  bütün dünyanın  nümayəndələri yığışıb  və “Charlie Hebdo” satirik jurnalının müsəlman terrorçular tərəfindən öldürülmüş işçilərinin faciəsinə etiraz etmək üçün yürüş təşkil etdilər. Öldürülənlər tək Allaha inansaydılar mən onlara  Allah rəhmət etsin deyərdim, ancaq bu sözlər ölənlərə düşmür, çünki onlarda nə Allaha, nə də onun timsalında heç bir dinə  inam yox idi. Onlarda inam olsaydı 1,5 milyard müsəlmanın iman gətirdiyi Məhəmməd (ə.s.h.) peyğəmbəri təhqir etməzdilər. 
Bir çox ölkələrin başçıları bu yürüşə qatılıb, yüz minlərlə insanlar dünya cəmiyyətini inandırmağa çalışırlar ki, ödürülənlər öz həyatını söz azadlığına görə qurban veriblər. Qərb demokratiyasının yüksəlişi naminə bu yolda özlərini həlak ediblər. Bəs bu jurnalistlər müsəlman peyğəmbərini təhqir edəndə bilmirdilər ki, onların düşüncəsinin məhsulu nə nəticə verə bilər?
Nə ilə qurtara bilər? Çox güman ki, onlara terrorçulardan xəbərdarlıqlar da gəlirdi. Mən müsəlman olduğuma görə bu mövzunu qələmə almadım, ümumiyyətlə hər dinə hörmətlə yanaşmaq, sayğı göstərmək lazımdır. Anlamaq lazımdır ki, hər dinin arxasında milyonlarla insanlar dayanır, elə adamlar da var ki, təhqirə dözə bilmir. Olan oldu, nəticə nədir?... 
Hələ Fransanın “ Charlie Hebdo” jurnalının vəkili Rişar Malka tutduqları yoldan dönməyəcəklərini bəyan edib: “Təbii ki, biz geri çəkilməyəcəyik, yoxsa bütün bunların heç bir mənası olmayacaq. “Je suis Charlie” (“Mən Şarliyəm” sloqanı ruhun xüsusi halını, Allah və dini məsxərəyə qoymaq hüququnun olmasını göstərir. “ Je suis Hebdo” sizin dini tənqid edə bilmək hüququnuzun olduğunu və əslində bunda qeyri-adi  heç nəyin olmadığını diqqətə çatdırır. Yəhudini iudaist, xristianı xristian, ya da müsəlmanı müsəlman olduğuna görə tənqid etmək doğru deyil, amma xristianlıq, islam və iudaizm haqda ən iyrənc şeyləri demək olar və biz bunu edirik.” 
İndiki baş verən hadisələr adama 30-40-ci illərin abı-havasını xatırladır, o vaxt yəhudilərə qarşı mübarizə gedirdi, indi isə müsəlmanlara qarşı. Adama elə gəlir ki, böyük dövlətlər artıq sakit yaşamaqdan beziblər, onlar yeni dünya müharibəsinə rəvac verməyə başlayıblar. Əgər belə olmasaydı 1988-ci ildən  bu günə qədər davam  edən torpaqlarımızın haqsız işğalına yox deyərdilər, ayrı-ayrı yerlərdə müharibə ocaqlarını qızışdırmazdılar. 
Bütün dünyada islamafobiya baş qaldırıb, müsəlmanları vəhşi, barbar sayırlar. Mənə təəccüblü gəlməz ki, sabah xristian ölkələrdə adamları müsəlman olduqları üçün öldürəcəklər. Əgər jurnalistlər bunu istəyirdilərsə, artıq bu nəticəyə gəliblər. Bu onların canları bahasına başa gəlib, amma onların fəaliyyəti söz azadlığı mübarizəsi yox, adi bir provokasiyadır.
Dünya böhran içindədir, iş yerləri azalır, maaşlar azalır, afrikalılar yeməyə qida tapmır. Yer kürəsində insanların sayı həddindən artıq çoxalıb, kimdir təqsirkar - çoxalan müsəlmanlar?! Qırın onları sizə müsəlmanlarsız yaxşı, rahat həyat olacaq. Fikirimcə, provokasiyanın nəticəsi  bu ola bilər. Yoxsa sakit həyat yaşayırdı ərəb ölkələri, indi nə olub? İraq, Suriya, Liviya, Fələstin, Əfqanıstan…ən nahayət ölkəmiz Azərbaycan, bu qanlar bitmir ki, bitmir. Bu ölkələrin havadarları hansı baharı gətirib insanlara? Ölüm, qırğın qan, qaçqın, köçkün…Budur bu gün müsəlman insanının bəxtinə düşən həyat! İŞİD hardan peyda olub? Kim onlara silah verir? Bizim müqəddəs kitab olan Quranın hansı hissəsində yazılıb ki, günahsız insanların qanı axıdılsın, mülki əhali qırılsın, hardan qaynaqlanır bütün bunlar? Görürsünüz nə qədər suallar yaranır, dünya dövlətlərinin möhtərəm, hörmətli başçıları!
Deməli, fikirləşiblər ki, “Söz azadlığı” lazımdır, bunların söz azadlığına baxın…əgər dini təhqir etmək qırğınlara aparırsa, ey sözü beynində qaynadıb qələmə alanlar, ona hüdudlar qoymaq lazımdır. Bu heç də demokratiyanın boğulması demək deyil, hər şeyin bir əndazəsi, ölçüsü olmalıdır. O da ola ki, sən milyonlarla insanın dini inancını təhqir edəsən, onun peyğəmbərinə ağlasığmaz hədyanlar edəsən və adını da qoyasan “Söz azadlığı”... 
«Mən belə istəyirəm» azadlıq deyil, o anarxiyadır, insanı məhvə aparan həyat tərzidir, başa bəlalar gətirən yaşayış prinsipidir.
Xristian dünyada elə din xadimləri var ki, başa düşürlər, bu yol bəşəriyyəti hara aparır? Onlar bu cür dırnaqarası qəhrəmanlara qarşı çıxır. Hayıf ki, bu gün onların sayı azdır, Allah elə eləsin ki, sabah onların sayı çoxalsın. Hansısa bir ağıllı adamın fikiridir: “Allah olmasaydı onu icad etmək lazım idi”, çünki Allahsız dünya harmonyasız qalar və məhvə gedər. Siz bir yaddınıza salın SSRİ-ni, 70 ildən artıq davam gətirmədi, çökdü…Bütün bu yuxarda yazdıqlarıma rəğmən mən heç də terroru törədənlərə haqq qazandırmıram, sadəcə demək istəyirəm ki, heç nə elə belə baş vermir, yer də tərpənib minlərlə insanı qıranda, bilin ki, yeraltı qatlarda yığılan qazlar buna səbəb olur…
Şübhəsiz ki, bütün terror təşkilatlar yer üzündən silinməlidir, əgər bunu böyük dövlətlər istəyirsə…hər insan həyatı müqəddəsdir, elə bizim peyğəmbərimiz bir insanın öldürülməsi bütün bəşərin öldürməsi kimi başa düşülməlidir deyib. Heç kimə icazə verilmir ki, bir başqasının həyatına son qoysun. Amma dinləri təhqir etmək, onları gülüş obyektinə çevirmək yol verilməzdir. Kim sənə məcbur edir ki, hansısa dinə inan, inanmırsan inanma, amma başqalarının hisiyyatına xələl gətirəcək inanclara da pis gözlə baxma! Bu heç də nə yüksək səviyyədən, nə də yüksək savaddan xəbər verir. Məncə hər ölkədə dinləri mühafizə edən qanunlar olmalıdır və dövlət başçıları fikirləşməlidirlər ki, provakatordan qəhrəman çıxmaz. Belə qəhrəmanlar nəinki özlərini, hətta bütün dünyanı ağlasığmaz faciələrə gətirib çıxararlar. Bəsdirin, insanların min ilə gedib çıxan inancına pis gözlə baxmayın. Gəlin bir-birimizin həyatını zəhərə döndərməyək, bizim başqa bir planetə gedəsi yerimiz yoxdur, hamımız yer kürəsinin övladlarıyıq, dinindən, dilindən, irqindən aslı olmayaraq gəlin bir-birimizə mərifətlə yanaşaq. 
Bu gün  yayılan xəbərlərdən eşitdim ki, Fransanın “ Charlie Hebdo” jurnalı Peyğəmbərlə bağlı şəkilləri təkrar çap edib, özü də jurnaldan yaxşı qazanc götürməyə başlayıblar, bu xeyirin axırı nə ilə bitəcək? Bunu yəqin ki, qələm qəhrəmanları bizlərdən daha yaxşı anlamalıdırlar... 
Ey Allaha inanan və inanmayanlar, hamımız bir ömür yaşayırıq, qısa bir ömür, vücudumuz da elədir ki, çox vaxt bu olanlara dözmür, gəlin bir-biri ilə insani münasibətlərdə bulunaq, gəlin can deyib, can eşidək.

Комментариев нет:

Отправить комментарий