Страницы

20.02.2015

Akif ABBASOV - VALİDEYNİN ƏN BÖYÜK ARZUSU: OĞUL EVLƏNDİRMƏK, QIZ KÖÇÜRMƏK

(“Acı xatirələr” romanından)

Məsmə arvadın iki qızı və Siracəddin adlı bir oğlu vardı. Siracəddin boylu-buxunlu, qaraşın bənizli, kişi sifətində bir gənc idi. Kişi sifətində ona görə deyirəm ki, indi bəzi gənclərdə qadına xas əlamətlər formalaşır. Uşaqlıqda belələrinə “qız bibi”, “ana uşağı” deyirlər. Siracəddində kişi xasiyyəti vardı. Qiymətləndirməyi də, vurulmağı da, sevməyi də, özünü sevdiyi adama həsr etməyi də, qısqanmağı da bacarırdı.
Siracəddin Müjkanı yas yerinə gələndə təsadüfən görmüşdü. Onlar qonşu olsalar da, Siracəddin qızla birinci dəfə idi ki, rastlaşırdı. əvvəllər onu görməmişdi və görə də bilməzdi. Onların uşaqlığı bir yerdə keçməmişdi. Siracəddingil bir neçə il idi ki, indi yaşadıqları mənzili almış və buraya köçmüşdülər. Onda da Müjkan artıq ailə qurub ata evindən getmiş,   məlum hadisələrdən sonra isə Moskvaya yola düşmüşdü. 

Qardaşı Raufun yasında əl-ayaqda işləyən, bacardığı qədər öz köməyini göstərən Müjkan təsadüfən Siracəddinlə üzbəüz gəlmiş, ikisi də  çaşqın nəzərlərlə bir-birinə baxaraq, sonra lal-dinməz aralanmışlar. Onda Siracəddin yas yerinə dostu  İbrahimlə gəlmişdi. İbrahim dostunun qızı görərək tutulduğunu anlayanda, onu dümsükləyərək, özünə gətirmiş:
-Raufun bacısıdır, - demişdir.
Siracəddin Raufun adını eşidən kimi, tez özünü ələ almış, özünü qınamış, qəbahətə yol verdiyini düşünərək, pərt olmuş, Raufun ruhu qarşısında baş əyərək, iti addımlarla qurulmuş çadıra girmişdi. Sinəsi dağlı Həmzə kişi başda oturmuşdu. Siracəddin ataya başsağlığı verərək, stol arxasına keçmiş, Rauf kimi Vətən övladının bacısı ilə bağlı  keçirdiyi hisslərə görə hətta xəcalət çəkmişdi. Amma insanlar nə düşünürlərsə - düşünsünlər, hisslər hissliyində qalır, büruzə verilməsə də, sənin rahatlığını əlindən alır. Bu, səndən asılı deyil. 
Yaşının üstünə xeyli yaş gəlsə də, Siracəddin evlənmək barədə düşünmür, anasının sözlərini zarafata, qəribçiliyə  salaraq, ona dəqiq bir söz demirdı. İllər isə ötürdü. Amma sən saydığını say, gör fələk nə sayır? İndi onun qarşısına Müjkan çıxmışdı. Onu varından yox edirdi. Hələ indiyə qədər heç kim Siracəddinin qəlbinə yol tapa bilməmişdi. Bəs bu qüvvə nə idi, Siracəddini varından yox edirdi?! 
Bu dəfə Məsmə arvad sarı simə toxunanda Siracəddin dilə gəldi:
-Ana, daha səni incitmək fikrim yoxdur. Mən razı.
Məsmə arvad onun sözlərini eşidib çaşdı, bilmədi ki, o nəyə “razı” deyir. Elə bildi ki, onun dediyini oğlu başa düşməyib.
Anasının  dinməzcə dayanıb baxdığını görüb:
- Deyirəm ki, mən razı.
Məsmə arvad hələ də  qulaqlarına inanmayıb, səssiz-səmirsiz baxırdı. Bunu görən Siracəddin dilləndi:
-Ana, evlənirəm.
Məsmə arvad sevindiyindən bilmədi ki, nə etsin. Çaşqınlığı bir az da artdı. Siracəddin aydınlıq gətirdi:
-Evlənirəm, anacan. Niyə dinmirsən, niyə xeyir-dua vermirsən? İstədiyin bu deyildimi? Niyə çaşıb qalmısan?
Məsmə arvad sevindiyindən az qala qol götürüb oynayacaqdı. Amma hələ də elə bilirdi ki, qulaqları nəsə onu aldadır.  
-Çox yaxşı, a bala, məni kimin qapısına göndərirsən?
Siracəddin anasını qucaqlayaraq və çəkəcəyi adın anasını çox məmnun edəcəyini düşünərək:
-Bir elə uzağa getməyəcəksən. Gəlin iki addımlıqdadır.
Məsmə arvad yan-yörəsinə baxdı. Götür-qoy elədi. Tanıdığı ərlik qızları bir-bir xəyalından keçirdi. Fəqət bir  ağlına kimsə gəlmədi. Çiyinlərini çəkdi.
Siracəddin anasını çox da intizarda saxlamadı:
-Qonşunun qızı Müjkanı al mənimçin, - dedi..
Bu sözlər ağzından çıxmamış Siracəddin gördü ki, anasının əhvalı qarışdı, dili topuq çaldı:
-Kimi dedin, ay oğul?
-Həmzə kişinin qızı Müjkanla ailə qurmaq istəyirəm.
Bunu eşitcək Məsmə arvad tir-tap yerə sərildi. Siracəddin tez anasına sarı qaçdı. Onun başını qolları arasına aldı. Bacısı Sərvinazı çağırıb su qalınca göndərdi. Sərvinaz birinci dəfə idi ki, anasını bu vəziyyətdə görürdü. İstədi ayaq saxlasın. Siracəddin ucadan səsləndi:
-Dedim ki, su gətir, görürsən ki, halı özündə deyil.
Sərvinaz qaçaraq getdi. Az sonra fincan dolu su ilə qayıtdı. Məsmə arvad ayağa qalxdı:
-Oğlum, bu fikrindən vaz keç.
Siracəddin təəccüb içərisində:
-Nə üçün, anacan? – deyə xəbər aldı. – Yoxsa əxlaqına sözün var?
-Yox, oğlum, əxlaqına sözüm yoxdur. Yəqin bilmirsən, mən də onu sənə almaq istəyirdim. Elə bildim, subay, bakirə qızdır. Amma məlum oldu ki, ərdə olub, ərindən ayrılıb, yanı balalıdır. El-oba nə deyər?
Siracəddin fikrə getdi. Müjkanın ərdə olmasından, bir qızının da olmasından onun xəbəri yox idi. Odur ki, dinmədi. Ana-balanın söhbəti beləcə yarımçıq qaldı.

Комментариев нет:

Отправить комментарий