Страницы

13.03.2015

Patrik Bükenen - Kim Allahın tərəfindədir?

Krımın Rusiyaya birləşməsinə həsr edilmiş çıxışında Rusiya prezidenti Vladimir Putin dünya mediasının heç vaxt işıqlandırmadığı məqamlara toxunmuşdu. V.Putin tarixdə baş verən və xatırlanmağa dəyər hadisələrdən danışmışdı. Rusiya lideri Krım torpaqlarında rus qanının axdığını döyüşləri xüsusi ilə vurğulamışdı.
V.Putinə görə, Krım, şahzadə Vladimirin xaç suyuna salındığı qədim Xersonesin yerləşdiyi yerdir. Məhz, Vladimirin provaslavlığı qəbul etməklə böyük mənəvi və ruhi qəhrəmanlığı Rus mədəniyyətinin və sivilizasiyasının inkişafını müəyyən etmişdi. Bu hadisə eyni zamanda Ukrayna, Belarusiya və Rusiya xalqlarını birləşdirən insani dəyərləri də bütünlüklə özündə ehtiva edirdi. KGB-in keçmiş rəhbəri V.Putin dekabr ayında Federal Assambleya qarşısındakı çıxışı zamanı da bu sözlərinə davam edərək Rusiyanın çürüməkdə olan Qərb inancına qarşı müqavimət göstərdiyini elan etdi.
“Biz nə qədər avro-atlantik dövlətin Qərb sivilizasiyasının əsasını qoyan Xristian dəyərləri də daxil olmaqla öz köklərini necə rədd edərək “inkişaf etdiyini” görürük. Mənəvi başlanğıclar və ənənəvi kimliklər rədd edilir. Milli, mədəni, dini və hətta seksual identiklər belə. Bu siyasət böyük ailə ilə eynicinsli nigahı, Allaha inam ilə Şeytana inamı eyni səviyyəyə qoyur. Bu deqradasiyaya gedən yoldur. Və nə baş verir? Bu yeni bir dinlər müharibəsidir. Rusiya Allahın tərəfində, Qərb isə Gomorranın (Sodom və Qomorra – səmavi dinlərdə tövbə edilməyən günahın sinonimi, dindən sapma kimi bilinən əxlaqsızlıq və homoseksuallıq üçün istifadə edilən metaforalardır”) tərəfindədir.” – deyə V.Putin bəyan etmişdi.
V.Putin Krımı Ukraynaya verənləri günahlandıraraq “Qoy onları Allah mühakimə etsin” – dedi.
Rusiya lideri ABŞ-ın rəhbərlik etdiyi əxlaqsız Qərb və Rusiyanın liderlik etdiyi tradisionalist (ənənəvi) dünya arasında gedən yeni ideoloji müharibədən danışır, bu ənənəvi dünyaya Moskvanın rəhbərliyindən qürur duyduğunu söyləyirdi.
Onu “KGB canisi”, “Rusiyanı idarə edən yalançı, qatil” olduğunu iddia edənlər və Krımın Rusiyanı seçməsini “Hitlerin Avstriya anşlüssü” ilə müqayisə edənlər oldu.
Ancaq Prezident Putin nə etdiyini və nə dediyini çox gözəl bilirdi. Onun yeni ideyasının müqəddəs kökləri var. Amerikalı keşmiş kommunist Vitteyker Çembers 1964-cü ildə sirli şəkildə ölümündən əvvəl “Üçüncü Roma” haqqında kitab yazmağa başlamışdı. Bütün xristianlıq üçün müqəddəs şəhər ilk Roma idi. 476-cı ildə ilk alman barbar kralı Odoakar bu şəhərə - ilk Romaya son qoydu. İkinci Roma isə, 1453-cü ildə türklər tərəfindən işğal edilən Konstantinopol idi. Bütün xristian inanclıların şüurunda üçüncü Roma, sonuncu Roma məhz Moskva şəhəridir. Putin Moskvaya Müqəddəs Şəhər rolu verib. O, Moskvanı neopaqanizm və paqanizmə (bütpərəstlik) qarşı mərkəzə çevirib. Bu gün, Rusiya bayrağı güclü şəkildə ənənəvi xristianlıq tərəfində dalğalanır. “Bu gün Moskva Allah şəhəri və yeni paqanizmə qarşı əks-reformasiyanın komandanlıq postudur” – deyə V.Putin bəyan etdi.
O, Amerikanın dünya hegemonluğu üçün arroqant niyyətlərini rədd edərək apardığı mübarizə ilə ənənəvi dünyanın hörmət edilən liderinə çevrilib.
V.Putin, Qərbdən gələn hedonistik (hedonizm – həzzçilik, hər şeydən həzz almaq istəyi) dünyəvi və sosial inqilabın çirkli axınına müqavimət göstərən və çirk axınının dünyamiqyaslı rəddini təşviq edən möhtərəm lider hesab edilir. Rusiya lideri bəşəriyyətin gələcəyi üçün bu dinlər müharibəsində Rusiya bayrağını ənənəvi xristianlıq tərəfində möhkəm şəkildə dikib.
Əslində V.Putinin dedikləri 1995-ci ildə elan edilən Papa Jan Pol çox səs-küylü, məşhur Evangelium Vitae (İncilin həyatı) adlı çıxışını xatırladırdı. Papa, Qərbi mənəvi cinayətlər işləməkdə, insan həyatının bütövlüyünü rədd etməkdə, zəifləri xor görməkdə ittiham edir və Qərbin “ölüm mədəniyyəti” yaşadığını vurğulayırdı.
Ata Jan Pol mənəvi cinayətlər və ölüm mədəniyyəti dedikdə nə demək istəyirdi? Papa Qərbin seksual inqilab və ruhən kirlənmə qarşısında boyun əydiyini, düşüncəsiz şəkildə baş alıb gedən əxlaqsızlıq, azğın xəfifməşrəblik (qarşısına çıxanla yatmaq, cinsi əlaqəyə girmək), asan boşanma, pornoqrafiya, homoseksuallıq, feminizm, abortlar, eynicinslilərin nigahı və evtanaziyaya təslim olduğunu və Xristian dəyərlərinin Hollivud “dəyərləri” ilə əvəzləndiyini bəyan edirdi.
Vaşinqton Post qəzetinin analitiki Anna Epplbaum qeyd edirdi: “Tiblisidə olarkən keçmiş qərbyönlü Saakaşvili rejiminin LGBT (lesbian, gey, biseksual və transgender)–lərdən ibarət olduğunun bir gürcü vəkili tərəfindən elan edilməsini duyanda dəhşətlər içində qalmışdım. Bu açıq gözlə hər kəsin görməli olduğu bir an idi.”
Bu gün Qərbin elan etdiyi müharibə roketlərlə edilmir. Bu müharibə mədəni, sosial və mənəvi bir savaşdır. Putinin sözləri ilə desək bu bəşəri müharibədə Rusiyanın rolu xaotik qaranlığa və primitiv dövlətə qayıtmağa çağıran çürüyən Qərb “dəyərlərinin” qarşısını almaqdır.
İllinoys ştatının Rokford şəhərində yerləşən sosial-mühafizəkar Dünya Ailələr Şurası dünya üzrə 10 ən yaxşı gedişatı qeyd edərkən Rusiyanı ailəmeyilli dövlətlər arasında lider mövqedə göstərmişdi. Rusiyada 2013 və 2014-cü illərdə sürətlə əhalinin təbii artımı müşahidə edilir. 2014-cü ildə ölkədə 2 milyon körpə dünyaya gəlib və əhali 33 min nəfər artıb. Bunun ölkə tarixində bir ilk olduğu qeyd edilib. Dünya Ailələr Şurasından Allan Karlson yazırdı: “bütün supergüclər bütpərəst dünya baxışına meyl edərkən Rusiya sadəcə xristian dəyərlərini deyil, eyni zamanda yəhudilik və islam dəyərlərini müdafiə edir”.
Buna görə də 2014-cü il 7-ci Dünya Ailələr Konqressi 10-12 sentyabr tarixlərində məhz Moskvada keçirildi.
Rusiya prezidenti haqqında kitabında yazıçı Maşa Hessen Rusiyanın anti-Qərb dünyasının lideri kimi öz rolunu getdikcə möhkəmləndirdiyini yazır.
2013-cü ildə Kreml gey təbliğatını, hamiləliyin 12 həftəsindən sonra abortları, ümumiyyətlə abortların reklam edilməsini və inanclı insanların hisslərinin təhqir olunmasını qanunla qadağan etdi.
İndi, baş verənlər ideoloji müharibədir yoxsa yox? Və bu müharibədə  kim Allahın tərəfindədir?

Tərcümə etdi: Sübhan Padarsoy                   news.tvpress.az

Комментариев нет:

Отправить комментарий