Страницы

11.03.2015

Telefon satışı ilə məşğul olan mağazaların kredit fırıldağı

Mobil telefonların qiymətləri cibləri "yandırır". Dolların məzənnəsinin manata nisbətdə artması ölkənin mobil bazarına da təsirsiz ötüşmədi. Mobil telefonların satış qiymətləri bu gün nəzərə çarpacaq dərəcədə artıb. Qiymətlərdə bahalaşma, qiymət artımı bazarda bu gün ən çox özünü Apple və Samsunq markalı mobil telefonların satışında özünü göstərir.
Belə ki, dolların kursu yüksələnə qədər ticarət obyektlərində satışda 599 AZN-ə qədər qiyməti düşən son marka İPhone 6 markalı telefon hazırda 1025 AZN və 839 AZN məbləğlərində satılır. Bəzi hallarda isə bu telefonlar daha yüksək məbləğlərə satılır.
AZXEBER.COM-un apardığı araşdırmaya görə, 40 % bahalaşan Samsung Galaxy Not 4 markalı telefonun qiyməti hazırda satış mərkəzlərində 936 AZN məbləğində qoyulub. Bəzi şirkətlərin ticarət obyektlərinin satış nöqtələrində isə bu qiymətlər arasında fərqlər nəzərə çarpır.
Şirkətlərin qiymət fırıldağı. Bu telefon markalarının son buraxılmış versiyalarından başqa, onlardan əvvəl istehsal olunan markalarında da vəziyyət analojidir. Yəni, İPhone 5 S markalı telefonun əvvəlki qiyməti 499 AZN idisə, indi bu telefonların qiymətləri 665 AZN-dir. Və ya bir qədər də yüksək məbləğlərədir. Eyni vəziyyət Samsung markalı telefonların satışında da müşahidə olunur.
Sadəcə diqqət çəkən odur ki, bəzi şirkətlər, firmalarda telefonların satış qiymətlərində müəyyən fərqlər nəzərə çarpır. Məsələn, az əvvəlcə yuxarıda qeyd etdiyim İPhone 6 markalı telefonun qiyməti ‘Word Telecom’ şirkətində markasından və parametrlərindən asılı olaraq, 1196 – 1091 – 839 AZN məbləğləri arasında dəyişir. Bu şirkətin ticarət mərkəzlərindəki satışına nəzər saldıqda xeyli qiymət artımı İPhone 5 S markalı telefonların da satışında da özünü aydın göstərir. Belə ki, 499 AZN-ə satılan İPhone 5 S markalı telefon indi Word Telecom şirkətində 975 – 839 - 735 – 665 AZN məbləğləri arasında dəyişir.
Ticarət obyektlərində nəzarətsiz qalan telefon qiymətləri. Ölkənin mobil bazarında mobil telefonların satışı ilə məşğul olan təbii ki, digər şirkətlər də var. İnteqral, İrşad Telecom, NLT, Kontakt, Mobitel və sair. Qeyd edək ki, bu və digər şirkətlərdə telefonların qiymətlərində müəyyən fərqlər nəzərə çarpır. Nümunə üçün bildirək ki, İnteqral şirkətinin satışında mobil telefonların qiymətlərində müəyyən qədər də olsa, artım fərqi görünür.
Göründüyü kimi, mobil telefon bazarında qiymətlər müştərilərin - vətəndaşların ciblərini yandırır. Amma onu qeyd etməliyik ki, bu bazarda fəaliyyət göstərən şirkətlər, firmalar özəl sektora aiddir və bu qurumlar azad rəqabət mühitində çalışırlar. Onların ticarətlərinin tənzimlənməsi də təbii ki, qanunlar çərçivəsində olmalıdır. Mobil ticarət bazarında telefonların qiymətlərinin qanun çərçivəsində tənzimlənməsi isə istehlakçı hüquqlarının qorunması olaraq vətəndaşların da xeyrinə olardı.
Kreditlə telefon satan mağazaların bu ticarəti həyata keçirməyə hüquqi səlahiyyətləri yoxdur. Bu yazıda telefonların satış qiymətlərindən başqa, günümüzün reallığında daha bir aktual problemə diqqət çəkmək istəyirik. Bu – telefonların kreditlə satışında özəl şirkətlərin fəaliyyətindəki qanunsuz hallardır. Belə ki, ticarət obyektlərində, mağazalarda kreditlə telefon satışında demək olar ki, bu hallar artıq kütləvi hal alıb. Məsələni araşdırmaq üçün mövcud qanunvericiliyi araşdırdıq. Bununla yanaşı, ekspertlərin rəylərini də dinlədik. Görünən o ki, kreditlə telefon satışı bazarında “Dərə xəlvət, tülkü bəydir” situasiyasıdır.
İqtisadçı ekspert Samir Əiyev bu məsələlərlə əlaqədar AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirdi ki, qanunvericiliyə görə, ancaq Azərbaycan Mərkəzi Bankın lisenziya verdiyi təşkilatlar kredit vermək səlahiyyətinə malikdir: “Bura banklar və bank olmayan təşkilatlar daxildir. Digər qurumların kredit vermək səlahiyyəti yoxdur. Çünki kredit vermək hüququ lisenziyalaşdırılmış fəaliyyətdir. 2013-cü ilin yay aylarında Mərkəzi Bank tərəfindən göstəriş verildi ki, pərakəndə ticarət obyektlərində kredit verilə bilməz. Bu cür ticarət qadağan olundu. Kreditlər ancaq bank ofislərində, filiallarında verilə bilər. Hətta kredit vermək hüququ olan hüquqi şəxs – qurum ticarət obyektində kreditlə məhsul sata bilməz. Nə dərəcədə kreditlə məhsul satan ticarət obyektlərinin bu cür fəaliyyəti həyata keçirməyə səhaliyyəti var? Bu obyektlərin mağazalarda kreditlə məhsul satmağa heç bir hüquqi səlahiyyəti yoxdur. Sadəcə, bu qurumlar qanunun yanından keçmə prinsipini götürürlər. Söhbət lizinq xidmətindən gedir.
Kreditlə alınan məhsulun dəyərinin mağazada ödənilməsi qanunsuzdur. Bu xidmət lisenziyalaşdırılmış fəaliyyətdir.Yəni, istənilən şəxs lizinq fəaliyyəti ilə məşğul ola bilər. Amma bu fəaliyyətdə də ticarət obyektinin bankla müqaviləsi olmalıdır. Burada 3 tərəf olur – vətəndaş, ticarət obyekti və bank. Bankla müqaviləsi yoxdursa şirkət, ticarət obyekti məhsulu kreditlə vətəndaşa sata bilməz. Mağazalarda kreditlə məhsullar satıla bilməz. Vətəndaş kreditlə aldığı hər hansı məhsulun dəyərini, qiymətini mağazada ödəyirsə, bu qanuna ziddir. Kreditlə alınan məhsulun pulu ancaq banklarda ödənilə bilər”.
Qanunsuz fəaliyyət göstərən şirkətlər. Ekspress Kredit şirkətinin bir zamanlar Bank Standartla müqüavilə əsasında kreditlə məhsullar satdığı deyilirdi, Sonradan belə bir müqavilənin olmadığı bəlli oldu. İrşad Telecom, Word Telecom, İnteqral, Kontakt, Ekspress Kredit , Mobitel şirkətləri qanunsuz fəaliyyət göstərirlər. Bankla müqavilə olmadan kredit satanda ticarət obyektləri – mağazalar faiz dərəcələrində vətəndaşları çox rahat şəkildə aldada bilirlər. Çünki fəaliyyət nəzarətsiz həyata keçirilir. Necə deyərlər, məşhur bir atalar sözü burda yada düşür: “Görünməyən oğru, xandan, bəydən doğru”.
Vətəndaşların aldadılmaması üçün kredit kampaniyaları ciddi nəzarətə götürülsün. Bu cür ticarət fəaliyyətinə nəzarət edəcək dövlət qurumu İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətidir. Yuxarıda adlarını qeyd etdiyimiz şirkətlər həyata keçirdikləri kreditlə məhsul satışı kampaniyaları ilə bağlı televiziyalarda, internetdə, mətbuat səhifələrində, sosial şəbəkələrdə uzun zamandır eninə-boluna reklamlar yayımlayırlar. Arzu olunandır ki, bu reklamları, kreditlə məhsul satışı kampaniyalarını İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən ciddi nəzarət həyata keçirilsin. Keçirilsin ki, bir çox hallarda hüquqlarını bilməyən sadə vətəndaşlar aldadılmasın… /azxeber.com/

Комментариев нет:

Отправить комментарий