Страницы

17.03.2015

Putin itirildi və tapıldı

Məmməd Süleymanov

Bir neçə günün içində Rusiya prezidenti həm İslam dinini qəbul etdi, həm üçüncü övlad atası oldu, həm sağalmaz xəstəliyə tutuldu, həm hərbçilər tərəfindən devrildi, həm də öldü...
Üstündən daha bir neçə gün keçdi - Putin qayıtdı. O, İslam dinini qəbul etməyib, üçüncü övlad atası olmayıb, sağalmaz xəstəliyi yoxdur, hərbi çevriliş nəticəsində devrilməyib və nəhayət, ölməyib.
Şayiə şayiənin belində... Dezinformasiya dezinformasiya ilə bəhsə girib. Saxtalıqlar bir-birinə dil göstərir. Bu yaxınlara qədər “Kim informasiyaya sahibdirsə, o da qalibdir” deyirdilər. İndi isə elə görünür ki, dünyanı şayiələrlə idarə etmək konsepsiyası çiçəklənir və toxum verir.
İllüziyalar və ilğımlar real mənzərəni dəfn etməyə çalışır. Virtual realı üstələyib. Və bu, yeni dünya düzəninin formalaşdırılması texnologiyasınakı dəyişikliklərdən xəbər verir.
Təsadüfdürmü ki, “bulaq radiosu”nu güclü silaha çevirirlər?
Yox. Onun zühurunu və güclənməsini artıq on illərdir müşahidə edirik. Və bu, subkomandante Markosun “Dördüncü dünya muharibəsi” adlandırdığı indiki hadisələrin atributuna çevrilib.
Yəqin ki, martın 16-da Putin Qırğızıstan prezidenti Atambayevlə birlikdə ekranlar qarşısına çıxmasaydı, ABŞ Dövlət Departamentinin idiotizmləri (tarixə ekskurs edib bu siyasi janrın ən parlaq nümayəndəsinin adı ilə “buşizm” də adlandıra bilərik-müəl.) ilə tanınan sözçüsü Cen Psaki rəsmən deyəcəkdi: “XXI əsrdə Rusiya prezidentinin bizim nəzərlərimizdən 11 gün ərzində yox olması yolverilməzdir. Bu, sadəcə təsvir olunmaz avtokratizm və diktatorluq, bizim dəyərlərimizə və dünya ictimaiyyətinə hörmətsizlikdir”.
Nə isə, qismət olmadı.
Əvəzində isə həftə boyu xaotik və eybəcər bir mənzərənin şahidi olduq. Birgünlük saytlar və profillərdən “Moskvada küçə döyüşləridir”, “Putin öldürülüb”, “Moskva Xalq Respublikasının döyüşçüləri hücuma keçib”, “Paytaxta qoşunlar yeridilib” kimi təşviş və həyəcan dolu “xəbərlər” yayıldı.
Onlardan geri qalmayan və liberal “demşiza”ya xidmət edən “Qrani” və “Exo Moskvı” təhqir leksikonunu saxlamaqla bir qədər əyləcli davrandılar.
Fakt yoxdur, şərhlər, analiz və proqnozlar isə baş alıb gedir. Bu xaotik davranışın vahid mərkəzdən məhrumluğu qətiyyən inandırıcı deyil. Sol sosioloq Naomi Klyaynın eyniadlı kitabında ifşa etdiyi “Şok doktrinası”nın yeni fəsli başlayır.
Əlbəttə, müharibələrdə bu tip davranış yeni deyil. Məsələn, belə bir şayiə: “O, gizlicə cavan bir qadınla evlənib və onun yanına çəkilib”.
Elə bilirsiniz, bu, Putin haqqındadır? Yox, bu, 1937-ci ildə Stalin barəsində yayılan şayiələrdəndir.
Yaxud başqa bir nümunə: “O, ölüb, ona görə də Obamanın yeni təşəbbüslərinə heç bir reaksiya göstərmədi”.
Bu isə Fidel Kastro haqqındadır (yankilər onu o qədər “öldürüblər” ki, Komandante lap Mafusailə çevrilib).
Obama dekabrda Kuba ilə diplomatik əlaqələrin bərpasının mümkünlüyünü elan edəndə ictimai fəzadan uzaqda duran 90 yaşlı Fidelin susmasını onun növbəti dəfə ölümü kimi qələmə verməyin məmnunluğunu yaşadılar və yanıldılar.
Burada söhbət konkret olaraq Putindən də getmir. Eyni texnologiya istənilən yerdə istənilən “beşinci kalon” və peşəkarlığını bir köhnə paltar kimi tullamış “jurnalistlər”in köməkliyi ilə istənilən dövlət başçısına qarşı tətbiq oluna bilər və olunur da. Şayiə axınının sıxlığı isə günbəgün o dərəcədə artırılır ki, toplumun dezoriyentasiyası qaçılmaz hala gəlir.
30 il əvvəl Qərb işğal və çevriliş etmək istədiyi hansısa ölkəni bu ölkənin daxilində yox, ondan kənardakıların gözündə ləkələməkdən başlayırdı. Yəni hədəfdən kənarda beynəlxalq ictimai rəy yaradılırdı. Bu metodla hərəkət edən Reyqan həyasız yalanı ilə (guya amerikalı tələbələrin həyatı təhlükədədir) 1983-cü ildə Qrenadanı işğal etdi. Ata-Buş isə illər boyu MKİ-nin casusu olmuş Panama prezidenti Noryeqanı devirdi (Noryeqa hələ də həbsdədir).
Səddam Hüseynin “sulfat turşusu vannaları” mifi, yaxud tez-tez Bağdadda ona qarşı əslində mövcud olmayan silahlı müxalifət tərəfindən sui-qəsdlər təşkil olunması kimi şayiələrlə iki dəfəyə İraqın sonuna çıxdılar.
İndi isə beynəlxalq rəy həlledici deyil. Çünki Rusiyanın timsalında Qərb əhalisinin 80-85 faizi tərəfindən dəstəklənən bir liderlə üz-üzədir. Orada Suriya, yaxud Yəməndəki kütləvi antipatiyalar yoxdur. Belə olanda şayiə və dezinformasiya axınını beynəlxalq rəy üçün yox, məhz hədəf ölkədə yaşayanlara yönəltmək lazımdır.
Yönəldildi də. Həm də o qədər intensiv, absurd və rəngarəng formada ki, müşahidəçilər yəqin bu cür sıxlıqda (az vaxt kəsiyində maksimum çox) şayiə maşını ilə bəlkə də hələ rastlaşmamışdılar. Şayiələrin hər birinin əvvəlkindən daha absurd olması da maneə deyil - Göbbels təbliğatının ayrılmaz hissəsi “Yalan nə qədər böyükdürsə, o qədər çox inananacaqlar” kəlməsi idi.
Bu böyük yalanlar intervalsız şəkildə beyinlərə tuşlanırsa, dezoriyentasiya da get-gedə qaçılmaz olur.
Deyəcəksiniz ki, niyyət baş tutmadı. Hələlik baş tutmadı. Stressin üçüncü fazası üzülmə fazasıdır. Nəyin düz, nəyin səhv olduğunu müəyyən etmək üçün zəruri olan koordinat başlanğıcından və məntiqdən uzaq salınan toplum sonunda bezib əlini yelləyir və biganələşir. Bu, artıq barışmaqdır. Odur ki, serialın növbəti seriyaları olacaq.
Yuxarıda söylədiyim kimi, baş verənlər Klyaynın “Şok doktrinası”nın modifikasiyasıdır. Sosiumu çaşdırmaq, dayaqlardan məhrum etmək, total qeyri-müəyyənliyə salmaq üçün şayiə və mifologiyalar effektiv üsuldur. Toplum nəinki sabahı, hətta bu gününü də qeyri-müəyyən və çaşqınlıq içində qəbul etməyə başlayır.
İnformasiya vakuumu fonunda şayiə vakxanaliyasiya reallığı təhrif edir və absurdla əvəzləyir. Toplum çaşqınlığa, təlaşa, ümidsizliyə qapanır, sabahkı gündən isə yalnız pis hadisələr gözləyir. Əgər söhbət 80-85 faiz vətəndaşın müdafiə etdiyi vahid liderin bioqrafiyasından, xəstəliyindən, məğlubiyyətindən gedirsə, apatiya və depressiya qaçılmazdır.
Bu model Qərb tərəfindən istər fərdi (Əbu-Qreyb, Quantanamo, RAF inqilabçılarının saxlanıldığı “ağ divarlı kameralar”), istərsə də bütöv xalqlara qarşı (Çili, Salvador, Suriya, İraq...) tətbiq olunub və sınaqdan çıxarılıb.
Yəni söhbət kütləvi eksperimentdən, psixoloji müharibədən gedir. Onsuz isə xaos və işğallar müşkülləşir.
Və bir daha - söhbət yalnız Rusiyaya qarşı eksperimentdən getmir. Bu, sözəbaxmayanlara qarşı totallaşan eksperimentdir. Onun əsas tərkib hissələri isə izolyasiya, informasiya vakuumu, şayiələrin aksioma kimi təqdimatı, deprivaiya, qeyri-müəyyənlik, qorxu, təşviş və ümidsizlik yaratmaqdır.
Müxtəlif ölkələrdə liderin legitimliyindən və sosial bazasının böyüklüyündən asılı olaraq ssenaridə korrektələr olur. Ancaq son nəticə xaosun bərqərar edilməsinə hesablanır...

virtualaz.org

Комментариев нет:

Отправить комментарий