Страницы

04.03.2015

Söyün Sadıqov: "Biz Rusiyalıyıq və eyni zamanda biz azərbaycanlıyıq!"

Rusiya azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyatı (AzərRos FMMM) məhv olmaq üzərədir və ciddi islahatlara ehtiyacı var. Moderator.az xəbər verir ki, martın 3-də “Aleksandr House” mərkəzində “AzərRos" FMMM: konsolidasiya problemləri və böhrandan çıxış yollarının axtarışı” mövzusunda keçirilmiş dəyirmi masanın iştirakçıları məhz bu qərara gəliblər. 
Strateji İnkişafın Yönəldilməsi Mərkəzi (SİYM) tərəfindən təşkil olunmuş tədbirə 80 nəfərdən çox iştirakçı qatılmış, bunların arasında “AzərRos”un Federal Şurasının üzvləri, 30-dan çox regional və yerli milli-mədəni muxtariyyatların rəhbərləri, Azərbaycan ictimai təşkilatlarının başçıları, gənclər, həmçinin RF Ədliyyə Nazirliyinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Dəyirmi masa ilə yanaşı Tahir Hacıyevin rəhbərliyi altında “AzərRos” FMMM-in hesabat-seçkili qurultayının təşkili üzrə hazırlıq işlərini həyata keçirəcək Təşkilat Komitəsinin də iclası keçirilib. 

Dəyirmi masanı öz çıxışı ilə açan “AzərRos”un fəxri prezidenti, SİYM-in başçısı Söyün Sadıkov xüsusilə qeyd edib ki, “Rusiya azərbaycanlıları Prezident Vladimir Putinin daxili və xarici siyasətini dəstəkləyir, Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın tərəfdaşıdırlar”. Lakin “AzərRos”un daxilindəki intriqalar təşkilatı münaqişələrə və məhv olmaq həddinə gətirib. 
S.Sadıkovun sözlərinə görə o, bu tədbirə “AzərRos”da 15 il ərzində yetişdirdiyi insanları - Mehriban Sadıxovanı, Cəmil Sadıxbəyovu, Vaqif Adıgözəlovu, o cümlədən Şirvan Kərimovu, Rüstəm Arifcanovu, Natiq Ağamirovu və Tamilla Şıxməmmədovanı dəvət edib: “Mən onları dəvət etdim və onlar söz verdilər ki, gələcəklər, lakin gəlmədilər, SMS yazaraq üzr istədiklərini və Abbas Abbasovun onların buraya gəlməyi qadağan etdiyini bildirdilər. FMMM dövlət qurumu deyil, bu acıq ictimai təşkilatdır. Onun tərkibində rəis və məmurlar yoxdur, bu səbəbdən subardinasiya və lovğalığın yeri yoxdur”.
Onun sözlərinə görə, “FMMM yalnız öz sıralarında birlik olan zaman güclü və nüfuzlu təşkilata çevriləcək”. Bu gün onun tərkibində sadəcə bir neçə regional təşkilat qalıb: “Biz “AzərRos”un məhvini görürük. Bu mənim üçün çox ağırdır, çünki biz bir yerdə bu təşkilatı qurub, inkişaf etdirib möhkəmlətmişik”. 
Söyün Sadıkov eyni zamanda qeyd edib ki, diaspor tərkibindəki bəzi qərəzli şəxslər bu münaqişənin arxasında Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin dayandığı barədə xoşagəlməz dedi-qodular yayırlar. Məsələyə münasibət bildirən Söyün Sadıkov bu iddiaları yalan və böhtan adlandırıb: “Problemlərlə qarşılaşan azərbaycanlıların Rusiyanın aidiyyəti qurumlarına və Azərbaycan Səfirliyinə müraciət etmələri normal haldır. Onlar başqa hara getməlidirlər? ABŞ Səfirliyinə? Əgər hansısa Almaniya vətəndaşı olan başqırd, çeçen və ya tatarla nəsə baş versə, əlbəttə ki, o Rusiya Səfirliyinə müraciət edəcək. Belə də olmalıdır”. 
O qeyd etdi ki, səfir müavini Qüdsi Osmanov dəfələrlə tərəfləri danışıqlara və birliyə dəvət edib, o həmçinin bildirib ki, Azərbaycan tərəfi Rusiya azərbaycanlılarının sıralarında barışığın tərəfdarıdır.
Çıxışının davamında Söyün Sadıkov bildirib: “Biz Rusiya və Azərbaycanın mənafeyinə xidmət etməliyik. Bizim vətənimiz Rusiyadır, biz Rusiyalıyıq və eyni zamanda biz azərbaycanlıyıq. Hər birimiz bunu xatırlamalıyıq. İcma Rusiyada azərbaycanlıların müsbət simasının tanıdılması, xalqımızın mədəniyyətinin və adət-ənənələrinin təbliğ edilməsi məqsədi ilə qurulmuşdur. Milli ortamda yaşanan hazırki münaqişə, "AzərRos"un fəalları olan bizləri çox kədərləndirir və tədirgin edir, bu xoşagəlməz hal Rusiya cəmiyyətindəki bütün millətlərarası ab-havaya təsir göstərir. Biz bu münaqişəni dayandırmalıyıq. Bu Rusiya azərbaycanlılarının nüfuzu və başqa xalqların bizə münasibəti məsələsidir. “AzərRos” ciblik təşkilat deyil, heç kəs onu “özəlləşdirmək” ixtiyarına sahib deyil. O bütün Rusiya azərbaycanlılarına məxsusdur. Siz və yalnız siz onun müqəddəratını təyin etmək hüququna maliksiniz”. 
O qeyd edib ki, prezidentlər Vladimir Putin və İlham Əliyev səmərəli dostluq münasibətlərinin möhkəmlənməsi naminə fəaliyyət göstərən bir dövrdə Abbas Abbasov və onun kimilər öz destruktiv fəaliyyəti ilə bu münasibətlərə ziyan vururlar.
“AzərRos” FMMM-in rəhbərliyinin təşkilatın məhvinə səbəb olan destruktiv hərəkətlərini qiymətləndirən tədbir iştirakçıları bu məsələdə həmfikir olublar. Çıxış edənlərin çoxu Ağsaqqallar Şurasının sözdə sədri Abbas Abbasovun  FMMM-i təkhakimiyyətli şəkildə idarə etdiyini və muxtariyyəti şəxsi mirasına çevirərək, bütün bunları Rusiya vətəndaşlığı olmadan qeyri-qanuni şəkildə etdiyini vurğulayıblar. Regional və yerli milli-mədəni muxtariyyətlərin rəhbərləri Abbas Abbasovun 20 fevral tarixində keçirdiyi “qurultay"da iştirak etmələri üçün milli məsələləri idarə qurumlarının və yerli xüsusi xidmətlərin bəzi nümayəndələri tərəfindən təzyiqlərə məruz qaldıqlarını bildiriblər. Buna baxmayaraq, bir çox diaspor təşkilatlarının rəhbərləri bu “qurultay”da iştirak etməyiblər. Onlar yaranmış vəziyyətdən narzıçılıqlarını və narahatçılıqlarını ifadə ediblər. Milli ortamda sülh və birliyin bərqərar olması naminə Abbas Abbasovu öz ambisiyalarından imtina etməyə və “AzərRos” FMMM-in müqəddaratını təyin etmək imkanını özlərinə buraxmağa çağırıblar.
Bu mövzu ilə əlaqədar Rostov vilayəti üzrə Milli-mədəni muxtariyyətın sədri Vaqif Mustafayev qeyd edib ki: “Abbasov vaxtı ilə Azərbaycanı tərk edib, indi isə bizləri burada - Rusiyada bölməyə çalışır. Keçmiş Azərbaycan məmurunun bizi idarə etməyə nə haqqı var? O kənara çəkilməlidir. Bizlər- Rusiya vətəndaşları isə azərbaycanlıların barışıq içində yaşamağa qadir olduqlarını sübut etməliyik”.
Krasnoyarsk vilayəti üzrə Milli-mədəni muxtariyyətınin sədr müavini Ayaz Məmmədov isə qeyd edib ki, münaqişənin artması nə hökümət qüvvəllərinin, nə də azərbaycanlıların marağındadır: “AzərRos"un bu çətin günlərində biz birlik naminə çalışmalıyıq. Azərbaycanlıların gənc nəslinin bizim səhvlərimizi təkrarlamaması üçün ayrı-seçkilikdən uzaqlaşaraq nümunə göstərməliyik”.
Azərbaycanlıların Astraxandakı milli-mədəni mərkəzinin rəhbəri Namiq Gəncəliyev öz çıxışında bildirib ki: “Bu gün FMMM-in başına yalnız əmr və göstərişli idarəetmə üsulundan anlayan dövlət məmuru keçib. Nəticədə "AzərRos" ictimai təşkilat kimi etibarını itirib. Bu gün "AzərRos" artıq yoxdur. Biz qurultay keçirməli və Federal Şuranın prezidentliyinə layiqli namizəd seçməliyik”.  Onun sözlərinə görə, “AzərRos” FMMM-in 20 fevralda keçirilmiş qeyri-qanuni qurultayında Astraxandandakı Milli-mədəni muxtariyyat adından iştirak edən “nümayəndə”nin əslində bu təşkilata heç bir aidiyyəti yoxdur.
Moskva vilayəti üzrə Milli-mədəni muxtariyyətın fəalı Elxan Zeynalov öz çıxışında deyib ki: “AzərRos FMMM-in Rusiya cəmiyyətinin tamqabilliyyətli və fəal institutlarından biri olmalıdır. Biz Rusiyanın ictimai-siyası həyatında fəal şəkildə iştirak etməliyik. Biz öz qanunverici təşəbbüslərimizi irəli sürmək ixtiyarına sahibik və bu hüququmuzdan istifadə etməliyik”.
Azərbaycan mədəniyyətinin inkişafı və dirçəlişi Fondunun direktoru Şamil Tağıyev öz çıxışında qeyd edib ki, “AzərRos” FMMM kimi federal mahiyyətli geniş təşkilatın taleyi bir nəfərin istəkləri və qərarlarından asılı olmamalıdır: 
“Mən görürəm ki, gənclər bizim FMMM-ə qarşı etibarını itiriblər. Qurum gənclərin problemləri ilə heç məşğul olmur. Biz Rusiya gənclərinin tərkib hissəsiyik və ölkənin qanunverici və icraedici orqanlarında təmsil olmaq, ölkənin ictimai həyatında iştirak etmək istəyirik. FMMM azərbaycanlı gənclərin sırasında olan perspektivli və peşəkar kadrların irəliləməsində maraqlı olmalıdır. Lakin bizim maraqlarımızı heç kəs dəstəkləmir. Dağıstanlı mühafizəçilərin arxasında gizlənmək heç də müsbət bir nümunə deyil”.
“AzərRos” FMMM-in keçmiş vitse-prezidenti Yusif Xıdırov isə öz növbəsində qeyd edib ki, təşkilatın Ağsaqqallar Şurasına xarici vətəndaşın iştirakının qeyri-qanuni olaraq tanınması mövzusunda “AzərRos” FMMM-in prezidenti vəzifəsini icra edən Tahir Hacıyev adından məhkəməyə iddia ərizəsi verilib: “Mən əminəm ki, məhkəmə A.Abbasovun “AzərRos” FMMM-in rəhbərlik heyətində iştirakını qeyri-qanuni elan edəcək”. Onun sözlərinə görə, “Rusiyaya birlik təşkil edən azərbaycanlı icması lazımdır”.
Daha sonra dəyirmi masa iştirakçılarına müraciət edən “AzərRos” FMMM-in hesabat-seçkili qurultayının təşkili üzrə hazırlıq işlərini həyata keçirəcək təşkilati komitənin sədri Tahir Hacıyev münaqişə tərəflərinin razılığa gəlmələri üçün növbəti fürsətin yaradılması məqsədi ilə təşkilati komitə tərəfindən qurultayın 14 aprel tarixinədək təxirə salındığını bildirib. Dəyirmi masa iştirakçıları 30-dan artıq regional və yerli milli-mədəni muxtariyyətlərin rəhbərləri Təşkilat Komitəsinin qərarını birmənalı olaraq dəstəkləyiblər. Görüş iştirakçıları “AzərRos” FMMM-in daxilindəki münaqişənin həlli üçün məşvərət komissiyasının yaradılmasının da tərəfdarı olublar.
Dəyirmi masa iştirakçıları sonda Azərbaycan və Rusiya Prezidentlərinə ünvanlanmış müraciətləri qəbul ediblər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış müraciətdə xüsusi ilə qeyd olunub ki, “AzərRos” FMMM-in Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun özbaşına şəkildə Bakıdan təyin olunmuş nümayəndə kimi özünü təqdim etməsi Azərbaycan hökümətini nüfuzdan salmaq məqsədini daşıyan təxribatdır, belə ki, Azərbaycan vətəndaşının milli-mədəni muxtariyyətin rəhbərliyində iştirak etməsi Rusiya qanunvericiliyinə ziddir. Azərbaycanlılar İlham Əliyevdən “AzərRos”dakı münaqişənin həlli üçün kömək istəyirlər. 
Rusiya Prezidenti Vladimir Putinə ünvanlanmış müraciətdə isə azərbaycanlılar Rusiyanın milli-mədəni muxtariyyətlərlə və xarici agentliklərlərlə bağlı qanunvericiliyinin tətbiq olunmasını və hüquqlarının təmin olunmasını xahiş ediblər. Onlar həmçinin, “AzərRos”un üzvlərinə təzyiq göstərən, naməlum səbəblərdən xarici dövlətin vətəndaşı olan Abbas Abbasova dəstək göstərən və beləliklə münaqişənin dərinləşməsinə yol açan Prezident Administrasiyasının bəzi məmurlarının hərəkətlərinə diqqət yetirilməsini xahiş ediblər. /moderator.az/

Комментариев нет:

Отправить комментарий