Страницы

04.03.2015

MTN-dən vahabilərə qarşı əməliyyat, saxlanılanlar var

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində Azərbaycan Respublikasında terrorçuluğa hazırlıq və digər ağır cinayətlərin törədilməsində şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları – Xəlilov Niyaməddin İltifat oğlu, Bəyimov Rufis Əhməd oğlu, Həşimli Rəşad Şövkət oğlu, Musayev İlqar Fikrət oğlu, Rzayev Anar Rza oğlu və Abdullayev Ceyhun Fazil oğlu saxlanılıblar.
MTN-in İctimai Əlaqələr İdarəsindən İnterAz-a verilən məlumata görə, keçirilmiş baxış nəticəsində onların üzərindən və yaşadıqları mənzillərdən 4 ədəd “Makarov” tipli tapança, 1 ədəd “TT” tipli tapança, 5 ədəd tapança darağı, 35 ədəd patron, 1 kiloqrama yaxın trotil şaşkası, 2 ədəd “RQD-5” tipli əl qumbarası aşkar edilərək götürülmüşdür.

Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1-ci, 28,214.2.3-cü (mütəşəkkil dəstə tərəfindən silah və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluğa hazırlıq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyəti orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə) və 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılmışdır. Xəlilov Niyaməddin İltifat oğlu, Bəyimov Rufis Əhməd oğlu, Həşimli Rəşad Şövkət oğlu, Musayev İlqar Fikrət oğlu, Rzayev Anar Rza oğlu və Abdullayev Ceyhun Fazil oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.
Müəyyən edilmişdir ki, Azərbaycan Respublikasında şəriət qaydaları ilə idarə olunan dövlət qurmaq məqsədilə ölkə ərazisində ictimai-siyasi sabitliyi pozmaq, təxribat-pozuculuq və terrorçuluq aksiyalarını törətmək və “cihad etmək” üçün 2014-cü ilin noyabr ayında adları çəkilən şəxslər və qeyriləri mütəşəkkil dəstə yaradaraq, özlərinə “əmir” də təyin etmişlər.
Dəstə üzvləri “cihad” üçün əvvəlcə pul vəsaiti əldə etmək məqsədilə Azərbaycan Respublikasında yaşayan, “kafir” hesab etdikləri, “qanını və malını” özlərinə “halal” bildikləri müxtəlif zəngin şəxsləri qarət etməyi və əldə olunacaq vəsait hesabına hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı sui-qəsdlərin və ölkə ərazisində müxtəlif yerlərdə terrorçuluq aksiyalarının həyata keçirilməsini planlaşdırmışlar. Onlar odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə edərək terrorçuluq aksiyalarının törədilməsi üçün hazırda istintaqla araşdırılan mənbədən xeyli sayda silah-sursat əldə etmiş və mütəşəkkil dəstənin  tərkibində vəzifə bölgüsü aparmışlar.
Məlum olmuşdur ki, dəstə üzvləri tez bir zamanda külli miqdarda pul vəsaiti əldə etmək üçün Mərdəkan qəsəbəsindəki bağ evlərindən birini qarət etdikdən sonra, 2014-cü ilin noyabr ayında quldurluq məqsədilə Qəbələ rayonundakı “Soyuq bulaq” restoranının sahibinin evinə daxil olaraq sonuncunu qətlə yetirmişlər. Bundan sonra daha bir neçə hüquqazidd əməllər törədən dəstə üzvləri noyabr ayının sonunda gecə saatlarında Bakı şəhərinin Əhmədli qəsəbəsində və Binəqədi rayonu ərazisində yerləşən ticarət obyektlərinə qanunsuz daxil olaraq oradan xeyli miqdarda müxtəlif ləvazimat, ərzaq məhsulları, eləcə də çoxlu sayda sim-kart oğurlamışlar. 2015-ci ilin fevral ayında isə dəstə üzvləri Sumqayıt şəhərində “VAZ 2106” markalı avtomobili oğurlayaraq, həmin avtomaşınla əvvəlcədən planlaşdırdıqları quldurluq əməlini törətmək məqsədilə Göyçay rayonuna gəlmişlər. Lakin iradələrindən asılı olmayan səbəbdən planlaşdırdıqları həmin cinayəti həyata keçirə bilməmiş, qaçırdıqları avtomaşını isə ehtiyat hissələrinə ayıraraq sonradan satıb pulunun onlara çatdırılması üçün Ağdaş rayonundakı tanışlarından birinin həyətində saxlamış və taksi ilə Bakı şəhərinə qayıtmışlar. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş anti-terror tədbirləri nəticəsində mütəşəkkil dəstə zərərsizləşdirilmişdir.
Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyən olunması üçün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. /interaztv.com/

Комментариев нет:

Отправить комментарий