Страницы

12.04.2015

Böyükxan Bağırlı dünyası

Həm manerası, həm də yazı mədəniyyəti etibarilə çoxlarına oxşamayan, reportajvari stildə yazılmış şirin, oxunaqlı əsərlər yaradır

Onun hekayələrində təsvir olunan mənzərələr təbii təsir bağışlayır və asan da oxunur

 Bədii yaradıcılıq istedad tələb edir və bəzən həqiqi istedad sahibi illər boyu yazıb-yaradır, daxilən zənginləşə, püxtələşə-püxtələşə əsərlərini cilalayır. Şəxsiyyətinə və bədii zövqünə hörmət bəslədiyim Böyükxan Bağırlı xarakterizə eləmək istədiyim bu cür yaradıcı şəxsdir. Böyükxan müəllimin ara-sıra qəzetlərdə, saytlarda rast gəldiyim yazılarını böyük maraqla oxuyuram. Yazı manerasında və redaktorluq fəaliyyətində maarifçilik deyilən bir ab-havanın üstün bir cəhət olduğu açıq-aydın görünməkdədir. Bir çox psixoloji əsərlərində isə insan qəlbinin dramalarını yaradıb. O, sözdən ehtiyatla, zərgər dəqiqliyi ilə istifadə edən və sözün üstündə əsim-əsim əsən lirik-psixoloji hekayələr ustasıdır. Hiss olunur ki, müəllif nə yazırsa ürəyinin hökmü ilə yazır, şəxsən yaşadıqlarını, gördüklərini qələmə alır, özü də elə ustalıqla qələmə alır ki bu hekayələrdə oxucu yazıçıdan çox, qəhrəmanların özü ilə üz-üzə durub həmsöhbət ola bilir. Bu hekayələr nə qədər obrazlı təfəkkürün məhsulu olsa da, inandırıcı süjetləri var, hadisələrin mahiyyətinə enmək, varmaq bacarığı nəzərə çarpır. Buna bir-birindən fərqli yaradıcılıq musiqisi altında qələmə alınmış, özünəməxsus ritmə otuzdurulmuş hekayələrini oxuyarkən şahid oldum. Bu hekayələr olduqca yığcamdır, süjet xətti başlanğıcdan oxucunu dalınca çəkməyi bacarır. Görünən odur ki müəllif oturub özündən Amerika kəşf eləmir, reallıqları qələmə alır. Bu hadisələrin xeyli qismi həyatda baş verənlərdir. Yazıçının təxəyyülü qidasını həyat materialından götürüb. Ona görə təsvir olunan mənzərələr təbii təsir bağışlayır və asan da oxunur.
 Hekayə ədəbiyyatda ən yığcam, ən çevik janrdır. Əgər ədəbiyyatımızda bu ədəbi kökün Mirzə Cəlil kimi bənzərsiz nümayəndəsi varsa, elə indi də yaxşı hekayə yazıb ortaya qoymaq cəsarət tələb edir. Bizdə yaxşı şeir yazan müəlliflər çox olsa da -əbəs yerə demirlər ki Azərbaycan şairlər ölkəsidir- təəssüf ki normal nəsr əsəri yazan sənətkarlar barmaqla sayılası qədərdir. Xoşbəxt o sənətkardır ki, böyük nəsrin xofu onu basmır, onu qorxutmur və sözünü öz çəkisində deməyi bacarır. Böyükxan Bağırlı da özünəməxsus təhkiyə ilə, rəvan dil ilə xarakterlərini yaradır, ədəbi qəhrəmanlarının obrazlarını canlandırır. Onun qəhrəmanları eldən-obadan çıxmış bizim müasirlərimizdir. Hər gün gördüyümüz, həmişə rastlaşdığımız insanlardır. 
 Onun özünəməxsus yaradıcılığı aydın, səlis poetik dili və üslubu, həyat hadisələrinin real təsviri, obrazların psixoloji planda təqdimi ilə diqqəti cəlb edir. Yazdıqları olduqca axıcıdır və bu səbəbdən də oxunaqlıdır. O, nəsrində lirikaya meyl edir, lövhə və surət çəkməyi bacarır. Hekayələrdəki təbiilik, yığcam bir süjet daxilində maraqlı, düşündürücü mətləb ifadə etməyi, ən başlıcası, yaddaqalan obrazlar yaratmaq istəyi təqdirəlayiqdir. Ola bilsin bir çox hekayələrində yazıldığı dövrün ab-havası duyulsun, dövrün ictimai çaları hiss edilsin, ancaq yenə təkrar etməyə dəyər ki, Böyükxan Bağırlı mümkün qədər bu şablondan- “dövrün həqiqətlərini realistcəsinə əks etdirmək” stereotipindən qaçan sənətkardır. O insan qəlbini, insan mənəviyyatını əks etdirməyə çalışır. 
 Hiss olunur ki, Azərbaycan nəsrinin tematikasına yaxından bələddir. Böyükxan müəllim gündəlik rast gəldiyimiz, geniş xalq kütlələri içərisindən çıxan insanların mənəvi dünyasını qələmə alır, onların daxili aləmindəki hiss və həyəcanlarını ustalıqla təsvir edir. Müəllifin qənaətinə görə, hər kəs həyatdan ibrət dərsi götürməli, mənəvi dünyasını kamilləşdirməlidir. Bu hekayələri oxuyarkən qətiyyən onları dövrün “sifarişi” olan yazılar kimi qəbul eləmirsən. Çünki həmin hekayələrdə dövr şərtidir, onlarda təsvir olunan ölməz məhəbbət ideyası, mənəvi qəhrəmanlıq isə əbədidir.
 Azərbaycanın klassik yönümlü müasir tipik nəsrini duymaq üçün Böyükxan Bağırlı nəsrini oxumaq kifayətdir. Bu, həqiqətdir. Və doğrudan da bir hissəsini itirdiyimiz maddi-coğrafi sivilizasiyamızı və itirmədiyimiz milli mənəviyyatımızı daha dərinliklə duymaq, sevmək üçün belə əsərlər ən etibarlı qaynaqlardır. Onun əsərlərində milliliyimiz (bəzilərinə “kəndçi”liyimiz kimi də görünə bilər, olsun, nəyi pisdir ki?) bütün əlvanlığı və rəngarəngliyi ilə göz oxşayır və bu, böyük göstəricidir. Yazıçının müxtəlif hekayələrində qələmə aldığı surətlər sanki eyni usta əli ilə toxunulan zərif xalçanın müxtəlif rənglərini, çeşidlərini xatırladır.
 O əsərlərində Azərbaycan kəndinin mənəvi problemlərini işıqlandırır. Cəmiyyətin ictimai-siyasi mənzərəsini deyil, yenə də insan qəlbinin dialektikasını ön plana çəkir. Həm manerası, həm də yazı mədəniyyəti etibarilə çoxlarına oxşamayan, reportajvari stildə yazılmış şirin, oxunaqlı əsərlər yaradır. Bu əsərlər dolğun xarakterlərlə, kəskin konfliktlərlə, maraqlı süjet xətti ilə zəngindir.
 Dostoyevski qəhrəmanlarından birinin dili ilə belə deyir: “Gərək bu dünyada hər kəsin bir gediləsi yeri olsun”. Saytlardakı hekayələri ilə tanış olduqdan sonra Böyükxan müəllimə görə çox sevindim: O öz gediləsi yerini, açılası qapısını tapıb. O bu darıxdırıcı dünyanın adamlarından, sifətlərindən keçib o qapını açan kimi sehrli bir aləmə düşməyin yolunu tapıb. Doğrudan da, sənət böyük mənada böyük xariqələr yaradan və insana mənəvi ümmanlar bəxş edən bir qüvvədir.
 O yaradıcılığının ən coşqun çağını yaşayır. Böyükxan Bağırlı yaradıcılığı ilə yaxından tanış olan ziyalılar məclisində dəfələrlə onun haqda maraq və ehtiramla danışıldığının şahidi olmuşam. İnanıram ki Böyükxan müəllimin yaradıcılığına olan məhəbbət onu sevənlərin qəlbində daim yaşayacaq.
 Bu yazdıqlarım Böyükxan müəllimin hekayələri haqqında qısa təəssüratlarımdır. Əlbəttə bu kalibrdə yazıçıların daha böyük, sanballı təhlilə ehtiyacı vardır.

İbrahim Sel

Комментариев нет:

Отправить комментарий