Страницы

09.04.2015

Hüsamə bin Sərxan - Mənə abi demə

İki ildi tanıyıram onu. Adı S.-dı, öz yerində, həm də təsisçisi və müəllifi olduğum xəyallarımın bankıdı.
Kənd qızıdı, şəhərdə gözəllik salonu işlədir, attestatı yoxdu, amma “Kamasutra”nı əzbər bilir, fəlsəfəsini anlayır. Hamı onu qədim peşənin müasir daşıyıcısı hesab edir. Bütün kişilər (ən azından mən tanıdığım) ondan ötrü namazdan-orucdan imtina etməyə hazırdı. Elələri var ayağını yumağa, ev-eşiyini satıb ona xərcləməyə razıdı. Zira, onun peşə fəaliyyətindəki ölçü və ülgiləri humanist əhval-ruhiyyəsindən qaynaqlanır. Gülməlidir, hə?.. Hər halda belədir.
Anasını dünyalar qədər sevir. Atasının kim olduğunu bilmir. Heç iki bacısının, iki xoşqeyrət qardaşının da atalarını tanımır. Böyük qardaşı şəhid olub.
...Bazar günü yenə birlikdəydik. Pivədən içib, fıstıqdan şaqqıldadırdıq. Əhval-ruhiyyəsi yerindəydi. Belə vaxtlarında çox məzəli və şirin olur. Adam istəyir onu yesin. Deyir, “keyfim saz olanda anama ilişirəm, atamızın, yaxud atalarımızın kim olduğunu öyrənməyə çalışıram. Anamsa həmişə eyni cavabı verir: “Bacı-qardaşlarının atası taxta-şalbandı, sement-qumdu, Qaradağ daşıdı...”
Mənsə tikinti materiallarının qızı olmaqdan heç xoşlanmıram. Görünür, bunu anam da bilir. Ona görə mənə: “Sən tortun-paxlavanın, qəndin-çayın, ətin-balığın... bir sözlə ehtiyacın balasısan”- deyir. Nədi, nə hikmətdisə heç vaxt şəhid qardaşımın atasının adını çəkmir. Heç mən özüm də istəmirəm çəksin. Hətta mənə elə gəlir, onsuz da qardaşımın atasını tanıyıram. Çünki cənnətməkan qardaşımın sevginin balası olduğuna əminəm.”
Ani olaraq dayandı. Borclu adamlar kimi çox qayğılı görünürdü. Handan-hana özünü toparlayıb soruşdu:
-Niyə belə olur, abi? (Mənə “abi” deyə müraciət edir.) Niyə sevgidən yoğrulmuşların sonu qəbir, sevgidən doğulmuşların aqibəti ölüm və itkinlik adlı məqamlardan keçir?
Çox çətin sualdı. Cavab vermək gücündə deyiləm. Utanqac uşaqlar kimi başımı aşağı salıb dizimə, sonra ayağıma baxıram. Nəyə görəsə özümü günahkar hesab edirəm. Ürəyimdən bu ailənin qədərini dəyişmək istəyi mülayim və həzin cənub küləyi kimi əsib keçir. Axı mən qədər təyin edən deyiləm. Qədər və taleyi təyin etmək, yazmaq Tanrı xüsusiyyətlərindəndir. Nə Budda, nə Şeytan, nə müctəhid, hətta Peyğəmbər və İmamlar belə kimsəyə qədər düzüb-qoşmaq gücünə sahib olmayıblar. Yer aləminin ən əzəmətli tiran və fironları da bu mənada heç bir iqtidara malik deyillər. Öz qədərlərini kodlaşdıra bilməyən həm keçmiş, həm müasir tiran və fironlarımızın aqibəti isə göz qabağındadır.
-Nə yaman fikrə getdin, abi?- Səbinənin səsidi.
Ayağa qalxıb onu qucaqlamaq, məni axmaq və cındır fikirlərimdən qopardığı üçün minnətdarlıq etmək istəyirəm. Daxilimdən gələn bir səs: “Sənin onu qucaqlamağın düz deyil, qucaqlasan həm məni, həm onu dəyişdirəcəksən”-deyir mənə. Sanki yuxudan ayıldım və:
-Fikir nədi, ay ehtiyacın qızı, mən heç Masallının “İsti-su”yuna gedə bilmirəm -dedim.
-Mən apararam, abi.
-Nəynən aparacaqsan?
-Necə yəni nəynən?! Maşın almışam eee... Qara rəngli qəttəzə şevroletdi.
Nə qədər yersiz səslənsədə:
-Nəynən aldın?- soruşdum.
-Neynirsən nəynən aldım, ay abi! İstəsən dünyanın axırına apararam səni.
Yersiz suallar seriyası davam etdi:
-Bəs benzin pulunu kim ödəyəcək?
-Hər halda sənlik deyil.
Öz-özümə vərəvürd edirəm: “Necə ola bilər mən harasa gedim, ama mənlik olmasın?”
-Onda, onda... məni evimizə apar. Həm də tez apar. Mən... mən... nəvələrimi görmək istəyirəm.
...Telefonuma zəng gəldi: rındıdı-rındıdı-rındıdı-rındı, rındıdı- rındı, rıd-rındı... Yüz faiz oğlumun zibilidi. Həzin və məlahətli “dıli-luli” melodiyasını “rındıdı-rındıdı”yla dəyişib ki, eşidənlər atasını, yəni məni geriqalmış zənn etməsinlər.
-Salam qardaş, nə təhərsən? -Bələdiyyə sədridi.
-Sağ ol, sən nə təhərsən?
-Hər şey qaydasındadı. Hardasan?
-Heç özüm də bilmirəm hardayam.
-Əəə, birdən Səbinənin yanında olarsan?
-Həə...
-Denən sən öl!
-Sən öl.
-Bura bax, -yüz faiz əlini biədəb yerinə qoyub,-düzəltmədin də onu mənə?
Əsəbləşdim: -Ayə, gicməko, bəyəm səninçün paparoza-zadam?
-Qardaş canı o mənada demədim. Bilirsən ölürəm o qancığdan ötrü.
S. qəşəng çənəsini zərif əllərinin arasına alıb diqqətlə mənə baxırdı. Sanki söhbətin nədən və kimdən getdiyini duyurdu.
  -Ayə, qardaş, mənə abi deyən... - “Cü” buraxdığımı anlayıb dayandım. Dodaqlarının arasındakı gülüşü əlləri ilə tutub saxlayan S.:- razılaş, razılaş!-dedi.
Bilmədim gülüm, yoxsa ağlayım. İçimdə cövlan edən həlməşik, qarmaqarışıq hisslərimi boğub:- Min manat!-dedim. Dedim deyəndə, əməlli-başlı anqırdım.
S.-nın gözləri alnının ortasındaydı. Mənimsə ya qulağım guppuldayırdı, ya da bələdiyyə sədri xəttin o biri başında nıqqıldayırdı. Bəlkə də hər ikisi. Bir xeyli susduq. Səbinənin adsız barmağı poniyə oxşar masanın üstündə ziqzaqa bənzər trayektoriya üzrə hərəkət edirdi. Barmağının ucundakı təbii nəmlikdən bunu görmək olurdu. Nəhayyət, sədrin səsi eşidildi:
-Çox deyil?!- Bayaqkı gümrah səsdən əsər-əlamət qalmamışdı.
  -Məncə sənin satdığın torpaqla müqayisədə çox ucuzdu.
Deyəsən müqayisəmdən xoşhallandı.
-Madam elədi, iyirmi kvadratmetr torpaq verim, şəxsi gözəllik salonu tiksin. Ömrü boyu şəhərdə yaşayıb kirayə salon işlətməyəcək ki.
-Bilirsən, canım qardaş, minin beş yüz manatı mənimdi. Mənimsə torpaqdan-morpaqdan ehtiyacım yoxdu.
-Qardaş canı çox baha deyirsən.
-Mən dedim. İstəmirsən özün bilərsən. Yox əgər ucuz mal axtarırsansa, məsləhət verim: bu dəqiqə zəng et Salmaya.
-O kimdi elə?
-“Bəndirim Düşə” triosunun bədii rəhbəri.
-Əəə qardaş, zülümə qoymaq istəyirsən məni? Keçən il kartofdan qəşəng pul tutmuşdum. Xalaoğlunu tanıyırsan da?! İlişdirdi məni... adı nədi?.. Həə, “Meydi-mey” mahnısını oxuyan xanım var eee...
-Zarinanı deyirsən?
-Hə, hə, Zarina. Qardaş canı, naturalnı iylənmiş toyuq leşi. Ölənə qədər o iy burnumdan getməyəcək.
-Yaxş, indi nağayrım mən?
-Sən canın beş yüz çıx. Özün bilirsən bu il “islam” zəifdi.
-Ay qardaş, madam islam zəifdi get qoşul işidçilərə. Nurçular da pis deyil.
Deyəsən, sövdələşmənin pozulacağından ehtiyat edən S. tez söhbətimizə müdaxilə etdi:
-Əla qiymətdi, abi. Üç yüz sənin, iki yüz mənim.
Görüş yerini və vaxtını təyin edib, telefon bağlantısına son verdik. Özümdə deyildim. S. ayağa qalxıb, arxa tərəfdən mənə yaxınlaşdı, boynumu qucaqlqdı və dil-dil ötməyə başladı:
-İki yüz manat maşınımın bir aylıq kredit faizini ödəyəcək. Sən əsil möcüzəsən. Mənə heç vaxt bu qədər pul verən olmayıb. Sağ ol abi, qurban olaram sənə, sənin canını...
Səbrim tükəndi. Son bir sat ərzində ikinci dəfə anqırdım:
-Bəsdi!.. Bəsdi!.. Mənə abi demə!!!
-Bəs nə deyim?!
-Şərəfsiz de, binamus de!..
O, ağlamağa başladı və məni daha bərk qucaqladı.

Комментариев нет:

Отправить комментарий