Страницы

10.04.2015

Hüsamə bin Sərxan - Sovet adamı


Bu fikirlər Sovet İttifaqı Kommunist Partiyasının XXV qurultayına hesabat məruzəsində əksini tapmışdır: “... ötən altımış illiyin ən mühüm yekunu sovet adamıdır. Elə bir adam ki, azadlıq qazanıb onu ən ağır döyüşlərdə qoruya bilmişdir. Elə bir adam ki, qüvvəsini əsirgəmədən və heç bir fədakarlıqdan çəkinmədən  gələcək qurmuşdur. Elə bir adam ki, bütün sınaqlardan çıxaraq özü də tanınmaz dərəcədə dəyişmiş, ideya inamını  və böyük həyat əzmini , mədəniyyəti, biliyi və bunları tətbiq etmək bacarığını özündə birləşdirmişdir”.
Adına nostalgiya deyilən bu fikirləri xatırlatmağımın yaxından-uzaqdan heç bir hisslə əlaqəsi yoxdur. Zatən mən heç dəyişmədim və dəyişmək arzusunda da deyiləm. O mənada ki, bu dünyaya sovet ailəsində doğuldum,  oktyabryat olaraq iməkləməyi, pioner olaraq ayağa qalxmağı, komsomol olaraq ayaqda dayanmağı öyrəndim. Kommunist ola bilmədim. Çünki kommunist olmaq yaşına və əqidəsinə yiyələnəndə, sovet adamı olmaq istəməyənlər partbileti pulla satırdılar. Pula satılan, yaxud alınan istənilən dəyərsə gec ya tez məhvə məhkumdur. Ya zəlzələdən, ya vəlvələdən: qədrini bilmədik!
Hal-hazırkı zaman və məkan kəsiyindəki dünyada baş verən paradoksal və əndirəbadi qlobal olaylara bəsirət gözü ilə  yanaşsaq görərik ki, otuz il bundan öncəki sovet cəmiyyəti bu gün mövcud olan hər türlü sivilizasiyadan daha üstəydi. Sosial bərabərlik, humanizm və ədalət sovet cəmiyyətinin ən ümdə prinsiplərinə çevrilmişdi. Bəs indi necədir?! Ədalət bədbəxti elə vəziyyətə qoyublar, artıq heç kim itinə-pişiyinə də bu ismi vermir. Dünyanı idarə edən güclərin məşuqəsinə çevrilmiş Femida dünyaya bicfemidalar doğmaqla məşğuldur. Sosial bərabərliyin, humanizmin, ədalətin az-çox qorunduğu ölkələrsə dünya imperializminin ciddi-cəhdi, inadkarlığı sayəsində tarixin iyli bataqlıqlarında dəfn edilir. “Ərəb baharı”nın doğurduğu faciələr öz əhatə dairəsini genişləndirərək milyonlarla insanın şüurunda atom bombasından betər “affektiv partlayış”lar törədir. İki qardaş - ruslar və ukraynalılar arasında baş verənlər Adəmin belindən gəlmiş Habil və Qabil qardaşlarının faciəsini unutdurub. Yəhudi-massonların arxasında dayandığı dünyanın bir nömrəli Qarabalası bütün dünyanı məxsus olduğu rəngin vahiməsində boğaraq ümidsiz və passiv vəziyyətə düçar edib. Bəs yaşadığımız canım məmləkətimizdə vəziyyət necədir? Dünyada baş verən dəhşətli proseslər konteksindən yanaşsaq halımız elə də pis deyil. Suyumuz-çörəyimiz bol, işığımız-qazımız bəs qədər, əmin və arxayın şəraitdə yaşayırıq, ölkə vətəndaşlarının sosial durumu pis-yaxşı inkişaf edir, xalq-iqtidar münasibətlərində problem yox... Gündəmdə dünya vor zakonlarının yaratdığı mənasız iqtidar- “müxalifət” sorunu yaşanır ki, şükür Allaha xalq bu razborkadan kənarda. Çünki genlərində axan sovet qanı sayəsində, xalqımız imperializmin qucağında oturmuş “müxalifətin” bratva rolunu qəbul etmir. Azərbaycanlı sovet adamı liberallığı qəbul etmədiyi kimi, mühafizəkarlığa və radikallığa da nifrət edir. Söz yox, bu günkü sovet adamının normal yaşaması, fəaliyyət göstərməsi, düşüncə və təfəkkürünə uyğun həyat qurması üçün geniş məkanı, əlverişli zəmini yoxdur. Bu günku zamanın şərtləri daxilində o, normal biznesmen, yaxşı elm adamı, səriştəli təsərrüfatçı, ədalətli dövlət məmuru, xotyabı hökmlü və zabitəli ailə başçısı da ola bilmir. Çünki kapitalizmin amansız iqtisadi qanunları, əxlaqsız yəhudi-masson təbliğatı insanlara sevməyi qadağan, nifrət etməyi hökm edir. Ən dəhşətlisisə odur ki, bu tip qadağa və tələblər milli KİV-lərimiz vasitəsi ilə insanların altşüuruna yeridilir. Görəsən, dövlət və onun qurumları hara baxırlar?! Axı, dövlətin vəzifəsi təkcə atribut və sərhədlərini qorumaqdan, hər türlü kriminal fəaliyyətə qarşı mübarizə aparmaqdan, pensiya və ünvanlı- sosial yardım təyin etməkdən, idman və incəsənətə yardımlar ayırmaqdan, yollar və körpülər salmaqdan... ibarət deyildir. Dövlət ilk növbədə toplum və toplumların tərbiyyəsi ilə məşğul olmalı, onun daxilindəki pisliyi, xəbisliyi, xudpəsəndliyi, biganəliyi, şərəfsizliyi... sivil yollarla təmizləməyə çalışmalı, övlad-valideyn, ər-arvad, ağsaqqal-qarasaqqal münasibətlərini tənzimləməlidir. Bəsit bir misal: əgər Əli Kərimlinin, İsa Qəmbərin, Xədicə İsmayılovanın, Leyla Yunusun, yaxud üzdəniraq çoxsaylı manus və manusələrimizin, dalı-qabağı cırığ model və modelyerlərimizin, cinsi oriyentasiyaları bəlli olmayan tele-radio aparıcılarımızın içi və beyinləri vaxtında-vədəsində təmizlənsəydi, maddi-mənəvi dəyərlərimiz bu qədər ucuzlaşmaz, siyasət və mənəviyyat dəllalları at oynatmazdı. Sovet adamını yetişdirən sovet dövləti daha müqəddəs məziyyətləri özündə ehtifa edən keyfiyyətlərə sahib idi. Sovet dövləti ilk baxışda hər türlü dinə və dindarlığa qarşı mübarizə aparır, Allah evlərinin “təyinatını” belə dəyişdirirdi. Fəqət, insaların dinə və dinin simvollarına münasibəti daha səmimiydi. Ən azından heç kim yalandan namaz qılmır, həccə getmir, dini rituallardan gözdən pərdə asmaq vasitəsi kimi istifadə etmirdi. Siz dünyada elə bir örüş-ölkə misal gətirə bilərsiniz ki, o ölkənin millət vəkili 26 qat “həci” statusuna sahib olsun?! Başınızı yormayın. Bu “şərəfin” həndəvərində fırlanan adamı, heç Səudiyyə Ərəbistanının bədəvi ərəbləri arasından tapa bilməzsiniz. Təmiz şou-dinnesdi və Ginnesin rekordlar kitabına düşmək ehtimalı çox böyükdür.

Yazının “DABAN”ı: Dünya və dünya sakinləri yeni bir dönəmə hamilədir. Artıq imperializmin heydən saldığı qocaman, işsiz-gücsüz, imkansız sovet adamını əvəz edəcək yeni nəsil sovet adamı doğulur. Onun ünvanı əzəmətli bir coğrafiyanı əhatə edəcək Avrasiya Birliyidir. Əmin-amanlığın, sülhün, tolerantlığın, bərabərliyin, haqq-ədalətin,əxlaqın, ailə xoşbəxtliyinin təcəllə edəcəyi QARDAŞLIQ və DOSTLUQ adası. Yerin məlum, sovet adamı!

Комментариев нет:

Отправить комментарий