Страницы

15.05.2015

BEYİN BÖHRANI

Rahim Şaliyev

Əsəblərimi qorumaq üçün yerli telekanalları izləməkdən qaçan insanam. Lakin, bu gün istəmədən olsa belə kənardan telekanalların birində kim tərəfindən deyildiyini belə bilmədiyim kəlmələri eşitməkdən yayına bilmədim. Aramla və ehtiyatla danışan, səsindən ağsaqqal olduğu bilinən birinin “Mən vaxtında demişdim ki, Neft Fondu lazmsız bir qrumdur. Biz gələcək nəsillərə pul yox, yolları, stadionları, möhtəşəm tikililəri saxlamalıyıq” fikirləri ilə haradasa razılaşmaq olardı. Pul heç də gələcək üçün hər şey demək deyil. Amma, ən azından gələcəkdə doğru yoldan xərclənəcəyi halda faydalı ola bilər. Anidən ağlımda belə bir sual canlandı ki, görəsən, tikilən yollar, stadionlar, möhtəşəm tikililər gələcək nəsilləri nədəsə xilas edə biləcəkmi? Daha geniş desək, pul olmayandan sonra uzağı 20 il ömrü olan yollar yenidən necə təmir ediləcək, yaxşı vəziyyətdə saxlanılması üçün milyonlar tələb edən stadionların, möhtəşəm tikililərin taleyi necə olacaq?
Özümüzü niyə aldadaq? Onsuz da məlum məsələdir ki, Azərbaycanın kiçik tutumlu stadionları belə min bir xaişlə, minnətlə, uşaqlara pulsuz bilet verməklə, oyunlara baxmağa gələnlərə hədiyyələr paylamaqla güclə yarıyadək dolur, qaldı ki, 60 minlik stadionları azarkeşlə doldurmaq, gələn bilet gəlirləri ilə stadion saxlamaq mümkün olsun. Neft Fondunun pulu olmasa uzaq başı bu stadionlar Braziliyanın 72 minlik “Mane Qarrinça” stadionu kimi azarkeş üzü görməyib maşınlar üçün qaraja çevriləcək, ya da Şəmkirdə, Gəncədə məhv olan stadionlardakı kimi qoyun sürülərinin otlağına çevriləcək. Düzünə qalsa, ölkə üçün otlaq, maşın dayanacaqları daha vacibdir, nəinki bu stadionlar.
Məsələnin çox dərininə getməyə də ehtiyac yoxdur. Biz hələ stadion və yollardan danışırıq. Görün ölkənin nə qədər sahələri var ki, heç bir günlük belə öz gəlirinə dolana bilməz, hələ qaldı ki, bizi dolandırsın. Bəs biz pulları hansı yöndən xərcləsək həm özümüz, həm də gələcək üçün qazanmış olarıq?
Dünyada yazılmamış bir qanun var. İnkişaf etmiş ölkələrin istənilən biri təhsil sahəsinə böyük yatırımlar etdikdən sonra güclü inkişafa nail olur. Ən güclü idmançılara malik ölkələrdə belə təhsilə idmandan daha çox maliyyə ayrılır, kitab oxunması, kitab satışı daha böyükdür, elm inkişafda olduqca digər sahələri də lokomativ tək ardınca aparır. Bizim ölkədə isə həm təhsil, həm də idman yalnız və yalnız təbliğat xarakteri daşıyır. Ölkənin kitab satıcıları orta əsrlərdə İncili şəhərdən-şəhərə, kənddən-kəndə yayan missionerlərə bənzəyir, idmançılarımız bayraq qaldırmala özlərini dünya fatehi sayırlar, Malta kimi cırtdan ölkələri udmağına sevinən futbolçularımız ildə bir dəfə görülən qələbədən sonra özünü Ronaldo, Messi kimi aparır, amma, əslində onlar qazandıqları və onlar üçün xərcələnən pulların qarşılığında heç Mixitiryan da ola bilməyiblər bu ölkəyə. Çünki, hər yerdə, hər sahədə bizi bir problem izləyir – düşüncə qıtlığı. Ölkədə getdikcə kütləvi beyin keyiməsi gedir, gələcək nəsillərə içi boş əyləncələrdən, problemlərlə dolu məmləkətdən başqa qalan miras görünmür. Bəlkə də, gələcəkdə üzünə baxmağa utanacağımız bir nəsli yetişdiririk. Ya da onlara etdiklərimizə görə bizə nifrət etməkdən, bizi alçaltmaqdan utanmayacalar.
Xərclənən pullar gələcək nəsillər üçün ən böyük miras sayılacaq “Beyin kapitalı”nı da qura bilməyib indiyənə qədər. Elm adamları, ən bilikli mütəxəssislər ölkədən çıxıb getməyənə qədər uğur qazana bilmir, teatr, incəsənət sahələri ləng inkişaf edir, kitab satışında olan qiymətlər yazıçını yazı yazmaqdan daha çox kitabını çap etmək üçün vergiləri ödəmək barədə maraqlanmağa məcbur edir, sovetlər dağılandan bu yana ciddi ədəbi nümunələr yaranmır, elmi kəşflər yox dərəcəsindədir, kinolar, teleseriallar üçün ayrılan milyonlar daha çox qeyri-peşəkar, naşı insanların cibinə axır və cəmiyyətdəki keyiməni daha da artırır… Elə bir vəziyyətlə üz-üzə qalmışıq ki, hansısa sahəyə milyonlar ayırsaq belə o milyonları öz istedadı ilə haqq edə biləcək insanları tapa bilmirik. Ətrafınıza yaxşı baxın, əgər hiss edə bilmirsizsə küçədə gəzən insanlardan bir-neçəsi ilə ünsiyyət qurmağa , kütləviləşən şoul-proqramlarda məna, müsbət bir amil tapmağa çalışın. Başa düşəcəksiniz ki, ətrafınızda böyük bir “Beyin böhranı” var. Təbii ki, özünüz də o böhranın parçası deyilsinizsə…

Комментариев нет:

Отправить комментарий