Страницы

15.05.2015

Qərbin “Qəhrəman” obrazı yaratmaq sistemi – Mədəni təbliğatın siyasi məqsədləri

Rahim Şaliyev

Əgər hansısa ölkə istismar edilirsə bu ölkənin əhalisi tezliklə istismarçıya qarşı çıxar və azadlığını tələb edər. Bu isə istismarçı üçün arzuolunmaz təməllər qoya bilər. Bu zaman istismarçı ölkəni qarışdırar, özünün istismarçı olduğunu yox, əksinə xilasedici olduğunu gözə soxmağa çalışar. Son əsrdə əsasən də ABŞ-ın yeritdiyi bu siyasət onun dünya çapında supergücə çevrilməsinə, günahkar olduğu yerdə qəhrəman kimi tanınmasına yol açıb.
ABŞ-ın əsasən də son illərdə yaxın şərqdə apardığı açıq hərbi əməliyyatlardan bu məqsəd daha da çarpıcı göründü. Onlar əvvəlcə dünyanı öz “azad” adlandırdıqları media qrumları ilə (bəlkə də, həqiqətən azad olsalar da oyuna aldanıblar) inandırmağa çalışırlar ki, hansısa ölkədən dünyaya təhlükə var və bu vasitə ilə ölkələrə müdaxilə edir, getdikcə özləri daha böyük təhlükəyə çevrilsələr də biz bunu tam olaraq anlaya bilmirik. Çünki, bayaq qeyd etdiyim kimi, son dövrlərdə Yaxın Şərqdəki əməliyyatlar bu amili açıq göstərsə də, bir-çox məqamlar var ki, biz onları gözdən qaçırırıq.
ABŞ hər hansısa ölkəni istismar etməmişdən öncə ölkə üzərinə diktatura gətirir və məcbur edir ki, bu diktatura ölkəni rahat talasın və talanan paydan onlara da çatsın. Ardınca isə Avropa və ABŞ ölkədə talanmağa bir şey qalmadığını gördükdə və ya diktaturanın möhkəmləməsi ilə ölkənin öz nəzarətindən tədricən çıxacağını hiss etdikdə burada mədəni təbliğatı gücləndirir və ölkənin gənclərini özünün yaratdığı diktaturaya qarşı qoyur. Son dövrlər Azərbaycanı özündə də yüzlərcə belə təbliğatı görmüşük ki, sonda bu gənclikdən yalnız alət kimi istifadə olunub. Gənclər əsasən də ABŞ-ın Azərbaycandakı mədəni və sosial təbliğatına aldanıb. Birbaşa olaraq bu ABŞ-ın Azərbaycanda maliyyə yardımı ayırdığı qurumlarda heç də məqsədlərə uyğun təbliğat getmir. Əsasən də bu təbliğat mədəni səviyyədə gedir. Misal üçün, ABŞ və Avropa səfirlikləri ölkəmizdə hansısa ədəbiyyat təbliğatı altında ancaq inqilablardan bəhs edən bədii əsərlərin nəşrinə üstünlük verir. Yaxud da, maliyyələşdirilən ədəbiyyat və film sənayesi ilə bağlı qurum və təşkilatlar yerli-yersiz xalqı qınaq obyektinə çevirməyə çalışan yazarları önə çəkir və bununla da sanki hər kəsə məhz bu insanların dediyi kimi yaşamalı olduğunu aşılayır. Qərb mədəniyyətinin aliliyini önə çəkir. Lakin, özlərinin müdaxilə etdiyi və çıxılmaz sistemə uyğunlaşdırdıqları hakimiyyətin sətiraltı tənqidi ilə məşğul olurlar. Sadə dildə desək, gəlib eybəcər bir bina tikirlər, sonra da insanları qıcıqlandırırlar ki, baxın, sizin hakimiyyət bu eybəcər binanı sizə tikib, onu sökmək lazımdır. Baxırsan ki, ölkədə heç bir nüfuzu olmayan, bədii təsvir cəhətdən qıt ədəbiyyat insanı ABŞ-ın media qrumları tərəfindən geniş təbliğatla məşhurlaşdırılır, insanların gözündə qəhramanlaşdırılır, əslində istifadə olunan insanların özləri belə alət olduqlarına varmır, ölkədəki real problemləri görərək düz olduqlarını sanırlar. Çünki, onlar bəzən heç zaman anlamırlar ki, mübarizə apardıqları problemlərdə onlara dəstək olanlar əslində elə bu problemləri yardanlardır. Bu yazarlar həmişə qərbin təbliğatın aparırlar. Onları Sinqapurda, Yaponiyada gedən tərəqqidən və ya Hindistan, Şərq fəlsəfəsindən danışdıqlarını görməzsiz, lakin daima Avropa və ABŞ-ın aliliyindən dəm vururlar.
Bu daha çox da artıq ölkədə istismarçı siyasətin bitməyinə az qalmış baş verir. Misal üçün, İranı öz məqsədləri üçün istismar edən Qərb bu ölkədə istismar etməyə az bir şeyin qaldığını gördükdə əhalinin mədəni köklərini sındırmağa çalışdılar ki, bu da sonda İran İslam İnqilabı ilə nəticələndi və uğrusuzluğa düçar oldu.
Geniş və ucuz maliyyə hesabına başa gələn ilkin təbliğatdan sonra cəmiyyət içindən çıxarılan çalışqan insanlar qəhraman obrazında göstərilir. Bəzən onlar nüfuzlu xarici nəşrlərin mövzusuna çevrilərək ölkəmizin mədəni və siyasi simvoluna çevrilir ki, bu da gənc nəsildə maraq oyadır, onlarda da bu cür “qəhramanlıq” etmək duyğusu alışır.
Əslində Qərbin istismarçı siyasəti psixoloji yönlərdən qurulduğundan, istismar etdikləri xalqı elə özünə qarşı qoyduğlarından, özlərinin isə qəhrəman kimi görsətdiklərindən uğurlu alınır. Bəs necə olur ki, biz belə bir təbliğata çox rahat aldanır və içində olduğumuz oyunları anlamırıq?
Çox az adam niyə ABŞ-ın kino sahəsinə milyardlarla maliyyə yardımları ayırdığı haqqında düşünüb. Bu gün evlərimizə televiziya vasitəsi ilə yol açan ən təsiredici mövzular Qərbin, əsasən də ABŞ-ın filmləridir. Bu yöndən təbliğat ABŞ-a hər cəhətdən önəmlidir. 2001-ci ilə qədər ABŞ-da yayımlanan əksər filmlərdə “ərəb” və “müsəlman”obrazı mənfi bir obraz kimi verilmiş, çox çirkin təsvirlərə məruz qalmışdı. 11 sentyabr hadisələrindən sonra ard-arda ərəb və müsəlman ölkələrinin necə sıradan çıxarıldığını və Qərbin əhalisinin də çox asnalıqla bütün bunlara motivasiya edildiyini görə bildik.
Ən çirkin kino təbliğatı isə cizgi filmlərində aparılır. Cizgi filmi istehsalçıları elə bir təəssürat yaratmağı bacarıblar ki, bu filmlərə ancaq uşaqlar baxmalı və böyüklər kənarda qalmalıdır. Maraqlıdır, nəyə görə biz uşaqlarımızı bu filmləri izləməyə məcbur etməliyik? Uşaqların cizgi filminə baxması və ya böyüklərin baxmaması hansı təbii səbəblərdən doğur? Heç düşünmüsünüzmü ki, uşaqların ən çox nəzarətsiz qaldığı, təbliğata düçar olduğu zaman məhz cizgi filmlərinə baxdığı zamandır? Məhz uşaqlıq zamanından biz cizgi filmləri ilə bir çox təbii aspektlərdən uzaqlaşdırılırıq. Daha sonra isə uşaq və yeniyetmələr üçün filmlər, ardınca isə bizə ABŞ əsgərinin qəhrəman olduğunu göstərən filmlər beynimizdə müəyyən bir sədlər yaradır ki, bu da Qərbin bizim psixologiyamızı tam yaxşı idarə etməsinə, asanlıqla propaqanda aparmasına gətirib çıxardır.

Комментариев нет:

Отправить комментарий