Страницы

28.05.2015

İlya Zemtsov. Oğurlanmış respublika -8

İlya Zemtsov: “Partiya, yoxsa mafiya? Oğurlanmış respublika- Azərbaycan”

VIII hissə: Heydər Əliyevin korrupsiyaya qarşı saxta mübarizəsi

Qorxu geri qayıdır: Yalan kimi, plan kimi

Müəllif İlya Zemtsov 70-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində şöbə rəisi işləyib. Sonradan Azərbaycanda əldə etdiyi təəssüratlar və faktlar əsasında kitab yazıb.

Elmlər Akademiyası - “vurulmuş kartlar” bankı

Bu adamlar şəhərin bol həyatına, məsələn, milis işçisinin güzəranına niyə də həsədlə baxmasınlar? Heç milis də işə başlayanda sakit ola bilmirdi. Qanun olmayan mühitə necə uyğunlaşsın: əziyyətli və qorxuludur. Bakı şəhər Oktyabr rayon milis idarəsinin rəisi Hüseynov 10 il Daxili Işlər Nazirinin müavini Rzayevi “yedirtmişdi”. Bəs nə oldu? Rzayevi Elmlər Akademiyasına işə keçirdilər. 
Elmlər Akademiyası “vurulmuş kartlar” bankı idi.
(Aydınlıq gətirmək istəyirəm: Azərbaycanda Akademiya işdən çıxarılmış partiya işçiləri, bağışlana bilən təsərrüfatçılar və oğurlamış milislər üçün iş yeridir). Hüseynovu pensiyaya göndərdilər. Nomenklaturaya düşənlər oradan dörd əllə yapışırlar, əlaqələri və vasitələri, təcrübələri, qazandıqları peşə uzun illər onlara yerdəyişmədə kömək edir. Partiya işi ixtisaslaşma bilmir, onu SSRİ-də mövcud olan 283 peşəyə dəyişmək mümkündür.
Partiya işində bir qayda var: harada olursan ol, fəallıq göstərməlisən, kampaniyalar keçirməlisən, yığıncaqlarda çıxış etməlisən, tənqidi yanaşmalısan, səhvlərindən peşman olmalısan.
Katiblərin məşuqə oyunlarından, fırıldaqlarından xalqın xəbəri olmamalıydı. Rüşvətlə tikilmış mülk yoxsul, ləkəsiz qohumun adına yazılmalıydı, maşını professor qardaşının adına alınmalıydı, pulu əmanət bankına öz adına qoymamalıydı, ya da qızıla çevirib bağda torpağa basdırılmalıydı. Ən mühümü sənin varlı həyat tərzin görünməməliydi...
Dəyişən birinci katiblər, hakim komandanın daxilində təmizləmələr ortalıqda gəzən yüz milyonların yenidən bölüşdürülməsi uğrunda qaydasız oyunlar cəmiyyəti xırdalayır, toza döndərirdi və onun psixologiyasını dəyişir, sinirləri tarıma çəkirdi. Qulağı Moskvada, gözü xalqın əlində olan kommunistlər insanları plan məngənəsində sıxır, adamları pambığa, üzümə qurban verirdilər. “Qorxu” geri qayıdırdı. Plan kimi, yalan kimi...
Zemtsov yazır:
Utandırıcı, həm də sensasiya olan bir faktı oxucu ilə bölüşmək istəyirəm.
1970-ci ilin dekabr ayının 29-dur. Beşilliyin başa  çatmasına 56 saat qalır. Bakı elektrik mexaniki zavodu Qafqazın ən böyük müəssisələrindən biridir, burada 14 min fəhlə çalışır. Rayon partiya komitəsinin birinci katibi, MK-nın təlimatçıları, nazirliyin səlahiyyətliləri zavoda tökülüşüblər, nəyin bahasına olursa-olsun, zavod beşillik planı yerinə yetirməlidir. Heç olmasa bir faiz artıqlaması ilə. Yerdə qalan yüz faizi demirəm, plandan əlavə bir faizin hikməti böyükdür. Bu hikmət barədə sonra.
Respublikanın bütün qəzetlərinə planın yerinə yetirilməsi haqqında raportla bağlı zavod rəhbərliyi, partiya təşkilatı və həmkarlar ittifaqı adından teleqram göndərilib.
Azərbaycan KP MK və Nazirlər Soveti adından kollektivə təbrik məktubları yazılıb, nazirliyə mükafat ayrılıb, direktordan briqadirə kimi hamının mükafatlandırılması nəzərdə tutulub.
56 saatda planı necə yerinə yetirmək olar? 14,8 faiz kəsir var. Bütün sutka işləsələr belə, - onsuz da həmkarlar ittifaqı səsini çıxardan deyil, - ən çoxu 2-3 faiz yerinə yetirmək olar. Bir tərəfdən də bu ilin əməkhaqqı fondu xərclənib, bu məsələni birtəhər gələn ilin hesabına həll etmək mümkündür, artıq işə görə 10 rubl verəcəklər, yeni ilin birinci ayının maaşından kəsəcəklər.
Mübadilə və müzakirədən sonra çıxış yolu tapıldı. Zavodun həyətində xeyli zay soyuducu yığılıb qalmışdı, onları  sexlərə verib, təmir etmək və yeni məhsul kimi qeydə almaq  haqqında göstəriş verildi. Direktor sex rəislərinə tapşırıq verdi: hər fəhlə, mühəndis evindəki məişət əşyalarını zavoda gətirsin. Dekabrın 29-30-da zavodun maşınları evlərdən  soyuducu, paltaryuyan maşın, ütü daşıdılar, rəngləyib yeni məhsul kimi anbarlara yığdılar. Bir neçə gündən sonra eyni sürətlə sahiblərinə qaytardılar. Plan 101,2 faiz yerinə yetirildi. Direktor Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edildi və nazir təyin olundu. Baş mühəndis direktor keçdi. 723 mühəndis və texniki işçiyə 100 faiz həcmində mükafat yazıldı. Bir ay sonra Azərbaycan Nazirlər Sovetinin sədri zavod kollektivinin nümayəndələrinə sosializm yarışında qazandığı yüksək nailiyyətlərə görə opera teatrında keçici qırmızı bayraq təqdim etdi. Konsert və yüngül şam yeməyi kollektivin kefini açdı.

Təhsil bazarı

H.Əliyev erası təhsil bazarında rüşvəti sürətlə qaldırdı. Hər il Azərbaycanın ali məktəblərində müəyyən qədər tələbə yeri satışa çıxarılırdı. 1968-ci ildə naməlum səbəbdən Tibb universitetinin prorektoru öldürüldü. Maqsud Əlizadə respublika komsomolunun birinci katibi olmuşdu, gənclər arasında böyük hörmət sahibi idi. Guya onu qiymət almaq üçün pulu olmayan bir tələbə qətlə yetirmişdi.
Bu məsələ hələ də açıq qalır.
Mərkəzi Komitəyə gələn məktublarda göstərilirdi ki, pedaqoji institutun rektoru Ağayev rüşvət almır. Amma onun bağ evinə qoyun cəmdəkləri, konyak dolu çəlləklər, bal və meyvə-tərəvəz gətirirlər. Azərbaycanda 14 iyul plenumundan sonra korrupsiya və rüşvətə qarşı başlayan mübarizə planlar kimi zahiri xarakter daşıyırdı. Hər il qiymətlər yüksək sürətlə qalxırdı. 1972-ci ildə tibb institutunun qiyməti 30 min rubl, Azərbaycan Dövlət Universitetinin qiyməti 20-25 min rubl, xarici dillərin qiyməti 10 min rubl idi. “Xalq Təsərrüfatı”nın (“Narxoz” - indiki İqtisad Universiteti) qiyməti 35 min rubla çatırdı.
İnformasiya bölməsində pulla qəbul edilən kontingentin təhlili göstərdi ki, onlar sex rəislərinin, mağaza müdirlərinin, kolxoz, sovxoz direktorlarının, prokuror və polis rəislərinin, SƏDM müfəttişlərinin,..- ikinci rüşvət mərhələsindən pay götürənlərin uşaqlarıdırlar.
1972-ci ildə tələbə qəbulu ilə bağlı faktlar Sov.İKP MK-nın  Elm və Təhsil şöbəsinin müdiri Trapeznikova göndərilmişdi. Niyə təhsillə bağlı faktların MK-ya göndərilməsinin səbəblərini sonradan başa düşdüm. Çünki Cəfərov Azərbaycan KP MK-da Axundov dövründən vəzifədə qalan yeganə katibdi və Əliyevin 70-ci illər komandasında yeganə akademikdi. Əliyev  özü birbaşa ona hücum etmirdi, çalışırdı ki Cəfərovun işdən çıxarılması əmri Moskvadan gəlsin.
Sov.İKP MK-nın şöbə müdiri çox ağıllı qərar çıxardı: pulla qəbul edilmiş 29 faiz tələbə institutlarda oxusun, rektorlar vəzifəsindən azad edilsin. Əslində çox humanist qərardı, burada tələbənin, onu pulla instituta qəbul elətdirən valideynin günahı nə idi? Nəticə isə çox pis oldu: daha çox risk edən rektorlar qiyməti birə-üç qaldırdılar. Yuxarıda sizə təqdim olunan qiymətlərdən əsər-əlamət qalmadı.

Onlar hətta mehmanxanaları da soyurdular

Azərbaycan KP MK-ya göndərilən məktubu KQB polkovniki, “İnturist” mehmanxanasının direktoru Rüstəmov yazmışdı. Məktub 1972-ci ilin noyabrında yazılmışdı, mehmanxananın istifadəyə verilməsindən on ay keçmişdi. Azərbaycan KP MK- nın ikinci katibi Kozlova şikayət edən direktor yazırdı: “10 ayda mehmanxanadan 10 min qaşıq və çəngəl, 7 min üz dəsmalı, 848 dəm çayniki, 217 meyvə qabı, 32 rəsm əsəri oğurlanıb...”.
Spirtli içkilər, narkomanlar... Azərbaycan KP MK birinci katibinə göndərilən gündəlik məlumatda deyilirdi: 5 milyonluq respublika əhalisinin 2 milyonu spirtli içkiyə həddindən çox meyllidir, narkomanların sayı isə sürətlə artır. 1950-ci ildə ölkədə 4 min, 1961-ci ildə 12 min narkoman vardısa, 1971-ci ildə onların sayı 22 minə çatmışdı. Müqayisə üçün deyim ki, bu, İngiltərədə olan narkomanlardan çoxdu.
Əslində, narkomanların sayı rəsmi statistikada göstəriləndən artıqdı. Milisdə onları qeydə almaq istəmirdilər. Respublikada narkotik maddələr kimlər üçünsə biznes sahəsiydi və burada nəzarət yox idi. Məsələn, Bakının Kirov parkında, zir-zibil içində itib-batan dəniz limanında morfi iynəsi, yaxud anaşa doldurulmuş siqaret təklif edirdilər. Özü də 1 rubla.

Cinayət və cəza

1971-ci ildə Azərbaycanda 70 min cinayət qeydə alınmışdı. Həmin il hər yüz min adamdan 12 nəfər öldürülmüş, 84 nəfəri soyulmuş, 98 nəfəri təhqir olunmuşdu. 
Gəncliyi özünün gələcəyi adlandıran bir respublikada 1970-ci ildə qətllərin üçdə birini, zorlamanın ikidə birini, oğurluğun beşdə üçünü yaşı 22-dən aşağı olanlar törətmişdi.
Uşaqlar arasında cinayətkarlıq halları həddini aşmışdı. 1953-1970-ci illər arasında yaşı 10-17 olan yeniyetmələr arasında cinayət 2,7 dəfə artmışdı. Qeyd olunan illərdə uşaqların sayı cəmi 50 faiz çoxalmışdı. Məhkum olunan uşaqların sayı böyüklərdən iki dəfə çoxdu. Daxili Işlər Nazirliyinin MK-ya verdiyi məlumatda göstərilirdi ki, 1970-ci ildə ölkədə yaşı 18-dən az 42 242 oğlan və qız adam öldürmə, zorlama, oğurluğa görə həbs edilib.

Dəlilərə səmimi salam

Gənclər Azərbaycanda ən çox aldadılmış adamlardır. Onlarda şərəf hissini necə tərbiyə etmək olardı: partiya siyasətində, iqtisadiyyatda və sosial həyatda onların yeri görünmürdü.
Hər saat abırsızlığa görə mükafat verilən ölkə məktəblərində təvazökarlıq tərbiyəsi vermək olardımı?
Əgər cəmiyyətdən daha çox oğurlayanlar cəzalandırılmadan bu qədər təsir gücü və hökmranlıq qazanırlarsa, oğurluğun qarşısını necə almaq olar?

(Ardı var)                 azadliq.info    Surxay Hüseynli

Комментариев нет:

Отправить комментарий