Страницы

28.05.2015

MUSAVAT REJİMİ: TARİXİMİZİN QARA SƏHİFƏSİ

ƏDALƏT ABDİNOV

Bu gün -  mayın 28-də burjua ideoloqları Azərbaycan Xalq Cümhuriyyəti deyilən bir quruma mədhiyyələr söyləyirlər. Zəhmətkeş xalq bilməlidir ki, 1918-ci ilin mayında Gəncədə musavat "hökuməti" yaradılmışdır. 1918-ci il sentyabrın 15-də türk müdaxiləçiləri və musavat əksinqilabçıları Bakını tutdular. İri mülkədar, keçmiş kadet F.Xan Xoyski başda olmaqla "Azərbaycan Xalq Cümhuriyyəti" deyilən hökumət işğalçıların icazəsi ilə iki gündən sonra Gəncədən Bakıya köçdü.
Müdaxiləçilər sadə əhaliyə qarşı amansız cəza tədbirləri görür, şəhəri çapıb - talayırdılar. İnqilabi və fəhlə təşkilatları darmadağın edilmişdi, həbsxanalar dustaqlarla ağzınadək dolu idi.
Musavat rejimi Azərbaycan xalqının mənafeyi ilə alver edirdi, onun sərvətlərini burjuaziya və mülkədarların hakimiyyətini saxlamaq xatirinə xarici imperialistlərin sərəncamına vermişdi. Azərbaycan xarici imperialistlərin əsarəti altına düşmüşdü. Quberniyalarda, bütün qəzalarda hakimiyyət əslində türk işğalçılarının əlində idi. Oyuncaq musavat hökumətinin hər hansı dövlət məsələsini, siyasi və iqtisadi məsələni türk komandanlığının razılığı olmadan həll etmək ixtiyarı yox idi. "Dikaya diviziya" əsasında təşkil edilən və zorakılıqla toplanan musavat hissələri türk "Qafqaz ordusunun" komandanı Nuru paşaya tabe idi. Azərbaycanda yerləşən bütün türk hərbi birləşmələri xalqın hesabına saxlanılırdı. Türk zabitləri başda olmaqla xüsusi ərzaq komitələri işğalçı ordunun saxlanması üçün taxıl məhsulunun onda bir hissəsi qədər "zəkat" vergisi yığırdılar. Müdaxiləçilər talan etdikləri şeyləri Bakıdan, Azərbaycanın digər şəhər və kəndlərindən çıxıb gedərkən özləri ilə aparırdılar.
Musavat rejiminin himayədarı türk işğalçıları 1918-ci il dekabrın 15-də xalqı çapıb talayandan sonra  Azərbaycanın hüdudlarını tamamilə tərk etdilər. Mudros barışığının şərtlərinə görə, türk qoşunları çıxarıldıqdan sonra Zaqafqaziyanı ingilis ordusu işğal etməli idi. Zaqafqaziyaya, onun sərvətlərinə, xüsusən Bakının neft sərvətinə sahib olmaq Britaniya imperialistlərinin çoxdankı arzusu idi. Bundan əlavə, onlar Zaqafqaziyanı Sovet Rusiyasına qarşı hərbi əməliyyat meydanı, həm də Xəzər dənizində öz mövqelərini möhkəmlətməyə imkan verən neydan hesab edirdilər. V.İ.Lenin 1918-ci il noyabrın 5-də demişdi: "...İngiltərə türklərlə müqavilə Bakını ələ keçirmişdir ki, xammalımızı əlimizdən almaqla bizi boğsun".
Noyabrın 17-də general Tomsonun komandanlığı altında ingilis qoşun dəstəsi Ənzəlidən Bakıya gəldi. Azərbaycan əslində ingilis imperializminin müstəmləkəsinə çevrildi. İngilislərin yuxarıdan, seçkisiz düzəltdikləri saxta musavat hökuməti, oyuncaq "parlament" imperialistlərin müstəmləkəçilik siyasətini ört - basdır edən pərdə idi.  Sadə xalq tam anlayırdı ki, "musavat parlamenti", bütün "demokratizm" və "vətənpərvərlik" ibarələri, Azərbaycan xalqının "azadlığını"  və "istiqlaliyyətini" qorumaq barəsində musavat hökumətinin bütün vədləri baş aldatmaqdan başqa bir şey deyildir. Əvvəlki kimi yenə də Azərbaycanda qubernatorlar, qəza rəisləri, keçmiş çar məmurları, pristavlar və strajniklər hökmranlıq edir və özbaşınalıqlar törədirdilər. Xalqa zidd musavat hökuməti ingilis işğal orqanlarının əlində bir oyuncaq idi. O. ingilis komandanlığının ehtiyaclarını ödəmək üçün hər ay 35 milyon manat xərc çəkirdi. Təkcə 1919-cu il oktyabrın 15-dən 1920-ci il yanvarın 20-dək Britaniya komandanlığına  213 milyon manata qədər pul verilmişdi. İngilis müdaxiləçiləri özlərini Azərbaycan sərvətlərinin sahibi kimi aparırdılar. Onlar xalq malını həyasızcasına çapıb talayırdılar. İşğalçılar neft, benzin ehtiyaclarını Batuma çəkib gətirir, oradan isə öz malikanələrinə daşıyıb aparırdılar.
Britaniya imperializmi Zaqafqaziyada da müstəmləkəçilik siyasətinin dəyişməz prinsipinə - “parçala və hökmranlıq et” prinsipinə sadiq qalmışdı. Əhalinin milli tərkibinin müxtəlifliyindən istifadə edərək işğalçılar Zaqafqaziya xalqları arasında milli ədavət yayır və qızışdırırdılar. Lakin zəhmətkeşlər işğalçıların süngüləri sayəsində yaşayan musavat rejiminin xalqa zidd mahiyyətini çox tez görüb dərk etdilər. Yadelli istilaçılara və onların musavatçı nökərlərinə qarşı xalq qəzəbi dalğası güclənirdi.
İnqilabi ideyaların təsiri altında öz əsgərlərinin sıralarına tamamilə pozğunluq düşəcəyindən qorxaraq və müstəmləkə ölkələrində öz arxasını möhkəmlətmək üçün ingilis imperialistləri öz qoşunlarını Azərbaycandan çıxarmağa məcbur oldular. Britaniya qoşunların Bakıdan çıxarılması 1919-cu ilin avqustunda başlandı. Öz hakimiyyəti üçün narahat olan musavat hökuməti Antanta ölkələri Ali Şurasının sədri J.Klemansodan xahiş etdi ki, arzuolunmaz nəticələrə yol verməmək üçün ingilis qoşunlarının çıxarılmasını təxirə salsın.
Britaniya müdaxiləçiləri çıxıb gedəndən sonra musavat hökuməti özünə növbəti “hami” axtarmağa başladı. Çürümüş rejimə xarici imperialistlərdən kimin himayədarlıq edəcəyinin bu hökumət üçün fərqi yox idi, o, istəyirdi təki süngülər olsun ki, bu süngülərə arxalanıb hakimiyyət başında qala bilsin.
Musavat rejimi sosial-iqtisadi və siyasi həyatın bütün sahələrində xalqa zidd siyasət, istismarçı siniflərin xeyrinə olan siyasət yeridirdi. Sovet hakimiyyətinin bütün nailiyyətləri, 1917-1918-ci illərdəki çətin mübarizədə Bakı proletariartı   və Azərbaycanın bəzi qəzalarının zəhmətkeşləri tərəfindən qazanılmış bu nailiyyətlər ləğv edildi. Musavat hökuməti neft sənayesinin milliləşdirilməsi haqqında Bakı Xalq Komissarları Sovetinin bütün dekretlərini və sərəncamlarını ləğv etdi və müəssisələri burjlara qaytardı.Neft sənayesi ağır böhran keçirirdi. Neft hasilatı xeyli azalmışdı. Bir çox sənaye müəssisələri işləmirdi, işsizlər ordusu gündən – günə artırdı. Azərbaycan iqtisadiyyatı fəlakət qarşısında idi. Ərzaq böhranı xüsusi ilə kəskinləşmişdi, inflyasiya və möhtəkirlik güclənirdi. Fəhlələr, əhalinin zəhmətkeş təbəqələri aclıq çəkirdilər. Bakının fəhlə rayonlarında sanitariyaya zidd şərait hökm sürürdü. Elə bir fəhlə kazarması yox idi ki, orada heç bir tibbi yardım göstərilməyən onlarca xəstə yatmasın.
Musavat rejimində Bakıda olduğu kimi Azərbaycanın digər şəhər və rayonlarının əməkçiləri də miskin həyat sürürdülər. Məsələn, Gədəbəy zavodunun fəhlələri gündə 12 saat işləyirdilər. Müəssisədə fəhlələrin əksəriyyəti harınlaşmış sahibkar tərəfindən işdən qovulmuş, ancaq dörddə bir hissəsi qalmışdı.
Azərbaycanın kənd təsərrüfatı tam tənəzzül həddində idi.Bəylər və xanlar kəndlilərin torpaqlarını əllərindən alırdılar. Musavat rejimi bəylərin və xanların xeyrinə biyar işlərini bərpa etmişdi. Kəndlilərin torpaqsızlaşması və var-yoxdan çıxması prosesi güclənmişdi. Onlar torpağı ağır şərtlərlə mülkədarlardan icarəyə götürməyə, yaxud da muzdurluq etməyə məcbur idilər. Taxıl, pambıq, tütün və başqa kənd təsərrüfatı bitkilərinin əkin sahəsi azalmışdı. Üzümlüklər və bağlar tələf olur, mal-qaranın sayı azalır, suvarma sistemləri sıradan çıxırdı. Meşələrin xeyli hissəsi qırılmışdı.
Zəhmətkeş əhalinin bütün təbəqələri amansızcasına istismar olunur, zorakılığa məruz qalır və qarət edilirdi. Qəzalarda musavat məmurları, pristavlar və varlılar cəzasız olaraq zəhmətkeşlərə qarşı özbaşınalıq və azğınlıqlar törədirdilər.
Xarici müdaxiləçilərin və onların nökərlərinin soyğunçuluq siyasəti nəticəsində musavat rejimindən narazılıq və hiddət artırdı ki, bu da fəhlə və kəndliləri, tərəqqipərvər ictimai qüvvələri inqilabi mübarizəyə qaldırırdı.
Musavatçılar hökumətinin daxili və xarici siyasəti və xarici müdaxiləçilərin ağalığı ciddi sosial - iqtisadi və siyasi nəticələr verdi. Azərbaycanda inqilabi prosesi gücləndirən obyektiv əsaslar genişləndi və subyektiv amillər inkişaf etdi. Sinfi mübarizə kəskinləşdi, Azərbaycan millətinin daxilində sinfi təbəqələşmə sürətləndi.
Musavatçılar, ittihadçılar və başqa burjua millətçiləri Azərbaycanda azğın şovinist siyasəti yeridirdilər. Onlar əhalinin ən geri qalmış hissəsinin millətçilik ehtiraslarını qızışdırır, millətlərarası ədavət toxumu səpirdilər. Musavatçıların daim əldə bayraq etdikləri əsas şüar Azərbaycanın "istiqlaliyyəti" şüarı idi. Musavatçıların bütün demaqoq millətçi təbliğat maşını bu ox ətrafında fırlanırdı. Çarizmin və xarici imperialistlərin milli zülmü illərində kəskinləşdirilmiş milli xurafatın davamlılığından məharətlə istifadə edərək, musavatçılar həmin şüarın köməyi ilə zəhmətkeşlərin şürunu millətçilik zəhəri ilə zəhərləməyə çalışırdılar.

ƏDALƏT ABDİNOV, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi

Комментариев нет:

Отправить комментарий