Страницы

28.05.2015

Ölkədə bağlanılan bütün kredit müqavilələri qanunsuzdur - borclular üçün banklara qarşı növbəti ciddi arqument!

Məlum olduğu kimi, banklar kredit müqavilələrində faizlərin ayda bir dəfə ödənilməsini təsbit edir. Halbuki, Mülki Məcəllənin (MM) 741-ci maddəsinə əsasən faizlər ildə bir dəfə ödənilməlidir. Bu müddəa Almaniya Mülki Qanunnaməsinin 488-ci maddəsi əsasında tərtib edilib. Fərq yalnız ondan ibarətdir ki, almanlarda bu norma dispozitivdir, bizdə isə imperativ. Yəni onlarda müqavilə ilə başqa qaydanın müəyyən edilməsi imkanı verilir, bizdə isə verilmir. Buna baxmayaraq, banklarımız müqavilədə başqa qayda (faizlərin aylıq ödənilməsi) müəyyən edir və bununla da qanunu pozurlar.
Bu isə o deməkdir ki, borclular ən pis halda aylıq əsasda ödədikləri faizlərin əsas borcun ödənilməsi hesab edilməsini tələb edə bilər. Bu isə əsas borcun, yəni kredit yükünün azalmasına gətirəcək.

Ən yaxşı halda isə ümumiyyətlə kredit müqaviləsinin etibarsızlığı tələbini irəli sürmək olar. Belə ki, MM-in 337.1-ci maddəsinə əsasən MM-də müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Deməli, o cümlədən MM-in 741-ci maddəsində müəyyənləşdirilmiş imperativ hüquq normasını pozmaqla bağlanmış kredit müqaviləsi də etibarsızdır. Deməli, MM-in 337.5-ci maddəsinə uyğun olaraq borclu banka kredit məbləğini, bank isə borclunun ödədiyi faizləri və komisyon haqları qaytarmalıdır. Bu isə o deməkdir ki, borclunun kredit yükü xeyli azalmış olacaq. Əlavə olaraq MM-in 460.3-cü maddəsinə əsasən krediti təmin edən öhdəliklər də (girov, ipoteka, zaminlik və s.) etibarsız olacaq. Banklar təminatsız qalacaq.
Bu imkandan yalnız xarici valyutada kredit almış şəxslər deyil, həmçinin manatla kredit almış şəxslər də istifadə edə bilər. Xarici valyutada kredit alanlar Konstitusiya Məhkəməsinin son qərarının 6-cı bəndinə uyğun olaraq banklardan əhəmiyyəti güzəşt tələb etməklə yanaşı məhkəmə qaydasında kreditin etibarsızlığını tələb etsinlər. Xatırladıram ki, bu günlərdə kreditin etibarsızlığının digər əsasını da açıqlamışdım. Həmin əsas əmlakın alınmasını maliyyələşdirən kreditin xarici valyutada olması halına aid idi. Elə krediti olan şəxslər həmin əsasla yanaşı indi qeyd etdiyim əsası da irəli sürsünlər.
Deməli, bütün borclular (kredit valyutasından asılı olmayaraq) faizlərin illik deyil, aylıq əsasla tutulumasını müqavilənin etibarsızlığına əsas kimi irəli sürsün. Xarici valyutada krediti olan şəxs əlavə olaraq KM-in qərarına əsasən əhəmiyyətli güzəştlər tələb etsin. Kreditlə əmlak alanlar isə əlavə olaraq kreditin xarici valyutada verilməsini müqavilənin etibarsızlığına əsas kimi irəli sürsün. İrəli!!!
P.S. Banklarımızın bağladığı kredit müqavilələrinin qanunsuz məqamları barədə açıqlamaları davam edəcəyəm. Konkret bankların müqavilə şərtlərinə də müraciət edəcəyəm. Buna görə də banklarla bağladığınız müqavilələrin surətini mənə göndərə bilərsiz.

Əkrəm Həsənov      aztoday.az

Комментариев нет:

Отправить комментарий