Страницы

06.05.2015

Qızbəsti Quliyeva - İgidlərim, ərənlərim, mərdlərim

Qızbəsti Quliyeva 2000-ci ildə Şahbuz şəhərində anadan olmuşdur. Hazırda Şahbuz şəhər 1 №-li tam orta məktəbin VIII sinfində oxuyur. Öz hiss və duyğularını poetik şəkildə elə indidən çox sərrast şəkildə ifadə etməyi bacaran gənc qələm dostumuza yaradıcılıq yollarında uğurlar arzulayır və onun bir neçə şeirini oxuculara təqdim edirik.

İgidlərim, ərənlərim, mərdlərim

Göyə qalxdı silahların tüstüsü,
Ürəyimdə  torpağımın istisi,
Hər tərəfdə igidlərin gur səsi,
İgidlərim, ərənlərim, mərdlərim.

Düşmənləri ayağıma sərdilər,
Yaxşı gündə, dar gündə də birdilər
Vətən üçün canlarını verdilər,
İgidlərim, ərənlərim, mərdlərim.
                      

Şəhid oldu neçə-neçə igidim,
Neçə dünya olsa sığışmaz dərdim,
Azadlıqdır mənim eşqim, qismətim,
İgidlərim, ərənlərim, mərdlərim.

Şəhid anası

Oğlunu torpağa qurban vermisən,
Övlad itkisini sən ki görmüsən,
Çiçək bitirmisən, xəzan dərmisən,
Ağla bu dəhşətə, şəhid anası.

Ağlama desəm də kar etməyəcək,
Bu acı qəlbindən heç getməyəcək,
Kabuslu yuxular heç bitməyəcək,
Ağla bu dəhşətə, şəhid anası.

Gecənin yarısı xəbər almısan,
Səssizcə, heyrətlə donub qalmısan,
Bulud tək qaralıb, göy tək dolmusan,
Ağla bu dəhşətə, şəhid anası.

Qapqara saçına düşübdü ağ dən,
Övlad qisasını alacaqsan sən,
Adını tarixə yazacaq Vətən,
Ağla bu dəhşətə, şəhid anası.

Düşməndən qisasım mütləq olacaq

Dağıldı bağçalar, yandı bu bağlar,
Dağlar dilə gələr, körpələr ağlar,
Sizədir güvənim, ey uca dağlar,
Düşməndən qisasım mütləq olacaq.

Elimin dünyaya düşüb harayı,
Bilmirəm neçədir düşmənin sayı,
Hazırdır əlimdə kamanın yayı,
Düşməndən qisasım mütləq olacaq.

Axır boz torpağa gözümün yaşı,
Sızlayır yurdumun torpağı daşı.
Dözməz bu dərdlərə türk vətəndaşı,
Düşməndən qisasım mütləq olacaq.

Niyə sənsizliyi hədiyyə etdin?

Sevgilim, məcnuntək sevsəm də səni,
Alıb sevincimi, vermisən qəmi,
Bu sənsiz dünyada sormadın məni,
Niyə sənsizliyi hədiyyə etdin?

Sənsiz yaşamağın görmüşəm dadın,
İndi heç bir yerdən yoxdur imdadım,
Qırılıb ürəyim, qolum, qanadım,
Niyə sənsizliyi hədiyyə etdin?

Sevirəm deyərək qəlbimdə bitdin,
Sonra da eşqinə xəyanət etdin,
Məni qəlbiyara buraxıb getdin,
Niyə sənsizliyi hədiyyə etdin?

İndi bilirsənmi nə çəkirəm mən,
Bəxtimi, talemi qaraldıbdı çən,
Gözümə nəm dolub, saçlarıma dən,
Niyə sənsizliyi hədiyyə etdin? 

Ana təbiət

Qoynunda yurdumun sevinci yatır,
Hüsnünə min dürlü gözəllik qatır,
Arazım bu başdan o başa çatır,
Nemətlər bəxş edən, ana təbiət.

Əzəldən gözəldi yaşıl meşələr,
Heyranlıq doğurur gözəl köşələr,
Qoyma meşə yıxıb, ağac kəsələr,
Gözəllik bəxş edən, ana təbiət.

Yağışlar yağanda şimşəklər çaxır,
Çayların min dağın qoynundan axır,
Gözümü oxşayır hər dağ, hər çuxur,
Əzəldən gözəlsən, ana təbiət.

Marallar ovçudan qorxub dağ aşar,
Çöllərdə ceyranlar cüyürlər yaşar,
Arpaçay düşmənin yolunda daşar,
Sən elə gözəlsən, ana təbiət. 

Naxçıvan

Hər tərəfin sənətkarla doludu,
Sinən üstü böyük ipək yoludu,
Tarixlərin hər taixdən uludu,
Gül çiçəkli, xoş baharlı Naxçıvan.

Şəhərlərin bir birindən gözəldi,
İlanlı dağ təbiətdə özəldi,
Sənə sevgim hər sevgidən əzəldi,
Gül çiçəkli, xoş baharlı Naxçıvan.

Neçə dahi göz açıbdı qoynunda,
Öndə gedib düşmənlərin oynunda,
Fədəkarlıq igidlərin soyunda,
Gül çiçəkli, xoş baharlı Naxçıvan.

Şahbuzum

Hər daşında  tarix yatır Şahbuzun,
Batabatdan əskik etməz qar, buzun,
Vüqarlıdır hər oğulun, hər qızın
Hər evində igid yatan Şahbuzum.

Məmməd Araz sinən üstə böyüyüb,
Vətən onun şöhrətilə öyünüb,
Onun adı sinələrdə döyünüb,
Büsatını büsat qatan Şahbuzum.

Dağ daşına Günəş şüa saçanda,
Batabatda əlvan güllər açanda,
Qayalarda ceyran, cüyür qaçanda,
Üzüm gülər doğma Vətən, Şahbuzum.

Комментариев нет:

Отправить комментарий