Страницы

06.05.2015

İçimdə sözün yeri göynəyir

Ziba Xəlil İşıq

Məni belə xatırla

Məni belə xatırla.
Dənizin sahilində.
Əynimdə qara libas. 
Əllərimdə incilər.
Ruhuma heç çökməmiş
Sənsiz, sevgisiz illər...

Məni belə xatırla.
İçimdə sonsuz acı.
Gözlərimdə suallar.
O məsum, küçük qızı.
Bir zamanlar nədənsə 
Diqqətini çəkməyən.
Kövrək, parlaq ulduzu.

Məni belə xatırla.
Duyğuları qarışıq.
İçində, içində...
Kimsənin görmədiyi.
Kimsənin duymadığı
Kainata yetəcək
Sönməyən zərif işıq.


Məni belə xatırla.
Çiçək yandıran Günəş. 
Dəniz, qırçın, ləpələr.
Gəlib, səsiz, gizlicə
Ayağımı öpələr...

Məni belə xatırla.
Xatırlamaq istəsən.
Ömür  axıb kecəndə
Qocalıq yetəndə də.
Başımızda hüzünlü
Ağ saçlar bitəndə də.

Məni belə xatırla.
Bir isti yay günündə.
Bir payız səhəriində.
Küləkli, tozlu, ögey.
Bu Bakı şəhərində...

Mən olmayacam

elə uzaqsan ki, özün bilmirsən
qorxma, saçinda da dən olmayacam.
"mən sənin kimiyəm, sənin özünəm !"-
deyirdim...
anladim sən olmayacam.

ömür nə  uzunmuş, yollardan betər
gecəli-gündüzlü, payızlı-qişlı
yolunu gözləyən qollardan betər.
sən urəyiyuxa, 
mən gözü yaşlı.
mən axı nə edim?!
mən başı daşlı
yazan ayri yazib, tən olmayacam.

bi nisgil buludu, kədər ruzgarı
icində nigaran incə, zərif tel.
duyğular, korlaşmış, həyacan yarı. 
nə desən, nə yesən olacam sənə.
bi ömür xatirə qalacam sənə.
yollar qayidacaq,
cən olmayacaq.
bir gün dönəcəksən, əlbət!
bilirəm...
bir gün dönəcəksən
mən olmayacam...

Ağac-adam

Yaş ötdükcə tənhalaşan
Adamlardan uzaqlaşan.
Dost-doğmadan kənarlaşan
Bulud  kimi göy üzünə,
Qartal kimi yuvasına,
İlbiz kimi öz qınına,
İcinə çəkilən adam...

Ömür keçdi.
Həyat bitdi.
Ona dost, yar, qardaş olan
Yorulmadan. usanmadan
Çırpınan o urək durdu.
Həyat bağban, sənsə bitki.
Solub düşən yarpaq kimi,
Qirilan bir budaq kimi,
Ağac kimi, çiçək kimi
Torpağa əkilən adam...

Darıx, noolar...

Mənimçün darıx,  noolaar...
Hər gün bir azca darıx.
Demirəm qış olsun için.
Yazca, payızca darıx...

Çiçəkdəki gül şehində
Rüzgarın xəfif mehində.
Hər "ah"ında, hər "eh"ində
Damlaca, tozca darıx...

Bu ağrı içimdən keçdi.
Yeridim izimdən keçdi.
Keçən keçdi, bəsdi, bəsdi!
Dirən zor-gücə, darıx...

Ömür açmış gülə bənzər.
Həyat bu çiçəyi əzər.
Ürək dözməz, ağıl dözər.
Yaşlı dözməz, cavan dözər.
Ol ahıl qoca, darıx!

İsmin bütün hallarında... ( eşq )

Dalğalandır sevgini.
Sakitliyi sevməz eşq.
Tufanı, ildırımı
Küsüb barışmaq da məşq.
Sevərsən, sevərsən...
Dünya sənin bilərsən.
Dünya isə fırlanır...
Sən də onla fırlanar,
Dönərsən...
Əgər bir gün dönərsən...
Eşqindən...
Dönsən alışıb yanar.
Səni də yandırar eşq.
Ayaq üstə ölərsən.
Ağac kimi...
Qıyamam.
Ruhun intihar edər.
Cismin gəzər dünyada
Yazdığın şeirlər də 
İnan ovutmaz səni.
Kimsə anlaya bilməz.
Kim? Harda? Nə mənada...

Ya dünya boyda sevgi.
Ya kibrit qutusu eşq.
Ya bir okean nifrət
Qəlbində daşımağa
Gücün varsa-sənindi.
De indi.
Dayan!
Dayan ürəyin desin.
Məni.
Məni...Məni...
Məni-lk məhəbbətini
“İsmin bütün hallarında “
Sevə bilirmisin?!..

Qarağat kolu

Bir Qarağat kolu insanı bu qədər kövrəldərmiş.
Bir Qarağat kolu adamın göz bulağını çağladarmış.
Bir Qarağat kolu şəkildən,
virtualdan belə,
Səni doğma vətəninə,
Məsum körpəliyinə qaytararmış...

Bi daha gedə bilməyəcəyini düşünüb.
Bi daha o kola, o evə, o ağaclara 
toxuna bilməyəcəyini anlayıb
Dəli olar insan.
Bir Qarağt kolu rəsmini,
bi Kosmeya çiçəkliyini görüncə.
Ömür yarı...
Arzular yarı...
Ən böyük istəyinə arzu deməyə dili gəlməz.
Gərçəkləşmənin mümkünsüzlüyünü düşünüb.
Necə? Nə cür? Harda?
Göyçə gölü,  o cənnət torpaqları
İlğım kimi 
Yuxularda...
Əl uzatsan gül üstündə jalə kimi buxarlanar.
Ömür macal versə
Tale üzə güllsə
Həyat, zaman hər şey dəyişsə
Dünyanın dəngəsi kimi
Hər şey bir şairin inancı kimi olsa
Rəhmə gələrsə fələk.
Orda...
O şirin bağda bi qarağat kolu qalıbsa
Ömür hədər yaşanmadı demək....

Keçmişə toxunmaq

Hərdən əl uzadıb keçmişə toxunmaq  istəyirəm.
O balaca qızcığaza.
Hələ düşməmiş  dəli  tufanlara.
Hələ adlammış sərt aşırımları.
Toxunsam kövrəldər məni.
Qorxuram...
Elədiklərimə peşman,
Eləmədiklərimə üzüləcəyimdən.
Yaşadıqlarım birər-birər keçər  xəyalımdan.
Qayğısız günlərim - duyğularımdan.
Əzablı  günlərim - ürəyimdən.

Hərdən əl uzadıb keçmişə toxunmaq istəyirəm.
İtirdiyim əzizlərimə...
Uzaq düşdüyüm dostlarıma, rəfiqələrimə.
Məni  qıran,  incidən birilərinə.
Göz  yaşlarıma...
Çox vaxt  bəsit , adi şeylərə tökdüyüm.
Həsrətlərimə...
Bilə-bilə gömdüyüm...
Məkutublara, açıqcalara,
Suvinerlərə, hədiyyələrə...
Ağlımın ən dərin qatında ilişib qalanlara.
Bəzən bir mahnı, bəzən bir qoxu, ətir  ilə
Yadıma  düşənlərə...
Hərdən əl uzdaıb keçmişə toxunmaq istəyirəm.
Gəncliyimin  divarına
Gəncliyimn baharına , payızına...
Dizdən yağan qarına, leysan yağışlarına.
Lənkəranda  Mayakdan“Kiçikbazar”a  doğru 
Yol boyu açan jasminlərə...
Akasiyalara, yasəmənlərə.
Moskvada, Orexova  meşəsində
Topladığım  göbələklərə
Saralmış ,”beşbarmaq” yarpaqlara.
Sevgi  titrəyişinə həssas ürəyimə
Hələ islanmamış , bakir duyğularıma.
Dünyanın çox gözəl,
Gələcəyin  xoşbəxt olacağına...
Hərdən əl uzadıb keçmişə toxunmaq istəyirəm.
Ömrün  hələ çox uzun, möhtəşəm,
Olacağı  inamına...
Gülə-gülə...
Toxunmaq istəyirəm
Hərdən, hərdən.  Hələ, hələ...

Sözün yeri

İçimdə sözün yeri  göynəyir.
Qopdu sağalmaz yarası.
Kəpənəklərə çevrildi.
Uçdu getdi.
Mənim deyillər.
Şeir oldular.
Amma sən...
Amma sən
Bir söz vermişdin mənə,
Hədiyyə  kağızına büküb.
Hələ də saxlamışam.
Hələ də açmamışam.
Açsam bəlkə göyərərdi.
Ağrayır o sözün yeri,
Saxladığım nə qədərdi.
Ağladığım nə qədərdi,
Getdiyin yollar uzunu,
Bəlkə o sözün sehrində
Yuxuda gördüm üzünü.
İçimdə sözün göynəyir.
Səndən mənə miras qalan.
Sənə necə inanmışdım,
Sözün səndən vəfalıymış.
Getdin,  əbədilik getdin.
Sözün  doğruymuş, 
Özün yalan...

Azadlığım,  şeirim,  sevgim...

Azadlığım şeirmdədi.
Buxovlarım sevgimdədi.
Şeirim tək hürriyyətim.
Sən zəncirim, məhəbbətim.
Təsəvvür edə bilmirəm.
Həyatım necə olardı
Sadə, hamar, şümal, xovsuz.
Paramparça, bomboz, boşluğ.
Bu şeirsiz,  bu buxovsuz.
Bəlkə də ən xoşbəxt mənəm.
Bu  səadətdən xəbərsiz.
Mənim olan-yalnız mənim
Halqa-halqa, dilim-dilim.
Yox mən tək buxovun sevən.
Varım yoxum
Azadlığım,  şeirim,  sevgim...

Комментариев нет:

Отправить комментарий