Страницы

22.06.2015

Alimlərin dediklərindən bə`ziləri

◘Dini onun vaizi olmayan kəsə moizə fayda verməz. Fəsadı sevən qiyaməti sevməz. Hər kəs öz əkdiyini biçər və öz əməlinin cəzasını çəkər. Öz bədəninin sağlamlığı və dünəninin asayişi səni məğrur etməsin, çünki, ömrün müddəti qısa, bədənin sağlamlığının həmişəlik olması isə mahal (yə`ni qeyri-mümkün).

◘Nəfsani istəklərinə uyan şəxs dinini dünyasına satıb. Elmin səmərəsi əməldir. İnsanların ən yaxşısı odur ki, şəhvəti dinini xarab etməsin. İnsanların ən yaxşısı odur ki, hərisliyi qəlbindən çıxarsın və Allaha itaət yolunda öz həvayi-nəfsi ilə müxalifət etsin. Paxıl öz ne`mətlərinin qoruqçusu, varisin isə anbardarıdır. Tamahkar şəxs təqvadan bəhrələnməz.

◘Ne`mət əlinə gələn zaman çox sevinən şəxs müsibətə tab gətirməz. Lazımsız danışıqdan çəkin ki, gizlin eyibləri aşkar edər, yatmış düşməni isə oyadar. Hər kəsin danışığı onun əql və fəzilətini mə`lum edər. Elə isə gözəl söz danışana köməklik göstər və az sözə qane ol. Kişini danışığı ilə tanıyarlar, əməli ilə tanıtdırarlar. Sözünü möhkəm, əməlini tə`rifə layiq et. Çoxdanışan adam ürək sıxıcı olar, simic dilənçi isə məhrum.


◘Dostlarını təhqir edən tənha qalar. Sultana qarşı cür`ətli olan öldürülər. Qonşularını xar edən kəs izzət tapmaz, qardaşlarını məhrum edən isə xoşbəxt olmaz. Ən həyalı bəxşiş odur ki, istənilmədən verilsin. Dilənməyə (bir şey istəməyə) üzü olmayan kəs hamıdan ləyaqətlidir. Xoş təbiətli insan dostluq və rəfaqətə layiqdir.

◘Səni məzəmmət etməklə qəzəbləndirən şəxsi həlimliklə (gözəl bir helmlə) moizə et. Mal-dövlətini özü üçün xərcləməyə simiclik edən kəs, səxavətlə onu arvadının əri üçün qoyub gedər. Başqasına etdiyin yaxşılığı gizli saxla, başqasının sənə etdiyi yaxşılığı isə aşkar et. Kərim insanlarla qonşu olan şəxs kasıbçılıqdan uzaq olar. Əsli pak olanın özü də pak olar.

◘İnsanların ona etdiyi yaxşılıqları inkar edən kəsdə yaxşılıq olmaz. Yaxşılıq edərkən minnət qoyan şəxsə təşəkkür lazım deyil. Ücbə (özünübəyənməyə) səbəb olan işin mükafatı yoxdur. Özünün bəd əməlindən razı olan kəs özünün alçaq olmasına şahid durur. Əta etdiyini (bağışladığı bir şeyi) geri alan kəs xəsislikdə həddini aşıb.

◘Himmət nərdivanı ilə yuxarı qalxan kəs camaatın gözündə böyüyər. Bədxasiyyət adamın ruzisi az olar. Mal-dövlətindən keçən şəxs əziz olar, hər kəs abır-həyasından keçsə zəlil olar. Ən gözəl sərvət odur ki, halal yolla ələ gəlib, halal yerə xərclənsin.

◘Ən pis sərvət odur ki, haram yolla əldə olunsun və günah işlərə xərclənsin. Ən yaxşı xeyir iş dəryada çağıranların dadına çatmaqdır. Mərd xasiyyəti kamilləşdirən xüsusiyyət odur ki, öz haqqını unudub başqaları haqqında fikirləşəsən; belə ki, bir kəsə pislik etsən bunu ən böyük, əgər sənə pislik edilsə bunu kiçik hesab edəsən. Səxavət dostların sənə qarşı məhəbbətinə, simiclik isə düşmənçiliklərinə səbəb olar. Sənə yaxşılıq edənə pislik etmə, heç kəsə də zərər yetirmə. Zülmü və başqalarının haqqını tapdalamağı uzun müddət davam edən şəxsin həlakı da yaxınlaşır.

◘İnsanların ən pisi zülmkara kömək edib məzlumu tərk edəndir. Qardaşına quyu qazan, quyuya özü düşər. İnsana heç bir zərər yetirməyən pəltəklik, peşmançılıq gətirən gözəl nitq qabiliyyətindən üstün və xeyirlidir. Nalayiq söz danışan xoşagəlməz şey eşidər. Şəhvətini boğan şəxs öz alicənablığını artırır. Düşmənçilik qılıncı çəkənin qılıncı başında qınına girər. Bəxşişi çox olanın dostu da çox olar. Zülmdən çəkin! Çünki o, kişiləri bir-birinə qarşı qaldırar və ömürləri azaldar. Qənaət (qane olmaq) bədənin asayişidir. Təcrübənin çoxluğu əqlin artmasına səbəb olar.

◘Uzaq da, yaxın da sözgəzdirəndən uzaq gəzər. Qadınlarla məşvərət edənin əqli xarab olar. Helmi olan şəxs böyük olar. Öz izzətini istəyən şəxs gərək pulu xar etsin. Yol ilə düz gedənin ayağı büdrəməz.

◘Haqqın bəndəsi azaddır. Yaxşılığından sənə bir pay ayırana sən təşəkkürünün hamısını ver. Səbr və tələsməməklik arzuya çatmağa səbəb olar. Elmi qorumaqdan ötrü onu əhlinə tapşırmaqdan gözəl şey yoxdur. Bə`zən əta xətadır, inayət (xeyirxahlıq) cinayət.

◘Əgər qılınc olmasaydı tərslik çox olardı. Əgər doğruçuluq cism şəklinə düşsə aslan olar, yalan cism şəklinə düşsə tülkü. Əgər nadanlar və cahillər sussa, ixtilaf aradan gedər. İşlərini dərrakə ilə yoluna qoyan şəxs sirlərə varar. Bir xoşagəlməz sözü eşitməyə dözməyən bir neçəsini eşidər.

◘Öz eyiblərini axtaranın ruhu pak olar. Arzuların sonuna çatan şəxs nigarançılığın da sonunu gözləsin. Dünyanın izzətində sultanlarla şərik olan axirət zillətində də onlara şərikdir. Fəqirlik zirək insanın dilini bağlayar. Xəstəlik bədənin zindanıdır, qüssə isə ruhun.

◘Hədiyyə dünya bəlasını qaytarar, sədəqə isə axirət bəlasını. Tamah azad insanı qul edər, qənaət isə (qane olmaq) qulu azad. Fürsət tez keçir, lakin gec ələ düşür. Dilin həcmi kiçikdir, günahı isə böyük. Ədalət gününün zalım üçün çətinliyi, zülm gününün məzlum üçün çətinliyindən daha artıqdır.

◘Peyğəmbər (s) sünnəsinə tabe ol və bid`ət yaratma. Səni heç bir ehtiyacı olmadan qoruyanın dediklərinə riayət et. O kəslərdən olma ki, aşkarda şeytana lə`nət edib, gizlində ona tabe olsunlar. Sənin dostun sənə düz söz deyəndir, nə inki, səni təsdiq edən. İsrafda xeyir olmadığı kimi, xeyirdə də israf yoxdur.

◘Özünün qiyməti olmayan malını Allah yolunda sərf edən kasıb, öz yaxşı imkanından az miqdarda sərf edib minnət qoyan dövlətlidən üstündür. Tamah fəqirlik, qənaət isə dövlətdir. Camaatın dövlətinə göz dikməyən şəxsin onlara ehtiyacı olmaz. Həyat keçib gedən saatlardan və xoşagəlməz hadisələrin təkrarından ibarətdir.

◘İbn Məs`ud deyir: Hər gün bir mələk fəryad edib deyir: “Ey Adəm övladı! Kifayət qədər olan az, tüğyana səbəb olan çoxdan üstündür.

◘Üveys Qərəni deyib: Hikmət sahiblərinin sözlərindən heç biri mənə bu cümlə qədər fayda verməyib: Bir üzlə həmahəng ol ki, başqa üzlərdən ehtiyacsız olasan; Allahla həmdəm ol ki, səni başqalarına möhtac olmağa qoymasın.

Ayətullah Meşkini, “Nəsihətlər” kitabı. 
Tərcümə edən: Xəlifə Həmidov
Nəşr edən: Şəhriyar

Комментариев нет:

Отправить комментарий