Страницы

10.06.2015

CAYNİZM

Brahman ayininin bəzi ictimai-ideoloji əsaslar, o cümlədən karma qanunu, tənasüx və kasta sinfi quruluşu sonrakı dövrlərdə onların ardıcılları tərəfindən inkar edilərək ciddi narazılıq və kəskin tənqidlə qarşılaşdı. Brahmanlar məhz bunlara əsaslanaraq açıq şəkildə bildirirdilər ki, öz təbəqələrindən olanlar istisna olmaqla, heç kəs kamil mənəvi mərhələləri qət edərək nicat və qurtuluş mənzilinə, yə’ni nirvanaya nail ola bilməz. Bu etiqad brahman ayinindəki digər etiqadlardan daha artıq tənqid və etirazlara mə’ruz qaldı.
Bu əqidənin ardıcılları üçün insanlar arasında yalnız bir təbəqənin nicat əhli olaraq nirvana kimi fəna mərhələsinə çata biləcəkləri, başqalarının isə on dəfələrlə doğulub-ölməkdən, səy göstərib əzab-əziyyət çəkməkdən sonra belə, nicat və qurtuluş mərhələsinə çata bilməyəcəkləri kimi etiqadı qəbul və həzm etmək çox dözülməz idi. Buna görə də Hindistan alimlərindən bir qrupu karma və tənasüx qanununu başqa bir yolla izah etməyə çalışaraq, onu təfsir etməyə başladılar. Bu təfsirlərin ən mühümü sonralar caynizm və buddizmin yaranıb formalaşmasına səbəb olmuşdur.
CAYNİZM AYİNİNİN BANİSİ. Caynizm ayininin yaradacısı və banisi Natapute Vardmne idi və ardıcılları onu “mahavira”, yaxud böyük pəhləvan adlandırırlar. Mahavira miladdan 599 il əvvəl kşatrya təbəqəsindən olan “racelər” ailəsində dünyaya gəlmiş və sinfi vəziyyətinə görə öz inkişaf dövrünü rifah, var-dövlət, əmin-amanlıq içində keçirmişdir. Caynizmin müqəddəs kitablarında onun həyatı ilə əlaqədar deyilir: “Mahavira beş nəfər dayə tərəfindən qorunurdu. Hər bir dayə ayrıca onun ayaq yoluna getməsi, təharət işləri, bədəninin paklığı, paltar geyməsi, yaxud oynayıb-əylənməsi işlərinə baxırdı. O, bir dayənin qucağından digərinin qucağına ötürülürdü”.
Mahavira öz gənclik dövrünü də atasının imperator sarayında naz-nemət içərisində keçirmiş, daha sonra zadəgan təbəqəsindən olan bir qızla evlənmişdir. Buna baxmayaraq, şahlara xas həyat tərzi ona çox iyrənc və dözülməz gəlirdi. O, zahidlik və rahiblik həyatına üstünlük verir və belə bir həyat tərzini daha çox sevirdi. Ata-anası həyatda ikən onun rahiblərə yaxınlaşması və həyat tərzlərinin tətbiqinin qəti əleyhinə olduğuna görə onlardan uzaq gəzirdi. Amma təxminən 30 yaşında ikən ata-anası öldükdən sonra sarayın kübar həyat tərzindən uzaqlaşıb ona miras qalan var-dövlətin hamısını yoxsulların arasında bölüşdürdü və şəhərin kənarında rahiblərin monastırında yaşamağa başladı. Zadəgan paltarlarını çıxardıb, rahiblərin adətinə uyğun olaraq, əyninə sadə bir parça doladı və onların ayininə and içib öz cismini və bədənini unudacağına, üzləşəcəyi bütün xoşagəlməz hallara və çətinliklərə səbr edəcəyinə söz verdi.
Mahavira bir müddət rahiblərlə birgə yaşadıqdan sonra nicat və qurtuluşa nail olmaq, mukşadan nicat tapmaq üçün rahiblərin monastırını tərk etdi. Əbasını çiynindən götürdü, çılpaq şəkildə səhralara üz qoydu, evsiz-eşiksiz didərginlər kimi özünün asketik həyat dövrünü başladı. Yazırlar ki, o, öz səyahət və seyri-süluk müddətində bir gündən artıq bir kənddə və beş gündən artıq heç bir şəhər və ya qəsəbədə qalmamışdır. Belə ki, bir yerdə bundan artıq dayanmağı həmin yerlərə ürək bağlamaq kimi qiymətləndirirdi. Yalnız yağışlar mövsümündə bir yerdə qalmaq üçün yer seçir və orada mütləq sükunətə dalırdı. Bu fəsildə yer üzündə bir çox canlılar hərəkətə gəldiyindən Mahavira onları əzməmək və əzab-əziyyət verməmək üçün hərəkət etmirdi. O, nicat və qurtuluş prinsiplərindən birinin də canlılara əzab-əziyyət verməmək olmasına inanırdı. Buna görə də, yeriməyə başladıqda yumşaq bir süpürgə ilə öz yolunu təmizləyirdi ki, kiçik həşəratları, yaxud qarışqaları yolun üzərindən götürsün və onlara əzab-əziyyət verməsin.
Məhz bu səbəbdən, heç vaxt ət xörəkləri yeməzdi ki, heyvanların öldürülməsində payı olmasın. Həmişə dilənməklə başqalarının hazırladığı yeməklərdən yeyərdi. Su içən zaman nazik bir parça ilə suyun üzərini təmizləyirdi ki, onda kiçik canlılar olmasın. Hətta, həşəratların ağzına girib ölməməsi üçün danışan zaman ağzına bir dəsmal tuturdu. Yatan zaman da öz yatağını diqqətlə axtarırdı ki, hər hansı bir həşarat, yaxud həşaratın sürfələri olarsa, onlara zərər toxunmasın. Yazılanlara görə o, başqa rahiblərin nazik paltar geydikləri və öz bədənlərini od qalamaqla qızdırdıqları soyuq fəsillərdə də çılpaq gəzər, ağaclara söykənməkdən çəkinər və heç vaxt sığınacağa girməzdi. Soyuq fəsillərdə kölgədə, isti fəsillərdə isə yandırıcı günəşin altında oturmaqla dərin düşüncə və meditasiyalara qərq olardı.
Mahavira heç vaxt rahatlıq məqsədi ilə yatmırdı. Yuxu onu üstələyəndə özünü oyadar və sutka ərzində azacıq yuxu ilə kifayətlənərdi. Heç vaxt dərman qəbul etməz, öz bədənini suya salmaz, başının tüklərini qısaltmazdı. Onun fikrinə görə ağızı və dişləri yumaq lazım deyildi. Qəlbində heç kəsə məhəbbət yaranmaması üçün kimsə il oturub-durmaz və danışmazdı. Kəndlilər ətrafına toplaşıb onunla söhbət etmək istədikdə Mahaviranın uzun-uzadı sükutundan bezərək ondan əl çəkirdilər. O, nə kimsəyə salam verir, nə də bir kəsin salamını alırdı. Ümumiyyətlə heç bir kəsə diqqət yetirmir, başqalarının onu təhqir edib söymələrinə dözür və heç vaxt onları dəf etmək fikrinə düşmürdü. Hətta insanların, yaxud ziyanverici və yırtıcıların verdikləri fiziki əzab-əziyyətlərə də dözür, heç vaxt etiraz və ya şikayət etmirdi. Onun barəsində hindusların müqəddəs kitablarında oxuyuruq: “O, ifrazatın pis qoxusu, yaxud səndəl ağacının gözəl iyinə qarşı eyni dərəcədə etinasız idi. Samanla ləl-cəvahirata, zibillə qızıla, xoşluqla əzab-əziyyətə də eyni səviyyədə laqeydlik göstərirdi. Nə bu dünyaya bağlı idi, nə də ki bu dünyanın fövqündəki dünyaya. Nə həyat arzulayırdı, nə də ölüm”.
Hindusların müqəddəs kitablarında yazılanlara əsasən, Mahavira nəhayət on iki ildən sonra dözülməz ruhi məşğələlər, nicat və qurtuluşa çatmaq yolunda səbr və müqavimət nəticəsində 13-cü ilin ortalarında bir küncdə təfəkkürə qərq olduğu zaman nirvana və kamalın, yetkinliyin son mərhələsinə nail oldu ki, buna da terminologiyada “kivala” deyilir. Hinduslar ona bu vəziyyətdə “caynizmeh”, yəni qalib və fateh ləqəbi verdilər. Çünki o bu mərhələdə tam fəth və qələbənin son həddinə çatmış, bütün maddi və dünyəvi bağlılıqları özündən uzaqlaşdıra bilmişdi. O, nəhayət ki, ardıcıl ölüm və doğumların, tənasüx və möhnətin əzab-əziyyətindən xilas ola bilmişdi. Bu ayindəki “caynizm” sözü də həmin məsələdən bəhs edir.
Mahavira uzun sürən asketik həyat mərhələsini keçdikdən sonra sükutu pozmuş, camaata moizə etməyə, onlara yol göstərməyə, özünün hasil etdiyi ayin və məslək yolunu davam etdirməyə başlamışdı.
O, otuz il çəkən və həyatının sonuna qədər davam edən bu dövrdə öz ətrafına çoxlu şagird toplaya bilmiş və öz ayininin qayda-qanunlarını onlara öyrətmişdi. Onun hinduslar və sadə brahmanlar arasından da saysız-hesabsız ardıcılları var idi. Beləliklə, caynizm ayini Hindistanın qədim brahman cəmiyyətində meydana gəlib yayıldı. Bu ayinin qayda-qanunları və əməlləri tarixin bütün enişli-yoxuşlu yollar keçməsinə, müxtəlif çətinliklərlə rastlaşmasına baxmayaraq mövcudluğunu qoruyub saxlamış və indiyə qədər davam etməkdədir. Müasir dövrdə də Hindistan yoqalarının əksəriyyəti özlərini bu ayinin ardıcılı hesab edir. Əlbəttə, bu ayin sadə əhali arasında çox da geniş yayılmayıb. Demoqraflar, hal-hazırda Hindistanda 12-13 milyon nəfər caynizm ayininin ardıcılının olduğunu qeyd etmişlər. Ardıcıllarının az olmasını nəzərə almasaq belə, caynizm ayininin araşdırılması iki cəhətdən əhəmiyyət kəsb edir:
1. Bu ayinin yeni hinduizm baxışlarına qoyduğu təsirlər;
2. Bu ayinin brahmanizmlə hinduizm ayini arasında birləşdirici halqa olması və bu dinlərin tarixi proseslər baxımından da tədqiqinin zəruriliyi.
Başqa sözlə demək olar ki, qeyd olunan üç mərhələnin (brahmanizm, caynizm və hinduizm) araşdırılması ilə bu ayinlərin ideoloji və konseptual prinsiplərinin bir çoxu öz-özünə aydınlaşacaqdır. Çünki, caynizm ayinində baş verən sonrakı dəyişikliklər ondakı bəzi iradların, zəif nöqtələrin və çatışmazlıqların üzə çıxması kimi qiymətləndirilir. Bu ayinlərin tədqiqi həm də ona görə əhəmiyyətlidir ki, Qərbdə bir çox insanlar maddi həyatın əbəsliyindən məğlub olduqlarına görə asketik ruhlu hindus cərəyanlara üz tutmuşlar. Bu ayinləri araşdırmaqla, yanaşmaların düzgün olub-olmamasını anlamaq olar.
Caynizmin müqəddəs kitablarının tədqiqindən Mahaviranın 12 illik üzücü ruhi məşğələlərdən sonra nirvanaya, kamal və mütləq yetkinliyə (kivala) necə nail olması, bu vüsalın əlamət və nişanələrinin onda necə əks olması dəqiq aydınlaşmır. Əlbəttə, onun bu mənəvi məqama qovuşmasının dəqiq zamanı və məkanı bəyan olunmuşdur: “13-cü ilin yay fəslinin ikinci ayının dördüncü həftəsində, əşyaların kölgəsi gün çıxan tərəfə qayıtdığı zaman Riqopalike çayının şimal sahilindəki Qrimbəhikə-qrame şəhərində, Samaqa adlı şəxsin tarlasında bir ağacın yaxınlığındakı köhnə məbədin şimal tərəfində dizləri üstə başını aşağı dikib, fikir və düşüncə dəryasına qərq olduğu zaman nirvanaya qovuşdu”.
Gördüyünüz kimi Mahaviranın nirvanaya qovuşmasının məkan və zamanına aid ən xırda məqamlar belə bəyan olunduğu halda, onun necə vüsala yetişməsi və əlamətləri haqda heç bir aydın söz deyilməmişdir. Bununla belə, Mahaviranın ardıcılları onu müqəddəsləşdirərək sitayiş etmiş və ilahi sifətlərə məxsus olan bir şəxs kimi anmışlar. Hindusların müqəddəs kitablarında deyilir: “Hikmətə nail olan Mahavira heç bir günah iş görmədi... O, günahlardan, meyllərdən uzaq qalaraq dərin təfəkkür və tərki dünyalıqla məşğul olurdu”.
Eyni zamanda onun haqqında belə də deyilir: “O böyük zahid heç bir yaramaz əməl törətmədi. Dünyapərəstliyin və günahkarlığın cərəyanlarını bilən o vahid kəramət sahibi... həmişə heyvanların öldürülməsi kimi günaha batmaqdan çəkinərdi... O günaha batıracaq heç bir iş görmədi”.
Bu kitablarda Mahavira bütün günahlardan pak hesab olunduqdan, əslində ona ismət məqamı verildikdən sonra mütləq filosof və alim adı ilə sitayişə layiq görülür. Bu kitablarda deyilir: “O, bütün alimlərin fikirlərini bilirdi”. “O, ucsuz-bucaqsız və ali bir elm sahibi idi”. “Bu böyük ağıllı və zəkalı filosof imana, sonsuz elmə malik idi”.
Nəhayət, caynizmin müqəddəs kitabları Mahaviranı bəşəriyyətin 24-cü və sonuncu xilaskarı kimi qeyd edir.
Caynizm ardıcıllarının inancına görə, həmin 24 xilaskar öz təbirləri ilə 24 cayn - bir-birinin ardınca bəşəriyyətin nicatı üçün zühur etmişlər. Onların birincisi “rəsabha” adlanır və o, çox uzaq keçmişdə yaşayırmış. Onun tarixi məlum deyil, yalnız caynizm ayininin dini mətnlərində olan əfsanələrin bəzisi onunla əlaqələndirilir. Sonrakı caynlar biri digərinin ardınca bəşəriyyətin xilaskarı zühur etmiş və 23-cü caynın adı Barsəvanas olmuşdur. Qeyd olunduğu kimi, onların 24-cüsü Mahaviradır. Barsəvanas miladdan qabaq 9-cu əsrdə dünyaya gəlmiş və 8-ci əsrdə dünyadan köçmüşdür. O, bu cərəyanda çox çətin və kəskin rahiblik sisteminin əsasını qoymuş, öz ardıcıllarını ümumi və xüsusi olaraq iki dəstəyə bölmüşdür. Xüsusi şəxslər özlərini çətin ruhi məşğələlərə dözməyə vadar edən, dünyadan, ailə-uşaqdan üz döndərən, şəhər və kəndlər arasında səfil qalan rahib və mürtazlardan ibarətdir. Amma ümumilər isə bu ayini təsdiq edən, onun tərəfdarı və müridi olan sadə camaatdır. Ümumi dəstədən olanlar rahiblərin ehtiyaclarının təmin olunması işini öhdələrinə götürür və çirkin işlərdən uzaq olmağı öz adətlərinə çevirirdilər. Ondan sonra əvvəlki caynların göstərişlərinə əsasən, eləcə də özünün 12 illik asketik həyatından və təfəkkürlərindən əldə etdiyinə əsaslanaraq bu ayinin ondan əvvəl misli görünməmiş bir nizam-intizamla sistemləşdirən Mahaviranın növbəsi gəlir. Bu ayinin ardıcıllarının inancına görə Mahaviranın zühur etməsi ilə onların nicat və qurtuluş ayini kamilləşmiş, başqa bir xilaskara ehtiyac qalmamışdır.
ƏQİDƏ VƏ ƏXLAQ. Qeyd etdiyimiz kimi, caynizm əslində brahmanizmə (qədim hinduizmə) qarşı bir növ etiraz hərəkatı xarakteri daşımışdır. Bu etiraz “kasta” təbəqəli quruluşa, brahmanların istismarına etiraz olmaqla yanaşı, tənasüxdən (samsaradan) və ya ölüb yenidən başqa bir insanın, hətta xərçəng və ya bit kimi başqa alçaq varlıqların cismində zahir olmağın vəhşətindən qurtulmağa xidmət edirdi. Nəticə etibarı ilə caynizmin demək olar ki, bütün ideoloji və əxlaqi prinsipləri yuxarıda qeyd olunan iki əsas üzərində qurulmuşdu- istər brahman ayinindən götürülmüş prinsiplər, istər özlərinin yaratdıqları əqidəvi əsaslar, istərsə də onlar tərəfindən rədd olunan brahmanizm prinsipləri və onlara alternativ baxışlar məhz bu əhval-ruhiyyədə formalaşmışdı.
MƏBUDA ETİQAD. Kasta sinfi quruluşunun və xüsusilə də brahmanların üstünlüyünün ləğvi ilə brahman məbudlarına etiqad məsələsi caynizm tərəfindən aradan götürüldü. Belə ki, bu caynizmin ardıcıllarının inancına görə Allaha və məbuda etiqad bəslənilməsi brahmanlardan və yaxud kahinlərdən olan yeni təbəqəni rəsmi olaraq qəbul etmək, camaatla məbudlar arasında bir vasitə olduqlarına görə onlara ehtiram qoymağı tələb edir. Buna görə də onlar belə bir üstünlük və hökmranlığın yaranmasının qarşısını almaq üçün məbudlara etiqad prinsipini tamamilə aradan götürdülər.
Məbudlara etiqadın rədd olunması bir tərəfdən ibadət, dua və qurbanlığa riayət olunmamasına, digər tərəfdən isə brahmanların imtiyazının aradan qaldırılmasına səbəb olurdu. Çünki onlara göstərilən ehtiram və imtiyazları əsas etibarı ilə camaatla məbudlar arasında vasitə olduqlarına görə idi. Caynizmin ardıcılları bu etiqadı inkar etməklə həmin vasitəçiliyi də rədd etmiş olurdular. Nəticədə onların nəzərində qədim dövrlərdən hindusların arasında və hinduizm məktəbində mövcud olan brahman ruhani təbəqəsinin imtiyaz və nüfuzu da aradan götürülmüş olurdu. Bütün bunlara baxmayaraq caynizmə tarixi aspektdən nəzər saldıqda bu kimi etiqad və yanaşma tərzi yalnız nəzəriyyə olaraq qalmış, bu dinin ardıcılları əməli olaraq həmin ideyaların əksinə hərəkət etmişlər. Bu mətləbi daha ətraflı izah etmək üçün bir neçə məqama diqqət yetirmək lazımdır.
1. Caynizm ardıcıllarının Mahaviraya bəslədikləri hörmət və məhəbbət tədricən onun şəxsiyyətini təriqət başçısı, qəhrəman fatehlikdən ilahilik məqamına qədər yüksələcək bir şəkil aldı. Belə ki, onu əbədiyyət, tükənməzlik, mütləqiyyət və sonsuzluq kimi sifət və xüsusiyyətlərlə xarakterizə etdilər və Mahavira get-gedə bir məbud kimi öz ardıcılları tərəfindən sitayiş olunmağa başlandı. İş o yerə çatdı ki, bəzən bu ayindən ayrılan firqələr arasında Mahaviranın heykəl və bütlərini bütün ömrü boyu yaşadığı çılpaq şəkildə hazırlamaq və ya onun bədənini sadə və ağ bir paltara bürünmüş halda təcəssüm etdirmək üstündə ixtilaf düşürdü.
2. Qeyd etdiyimiz kimi 23-cü cayn, yəni Barsəvanas öz ardıcıllarını “ümumi” və “xüsusi” olmaqla iki dəstəyə bölmüşdür. Belə bölgü sonralar da qalmışdı. Hətta ümumi dəstədən olanların əsas vəzifəsi xüsusi təbəqədən olanların, yəni rahib və mürtazların ehtiyaclarını təmin etməkdən ibarət olmuşdur. Ümumi dəstədən olanlar inanırdılar ki, bu yolla nicat və qurtuluşa nail olacaqlar. Göründüyü kimi caynizmin hakim olduğu cəmiyyət əslində iki təbəqəyə- ümumi və xüsusi siniflərin şamil edildiyi təbəqələşmiş cəmiyyətə çevrilmiş və bu təbəqələşmənin özünü də “xüsusilər” sinfinin imtiyazları yaratmışdır.
3. Caynizm ayininin əməli prinsiplərindən biri də dinclik, kompromis, kobud rəftar edib bir başqasına -hətta heyvanlara, kiçik canlılara və həşaratlara- əziyyət verməməkdir. Bu prinsip ona səbəb oldu ki, ilk növbədə caynizmin tərəfdarları brahmanizmin ardıcılları ilə dinc yanaşı yaşayışlarını sübut etmək üçün brahman məbudlarını qəbul edərək onlara ehtiramla yanaşdılar. Çünki əks təqdirdə təəssübkeş brahmanlara qarşı kobudluq və zorakılıq yolunu tutmalı idilər. Bu məsələ tədricən əsaslı və ideoloji məsələ halını aldı və məbudlar caynizm ardıcılları tərəfindən hörmətli, müqəddəs sayıldılar. İkincisi, caynizm ardıcılları kasta sinifli cəmiyyətdə yaşadıqlarına görə bu sinifli cəmiyyəti qəbul edərək onunla razılaşdılar. Onlar sinfi cəmiyyətə hakim olan dəyərləri inkar etdiklərinə görə brahman ayininin ardıcılları tərəfindən təzyiqə məruz qalmamaq üçün belə bir təbəqələşməni qəbul etdilər.
CİVA VƏ ACİVA. Caynizm ardıcıllarının inancına görə varlıq aləmi iki növ reallıqdan təşkil olunmuşdur:
1.Ruhi subyektlər, yaxud civa adlanan ruh;
2.Maddə və onun aciva adlanan bütün formaları.
Civa və acivanın hər ikisi əbədi və əzəlidir, məhv və puç olmurlar. Onlar heç vaxt yaranmamışlar və məhv olmayacaqlar. Dünya acivanın tələsində əziyyət çəkən civalardan təşkil olunmuşdur. Caynizm etiqadına uyğun olaraq, civa və acivadan təşkil olunan təkcə insan deyildir, civa bütün varlıqlar, o cümlədən heyvanlar və cansız varlıqların tərkib hissəsidir. Orijinallıq və ilkinliyin civaya verilməsinə baxmayaraq o, həmişə acivanın çəngindədir. Civa və aciva arasında istənilən təmas civanın əzab-əziyyətinə səbəb olur. Buna görə də dünyadakı bütün mövcudat müəyyən mənada əzabvericidir. Bu əzablardan qurtarmaq üçün insana xas xüsusiyyətlərdən xilas olaraq varlığın sifətlərindən tam uzaqlaşmaqdan başqa yol yoxdur. Əks təqdirdə, maddi aləmə-zaman-məkana bağlılıq və mövcudluğu bildirimək əzab-əziyyət gətirəcəkdir. Beləliklə, Mahaviranın öz ardıcıllarına tövsiyə etdiyi çox çətin və asketik əxlaqi prinsiplər insani civanın acivanın bənd və zəncirlərdən xilas olmasına, daha sonra isə qurtuluş və nicat tapmasına yönəlmişdir.
KARMA VƏ SAMSARA. Brahmanların inancında karma, əvvəllər də qeyd etdiyimiz kimi, insani əməl və rəftarın hasili, nəticəsidir. Belə ki, əgər bir şəxs yaxşı əməl sahibi olsa karma yaxşı, pis əməl sahibi olduqda isə karma əzab və bədxasiyyət, alçaq cinsdən olar. Karma həmçinin sonrakı həyatda şəxsin kasta ictimai təbəqələrində yüksəlişinə, yaxud enişinə səbəb olur. Ancaq caynizm etiqadına görə karma, principcə ruhla qarışan maddi bir reallıqdır və ruh onu əhatə edir. Başqa sözlə desək, insanın əvvəlki həyatda əməl və rəftar tərzi onun hazırkı cizmini, yəni acivanı təyin edir və ruhu (civanı) öz əhatəsinə alır. Əgər bir şəxs xeyir əməl sahibi və düz adam olsa, günahlardan, çirkin və yaramaz işlərdən çəkinsə, onun karması sonrakı həyatında civasının daha yüngül və rahat aciva daxilinə keçməsinə, aciva tərəfindən daha az əzab-əziyyətə düşməsinə səbəb olur. Əksinə, çirkin işlər görüb günaha batarsa, əks mütanəsib şəkildə, sonrakı həyatında daha ağır və çətin acivadan əziyyət çəkir. Belə ki, həşarat, bitki, hətta cansız varlıqların timsalında heyvani dünya səviyyəsinə düşməsi, bu halda onun civasının daha əzablı və daha çətin olması da mümkündür. Bu vəziyyət yenidən insani həyat səviyyəsinə yüksəlmək üçün min illərlə davam edə bilər.
Bu izahda da caynizmin həm karmanın yozumunun və həm də samsara barəsindəki baxışlarının brahman ayinindən tam fərqləndiyi görünür. Caynizm ayinində ruhun (civanın) yüksələn xətlə inkişaf yolunda tənasüxdən xilas olub nicat tapması mümkündür. Tənəzzülə doğru olan hərəkətdə də ruh insanlıq miqyasından çıxaraq heyvan, bitki hətta cansız varlıq səviyyəsinə enə bilər. Brahmanizmdə isə hər iki tərəfdən məhdudiyyət vardır, yəni insan inkişaf yolunda yalnız brahman təbəqəsinin mənəvi məqamına yüksələ bilər; tənəzzülə gedən yolda isə insan ictimai quruluşun dördüncü təbəqəsi səviyyəsinə, yəni şudralarin və ən çoxu paryaların səviyyəsinə enər.
MUKŞA. Qeyd olunduğu kimi caynizmdə mukşa bütün maddi və mənəvi asılılıqlardan tamamilə azad olmağa deyilir. Yalnız belə olan halda insan tənasüxün, davamlı doğum və ölümlərin əzabından xilas olaraq əbədi qələbəyə və qurtuluşa nail ola bilər. Deməli, caynizm ilə brahmanın fərqi qurtuluş və ardıcıl doğumlardan xilas olmaq məsələsindədir və caynizmə görə bu böyük çətinliklərlə və asketizmə dözməklə mümkün ola bilər. Brahman ayinində isə tənasüxdən qurtulmaq və xilas olmaq prinsipcə mümkün deyildir. Bununla belə aşağı təbəqələrdəki həyatın çətinliyindən, bu təbəqənin vəzifələrini yerinə yetirməklə və yaxşı işlər görməklə xilas olmaq olar; sonrakı doğulmalarda daha yüksək təbəqəyə mənsub olan şəxsin cismində zühur etmək olar. Belə olan təqdirdə daha rahat və yaxşı həyatdan, daha çox sosial imkan və nüfuzdan faydalanmaq mümkündür.
Caynizm ardıcılları insanın əzab-əziyyətinin səbəbini civanın acivadakı həbsində gördüklərinə görə, nicat tapmaq və mukşaya çatmaqdan, ruhun azad və xilas olması üçün bu hasarın uçurulmasını labüd hesab edirlər. Bu hasarın uçurdulması üçün isə insanın bütün duyğu, emosiya və istəklərdən uzaqlaşmasından, maddi aləmlə heç bir formada əlaqə və bağlılığın olmamasından başqa yol yoxdur. Bu məqsədə çatmaq istəyən rahib və yoqalar heç bir şeyə ikrah və ya məhəbbət bəsləməməlidir; heç bir şeydən sevinməməli, yaxud kədərlənməməlidir; istidən və ya soyuqdan ləzzət və ya narahatlıq keçirməməlidir; aclıq və susuzluq, xeyir və şər, yaxşı və ya pis qoxu, qorxu və ümid və s. qarşısında heç bir hiss duymamalıdır.
Əslində, insan bütün proseslər, meyl və istəklər qarşısında donuq bir halətə malik olmalıdır. Çünki bu dünyanın hər hansı bir hadisə və varlığa nisbətdə baş verən azacıq emosional dəyişiklik və hisslər civa, yəni fərdi ruhun maddi aləmlə əlaqə qurmasına səbəb olmaqla qurtuluşa mane olur və bir daha maddi aləmə qayıtmaqla nəticələnir. Şübhəsiz, orada onu daha çətin və əzablı dövr gözləyir.
ƏXLAQ VƏ RƏFTAR PRİNSİPLƏRİ (NORMALARI). Qeyd olundu ki, caynizmə görə nicat və qurtuluş bütün maddi-dünyəvi asılılıqlardan qurtulmaqdan asılıdır. Bu da yalnız uzunmüddətli asketizmsiz mümkün deyil. Əslində yoqaların (niqrante) vəzifələrinin əsasını təşkil edən bu asketizmin mahiyyəti əziyyət verməyin tərk edilməsi, dünya və onda olanlarla əlaqənin kəsilməsindən ibarətdir. Caynizmin digər əxlaq və davranış prinsipləri bu əsas prinsip üzərində qurulmuşdur.
Caynizm ayinində yoqa üçün rəftar normaları müəyyənləşdirilmiş və əhd-peyman kimi onlara mükəlləf olmalıdır.
1. Mən bütün canlı varlıqları öldürmək və onlara əzab-əziyyət verməkdən çəkinəcəyəm, buna şadlanmayacaq, onlara əzab-əziyyət yetirilməsinə mane olacağam, sağ olduğum müddətdə bu əməli böyük bir günah hesab edəcək, cismən və ruhən, sözdə və əməldə ondan uzaq duracağam;
Bu prinsipə əsasən yoqa yol gedərkən, yatarkən, yeyib-içərkən və s. hallarda heç bir canlıya əzab-əziyyət verməmək, danışanda onun sözlərinin heç bir kəsin narahatlığına səbəb olmasın deyə ehtiyatlı olmalıdır.
2. Mən qəzəbə, hərisliyə, qorxuya, yaxud şadlığa səbəb olan hər hansı bir söz və ya əməldən uzaq olacağam, yalan danışmayacağam, başqalarını da yalan danışmaqdan çəkindirəcəyəm;
3. Mənə əta olunan hər bir şeyi- istər kənd, şəhər və ya meşədə olsun, istər az və ya çox olsun- öz şəxsi mülkiyyətimə keçirməkdən çəkinəcəyəm;
4. Mən cinsi ləzzət və şəhvəti özümə haram bilirəm və bu işi başqaları üçün də bəyənmirəm;
5. Mən az və ya çoxluğundan, canlı və ya cansızlığından asılı olmayaraq, hər növ bağlılıqdan çəkinəcəyəm və başqaları üçün də belə bir maddi əlaqə və məhəbbəti məsləhət görməyəcəyəm.
Sonuncu prinsipə əsasən, yoqa heç bir şeyə qarşı müsbət və ya mənfi hiss bəsləməməlidir. Buna görə də gözəllik və çirkinlik, yaxşı iş və ya pis qoxu, qəm və şadlıq, soyuq və isti, aclıq və susuzluq və s. bütünlüklə onun nəzərində eyni səviyyədə olmalı, onların heç birinə qarşı heç bir xüsusi hiss keçirməməlidir. Nə bir şeydən ləzzət almalı və nə də bir şeyə ikrah hissi ilə yanaşmalıdır.
Beşlik təşkil edən bu göstəriş və iltizamlar yalnız xüsusi təbəqədən hesablanan yoqalar üçündür. Amma bu çətin və uzun əməl və prinsiplərə riayət etməyə qadir olmayan ümumi təbəqədən olanlar üçün aşağıdakı 9 bənddə şərh edilən daha asan və münasib əxlaq və rəftar normaları müəyyən olunmuşdur.
1. Heç vaxt qəsdən canlını qətlə yetirməmək; Buna görə də qəssablıq, ovçuluq, aşpazlıq və s. kimi sənətlərdən çəkinməlidir;
2. Heç vaxt yalan deməməli;
3. Oğurluq etməməli, onlara verilməyən malı mənimsəməməlidirlər;
4. Fitnə və günaha səbəb olan hər bir əməldən, hətta əylənmək məqsədi ilə olan səfərlərdən belə çəkinməli; Ehtiyatlı olmaq lazımdır ki, xəta və şər işlərin toruna düşməyəsən;
5. Şəhvətpərəstlikdən uzaq olmaq; Buna görə də ər və arvad bir-birlərinə qarşı vəfalı olmalıdırlar;
6. Dünya malının azına qane olmalı;
7. Nəfsani istəkləri tərk edib maddi aləmdə zahidliklə məşğul olmaq üçün müəyyən bir vaxt ayırmalı;
8. Bütün günlərdə müəyyən bir vaxtı öz daxili aləmində təfəkkürə sərf etməli;
9. Hamıya, xüsusilə də yoqalara tam səmimiyyət və ixlasla sədəqə verməli.
***
Yoqalara məxsus olan beş iltizamın ən çətini beşincisidir. Onun tələbinə görə yoqa heç bir şəxsə və heç bir şeyə meyl göstərməməlidir. Bu məqsədə çatmaq üçün kimsə ilə söhbət etməməli, hətta Mahaviranın rəftarında gördüyümüz kimi, başqalarının salamına cavab da verməməlidir. Digər tərəfdən də bütün dünya işləri ilə əlaqənin kəsilməsi yoqanın öz cisminə də şamil olduğundan, aclıq və susuzluğa reaksiya göstərməməlidir. Bu məsələdə iş yoqa özü aclıq və ya susuzluğun ağırlığından can verəcək səviyyəyə çatır. Buna görə də, ölümlə nəticələnən aclıq və ya susuzluğa dözmək yoqalar arasında yayılmış adi haldır.
Bu düşüncə tərzində iki əsaslı irad və qaranlıq məqam nəzərə çarpır. Birincisi, caynizm ardıcılları canlılara əzab-əziyyət verməməyi özlərinin ən mühüm seyr-süluk prinsiplərindən birinə çevirdikləri halda, hansı əsasa görə varlığın ən şərəflisi sayılan özlərinə qarşı əzab-əziyyəti, hətta intiharı belə rəva görürlər? Necə ola bilər ki, bu məsələni bir prinsip kimi qəbul etsinlər?! İkincisi, susuzluq və aclığa etinasızlıq bir prinsip sayılırsa, qidanın (azacıq olsa belə) təmini üçün başqalarının qarşısında kiçilmək və dilənçilik, yolçuluğu necə əsaslandırmaq olar? Çünki hər bir halda, insanı başqaları qarşısında məcbur edən qidaya olan ehtiyac hissidir.
Bu ayində dünyəvi asılılığın kəsilmə prinsipinin digər yönü çılpaqlıq və paltar geyməmək şəklində meydana çıxmışdır. Çünki caynizm ardıcıllarının inancına görə hər növ örtük və geyim dünyaya müəyyən mənada bağlılıq sayılır. Belə ki maddi və dünyəvi işlərin bir növü olan, eləcə də həya və utancaqlığa görə geyilən paltarın özü insanın ruhən azad olmamasına, müəyyən mə’nada asılılığına dəlalət edir.
Burada aydın olmayan məqam bundan ibarətdir ki, bu məktəb həya, iffət və s. kimi fitri-əxlaqi fəzilətləri, insani dəyərləri inkar etməklə nicat və qurtuluşa necə nail ola bilər?! Əlbəttə qeyd etmək lazımdır ki, çılpaqlıq məsələsinin özü də bu ayinin iki firqəyə ayrılmasına səbəb olmuşdur:
1. Riqembra adı ilə tanınan firqə mütləq şəkildə çılpaq olmağa etiqad bəsləyirdi;
2. Aşutamblar adı ilə tanınan digər bir firqə isə sadə və yüngül paltar geyməyi lazım bilirdi.

Seyid Əhməd Mahmudi: “Dinlərlə tanışlıq”. Tərcümə edən: Ağabala Mehdiyev

Комментариев нет:

Отправить комментарий