Страницы

19.06.2015

EL ŞAİRİ ALMAS YANARQƏLB İLƏ GÖRÜŞ

Bilal Alarlı

Müasir molla Almas Yanarqəlb kompüterində yazdığı yeni şeirləri ilə məni tanış edir. Mollanın ikinci qonağı Əlipənah Nəzərov da maraqlı adamdır. Ocaqlıda işlədiyim vaxtlarda bu kəndin folklorunu toplayır, el şairlərinin yaradıcılıq nümunələrini yazıya alırdım. Bu işə yerli ziyalıları da cəlb edə bilmişdim. Mənimlə bir məktəbdə müəllim işləyən Abbas və Əlipənah Nəzərovlar folklor nümunələrinin toplanmasına həvəslə girişdilər. Əlipənah özü də nəzmlər qoşub-düzürdü. Onun qoşduqları məhəbbət mövzusundadır:

Bir mənə rəhm eylə, zülmündən əl çək,
Dərdliyə dərman ol, məzluma kömək.
Aşiq də qarşında çarəsiz qul tək
Dursun boynu bükük, lal, qurban olum.


Səninlə fəxr edər sevdiyin hər kəs,
Sənin sayəndədir aldığı nəfəs.
Cənnətdir qurduğun hər zindan, qəfəs,
Təki sən onunla qal, qurban olum.

Nazlı təbəssümün bir ömrə bəsdir,
Oğrun baxışımı qəlbində gəzdir.
Dünyada hər şeydən mənə əzizdir
Səsindən süzülən bal, qurban olum.

Hamını özünə qurban bilən sən,
İncidib ağladan, zövqə gələn sən
Öldür, paltarına qanım çilənsin,
Desinlər geyinib al, qurban olum.

Əlipənah Nəzərovla birlikdə Həbiş təpəsi ilə bağlı olmuş əhvalatları qələmə aldıq, bu təpənin ətəyində binəsi olmuş Arasta haqqında rəvayətləri topladıq. Ocaqlı qəbiristanlığında əbədi yuxuya gedənlərin başdaşı və sinədanlarındakı ağı-epitafiyaları yazıya aldıq. Fərzulla Ocaqlı, Xəlil Kədərli və Almas Yanarqəlb kimi el şairlərinin şeirlərini işığa çıxardıq.

ALMAS YANARQƏLB

Allaha xatir

Nə yetim başına bir əl çəkən var,
Nə düzə, doğruya bir qol çəkən var.
Nə quyu qazan, nə yol çəkən var
Allaha xatir.

Nə mərdə dar gündə arxa duran var,
Nə batilə qarşı bir sədd quran var.
Nə zalimə qarşı cəngi vuran var
Allaha xatir.

Arada nə hörmət, nə izzət qalıb.
Nə ağsaqqal qalıb, nə millət qalıb.
Nə vətən, nə ona məhəbbət qalıb
Allaha xatir.

Hər işin ölçüsü dönübdür pula,
Mollası, rəhbəri bənzəyir qula.
Niyə qayıtmayır insan düz yola
Allaha xatir?!

Ana torpaq, qucağına al məni

Hara qaçım dərd əlindən, ilahi,
Haqlayır hər yerdə qeyli-qal məni.
Bir an qoymur nəfəs alam, dincələm,
Ana torpaq, qucağına al məni.

Bu dərd məni öldürəcək, amandır,
Düşmənimi güldürəcək, amandır.
Çırağımı söndürəcək, amandır,
Ana torpaq, qucağına al məni.

Ar-namusunu atanlardan yoruldum,
Şərəfini satanlardan yoruldum.
Şeytanlarla yatanlardan yoruldum,
Ana torpaq, qucağına al məni.

Al qoynuna, ağuşunda yatım mən,
Bal-şəkərə, gül-nabata batım mən.
Bu canımı torpağına qatım mən,
Ana torpaq, qucağına al məni.

Yanarqəlbəm, mabarizəm, dönməzəm
Məhəbbətlə alışmışam, sönməzəm.
Vətənimə vurulmuşam, ölməzəm,
Ana torpaq, qucağına al məni.

İlahi

Qəlbimin həsrəti üzdə qalıbdır,
Yorulmuş köhlənim düzdə qalıbdır.
Ömrümün mənası sözdə qalıbdır,
Bu nemətdən məhrum etmə, İlahi.

Kiməsə vermiən cahi-cəlalı
Kiminsə bəxtinə hüsnü-camalı..
Mənə də bəxş eylə əqli-kəmalı,
Bu nemətdən məhrum etmə, İlahi.

Hər sevən aşiqdi öz dünyasına,
Səltənət, var-dövlət, naz dünyasına.
Mən də vurulmuşam söz dünyasına, 
Bu nemətdən məhrum etmə, İlahi.

Yanarqəlbəm, yoxdur varım, miknətim,
Səndən qeyri bir kimsədən minnətim.
Mənə qismət eylə söz sənətin,
Bu nemətdən məhrum etmə, İlahi.

Ya Rəsuləllah

Əgər şaqqıldasa göylər, dəmadəm ildırım çaxsa,
Əgər dünya təlatüm eyləsə, qövsü-qüzeh axsa,
Əgər saçsa fələklər od, alovlar üstümə yağsa,
Qəmim yoxdur, sənin eşqinlə yandım, ya Rəsuləllah.

Əgər yüz min qəvi düşmən məni nizəpuş eylərsə,
Əgər yüz min mələk-mənzər gözəllər mədhuş eylərsə,
Əgər dövrüm ala atəş, təmamən sərpuş eylərsə,
Qəmim yoxdur, sənin eşqinlə yandım, ya Rəsuləllah.

Əgər düşsəm qaranlıq məhbəsə dövrün cəfasından,
Əgər bibəhrə olsam da bu gün dövrün səfasından,
Əgər naümid olsam da bu gün dostun vəfasından,
Qəmim yoxdur, sənin eşqinlə yandım, ya Rəsuləllah.

əgər şəqqülqəmər tək şəqqələnsə göylərin taqi,
Əgər ki, bürcülər yansa. Alovlar alsa afaqi,
Əgər fironlar külli cahanda salsa nifaqi,
Qəmim yoxdur, sənin eşqinlə yandım, ya Rəsuləllah.

Nə qədri bixəbər idim yarın hüsn-camalından,
Bir miqdarın hədər verdim gənc ömrümün baharından,
Şükür ki, bəhrəmənd oldu Yanarqəlb öz nigarından,
Qəmim yoxdur, sənin eşqinlə yandım, ya Rəsuləllah.

Комментариев нет:

Отправить комментарий