Страницы

10.06.2015

İlya Zemtsov. Oğurlanmış respublika -9

İlya Zemtsov: “Partiya, yoxsa mafiya? Oğurlanmış respublika- Azərbaycan”

IX hissə: Onlar insanları dəli edir, dispanserlərə salırdılar

70-ci illərdə əhalinin yalnız 7 faizi əla yaşayırdı

“Etinasız insanların ağılsızlığı ümumbəşəri mənəvi normaları məhv edirdi”

Müəllif İlya Zemtsov 70-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində şöbə rəisi işləyib. Sonradan Azərbaycanda əldə etdiyi təəssüratlar və faktlar əsasında kitab yazıb.

Azərbaycan KP MK-nın informasiya bölməsinin apardığı tədqiqatlar nəticəsində müəyyən edilmişdi ki, 1971-ci ildə ölkədə əhalinin 3,5 milyonu, yaxud 75 faizi ağır şəraitdə (yoxsulluq və ya yoxsulluq həddindən aşağı) yaşayır. Statistikaya görə, 1971-ci ildə respublikada 5 milyon nəfər əhali vardı. Əhalinin yalnız 7 faizi, yaxud 310 min nəfəri bolluq və firavanlıq şəraitində yaşayırdı.
***
Zəruri qeyd: Bu günlərdə ABŞ-ın məşhur “Gallup” sorğu mərkəzi 124 ölkədə yerli sakinlərdən xahiş edib ki, onlar öz həyatlarının indiki durumuna və yaxın 5 ildən nə gözlədiklərinə qiymət versinlər. Cavabları “Gallup” 3 yerə bölüb - həyatını çiçəklənən, yəni gündən-günə daha da yaxşılaşan hesab edənlər, yaşayış uğrunda mübarizə aparanlar və əzab çəkənlər.
Bunun əsasında “Gallup”un hazırladığı “Rifah” hesabatına görə Azərbaycanda əhalinin cəmi 10 faizi hesab edir ki, onların həyatı çiçəklənir. 70 faiz yaşamaq uğrunda mübarizədədir. Həyatının əzab olduğunu düşünənlər isə 20 faizdir. Əhalinin 90 faizi öz həyatından məmnun deyil.
 1971-ci ildə, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 40 il əvvəlki zamanlarda əhalinin 7 faizi, indi isə yalnız 10 faizi öz həyatından razıdırsa, bu sülalənin 40 ildir ki, azərbaycanlıların başına hansı oyunları gətirdiyini özünüz hesablayın.

Dəlilərə Salam olsun!

Həyat səviyyəsinin yaxşılaşdırılması üçün heç bir yeni texnoloji vasitələrdən istifadə edilmir, əksinə daha çox zəhmət tələb edən istismar sistemi güclənirdi. Görülən işə görə qiymətləndirmə dərəcələri aşağı salınır, məsələn, 1970-ci ildə Azərbaycan müəssisələrində qiymətləndirmə dərəcələri, taariflər 3 dəfə, 1971-ci ildə 4 dəfə aşağı salınmışdı. İş şəraiti həddindən artıq pisləşmişdi. 1969-cu ilin axırında Bakı Şəhər Partiya Komitəsinin birinci katibi demişdi: “Əgər bizi inandıra bilsələr ki, dəlilər daha  yaxşı işləyə bilərlər, biz psixi xəstəlikləri səmimi salamlayardıq”. 
Əslində humanist olmayan sosializm insanlar arasında eqoist münasibətləri dərinləşdirirdi. 1970-ci ildə bir yəhudi lətifəsi Azərbaycanda çox məşhurlaşmışdı: “Qatarda bir nəfərin yol yoldaşı nəfəs ala bilmir, ölür. Onu sorğu-suala tuturlar. Niyə həkim çağırmadığını soruşurlar. O izah edir ki, ölən adam tez-tez deyirdi: ”Halım pisdir"! Mən düşündüm, kimin halı yaxşıdır ki?". 
Bu rişxənddi, yoxsa mübaliğə? Bilmirəm.

Adamlar rəhbəri “Allah” adlandıracaq səviyyədə qorxaq idilər

18 yanvar 1980-ci ildə Bakının Nərimanov prospektində gecəyarısı gənc bir qadını boğub öldürmüşdülər. Hadisə 80 nəfərə qədər normal adamın gözü qarşısında baş vermişdi. Hadisəni nəşələnmiş manyak törətmişdi. Hadisənin şahidləri olan həmin 80 nəfər öldürülən qadına qorxudan deyil, ehtiyatlılıqdan kömək göstərməmişdilər. Çünki sovet Cinayət Məcəlləsində qatili öldürən də qatildir. Müşahidəçilər öz talelərini niyə sınağa çəkməliydilər? Buna görə də vətəndaşlar küçələrdə baş verən cinayətləri görməməyə çalışırlar. Azərbaycanda cinayətkarlıq zəfər çalır, əhalinin artımından 3 dəfə irəlidə gedir. 1971-ci il Azərbaycan DİN-in məlumatında göstərilirdi ki, respublikada hər əlli dəqiqədən bir adam öldürmə, zor işlətmə, oğurluq baş verir.
Bunlar haradan irəli gəlirdi? Etinasız insanların ağılsızlığı ümumbəşəri mənəvi normaları məhv edirdi. İnsanlar bu dəyərləri zorla özlərindən qoparıb atmağa çalışırdılar. İndi vicdanlı həyat meyar sayılmır, məhkumluqla, cinayətlə qazanılmış pul sahiblərinin sözü cəmiyyətdə daha keçərlidir. Uşaqlar, o cümlədən insanlar məktəbdə deyil, mühitdə tərbiyə olunurlar. Buna görə də seçilmiş yol qanunlara, qayda və normalara qarşı üsyandan keçir, sosial gündəliyi pozmaqdan başqa çıxış yolu qalmır. Bir-birindən uzaq düşən azərbaycanlılar daha çox öz mənəviyyatlarında çat yaradırlar. İndi kimsə o birinin hərəkətlərində mənəviyyat, yaxud mənəviyyatsızlıq axtarmır, yaxşılıq və yaxud pislik dəyər olmaqdan düşüb. 1971-ci ildə Suslovun dediyi kimi “partiyanın ağıllı saydığı nə varsa, həqiqətdir”.
Kommunizmin həqiqətləri ümumbəşəri mənəvi prinsiplərdən yan keçirdi, çünki cəmiyyətdə ona ehtiyac duyulmurdu, çünki partiyanın siyasəti vardı və bu siyasət azərbaycanlını plana döndərib həbsxanalara atırdı, bu mənəviyyat xalq yazıçısını məcbur edirdi ki, birinci katibi “Allah” adlandırsın. İnsan nə lazımdısa, fərqinə varmadan onu edirdi, partiyaya yarayırdı, partiyanın kölgəsində gizlənirdi, partiyanı aldadırdı. Yeri gələndə partiyanı satın alırdı.
***
Kim olursansa, ol- alim, yaxud rəssam, fəhlə, yoxsa mühəndis,.. işdən siyasi bədxahlıq adı ilə azad edilirdinsə, “ağ qarğaya”, “bomja” çevrildin. Nə elmin, nə təcrübən, nə sağlam düşüncən bir kəsə lazım olurdu. Çünki hər şey partiyanın, onun birinci katibinin inhisarındaydı. Bu gözdən düşmək qorxusu insanı izləyir və onu rahat buraxmırdı. İnsan pilləli partiya katibləri qarşısında etimadsızlıq qazanmaq istəmir, ən kiçik rəisdən belə əzici asılılığını hiss edirdi, yalan danışır, qanunsuzluğu təsdiq edən qanun axtarır, divanəlik edir, özünü zəmanəyə uyğunlaşdırırdı. “Sevimli partiyası”, ən azı birinci katibləri tərəfindən dəfələrlə aldadılmış, çox dolaşıq təbliğatdan başını itirmiş, həyatının məqsədsizliyindən doymuş insanlar özlərinə çəkilirdilər. Dəli olmayanları isə zorla dəli edirdilər. Azərbaycanda çox sayda psixi xəstəxanalar var. Respublikada hər iyirmi nəfərdən biri psixiatrik dispanserdə nəzarətdədir (Azərbaycan SSR Səhiyyə Nazirliyinin 1971-ci ilə olan məlumatından).

Əxlaqsızlıq və cavabsız məktublar

Azərbaycan SSR daxili işlər naziri Heydərov 1972-ci il 19 iyulda birinci katib Heydər Əliyevə yazdığı qeydlərində göstərirdi: 1971-ci ildə 1221 qadın fahişəliyə görə istintaqa cəlb olunub. 1971-ci ildə 7 əxlaqsızlıq yuvası aşkar edilərək dağıdılıb...
1972-ci ildə Yaroslavda bir alimi partiyadan çıxarmışdılar. Katib Morozov iclasda demişdi: “O bizim kimi deyil, orginal olmaq istəyir”.
1974-cü ildə təhsil naziri Əliyev “Bakinskiy raboçiy” qəzetində yazırdı: “Son iki ildə 1000 nəfərə qədər ali məktəb müəllimi ixtisasını artırıb”.
1972-ci il iyunun 12-də Lenin adına Pedaqoji Institutun bir qrup tələbəsinin Azərbaycan KP MK-nın Elm və təhsil şöbəsinə yazdığı məktubda deyilirdi: “Professor Bayramov qız tələbələri cinsi əlaqəyə sövq edərək imtahanlarda qiymət yazır. Bəs, biz oğlanlar onun cəzalandırılması üçün nə edək?”.

Biz oxumaq istəyirik, pambıq yığmaq yox!

1972-ci il 7 fevral. Təhsil Nazirinin Azərbaycan KP MK-nın bürosuna hesabatından: “Bakıda şagird yaşında 8780, Kirovbadda 3318, Sumqayıtda 2211, Daşkəsəndə 1321 nəfər şagird məktəbə gəlmir”.
Azərbaycan KP MK-ya Kirovabad, Bərdə məktəblilərinin məktubundan: “9 ayın beş ayını oxumuruq. Bizi pambıq tarlalarında işləməyə məcbur edirlər. Payızda pambıq yığırıq, yayda meyvə toplayırıq”.
1970-ci il. İnformasiya bölməsinin sorğusuna verilən bir cavabdan:
“Birinci, insanlar özlərini sevirlər, ikinci də özlərini, üçüncüsü də həmçinin özünü. Özünü sevgi ilə Kommunizm qurmaq olmaz. Biz hamımız özümüzü sevirik...”.

(Ardı var)           azadliq.info       Surxay Hüseynli

Комментариев нет:

Отправить комментарий