Страницы

20.06.2015

İTTİHAMLA ÜZ-ÜZӘ


ÖN SÖZ. Günəş şərqdən doğur... 14 əsr bundan öncə cəhalət və ədalətsizlik zülmətinə qərq olmuş dünyada bir günəş doğdu. Bu günəş öz şəfəqlərini Hicazdan başlayaraq İraq, İran, Azərbaycan, Afrika və nəhayət bütün dünyaya saçdı.
Yeni bir din, kamil bir kitab nazil oldu bəşəriyyətə. Mərhəmətli Allah Öz bəndələrinin hidayəti üçün son Rəsulunu göndərdi yer üzünə. Bu səma elçisi bütün varlığı ilə mübarizə aparır, insanları mə᾿nəvi saflığa, ictimai ədalətə də᾿vət edirdi. Sonsuz hikmət xəzinəsi olan müqəddəs Qur᾿ani-Kərim - «Allaha iman gətirən kəslər qardaşdırlar» - deyə, bütün bəşəriyyəti tövhid bayrağı altında dostluğa, səmimiyyətə səsləyirdi. Kimsəsizlərə, məzlumlara qardaşlıq mərhəməti, tağutlara, zalımlara qarşı barışmazlıq və qətiyyət şüarı verirdi bu şəriət.
Lakin, müqəddəs ruhu əbədiyyətə qovuşan əziz Peyğəmbərimizin (s) cəsədi hələ dəfn olunmamış, müsəlman qardaşlar arasına bir fitnə qatıldı. Bu fitnə bütün müsəlmanların anlaşılmazlığına və həqiqət düşmənlərinin sevincinə səbəb oldu.
«Hamınız Allah ipindən yapışın və heç vaxt təfriqəyə düşməyin» deyə, buyuran Qur᾿an ümməti müxtəlif firqələrə, məzhəblərə ayrıldı......
Әziz müsəlmanlar, din tariximizdə belə bir ixtilafın meydana gəlməsindən daha acınacaqlısı odur ki, müsəlman qardaşlar bir-birlərinə qarşı yersiz təəssüb hissi bəsləyir, «sən mənim məzhəbimdən deyilsən» deyə, öz qardaşlarına soyuq münasibət göstərirlər. Mənim fikrimcə, uzun illər boyu heç bir məzhəbə aid olmayan qərəzli insanlar müsəlmanlar arasında ixtilaf yaratmağa çalışmış, İslam məzhəblərini biri-birlərinə qarşı qoymaqda əllərindən gələni əsirgəməmişlər. Din tariximizə nəzər saldıqca, bu zəmində düçar olduğumuz yersiz ixtilaflardan yalnız düşmənlərin faydalandığını müşahidə edirik. Özümüzdən xəbərsiz olduğumuz halda biri-birimizə olmazın böhtan və iftiralarını yaxmışıq. Xüsusilə, Peyğəmbər (s) və onun Әhli-beytini (ə) özünə nümunə seçmiş şiə məzhəbinə tuşlanan saysız-hesabsız böhtan və iftiraları gördükdə, özümüzün özümüzə yazığımız gəlir. Çünki, biz öz müsəlman qardaşlarımız haqqında lazım olan mə᾿lumatı yadlardan alır, heç bir tədqiqat aparmadan hökm etməyə tələsirik....
Hörmətli oxucular, burada məqsəd əsla ixtilaf yaratmaq, hər hansı bir məzhəbi tənqid etmək deyildir. Әn azı ona görə ki, öz qardaşlarına qalib gəlmək duyğusu sağlam düşüncəsi olan hər bir müsəlman üçün ən böyük nöqsan sayılır. Sadəcə olaraq burada şiə məzhəbinə qarşı söylənən iftira və ittihamlara cavab verməyə və bu məzhəbin bir həqiqət olaraq Әhli-sünnə məzhəblərində təsdiqləndiyini açıqlamağa çalışmışıq. Bu kitabda heç bir şiə mənbəyindən istifadə olunmamış, yalnız Qur᾿ani-Kərimdən və Әhli-sünnə kitablarından sitatlar gətirilmişdir.

20 Yanvar, 2002. Suriya, Dəməşq şəhəri.

1. ELMİ MÜBAHİSӘ İXTİLAF YARATMIR. Hər hansı bir məsələ ətrafında müzakirə aparmaq, elmi mübahisə etmək ixtilaf və ya düşmənçilik demək deyildir. Elmi mübahisələr həqiqətin açılması, fikirlərin aydınlaşması və nəhayət elmi inkişaf üçün ən gözəl vasitədir.
Müsəlman qardaşlar arasında mövcud olan məzhəb ayrılığı onları elmi mübahisələrdən kənarlaşdırmamalıdır. Bu mübahisə düşmənçilik, təəssübkeşlik doğurmur, əksinə qarşılıqlı anlaşmaya və səmimiyyətə səbəb olur. Әgər müsəlmanlar təəssübkeşlik və qərəzçilik mövqeyindən uzaqlaşıb elmi mübahisələrə üz tutsalar aşağıdakı müsbət keyfiyyətlərə nail ola bilərlər.
1. Elmi inkişaf. Qeyd olunduğu kimi bütün elmi inkişaflar maraq, axtarış və mübahisələrdən doğur. Hal-hazırda bəşəriyyətə xidmət edən əvəzsiz elmi kəşflər mübahisələrin, dialoqların məhsuludur.
2. Dostluq və səmimiyyət. İnsanlar biri-birlərindən uzaqlaşdıqca qəlblərə soyuqluq, bə᾿zən də kin-küdurət hakim olur. Qarşılıqlı ünsiyyət insanlar arasında soyuqluğu aradan aparır, ürəkləri yaxınlaşdırır. Mübahisədən öncə insan qarşı tərəfin qəlbində nələr olduğundan xəbərsizdir. Lakin danışıq zamanı Allah-taalanın vacib buyurduğu qardaşlıq məhəbbəti, dostluq və səmimiyyət telləri möhkəmlənir, ürəklərdə olan vəsvəsə və şübhələr yox olur.
3. Mə᾿lumatın artması. Hər iki tərəfin mə᾿lumatı çoxalır, müsəlman qardaşlar biri-birlərini daha yaxından tanıyırlar; onların səhv mə᾿lumatları aydınlaşır, anlaşılmazlıqlar və şayiələr unudulur.
4. Fitnə-fəsadın azalması. Düşmənlərin, qərəzli insanların hiylə və məkrləri zərərsizləşdirilir. Әgər iki müsəlman qardaş üzbəüz əyləşib öz problemlərini danışıq yolu ilə həll edirsə, üçüncü bir şəxsin, hiyləgər düşmənin vasitəçiliyinə ehtiyac qalmır. Həmçinin düşmənlərin yaydığı səhv mə᾿lumatlar müəyyənləşir; iki müsəlman qardaş ortada hiyləgər bir vasitəçinin olduğunu anlayır.
5. İslam dünyasında mövcud olan problemlərin üzə çıxması. Müsəlman qardaşların ünsiyyət yaratması və elmi mübahisələr aparması İslam dünyasının digər problemlərini aşkarlayır, onların həlli yolları araşdırılır. Hər bir şəxs öz yaşadığı cəmiyyətin keyfiyyətləri, problemləri barəsində açıqlamalar verir, ictimai məsələlər araşdırılır və problemlərin həlli yolları göstərilir. Bu isə İslam dünyasının ən vacib məsələlərindən biridir.
6. Haqq-həqiqətin aydınlaşması. Elmi mübahisələr həqiqəti aşkar edir, insanları mə᾿lumatsızlıq ucbatından düçar olduqları səhvlərdən xəbərdar edir. Bu dünyada yaşamaqda məqsədimiz həqiqətə yetişmək, haqq yolunda addımlamaq deyilmi?
Bütün peyğəmbərlər həqiqəti bəyan etmək üçün göndərilməyiblərmi?
Həqiqətin aşkarlanması üçün biri-birindən üz çevirmək, mə᾿lumatsız qalmaq deyil, səmimi dialoq, qardaşlıq məhəbbəti ilə elmi mübahisələr aparmaq lazımdır.
İslam dini insanları elmə, hikmətə, dərindən düşünməyə səsləyir, elmi araşdırmaları, mübahisələri ibadət hesab edir. Qur᾿ani-Kərimə diqqət yetirsək görərik ki, İslama də᾿vət heç də əmr formasında deyil, elmi əsasları və dəlilləri araşdırmağa çağırış şəklindədir. Bir çox ayələrdə Allah-taala əsaslı sübutlar gətirmiş, qəbul etməyənlərə ‒ siz də belə hikmətli ayələr, möhkəm dəlillər gətirin ‒ deyə insanları elmi mübahisəyə də᾿vət etmişdir.
İslam ideologiyasında heç bir əqidənin kor-koranə qəbul olunması düzgün sayılmır. Qur᾿ani-Kərim bu barədə buyurur: «Müjdə və bəşarət ver o bəndələrimə ki, bütün sözləri dinləyir, ən yaxşı və düzgününə itaət edirlər».
Bə᾿zi alimlər elmi mübahisələrdən kənarda qalmaq üçün bu zəmində aparılan araşdırmaları ixtilaf hesab edirlər. Onların fikrincə müsəlman qardaşlığı və vəhdəti qorumaq üçün belə mübahislərdən uzaqlaşmaq lazımdır. Bu sözlərdə müəyyən qədər həqiqət vardır. Әgər bu mübahisələr elmi şəkildə deyil, qarşı tərəfə hücum, qərəzçilik və inadkarlıq şəklində olarsa təbii ki, vəhdətin pozulması ilə nəticələnə bilər. Lakin bizim tərəfdarlıq etdiyimiz elmi mübahisə səmimi və dostluq şəraitində aparılır və dini qardaşlığımızı daha da möhkəmləndirir. Məsələn, bir ailənin tərkibində iki qardaş arasında anlaşılmazlıq yaranmışdırsa, bu ixtilafın evdən kənara çıxması qəbahət və olduqca mənfi hal sayılır. Lakin bu qardaşların öz evlərində çay süfrəsi arxasında səmimiyyətlə əyləşib öz problemlərini müzakirə etməsi heç də mənfi hal kimi qiymətləndirilməməlidir. Әksinə, əgər bu qardaşlar öz problemlərini müzakirə edib anlaşmaya gəlməslər, hər ikisinin qəlbi giley-güzarla dolu qalar və narazılıq gündən günə artar.
Biz müsəlmanlar Qur᾿ani-Kərimin hökmünə tabe olaraq, tövhid bayrağı altında birləşmişik və qardaşlıq prinsipi əsasında yaşayırıq. «Dost arası sözsüz olmaz» deyiblər; biz qardaşların arasında ola biləcək hər hansı anlaşılmazlıq öz daxili problemlərimizdir. Bu anlaşılmazlıqda Allah şahidi özümüz, ədalətli hakim müqəddəs Qur᾿anımızdır. Heç bir kəsin, hətta bəşəriyyətin sülh himayədarlığı iddiasında olanların biz müsəlman qardaşların daxili işinə qoşulmaq, düşmənçilik toxumu səpmək haqqı yoxdur.
Biz öz problemlərimizi həll edə bilməyəcək qədər aciz deyilik. Qardaşlar arasını qatmaq, suyu bulandırıb balıq tutmaq vaxtı artıq tamam olmuşdur.
İndi isə fikir söyləmək, bəşəriyyətə düşdüyü böhrandan xilas olmaq üçün yol göstərmək biz müsəlman qardaşların öhdəsinə düşür. Hələ İslamın bəşəriyyətə deyiləsi sözü çoxdur.
2. TARİX GӘLӘCӘYӘ İŞIQ SAÇIR. İslam məzhəbləri arasında olan ixtilaflı məsələlər daha çox tarixi xarakter daşıyır. Məsələn həzrət Peyğməbərdən (s) sonra xilafət və rəhbərlik məsələsi, o həzrətin bu barədə göstərişləri tarixi məsələlərdir.
Bə᾿zi alimlər düşünmək, axtarış aparmaqdan yaxa qurtarmaq üçün tarixi məsələləri müzakirə etməyin zəruri olmadığını bildirirlər. Onlar ‒ ötüb keçənlərlə işiniz olmasın, bu gün haqqında fikirləşin ‒ deyə, müsəlmanları öz dini tarixlərinə nəzər salmaq və araşdırmalar aparmaqdan çəkindirməyə çalışırlar.
Belə bir fikrin irəli sürülməsi məntiqsiz təfəkkür və ya yorğun düşüncə tərzinin məhsuludur desək, yanılmarıq.
Bu düşüncə tərzi müsəlmanları öz keçmişindən, tarixi həqiqətlərdən və çoxlu elmi nailiyyətlərdən uzaq salır. Məhz bu təfəkkür tərzi bizləri o qədər aciz etmişdir ki, Avropa arxeoloqları, antropoloqları meymun sümüklərini insanın əcdadı kimi təqdim etdilərsə də biz susmalı olduq. Bə᾿zən ata-baba torpaqlarımıza göz dikənlərə tarixi sübutlar gətirməyə belə, aciz oluruq. Öz tarixini bilməyən bir millət, bir ümmət bu günü haqqında düzgün qərar verə bilərmi?
Tarix insanların inkişaf yolu, modern cəmiyyətin formalaşdığı bir prosesdir. İnsan yarandığı gündən bu günədək öz dünəninə baxa-baxa bu gününü yaşamış, sabahına yol açmışdır.
İlahi hidayət kitabı olan Qur᾿ani-Kərim keçmiş ümmətlərin tarixini bəyan edir, onların həyat yolunu bizlərə xatırladır. Diqqət etsək görərik ki, Qur᾿ani-Kərimin təqribən yarısını tarixi hadisələr təşkil edir.
Müqəddəs kitabımız bəşəriyyətin atası Adəm peyğəmbərin yaranmasını, Nuh peyğəmbərin, Musa peyğəmbərin, İbrahim peyğəmbərin mübarizələrini bizlərə xatırladır, fironların, harunların, nəmrudların fəsad və tüğyanlarından söz açır. Bütün bunlar tarixi unutmamağı, ötüb keçənlərdən ibrət almağı bizlərə tövsiyə edir. Bundan əlavə, Qur᾿ani-Kərim tarixə diqqət yetirməyi zəruri hesab edərək buyurur: «De ki, gəzin yer üzünü, sizdən öncə yaşayan insanların aqibətinə baxın....».
Bəli, tarix olub keçsə də unudulmamalı, həmişə diqqət mərkəzində olmalıdır.
Tarix ibrət və təcrübə mənbəyi olaraq gələcəyimizə işıq saçır.
3. ŞİӘ MӘZHӘBİNӘ OLUNAN HÜCUMLAR. Tarix boyu şiə məzhəbi saysız-hesabsız hücumlara, böhtan və iftiralara mə᾿ruz qalmışdır. Müsəlman qardaşlar arasında ədavət toxumu səpməyə çalışan qərəzli alimlər, bə᾿zi hallarda isə mə᾿lumatsız müsəlmanlar bu məzhəb haqda əsassız sözlər söyləmişlər.
Bir-birlərindən xəbərsiz olan müsəlmanlar hiyləgər düşmənin, təəssübkeş alimlərin iftiralarına uymuş, öz müsəlman qardaşlarına müşrik, azğın gözü ilə baxmışlar.
Çox təəssüflər olsun ki, belə münasibətlərə təkcə avam insanlar arasında deyil, böyük alimlərin və təhqiqatçıların kitablarında da rast gəlmək olur.
Biz burada yalnız bir neçə məşhur alimin kitablarına nəzər salır, onların şiə məzhəbi barəsində söylədikləri cümlələrlə tanış oluruq:
‒Şəhabuddin Әbu Ömər Әhməd ibni Məhəmməd ibni Әbdi-rəbbih Qurtəbi Maliki (H.Q. 4-cü əsr) «Әqdul-fərid» adlı kitabının birinci cildində şiələri İslam ümmətinin yəhudiləri adlandıraraq yazır:
«Şiələr yəhudilər kimi təlaqdan sonra iddə saxlamağı lazım bilmirlər.» (Təlaq – boşanma və boşama, iddə isə boşanmış və ya əri ölmüş qadının yenidən ailə qurmasına qadağa qoyulan müddətdir).
«Şiələr yəhudilər kimi Allahın vəhy mələyi Cəbraili özlərinə düşmən hesab edirlər. Onların e᾿tiqadına görə Cəbrail Qur᾿ani-Kərimi həzrət Әliyə nazil etməli idi, lakin xəyanət edərək onu həzrət Məhəmmədə (s) nazil etdi».
‒Әbu Məhəmməd Әli ibni Әhməd ibni Səid ibni Həzəm Әndəlosi (H.Q. 5-ci əsr) «Әl-fəslu fil-miləli vən-nihəl» kitabında şiələri yəhudi mənşəli kafir adlandıraraq onları yalançı bir firqə sayır. Müəllif həmin kitabın dördüncü cildində yazır:
«Şiələr doqquz qadınla evlənməyi halal hesab edirlər».
‒Әhməd ibni Әbdül-Həlim Hənbəli (H.Q. 8-ci əsr) «Minhacus-sünnə» kitabında Peyğəmbər Әhli-beyti barəsində nəql olunmuş bütün hədisləri təkzib etmiş, şiə məzhəbinə saysız-hesabsız böhtanlar atmışdır. İbni Teymiyyə ləqəbi ilə məşhurlaşan bu alim həmin kitabın 1-ci cildində yazır:
«Qibləyə üz tutan firqələr arasında şiələr kimi yalançı bir tayfa yoxdur».
O, qeyd olunan kitabda yazır:
«Şiələr məscidlərə e᾿tinasızdırlar. Onlar məscidlərdə cümə və camaat namazı qılmazlar; bə᾿zi hallarda namaz qılsalar da tək halda qılarlar».
«Şiələr evlərində saxladığı itlərə xəlifələrin adlarını qoyur, onları lə᾿nətləyirlər».
Həmin kitabın 2-ci cildində şiə məzhəbi ardıcıllarının 12-ci imam Sahibəz-Zamanın yolunu gözləyərək hətta namaz belə qılmadıqları iddia olunur.
‒İmam Fəxri Razi özünün «Məfatihul-ğəyb» təfsirində şiə alimlərinin fikirlərini bəyan edərkən, şiələri təkrar-təkrar rafizi (dindən çıxmış) adlandırmış, hər dəfə «Allah onlara lə᾿nət etsin» deyə, söyləmişdir.
Bu alim və təfsirçinin fikirləri ilə tanış olmaq üçün qeyd olunan kitabda «Maidə» surəsinin 3-cü ayəsinin təfsirinə nəzər salmaq kifayət edər.
İslam alimlərinin dini araşdırmalarında belə qeyri-obyektivliyə yol verdiklərini görəndə ən azı təəssüf hissi keçirməli olursan. Məhz bu alimlərin qərəzli mövqeləri, cahilanə təəssübləri minlərlə insanın qanının tökülməsi ilə nəticələnmişdir.
Bir çox dünya şöhrətli şiə alimləri belə qərəz və təəssüblərin qurbanı olmuşlar.
Öz zamanında fövqəl᾿adə şəxsiyyət, əvəzsiz fəqih və mütəfəkkir Məhəmməd ibni Cəmaləddin Məkki Amilinin (H.Q. 8-ci əsr) faciəli qətli bəlkə də bu kimi hadisələrlə zəngin olan tarix yaddaşımızın kiçik bir xatirəsidir.
Şəhidi-əvvəl ləqəbilə məşhurlaşan bu dahi şəxsiyyət bütün məzhəblərin nümayəndələrinə öz məzhəblərindən dərs verirdi. Onun zindanda olarkən heç bir mənbədən istifadə etmədən yeddi gün ərzində yazdığı «Әl-lümuətud-Dəməşqiyyə» kitabı bu günədək bütün dini hövzələrdə iki-üç illik tədris proqramıdır.
Belə bir alim məhz şiə olduğu üçün Dəməşq qaziləri Bürhanuddin Maliki və İbad ibni Әl-cəmaə Şafeinin hökmü ilə e᾿dam olundu. Daha sonra dar ağacında daş-qalaq etdilər, yandırıb külünü səhraya səpdilər.
Vəhhabilərin son iki yüz il ərzində şiələrə qarşı törətdikləri cinayətlər İslam dünyası üçün xəcalətdən başqa bir şey deyildir. Özlərini Peyğəmbər sünnəsinin yeganə ardıcılları hesab edən bu təriqət ardıcılları çox təəssüf ki, öz tarixinə nəzər salmağı unudur, bir milyarddan artıq İslam ümmətinə kafir, müşrik adı verirlər. Cəhalət bataqlığında qərq olan bu nadanlar hətta, bu təriqətin yaranmasında müstəsna rol oynamış İngiltərə məxfi idarələrinin e᾿tiraflarını belə eşitmək iqtidarında deyillər. Hörmətli oxucular, Böyük Britaniya kəşfiyyatçısı Mister Hemferin Vəhhabi təriqətinin yaranması ilə bağlı yazdığı xatirələri əks etdirən «İngilis casusunun e᾿tirafları» kitabını gözdən keçirmək söylədiklərimizin həqiqət olduğunu təsdiq edər.
İraqın müsəlman əhalisinin başına təsəvvürolunmaz müsibətlər gətirildi. Müqəddəs Kərbəla şəhərində on minlərlə müsəlmanın faciəli şəkildə öldürülməsi, şəhərin talan olunması kaş İslam tarixinin səhifələrinə yazılmayaydı.
Çox təəssüflər olsun ki, tariximizin qan yaddaşına artırılan bu səhifələr hələ də tükənmək bilmir. Әfqanıstanın Məzari-şərif şəhərində yaşayan şiələrin bir neçə il bundan qabaq vəhhabi Taliban tərəfindən kütləvi şəkildə qırılması, kişilərin öldürülüb, qadınların əsir götürülməsi də tariximizə qanlı hərflərlə həkk olundu.
Bəlkə də təəssüf etmək yox, qan ağlamaq lazımdır ki, bəşəriyyətin mənfur düşmənləri olan yəhudi təşkilatları iti xəncərlərini müsəlmanların əli ilə İslamın qəlbinə sancdılar.
Allahın düşmənlərinə, kafir və müşriklərə qarşı icazə verilməyən rəftarları özümüzə qarşı çox rahatcasına tətbiq etdik.
Allaha iman gətirib müqəddəs Qur᾿ana itaət edən müsəlman şiə qardaşlar bid᾿ətçi, müşrik, kafir qismində təqdim olundular.
Әvvəldə qeyd etdiyimiz kimi, bu kitabda şiə məzhəbinə qarşı tuşlanan böhtan və iftiraları açıqlayacaq, onlara elmi şəkildə cavab verməyə çalışacağıq. Yə᾿qin ki, Allah-taalanın əvəzsiz ne᾿məti olan ağıl sahibləri məntiqi nəticə çıxarmaqda çətinlik çəkməzlər.
4. ŞİӘ SÖZÜNÜN MӘ᾿NASI VӘ YARANMA TARİXİ. Şiə sözünün mə᾿nası lüğət kitablarında tabe, ardıcıl kimi göstərilmişdir.
Әrəb dilində «şiətur-rəcul» sözü deyildikdə, o kişinin arxasıyca gedən, ona tabe olan mə᾿nası nəzərdə tutulur.
Məşhur Әhli-sünnə lüğət və ədəbiyyatçıları Firuzabadi «Qamusul-lüğət» və İbni-Әsir «Nihayətul-lüğət» kitabında şiə sözünün mə᾿nası haqda belə yazırlar:
«Həqiqətən bu ad (şiə) Әli (ə)-ı və onun Әhli-beytini sevənlərə şamil olurdu. Daha sonra bu ad onrlar üçün xüsusiləşdi».
Şiə məzhəbi ardıcılları Әli (ə)-ın tabeləri olduqları üçün onlara aid edilən bu ad sonradan xüsusiləşdi. Belə bir sual ortaya çıxır: Nə üçün bu məzhəb Həzrət Məhəmmədin (s) ümməti kimi müsəlman deyil, sonradan qondarılmış şiə adını daşıyır?
Cavab:
1. Biz insanlar yalnız və yalnız öz yaradanımıza baş əyir, Ona itaət edirik. Allahdan başqa heç bir kəsin əmrinə itaət etmək bizim vəzifəmiz deyildir. Fiziki və ya mə᾿nəvi gücündən asılı olmayaraq, kimsənin bizlərə göstəriş vermək hüququ yoxdur. Lakin əmr və itaət sahibi olan Allah-taala bizlərə müəyyən bir şəxsə itaət etməyi əmr edərsə, bu şəxsin itaəti bizim üçün vacib sayılır. Bu şəxsin itaəti, onun əmrlərinə tabe olmaq bilavasitə Allah-taalanın əmrinə itaət etmək deməkdir.
Allah-taala bəşəriyyətin atası Adəmi yaratdıqdan sonra bütün mələklərə onun qarşısında səcdə etməyi əmr etdi. Bu səcdə Allahın Öz icazəsi və əmri ilə olduğu üçün sözsüz ki, Allah-taalanın Özünə səcdə hesab olunur. Uca və əzəmətli Allah bizlərin hidayəti üçün həzrət Məhəmmədi (s) peyğəmbərlik məqamına tə᾿yin etdi. O həzrətin bütün əmrlərinə itaət etməyi bizlərə əmr etdi. Allah Rəsulunun əmrlərinə itaət etmək heç də Allahdan qeyrisinə itaət etmək sayılmır. Bu itaət bilavasitə Allah qarşısında baş əymək, Onun əmrlərinə tabe olmaqdır. Necə ki, «Nisa» surəsinin 80-cı ayəsində buyurulur:
«Hər kəs peyğəmbərə itaət edərsə, Allaha itaət etmişdir».
Bu məntiqlə həzrət Peyğəmbər (s) müsəlmanlara müəyyən bir şəxsin itaətini əmr edərsə, bu itaət bütün müsəlmanlara vacib olur. Bu şəxsin itaəti Peyğəmbərin (s) itaəti və bilavasitə Allah-taalanın itaəti sayılır. Biz gələcək bəhslərimizdə isbat edəcəyik ki, Allahın Rəsulu bütün müsəlmanlara özündən sonra Әli (ə)-a itaət etməyi vacib buyurmuşdur.
Deməli, əgər Әli (ə)-ın itaəti Peyğəmbərin (s) əmri və göstərişidirsə, onun ardıcılı (şiə) olmaq Peyğəmbər (s) itaətindən kənara çıxmaq deyildir.
2. Şiə sözünün həzrət Peyğəmbərdən (s) sonra qondarılması həqiqətə uyğun deyildir. Bu söz hətta Qur᾿ani-Kərimdə də işlədilmiş, insanların bə᾿ziləri digərlərinin şiəsi adlandırılmışdır. «Saffat» surəsinin 83-cü ayəsində İbrahim peyğəmbər (ə) Nuh peyğəmbərin (ə) şiəsi kimi təqdim olunur:
«Onun (Nuh) şiələrindən biri İbrahim idi».
Şiə sözü Peyğəmbərin (s) zamanında da işlədilmiş, bu barədə yüzlərlə hədis və rəvayətlər nəql olunmuşdur.
Böyük əhli-sünnə alimi, hədisşünas Hafiz Әbu-nəim İsfahani mö᾿təbər sənədlərlə İbni Abbasdan nəql edir:
«Bəyyinə surəsinin 7-ci ayəsi nazil olduqdan sonra:
“İman gətirib saleh əməl edənlər ən yaxşı məxluqdurlar. Onların mükafatı Rəbblərinin hüzurunda altından çaylar axan cənnət bağlarıdır. Onlar əbədi olaraq bu bağlarda qalarlar. Allah onlardan, onlar da Allahdan razıdırlar”.
Peyğəmbər (s) Әli (ə)-a üzünü tutaraq buyurdu:
Ya Әli, onlar sən və sənin şiələrindir. Qiyamət günü sən və sənin şiələrin Allahdan razı, Allah da sizdən razı olar.»
Həmçinin bu mö᾿təbər hədis aşağıdakı əhli-sünnə kitablarında yazılmışdır:
1. Mənaqib ‒ Әbul-müəyyəd ibni Әhməd Xarəzmi;
2. Şəvahidut-tənzil fi qəvaidit-təfsil ‒ Hakim Әbul-Qasim Ubeydullah ibni Әbdullah Әl-Həskani;
3. Kifayətut-talib ‒ Məhəmməd ibni Yusif Gənci;
4. Təzkirətu xəvassil-ümmə fi mə᾿rifətil ümmə ‒ Sibt ibni Cuzi.
5. Durrul-mənsur fi kitabillahil-mə’sur ‒ Cəlaləddin Siyuti;
6. Səvaiq ‒ İbni Həcər;
7. Nihayə ‒ İbni Әsir;
8. Cəvahirul-əqdəyn ‒ Әllamə Səmhudi;
9. Füsulul-mühimmə ‒ Nurəddin Әli ibni Məhəmməd ibni Әhməd Maliki.
Әhli-sünnə raviləri (hədisşünaslar) Seyyid Әli Həmdani Şafei “Məvəddətul-qurba” kitabında və İbni Həcər “Әs-səvaiqul-mühriqə” kitabında həzrət Peyğəmbərin (s) xanımı Ümmu-Sələmədən nəql edirlər ki, Peyğəmbər (s) buyurdu:
“Ya Әli, sən və sənin səhabələrin, sən və sənin şiələrin cənnətdə olacaqlar”.
Bu hədislərdən mə’lum olur ki, şiə sözü heç də sonradan qondarılmış bir termin deyildir. Әksinə, bu kəlmə Peyğəmbərimizin (s) dilindən bəyan olunmuşdur və o həzrət, Әli (ə)-ın tərəfdarlarını şiə adlandırmışdır.
5. ABDULLAH İBNİ SӘBA. Bə’zi qərəzli alimlər iddia edirlər ki, şiə məzhəbi üçüncü xəlifə Osman ibni Әfvanın dövründə Abdullah ibni Səba adlı bir şəxs tərəfindən yaradılmışdır.
Әslən yəhudi olan Abdullah ibni Səba müsəlmanlar arasında təfriqə və ixtilaf yaratmaq üçün belə bir məzhəbin bünövrəsini qoymuş və bütün şiələr öz əqidələrində onun fikir və ètiqadına tabe olmuşlar.
Bu iddianın şiə məzhəbi barəsində ağ yalan və iftira olması gün kimi aydındır. Hər şeydən öncə hamıya mə’lumdur ki, şiə e’tiqadı üçüncü xəlifə Osman ibni Әfvanın dövründə meydana gəlməmişdir. Ötən bəhsimizdə göstərdik ki, şiə məzhəbinin hələ Peyğəmbərin (s) dövründə mövcud olması onlarla əhli-sünnə kitablarında təsdiq olunmuşdur. Yüzlərlə mö’təbər hədis bu məzhəbin Peyğəmbərin (s) özü tərəfindən açıqlanmasını sübuta yetirir və onun tarixi köklərinin bu təəssübkeş alimlərin iddialarına uyğun olmadığına şəhadət verir. Digər tərəfdən əgər şiə məzhəbinin banisi həqiqətən də Abdullah ibni Səba olmuşdursa, gərək bu şəxs şiələr tərəfindən bir əqidə rəhbəri, mö̀htərəm bir şəxs kimi qəbul olunsun.
Sözsüz ki, bir məzhəbin banisi, o məzhəb tərəfdarları tərəfindən həmişə tə’rif və sitayiş olunmalıdır.
Lakin, şiə məzhəbinin elmi, tarixi mənbələrinə baxsaq, bu şəxsi tə’rif və sitayiş edən bir cümləyə də rast gəlmərik. Әksinə, Abdullah ibni Səba və onun əqidəsi bütün şiə kitablarında tənqid olunmuş, hətta o, ifratçı şəxsə lə’nət yağdırılmışdır.
Bütün şiə kitablarında nəql olunmuş hədislərdə Abdullah ibni Səbanın kafir və məl᾿un bir şəxs olduğu göstərilir. Әllamə Məclisinin “Biharul-Әnvar” kitabında, həmçinin onlarla digər kitablarda mö’təbər sənədlərlə göstərilir:
“Әli (s) Abdullah ibni Səbanı üç gün həbsdə saxladıqdan sonra, o şəxs tövbə etmədiyi üçün onu odda yandırdı”.
Həmin kitablarda imam Cə’fər Sadiq (ə)-ın Abdullah ibni Səba barəsində buyurduğu hədis təkrar-təkrar yazılmışdır:
“Allah Abdullah ibni Səbaya lə’nət etsin; o kişi Әli (ə)-ın Allah olduğunu iddia etdi. Allaha and olsun ki, Әli (ə) Allahın itaətkar bəndəsi idi. Vay olsun bizim haqqımızda yalan söyləyənlərə....”
İbni Babəveyh «Әqaidi Səduq» kitabında imam Cə’fər Sadiq (ə)-ın səhabəsi ibni Ә’yundan nəql edir:
«Bir gün imam Sadiq (ə)-ın hüzuruna gedib soruşdum ki, Abdullah ibni Səbanın nəslindən bir şəxs deyir ki, Allah-taala Məhəmməd (s) və Әli (ə)-ı yaradıb bütün işləri onlara tapşırdı. Onlar yaradar, ruzi verər, öldürər və dirildərlər. Sizin bu barədə fikriniz necədir? İmam Sadiq (ə) buyurdu: Yalan deyir o Allah düşməni.»
Әgər biz şiə kitablarına nəzər salsaq, Abdullah ibni Səbanı lə’nətləyən yüzlərlə hədisə rast gələrik.
Doğrudan da əgər Abdullah ibni Səba bu məzhəbin banisi olsaydı, şiələr nə üçün «öz əqidəvi rəhbərlərinə» bu qədər tənqid və lə’nət yağdırmalı idilər?!
Belə bir şəxsin tarixdə mövcud olması və batil bir məzhəbin bünövrəsini qoyması ilə işimiz yoxdur. Lakin o kafir və iftiraçı şəxsin bəyan etdiyi heç bir əqidə şiə məzhəbinə aid deyildir.
Yuxarıda qeyd etdiyimiz hədislərdən mə’lum olur ki, Abdulllah ibni Səba Әli (ə)-ın Allah olduğunu iddia edirdi. Bu fikir «Ğulat» yə’ni, «Әliallahilər» məzhəbinin bünövrəsini qoydu. Әliallahilər məzhəbinin heç bir əqidəsi şiə məzhəbi tərəfindən qəbul olunmamış və onlar kafir hesab olunmuşlar.
Onlar yəhudi əsilli bir iftiraçının yalanlarına uyub kor-koranə şəkildə Qur’ani-Kərimin göstərişlərinə qarşı çıxır, Әli (ə)-ın Allah olduğuna e’tiqad bəsləyirlər.
Şiə məzhəbində e’tiqad məsələlərini açıqlamağa və ya geniş izahat verməyə ehtiyac yoxdur. Bütün şiələr Allah-taalanın vahid olduğuna, Allahdan özgə hər şeyin məxluq və ona möhtac olduğuna inanırlar.
«De ki, ey kitab əhli, nahaq olaraq öz dininizdə həddinizi aşmayın.....» (Maidə-77).
Vahid Allaha iman gətirən şiələr bu ayəni rəhbər tutaraq hər hansı bir şəxsin barəsində həddən artıq tə’rif vermək, o şəxsi sahib olduğu məqamdan uca hesab etməyi öz əqidəsinə zidd hesab edirlər.
Bütün şiə kitablarında Әli (ə)-ı Allah hesab edən şəxslər kafir və murdar hesab olunur, onlarla evlənmək, onları qüsl-kəfən edib müsəlman qəbristanlığında dəfn etmək qadağan edilir.
Bu batil məzhəbi lə’nətləyən saysız-hesabsız hədislər şiə kitablarında yazılmışdır.
Gördüyünüz kimi Abdullah ibni Səba kimi iftiraçı bir şəxsin nə özü, nə əqidəsi şiə məzhəbi tərəfindən qəbul olunmamışdır. Şiə məzhəbi Әli (ə)-ı ilahiləşdirən, hətta onu Peyğəmbərdən (s) yüksək təqdim edən hədisləri tamamilə yalan və iftira hesab edir.
«Ya Әli, doğulduğun günü görməsəydim sənə Allah deyərdim».
Böyük Peyğəmbərimizdən (s) nəql olunmuş bu kimi qondarma hədislər, İslam dinini, xüsusilə şiə məzhəbini gözdən salmaq üçün uydurulmuş yalanlardır.
6. PEYĞӘMBӘR VӘ ӘHLİ-BEYTӘ TӘVӘSSÜL. Ötən bəhsimizdə qısa şəkildə olsa da, şiə məzhəbinin e’tiqadi məsələləri ilə tanış olduq. Qeyd etdik ki, şiələr ilk növbədə tövhidə inam bəsləyir və heç bir əməldə heç bir şeyi Allah-taalaya şərik qoşmurlar.
Uzun illər boyu şiə məzhəbinə olunan iradlardan biri də onların Peyğəmbər (s) və onun Әhli-beytinə təvəssül etmələridir:
Әgər şiələr tövhidə iman gətirmişlərsə, nə üçün öz hacət və istəklərini Allahdan deyil, Peyğəmbər (s) və imamlardan istəyirlər?
Cavab:
1. Hər şeydən öncə təvəssül etməyin mə’na və mahiyyəti açıqlanmalıdır.
Təvəssül etmək bir şəxsdən hacət, istək tələb etmək deyildir. Təvəssül sözünün mə’nası «vasitə salmaq» deməkdir. Bir şəxs Peyğəmbər (s) və ya onun Әhli-beytinə təvəssül edirsə, bu, Allahdan özgəyə sığınmaq deyil, onları vasitə salaraq Allahdan öz istəyini diləməkdir;
2. Yaşadığımız dünyaya diqqət etsək görərik ki, bu dünyaya vasitələr qanunu hakimdir. Hər bir şey vahid Allahın hökmü ilədir, lakin Allah-taala Özü bizlərə vasitələr göstərmiş və bu vasitələrdən nəticə almağı əmr etmişdir.
Məsələn, xəstələndiyimiz zaman mütləq həkimə və onun məsləhətlərinə müraciət etməliyik. Bütün dərdlərin dərmanı Allah-taalanın əlində olmasına baxmayaraq, biz Onun yaratdığı vasitələrə müraciət edirik. Xəstəliyimizin sağalması üçün həkimə müraciət etmək heç də Allahdan qeyrisinə sığınmaq deyil, həqiqətdə öz Pərvərdigarımıza sığınıb Onun yaratdığı vasitələrdən istifadə etməkdir.
3. Allah-taala Maidə surəsinin 35-ci ayəsində buyurur:
«Ey iman gətirənlər, Allahdan qorxun və Onunla öz aranızda vasitə tapın».
Qur’ani-Kərimin təkcə bu ayəsi təvəssül etməyin yə’ni, Allah-taalaya yaxınlaşmaq üçün vasitə tapmağın zəruri olduğuna kifayət edər. Bu ayədə vasitə dedikdə Peyğəmbər (s) və onun Әhli-beyti nəzərdə tutulur. Bu məsələ bir çox əhli-sünnə alimləri tərəfindən təsdiqlənmişdir. O cümlədən: Hafiz Әbu Nəim İsfahani «Nüzulul-Qur’an fi Әli» kitabında; Hafiz Әbu Bəkr «Ma nəzələ minəl-Qur’an fi Әli» kitabında; İmam Әhməd Sə’ləbi «Kəşful-bəyan» təfsirində; İbni Әbil Hədid Mö’təzili «Şərhu-nəhcil-bəlağə» kitabında və onlarla digər əhli-sünnə alimi bu ayədə «vasitə» sözünün Peyğəmbər (s) və Әhli-beytə şamil olduğunu bəyan etmişlər.
4. Әhli-sünnə kitablarında yazılmış çoxlu sayda hədislərdə xəbər verilir ki, Peyğəmbərin (s) böyük səhabələri çətin məqamlarda Әhli-beytə təvəssül etmiş, onlardan kömək istəmişlər. İbni Həcər Məkki «Әs-səvaiqul-mühriqə» kitabında yazır:
«Hicrətin 17-ci ilində şiddətli quraqlıq oldu. Camaat dəfələrlə «İstisqa» namazına (yağış tələb etmək üçün xüsusi namaz) getdilər, lakin heç bir nəticə hasil olmadı. İkinci xəlifə Ömər ibni Xəttab dedi: Sabah bir şəxsin vasitəsi ilə Allahı səsləyəcəyəm ki, mütləq yağış yağacaq.
Sabah sübh açılan kimi Ömər ibni Xəttab Peyğəmbərin (s) əmisi Abbasın qapısına gedib dedi: Evdən bayıra gəl ki, sənin vasitənlə Allahdan yağış istəyək.
Abbas dedi: Bir az otur, mən lazım olan vasitələri tapım.
Sonra Abbas Bəni-haşim tayfasını səslədi. Onlar evdən çıxanda Әli (ə) qabağda, Həsən və Hüseyn sağ və sol tərəfində, Bəni-haşim tayfası isə Abbasın arxası ilə gəlirdilər. Abbas üzünü Ömərə çevirib dedi: Heç kəs bizə qarışıb müsəllaya (namaz qılınan yerə) gəlməsin.
Müsəllaya yetişməzdən əvvəl Abbas əllərini qaldırıb dedi: İlahi, Sən bizi yaratmısan və bizim əməllərimizə alimsən. Pərvərdigara, bizə əvvəldə lütf və mərhəmət elə!
Cabir ibni Әnsar deyir: Dua tamam olmamış buludlar hərəkətə gəldi, yağış yağmağa başladı».
İbni Həcər, Buxaridən (Səhih-buxari kitabının müəllifi) nəql edir ki, ikinci xəlifə Ömər ibni Xəttab quraqlıq illərində Peyğəmbərin (s) əmisi Abbasın yanında durub belə dua edirdi: İlahi, biz Sənin Rəsulunun əmisinə təvəssül edib Səndən yağış diləyirik».
Bu hədisi İbni Әbil Hədid Mö’təzili «Şərhu-nəhcil-bəlağə»  kitabının 2-ci cildində təfsilatı ilə gətirmişdir.
Burada belə bir iradın olması mümkündür: Peyğəmbər (s) və Әhli-beytə təvəssül etmək onların diri olduqları zamana aiddir. Öldükdən sonra belə bir təvəssülün nə əhəmiyyəti vardır?
Cavab:
Biz müsəlmanların əqidəsinə görə ölüm insanların yox olması demək deyildir. İnsanlar cismən torpağın altına köçsələr də, ruhən həmişə diridirlər. Biz onları görməsək də onlar bizi görür, səsimizi eşidirlər. Məncə bu barədə geniş izah verməyə ehtiyac yoxdur. Ölümdən sonra yeni bir həyatın başlanması İslam dinində zəruri sayılan bir e’tiqaddır. Bunu inkar edən şəxslər müsəlman sayılmırlar. Nə üçün biz ölülərə salam veririk? Nə üçün Qur’ani-Kərimdə keçmiş peyğəmbərlər xatırlanır, onlara salam göndərilir?
Nə üçün Allah-taala «Әhzab» surəsinin 56-cı ayəsində Peyğəmbərə (s) salavat və salam söyləməyi bizə vacib buyurmuşdur?
Әgər onlar bizim səsimizi eşitmirsə, ölüb yox olmuşlarsa, bu salamların nə kimi əhəmiyyəti vardır? Bütün bunlardan əlavə, Allah-taala müqəddəs kitabında bə’zi insanların əsla ölü olmadıqlarını aşkar şəkildə bəyan edir.
«Allah yolunda ölənlərə ölü deməyin, onlar diridirlər, lakin siz anlamırsız». (Bəqərə-154).
«Allah yolunda ölənlər əsla ölü sayılmazlar, onlar diridirlər...». (Ali-İmran-169).
Peyğəmbər (s) və onun pak Әhli-beyti (ə) Allah yolunda ölmədilərmi? Onlara ölü demək, bizim səsimizi eşitmirlər söyləmək bizim əqidəmizə uyğun gəlirmi?
Bu dəlil və sübutların qarşısında belə bir iradın olacağını da istisna etmirik:
«Şiələr Peyğəmbər (s) və onun Әhli-beytinə təvəssül etmirlər. Onlar bu müqəddəs şəxsləri vasitə kimi yox, əsl sığınacaq kimi səsləyirlər».
Cavab:
Peyğəmbər (s) və Әhli-beytə təvəssül etməyin müəyyən qaydaları vardır. Bu qaydalar mö’təbər kitablardan öyrənilməli, İslam ideologiyasına uyğun istifadə olunmalıdır. Təbii ki, bə᾿zi savadsız və avam insanlar öz təvəssüllərində səhvə yol verə bilərlər. Avam insanların etdikləri səhvlər onların mənsub olduğu qəbiləyə və ya məzhəbə xələl gətirməz. Burada bir əhvalatı xatırlatmaq yerinə düşərdi:
«Bir avam müsəlman uzun illər hazırlıqdan sonra Həcc ziyarətinə getməyə nail olur. Dünyadan xəbərsiz olan bu savadsız kişi müqəddəs Kə’bəni görən kimi divarları qucaqlayaraq: «Qəbrinə qurban olum ay Allah!» (nəuzu-billah) deyə ağlamağa başlayır».
Bu savadsız şəxsin anlamadan bu cür küfr etməsi onun mənsub olduğu millətin, məzhəbin kafir olduğuna dəlalət edirmi?
Şiə məzhəbində təvəssülün nə olduğunu, hansı qanunlar çərçivəsində həyata keçirildiyini aydınlaşdırmaq üçün mö’təbər kitablara, böyük alimlərin göstərişlərinə müraciət etmək lazımdır.
Burada əksər münacat kitablarında yazılmış «Təvəssül duası»ndan bir parçanı diqqətinizə çatdırırıq:
«Ey mənim seyyid və mövlalarım! (Peyğəmbər (s) və Әhli-beyt(ə) nəzərdə tutulur) Mən sizə üz tutdum, siz mənim rəhbərlərim, çətin günümdə köməyim, Allahla mənim aramda hacət və istək vasitəmsiniz. Mən sizi öz Allahıma doğru vasitə etdim, sizin vasitənizlə Ondan şəfaət istədim, Allah yanında  mənə şəfaət edin, günahlarımın bağışlanmasını istəyin. Siz mənim vasitəmsiniz, sizin sevginizlə, sizin yaxınlığınızla Allahdan nicat istəyirəm. Allah hüzurunda mənim ümidim olun, ey mənim ağalarım, ey Allahın dostları.....»
Təvəssül duasının bir hissəsinin tərcüməsini əziz oxuculara təqdim etdik. Hörmətli oxucular duanın mətnində tövhidə zidd olan bir kəlmənin olub-olmadığını yəqin ki, asanlıqla mülahizə edə bilərlər.
7. ŞİӘ MӘZHӘBİNDӘ XİLAFӘTӘ MÜNASİBӘT. İslam peyğəmbəri həzrət Məhəmməd (s) on üç il doğma vətəni Məkkə şəhərində İslam dinini təbliğ etdikdən sonra Yəsrib (Mədinə) şəhərinə hicrət etdi.
Bu hicrətin fəlsəfəsi ilk növbədə Peyğəmbərin (s) canının hifz olunması, həmçinin İslamın təbliği üçün əlverişli mövqe seçmək idi. İslam dini ictimai bir din olduğu üçün dini hakimiyyət qurulması, ilahi hökmlərin ictimaiyyətdə tətbiq olunması və nəhayət İslam dininin müdafiəsi üçün strateji mövqe seçməyə ehtiyac duyulurdu. Bu dini hakimiyyət Peyğəmbərin (s) risalətinin başlıca göstərişlərindən idi.
Peyğəmbər (s) yaranmış ilkin şəraitdən istifadə edərək öz risalətinin bu mühüm məqsədini həyata keçirdi. Mədinə şəhərində ilk İslam dövləti, bu dövlətin atributları, ədalətli qanunları və güclü ordusu yaradıldı.
Allahın Rəsulu ömrünün sonunadək ilahi vəhy və müqəddəs Qur’anın hökmləri ilə bu hakimiyyətin rəhbərliyini öz öhdəsinə götürdü.
Həzrət Məhəmmədin (s) dünyanı tərk edib əbədiyyətə qovuşması ilə bu hakimiyyət sona yetməli deyildi. Qiyamətə qədər bəşəriyyətin hidayətini öz öhdəsinə götürmüş İslam dini Peyğəmbərdən (s) sonra da ictimai rəhbərliyində, ədalətli hakimiyyətində qalmalı idi. Bu hakimiyyət Peyğəmbərin (s) xilafəti adlanır.
Xilafət hansı əsaslarla qurulmalıdır?
İslam hökumətinə kim rəhbərlik etməlidir? Bu rəhbər hansı yolla tə’yin olunmalı, kim tərəfindən seçilməlidir?
Hər hansı bir şəxs və ya dəstənin hakim və rəhbər olması üç yolla mümkündür:
1. İrsi yolla –hakim şəxs öldükdən sonra o şəxsin varisləri hakimiyyətə yiyələnirlər. Bu günədək ərəb krallıqlarında hakimiyyət irsi yolla tə’yin olunur;
2. Güc vasitəsi ilə – hamıdan güclü və varlı bir şəxs öz imkanlarından istifadə edərək zor gücü ilə özünü hakim e’lan edir. Bu şəxsin hakimiyyətə yararlı olub-olmaması heç bir əhəmiyyət kəsb etmir. Bu hakimiyyətə itaət etmək icbaridir;
3. İcma və ya referendum – xalq səsvermə yolu ilə bir şəxsi hakimiyyətə tə’yin edir. Demokratik dövlətlərdə hakimiyyət səsvermə yolu ilə seçilir.
İslam hakimiyyəti və Peyğəmbərin (s) xilafəti bu üç yolun hansı biri ilə tə’yin olunmalıdır?
İrsi yolla İslam hakiminin seçilməsi tamamilə batil bir üsuldur. Heç bir şəxs atası hakim olduğu üçün hakimiyyət hüququ qazana bilməz.
Güc vasitəsi ilə hakimiyyətə gələn şəxsin də hakimiyyət hüququ məqbul sayılmır. Zülm və zor gücü ilə rəhbərliyə yiyələnən bir kəsin hakimiyyəti heç bir normal insan tərəfindən qəbul oluna bilməz.
İcma və ya referendum, başqa sözlə desək səsvermə yolu ilə hakimiyyətin tə’yin olunması müsəlmanlar arasında mübahisə doğuran məsələlərdən biridir.
Әhli-sünnə məzhəblərinin əksəriyyəti Peyğəmbərdən (s) sonra hakimiyyətin səsvermə yolu ilə tə’yin olunmasının zəruriliyini bildirirlər. Onlar, birinci xəlifə Әbu Bəkr ibni Qəhafənin xilafət və hakimiyyətinin bu yolla seçildiyinə e’tiqad bəsləyir və bu hakimiyyəti dini nöqteyi-nəzərdən məqbul hesab edirlər.
Şiə məzhəbində səsvermə yolu ilə Peyğəmbər (s) xəlifəsinin tə’yin olunmasını dini və elmi nöqteyi-nəzərdən düzgün hesab etmirlər. İslam hakimiyyətinin səsvermə və icma yolu ilə seçilməsinin İslam əsaslarına zidd olmasına aşağıdakı dəlil və sübutları gətirmək olar:
1. Xalqın əksəriyyətinin hər hansı bir məsələyə tərəfdar olması o məsələnin məqbul olması demək deyildir. İnsanlar ayrı ayrılıqda nöqsanlı ağıl, bə’zən səhv düşüncələrdən ibarətdirlər. Yüz və ya min səhv düşüncəli insan bir yerə toplansa belə, düzgün nəticəyə gələ bilməzlər. Bu toplantı yalnız və yalnız yüz və ya min səhv düşüncə və fikirdən ibarətdir.
Allah-taala Qur’ani-Kərimdə dəfələrlə xalqın əksəriyyətinin düşüncəsiz olduğunu, həqiqəti dərk edə bilmədiklərini bəyan etmişdir:
«Bu həqiqi bir dindir, lakin xalqın əksəriyyəti dərk etməzlər» (Yusif-40).
2. Biz ilahi hakimiyyəti digər hakimiyyətlərlə qarışdırmamalıyıq.
Bir şəxsə hakimiyyət verən şəxsin belə bir hüququ olmalıdır.
Hakimiyyət hüququ ilk növbədə Allaha məxsusdur. Allah-taala bu hüququ yalnız Özü istədiyi şəxsin öhdəsinə qoyur:
«Hökm yalnız Allaha məxsusdur». 
Qur’ani-Kərimdə bütün ümmətlərə hakimin yalnız Allah tərəfindən tə’yin olunduğu xəbər verilir:
«O zaman ki, Allah İbrahimi müxtəlif vasitələrlə imtahan etdi. İbrahim bu imtahanların öhdəsindən gəldikdən sonra, Allah-taala - səni bu ümmətə rəhbər və imam tə’yin etdim - dedi». 
Başqa bir ayədə Bəni-İsrail tayfasına tə’yin olunan hakim barəsində söhbət açılır:
«Onların arasında olan peyğəmbər dedi: Allah-taala Talutu sizə hakim qərar verdi». 
Bu ayələr və onlarla digər ayə bizə açıq şəkildə bəyan edir ki, dini hakimiyyət yalnız və yalnız Allah-taalaya məxsus olan bir hüquqdur. İnsanlara şax damarından yaxın olan Allah Öz ilahi hakimiyyətini istədiyi şəxsin öhdəsinə qoya bilər. Beləliklə, qeyd etdiyimiz üç yolun heç biri ilahi hakimiyyətin tə’yin olunması üçün düzgün sayılmır.
Şiə məzhəbinin əqidəsinə əsasən xilafət və rəhbərlik Allah-taalanın əmri ilə Peyğəmbər (s) tərəfindən tə’yin olunmalıdır.
8. İSLAM XӘLİFӘLӘRİ NECӘ TӘ’YİN OLUNDU? Ötən bəhsimizdə ilahi hakimiyyətin tə’yin olunması yollarını araşdırdıq.
Qeyd etdik ki, Peyğəmbərin (s) xəlifəsi və İslam hökumətinin rəhbəri yalnız Allahın əmri ilə Onun mə’sum Rəsulunun vasitəsi ilə tə’yin olunmalıdır. Bu məsələnin nə dərəcədə zəruri olmasını izah etməyə yəqin ki, ehtiyac yoxdur.
Kiçik bir müəssisənin rəhbəri səfərə getdiyi zaman öz işini mütləq inanılmış bir şəxsə tapşırır. Müəssisə və ya idarənin başsız qoyulması, qısa müddət ərzində özbaşınalıq və hərc-mərcliyin yaranmasına səbəb olacaqdır. Bütün insanlardan müqayisəedilməz dərəcədə ağıllı və uzaqgörən bir şəxs olan Peyğəmbər (s) 23 il ərzində ağır zəhmətlərin və saysız-hesabsız şəhidlərin qanı hesabına qurduğu bir ideal hakimiyyəti özbaşına qoya bilərdimi? Hətta qısa müddətli səfərlərə getdikdə Mədinə şəhərinə canişin tə’yin edən bir şəxs ümməti öz ixtiyarına buraxıb gedə bilərdimi?
Bu sualın cavabı dinindən və məzhəbindən asılı olmayaraq, hər bir ağıl sahibinə mə’lumdur. Lakin burada bir addım geri çəkilərək əhli-sünnənin mö’təbər saydığı səsvermə və ya icma məsələsinə nəzər salırıq.
Peyğəmbərdən (s) sonra xəlifələrin tə’yin olunma məsələsini əhli-sünnənin iddia etdiyi səsvermə və ya icma üsulu ilə olub-olmadığını araşdıraq.
1. Peyğəmbər (s) vəfat etdiyi gün, hətta dəfn mərasimindən öncə bir dəstə müsəlman Səqifə adlı bir yerə toplanıb Әbu Bəkr ibni Qəhafəni xəlifə seçdilər.
Yə’qin ki, səsvermənin bütün xalqın iştirakı və əksəriyyətin səsverməsi ilə müəyyənləşdiyini hamı qəbul edir. Çünki, azlıq təşkil edən bir dəstə xalqın əksəriyyətinə hakim ola bilməz.
Səqifə dediyimiz məkan Bəni-Saidə tayfasının müzakirə üçün toplandığı üstü bağlı kiçik bir yer idi.
Peyğəmbər (s) vəfat edən gün bu kiçik yerdə müsəlmanların neçə faizinin toplanmasının mümkünlüyü hamıya aydındır.
Bəs digər müsəlmanların, yerdə qalan böyük əksəriyyətin bu seçkidə iştirak etmək hüququ yox idimi?
Yəmən, Taif və digər ölkələrdə yaşayan yüz minlərlə müsəlman özlərinə rəhbər seçmək hüququndan məhrum idilərmi?
Böyük əhli-sünnə alimləri imam Fəxri Razi, Cəlaləddin Süyuti, İbni Әbil Hədid Mö’təzili, Təbəri, Buxari, Müslim və s. öz kitablarında açıq şəkildə bəyan etmişlər ki, hətta bu səsvermədə Mədinə müsəlmanlarının böyük əksəriyyəti iştirak etmədilər.
Bəs icma və səsvermə dedikdə kimlər nəzərdə tutulur?
2. Әgər icma və səsvermə hüququ təkcə səhabələrə aiddirsə, əhli-sünnə alimlərinin yazdığı kitablar belə bir iş üçün tələb olunan yetərsayın olmadığını yazırlar. Peyğəmbərin (s) Mədinə şəhərində olan səhabələrinin böyük bir qismi nəinki bu səsvermədə iştirak etmədilər, hətta Әbu Bəkrə bey’ət etməkdən boyun qaçırdılar. Әhli-sünnə alimlərindən İbni Həcər Әsqəlani, Bilazəri öz tarix kitablarında, Məhəmməd Xandşah «Rövzətus-səfa» kitabında, İbni Әbdül-birr «İstiab» kitabında yazırlar:
«Sə’d ibni Ubadə, Xəzrəc tayfası (Mədinə şəhərində böyük tayfalardan biri), Qüreyş tayfasının bir hissəsi və 18 nəfər məşhur səhabə Әbu Bəkrə bey’ət etmədilər:
1. Salman Farsi;
2. Әbuzər Ğəffari;
3. Miqdad ibni Әsvəd Kəndi;
4. Әmmar Yasir;
5. Xalid ibni Səid ibn As;
6. Bəridəh əl-Әsləmi;
7. Әbi ibni Kə’b;
8. Xəzimə ibni Sabit zu-şəhadətəyn;
9. Әbul Heysəm ibn Teyhan;
10. Səhl ibni Hənif;
11. Osman ibni Hənif Zu-şəhadətəyn;
12. Әbu Әyyub Әnsari;
13. Cabir ibni Abdullah Әnsari;
14. Həzifə ibni Әl-yəman;
15. Sə᾿d ibni Ubadə;
16. Qeys ibni Sə᾿d;
17. Abdullah ibni Abbas;
18. Zeyd ibni Әrqəm.
Digər hədislərdə, o cümlədən Әhli-sünnə tarixçisi Yə᾿qubinin tarixində Әli (ə)-ın və Peyğəmbərin (s) əmisi Abbasın  bey᾿ət etmədikləri yazılmışdır. Ümumiyyətlə, Bəni-Haşim tayfasının bey᾿ət etmədiyi barədə geniş söhbət açacağıq.
3. Әgər həqiqətən müsəlmanlar yığışıb səsvermə yolu ilə özlərinə rəhbər seçirdilərsə, nə üçün bu işə bütün müsəlmanları, heç olmasa səhabələri də᾿vət etmədilər? Peyğəmbərin (s) pak cənazəsi qüsl-kəfən olunan bir zamanda səs-səmir salmadan bir xəlvətə çəkilib ümmətə rəhbər, xəlifə tə᾿yin etdilər. Nə üçün səsverməni İslam hakimiyyətinin, əziz Peyğəmbərimizin (s) iqamətgahı, idarə mərkəzi olan «Peyğəmbər məscidində» (Məscidun-nəbi) təşkil etmədilər? Peyğəmbər hərəmi olan bu məscidin kənarında, Peyğəmbərin (ə) nurlu evində o həzrətin dəfn mərasimi keçirilirdi. Әziz peyğəmbərlərinin qəlbləri yandıran əzasına cəm olan müsəlmanlar, səhabələr bu seçkidən nə üçün xəbərsiz qalmalı idilər? Әn məhşur tarixçi, əhli-sünnə alimi Məhəmməd ibni Cərir Təbəri öz tarix kitabının ikinci cildində yazır:
«Ömər ibni Xəttab (ikinci xəlifə) Peyğəmbərin (s) evinə yaxınlaşdı, lakin evə daxil olmadı. İçəri xəbər göndərib Әbu Bəkri çağırdı. Әbu Bəkr «indi vaxtım yoxdur» dedikdə, bir daha xəbər göndərdi ki «mühüm bir məsələ ortaya çıxmışdır, sənin olmağın lazımdır». Әbu Bəkr bayıra çıxdıqdan sonra Әnsarın (Mədinə əhli‒Ovs və Xəzrəc tayfaları) Səqifəyə yığışıb özlərinə rəhbər seçmək istədiklərini dedi. Onlar birlikdə Səqifəyə tərəf yola düşdülər. Yolda Әbu Ubeydə rast gəldilər, üç nəfər yollarına davam etdilər».
Belə bir səsvermə və belə bir icmanı necə adlandırmaqda çətinlik çəkirik. 
4. Әgər bu səsvermə həqiqətən normal şəraitdə keçirilmişdisə və hakimiyyət hüququ Әbu Bəkr ibni Qəhafəyə verilmişdisə, nə üçün Ömər ibni Xəttab bu xilafətin batil olduğunu, birinci xəlifənin seçilməsinin bir fitnə olduğunu deyirdi.
5. Әgər İslam xəlifəsi icma və səsvermə yolu ilə tə᾿yin olunmalıdırsa, nə üçün ikinci xəlifə Ömər ibni Xəttabın xilafəti bu üsulla tə᾿yin olunmadı?
İstisnasız olaraq, bütün əhli-sünnə tarixçiləri Ömər ibni Xəttabın birinci xəlifənin vəsiyyəti ilə hakimiyyətə tə᾿yin olunduğunu yazırlar. 
6. Görəsən üçüncü xəlifə Osman ibni Әfvanın seçki üslubunu necə adlandırmaq olar?
Әgər icma və səsvermə zəruridirsə, üçüncü xəlifənin tə᾿yin olunmasında heç bir səsvermənin olmadığı hamıya mə᾿lumdur.
Әgər Ömər ibni Xəttabın tə᾿yin olunduğu üsul qanuni idisə, bəs nə üçün o, vəsiyyətində özündən sonra müəyyən bir şəxsi xəlifə tə᾿yin etmədi?!
Digər tərəfdən, xəlifənin seçilməsində vəsiyyət üslubunu qəbul ediriksə, nə üçün Peyğəmbərin (s) bu məsələ ilə bağlı hər hansı bir vəsiyyət etdiyini qəbul etməyək? Göründüyü kimi xəlifələrin tə᾿yin olunmasında müəyyən bir üsul və qayda müşahidə etmək olmur.
Heç bir xəlifənin tə᾿yin olunma üsulu bir-biri ilə uyğun gəlmir.
9. ӘLİ (Ә)-IN XİLAFӘTӘ MÜNASİBӘTİ. Ötən bəhsimizdə İslam hökumətinin ilk xəlifələrinin tə᾿yin olunması barədə danışdıq. Qeyd olunan tarixi mə᾿lumatlardan aydın oldu ki, xəlifələrin seçilməsi heç bir məntiqi əsasa uyğun gəlmir. Adları çəkilən xəlifələr hətta əhli-sünnənin qəbul etdiyi me᾿yarlarla seçilməmişdir. Bu mövzu ətrafında bəhs etdiyimiz zaman belə bir iradın qarşıya çıxacağı ehtimal olunur:
Sual:
«Әgər bu  xəlifələr (ilk üç xəlifə) məntiqi və sağlam me᾿yarlarla seçilməmişdisə, nə üçün şiələrin mütləq imam və mə᾿sum hesab etdikləri Әli (ə) bu xəlifələrə bey᾿ət etmiş və hətta xilafət və hakimiyyət məsələlərində onlara yaxından köməklik göstərmişdi?
Cavab:
İlk növbədə Әli (ə)-ın xəlifələrə bey᾿ət etməsi və onlara yaxından kömək göstərməsi siyasi əhəmiyyət kəsb edirdi. Biz növbəti bəhsimizdə bu siyasi zərurəti geniş şəkildə təhlil edəcəyik.
Digər tərəfdən, əhli-sünnə tarixçilərinin yazdığına əsasən Әli (ə) altı aydan sonra birinci xəlifə Әbu Bəkrə bey᾿ət etdi. Bütün əhli-sünnə alimləri bu bey᾿ətin zor gücünə alınmasını təsdiq etmişlər. Burada dediklərimizi təsdiq etmək üçün bə᾿zi əhli-sünnə kitablarına müraciət edirik:
1. Səhih Buxari, 3-cü cild;
2. Səhih Müslim, 5-ci cild;
3. Әl-imamətu vəs-siyasə (Müslim ibni Qətibə Dinuri);
4. Mürucuz-zəhəb, 1-ci cild (Məs᾿udi);
5. Şərhu-nəhcil-bəlağə, 2-ci cild (İbni Әbil Hədid Mö᾿təzili).
Bu kitabların hamısında aşağıdakı cümlə eyni şəkildə yazılmışdır:
«Әli (ə), Fatimə (rəziyəllahu ənha) vəfat etdiyi günə qədər bey᾿ət etmədi».
Bütün tarixçilər həzrət Fatimənin Peyğəmbərdən (s) altı ay sonra vəfat etdiyini yazırlar. Bu müddətin dəqiq olmasını aşağıdakı kitablarda mülahizə edəcəyik:
Әhməd ibni Ә᾿səm Kufi Şafei «Fütuh» kitabında və Әbu Nəsr Həmidi «Cəm bəynə səhihəyn» kitabında yazır:
«Әli (ə) Әbu Bəkrə altı aydan sonra bey᾿ət etdi».
İndi isə oxuculara təqdim edəcəyimiz hədislər Әli (ə)-dan zorla bey᾿ət alınmasını təsdiq edən sənədlərdir:
1. Әbu Cə᾿fər Bilazi Әhməd ibni Yəhya ibni Cabir Bağdadi (adlarını çəkdiyimiz bütün alimlər əhli-sünnə məzhəblərindəndir) öz tarix kitabında yazır:
«Әbu Bəkr Әlidən bey᾿ət istədi. O, bey᾿ət etməyi qəbul etmədikdə Ömər ibni Xəttabı onun evinə göndərdi. Ömər bir parça odla onun evini yandırmağa getdi. Qapıda həzrət Fatimə ilə rastlaşdı. Həzrət Fatimə dedi: Ey Xəttabın oğlu, bizim evimizi yandırmaq üçün gəlmisən?
Ömər dedi: Bəli....»
2. İbni Xəzabə «Ğürər» kitabında Zeyd ibni Әsləmdən nəql edir:
«Mən həmin gün Ömərlə birlikdə idim. Odun götürüb Fatimənin evinin qapısına apardıq. Ömər Fatiməyə dedi: Evdə kim varsa çölə çıxsın, yoxsa evi və evdəkiləri yandıracağam....»
3. İbni Әbdi Rəbbih «Әqdul-fərid» kitabının 3-cü cildində yazır:
«Әli və Abbas Fatimənin evində oturmuşdular.
Әbu Bəkr Ömərə dedi: Get onları gətir. Gəlmək istəməsələr, zorla gətir. Ömər bir parça od götürüb onların evinə yollandı....»
4. Әbu Әbdullah ibni Müslim ibni Qətibə ibni Әmr Bahili Dinuri «Tarixul-xüləfa ər-raşidin» kitabının 1-ci cildində yazır:
«Әbu Bəkr bir dəstə şəxsin Әlinin evində toplanaraq ona bey᾿ət etmədiyini eşidən kimi Öməri onların üzərinə göndərdi.
Ömər gəlib onların evdən çıxmasını tələb etdi. Onlar boyun qaçırdıqda Ömər od-alov gətirməyi əmr etdi və dedi: And olsun Ömərin canı əlində olan Allaha, çıxmasanız evi sizinlə birlikdə yandıracağam. Ömərə bu evdə Fatimənin olduğunu dedikdə cavab verdi: Fatimə olsa belə evə od vuracağam.
Bu zaman Әlidən başqa hamı çıxıb bey᾿ət etməyə getdi. Әli (ə) dedi: And içmişəm ki, Qur᾿anı bir yerə toplayıb yazım; bu işi qurtarmayınca çölə çıxmayacağam.
Ömər yenə tə᾿kid etdikdə Fatimənin naləsini görüb geri qayıtdı. Qayıtdıqdan sonra Әbu Bəkri təhrik etməyə başladı. Әbu Bəkr bir neçə dəfə Qunfuzu göndərsə də Әli rədd cavabı verdi. Nəhayət Ömər bir dəstə adamla yenidən Әlinin evinə getdi. Qapıdan Peyğəmbərin qızı onların səsini eşidib nalə etməyə başladı:
“Atacan, ey Allahın Rəsulu, səndən sonra Xəttabın oğlu (Ömər) və Әbu Qəhafənin oğlundan (Әbu Bəkr) biz nələr çəkdik  ”
Xalq Fatimənin səsini eşidib geri qayıtdı. Ömər bir neçə nəfərlə qalıb Әlini zorla evdən çıxardı, Әbu Bəkrin yanına aparıb ona bey᾿ət etməsini istədi. Әli «Әgər bey᾿ət etməsəm nə edəcəksiniz?» deyə soruşdu. Cavabında «And olsun Allaha boynunu vuracağıq» dedilər. Әli dedi: Deməli, Allahın bəndəsi, Peyğəmbərin (s) qardaşını öldürəcəksiniz? Ömər cavab verdi: Sən Peyğəmbərin qardaşı deyilsən. Bu zaman sakit əyləşən Әbu Bəkr dilləndi: Nə qədər ki, Fatimə sağdır, onu incitməyin....
Әli özünü Peyğəmbərin (ə) qəbrinə çatdırıb Qur᾿ani-Kərimdə Harunun qardaşı Musa peyğəmbərə dediyi cümləni dedi:
«Anam oğlu, bu tayfa məni zəiflətdi və az qala məni öldürəcəkdilər».
5. İbni Әbil Hədid Mö᾿təzili «Şərhu-nəhcil bəlağə» kitabının 1-ci cildində yazır:
«Әli və Bəni-Haşim tayfası Fatimənin evində idilər. Zübeyr də onlarla birlikdə idi. Ömər bir dəstə ilə o evə tərəf gedib onlardan çölə çıxmalarını istədi. Zübeyr qılıncını götürüb çölə çıxdı. Ömər yanındakılara əmr etdi: Bu iti tutub saxlayın.
Sümmə ibni Әsləm onun qılıncını alıb daşa vuraraq sındırdı....»
6. Məhəmməd ibni Cərir Təbəri öz məşhur tarix kitabının 2-ci cildində yazır:
«Təlhə, Zübeyr və bir dəstə səhabə Әlinin evində toplaşmışdılar. Ömər ibni Xəttab ora gəlib dedi: Bey᾿ət etmək üçün çölə çıxmasanız hamınızı odda yandıracağam».
Fikrimizcə bu qədər mö᾿təbər əhli-sünnə kitabları Әli (ə)-ın bey᾿ətinin bir məcburiyyət olduğunu təsdiq etmək üçün kifayət edər. Deyilən və deyilməyən onlarla əhli-sünnə kitabı göstərir ki, Әli (ə) bu xəlifələrin hakimiyyəti ilə heç zaman ürəkdən razılaşmamış və səbr etmək məcburiyyətində qalmışdır. Burada bütün şiə və sünni alimlərinin qəbul etdiyi məşhur əhli-sünnə alimi İbni Әbil Hədidin şərh yazdığı «Nəhcul-Bəlağə» kitabından «Şiqşiqiyyə» xütbəsinə nəzər salmağımız yerinə düşərdi. Әli (ə) bu xütbədə hansı zülmlərlə üzləşdiyini, bu zülmlərin qarşısında səbr etməyə məcbur olduğunu ürək yanğısıyla bəyan edir. Bu xütbədən bə᾿zi parçaları hörmətli oxuculara təqdim edirik:
«And olsun Allaha ki, filankəs (Әbu Bəkr) xilafəti bir köynək kimi əyninə geydi. Amma o bilirdi ki, mənim xilafətə ləyaqətim bir qütb kimi idi. Bütün elmlər axar çaylar kimi məndən mənşə alırdı. Heç bir quş mənim zirvəmə qanad çala bilmədi. Xilafət libasını kənara atıb fikirləşdim ki, əlsiz-ayaqsız hücum edim, yoxsa bu korluğa səbr edim? Gördüm ki, səbr etmək daha düzgün və əlverişli yoldur.
Mən səbr etdim, lakin elə bil ki, gözlərimdə tikan, boğazımda sümük qalmışdı. Gözlərimin önündə mənim mirasımı talan edirdilər. Nəhayət birinci (Әbu Bəkr) dünyadan getdi, xilafəti isə özündən sonrakı filankəsin (Ömərin) qucağına atdı....»
10.  ӘLİ (Ә) NӘ ÜÇÜN SӘBR EDİRDİ? «Nəhcul-bəlağə» kitabından oxuduğumuz «Şiqşiqiyyə» xütbəsi Әli (ə)-ın necə səbr etməsi, bu səbrin ilahi bir məsləhət olduğunu açıq şəkildə bəyan edirdi.
Bə᾿zi təəssübkeş alimlər bu xütbənin bir iftira olduğunu və məşhur şiə alimi Seyyid Rəzi (Nəhcül-bəlağəni toplayıb yazan) tərəfindən qondarıldığını deyirlər. Lakin insaf və imanı hər şeydən üstün tutan əhli-sünnə alimlərinin kitabları bu iddianı təkzib edir.
Uzun illər Misirin müftisi olmuş Şeyx Məhəmməd Әbduh «Tarixul-uməmil-islamiyyə» kitabında bu xütbənin mö᾿təbər olduğunu e᾿tiraf etmiş və ona geniş şərh vermişdir.
İbni Xişab ləqəbi ilə məşhurlaşan Şeyx Әbu Әbdillah ibni Әhməd yazır:
«Mən bu xütbəni Seyyid Rəzi dünyaya gəlməmişdən 200 il öncə yazılan kitablarda görmüşəm».
Kəmaləddin ibni Әli ibni Meysəm Bəhrani yazır:
«Mən bu xütbəni Zəyr ibni Fürat və mö᾿təzilə şeyxlərindən olan Әbu Cə᾿fər ibni Qubbənin dəsti-xətti ilə oxumuşam. Onlar Seyyid Rəzi dünyaya gəlməmiş vəfat etmişdilər».
Bu xütbəyə geniş şərh yazmış İbni Әbil Hədid Mö᾿ətzili «Şərhu-nəhcil-bəlağə» kitabında yazır:
«Mən bu xütbəni Abbasi xəlifəsi Muqtədir-billahın dövründə yaşamış mö᾿təzilə imamı Әbulqasim Bəlxinin kitablarında dəfələrlə görmüşəm».
«Şiqşiqiyyə» xütbəsinin mö᾿təbər olması və Әli (ə)-ın xilafətin qəsb olunması ilə heç zaman razı olmadığı bütün elm əhlinə mə᾿lumdur.
Ötən bəhsimizdə əziz oxuculara söz verdik ki, Әli (ə)-ın xilafətlə zahirən razılaşmasının siyasi bir zərurət olduğunu açıqlayaq.
Maraqlıdır, görəsən bütün döyüşlərdə öz şücaəti ilə fərqlənən və «Әsədullah» (Allahın aslanı) ləqəbini alan Әli (ə) bu xilafətin qeyri-qanuni olduğunu bildiyi halda nə üçün səbr edir, öz hüquqlarını müdafiə etmirdi? Şübhəsiz ki, söhbət silahlı qiyamdan gedir. Әli (ə)-ın öz hüquqlarını elmi şəkildə, müasir ifadə ilə desək, mədəni mübarizə yolu ilə müdafiə etdiyini ötən bəhslərimizdə açıqladıq. O həzrətin ağır iztirablara dözməsini və hüquqlarının tapdalanmasına səbr etməsini isə aşağıdakı səbəblərlə izah etmək olar:
1. Әli (ə)-ın silahlı qiyama əl atması o həzrətin ətrafında olan vəfalı səhabələrin, onun vilayət və imamətinə sadiq olan mö᾿minlərin kütləvi qırğınına səbəb ola bilərdi.
Həmçinin o həzrətin imaməti ilə razılaşmayan, lakin küfr və bütpərəstliyin qarşısında möhkəm sipər kimi dayanan səhabələr bu döyüşdə həlak ola bilərdilər. İbni Әbil Hədid «Şərhu-nəhcil-bəlağə» kitabında Әli (ə)-ın bu məsələyə toxunduğu bir xütbəni yazmışdır:
«Allah-taala Öz Rəsulunun ruhunu cismindən ayırdığı gündə, Qüreyş lovğalıqla özünü bizdən önə çəkdi. Biz ümmətə rəhbər olmağa layiq olduğumuz halda bizi öz haqqımızdan məhrum etdilər. Amma mən gördüm ki, səbr etmək, müsəlmanlar arasına ixtilaf salmaqdan, onların qanının tökülməsindən yaxşıdır».
2. Mə᾿lum olduğu kimi müsəlmanların böyük əksəriyyəti Peyğəmbərin (s) ömrünün son illərində iman gətirmişdilər.
Xüsusilə Məkkənin fəthindən sonra bir çox müşriklər müsəlman olmuş və heç şübhəsiz ki, onların arasında canını və malını qorumaq üçün iman gətirənlər də az deyildi.
Qur᾿ani-Kərim müsəlmanların böyük əksəriyyətinin Məkkənin fəthindən sonra iman gətirdiklərini bəyan edir:
«Allahın nüsrət və qələbəsi gəldikdən sonra xalqın dəstə-dəstə dinə döndüklərini görərsən...» .
Peyğəmbərin (s) vəfat xəbərini eşidən kimi ayrı-ayrı yerlərdə yeni iman gətirmiş müsəlmanlar İslamdan üz döndərib mürtəd olmağa başladılar. Onlar hətta qoşun toplayaraq Mədinəyə hücum etmək fikrinə düşdülər.
Belə bir zamanda Allahın müqəddəs dinini öz canından artıq sevən Әli (ə) əlinə silah götürüb qiyam edə bilməzdi. İbni Әbil Hədid Әli (ə)-ın yazdığı bir məktubu öz kitabında qeyd etmişdir:
«Mən əl saxladım, çünki öz gözlərimlə görürdüm ki, bir dəstə İslamdan üz döndərib Məhəmmədin (s) dinini məhv etmək istəyir. Qorxdum ki, İslam və müsəlmanlara kömək etməsəm, İslamın parçalanmasına, məhv olmasına şahid olacağam. Bu müsibət xilafət hüququndan məhrum olmaqdan daha böyük idi....»
3. Bütün tarixçilərə mə᾿lumdur ki, İslam hakimiyyəti qurulan gündən Rum imperiyası bu hakimiyyətin qarşısında ciddi bir təhlükə kimi dayanırdı. Peyğəmbərin (s) vəfatından sonra bu təhlükə əvvəlkindən daha da reallaşmışdı. Bu xristian imperiyasının müqabilində bütün müsəlmanlar birləşməli, ixtilafları kənara qoymalı idilər. Belə bir zamanda təbii ki, Әli (ə) müsəlmanlarla həmfikir olmaq əvəzinə, yeni bir bayraq götürüb İslam xilafətinə qarşı çıxa bilməzdi.
Әli (ə)-ın belə bir həssas zamanda İslama ürək yandırıb birinci xəlifəyə Rum imperiyası ilə döyüş barədə məsləhətlər verməsini əhli-sünnə tarixçisi İbni Vazeh Yə᾿qubi «Tarixi Yə᾿qubi» kitabının 3-cü cildində yazmışdır.
11. ŞİӘ MӘZHӘBİNDӘ SӘHABӘLӘRӘ MÜNASİBӘT. Şiə məzhəbini küfr və azğınlıqda ittiham edən alimlər bunun səbəblərindən birini şiələrin Peyğəmbərin (s) səhabələrə olan münasibətlərində görürlər. Şiələr Peyğəmbər (s) səhabələrini günahkar və azğın bilir, onlara lə᾿nət yağdırır, hətta söyüş verirlər. Buna görə də şiələrin kafir və azğın olduğuna şübhə yoxdur....
Yersiz təəssübkeşlik üzündən mövcud məsələlərə olduğu kimi yanaşmaq və ədalətli mühakimə yürütmək iqtidarında olmayan bu alimlərin fikirlərinə cavab vermək üçün bəlkə də bir kitab yazmaq olar. Lakin bu kitabın həcmini nəzərə alaraq lazım olan cavabları bir neçə səhifədə xülasə şəkildə yazırıq:
1. Әvvəla qeyd etməliyik ki, səhabələri lə᾿nətləmək və onlar haqda nalayiq sözlər söyləmək heç bir şəxsin kafir olmasına səbəb olmaz. Bunu məşhur əhli-sünnə alimləri öz kitablarında təsdiq edirlər.
İbni Həzəm Әndolosi «Әl-fəslu fil-miləli vən-nihəl» kitabının 3-cü cildində yazır:
«Cəhalət üzündən səhabələri söyən bir şəxs, cahil olduğu üçün günahkar sayılmır. Lakin bilərəkdən onlara söyüş verərsə, günah etmiş olur. Әgər onları Peyğəmbər (s) səhabələri olduqlarına görə söyərsə kafir olar. Lakin onları özlərinə görə söysə kafir sayılmaz. Necə ki, Ömər ‒ rəziyəllahu ənhu ‒ Peyğəmbərin (s) hüzurunda səhabələrdən birinə (Hatibə) münafiq dedi, lakin bu sözə görə kafir sayılmadı».
İmam Məhəmməd Ğəzzali yazır:
«Səhabələri söymək heç kəsi kafir etməz. Hətta iki şeyxi (Әbu Bəkr və Öməri) söyən şəxs də kafir deyildir».
Hakim Nişapuri «Müstədrək» kitabında, İmam Әhməd ibni Hənbəl «Müsnəd», Zəhəbi «Təlxisul-müstədrək», Qazi İyaz «Şifa» və İmam Ğəzzali «Ehyaul-ulum» kitabında yazır:
«Bir nəfər Әbu Bəkrə nalayiq sözlər deyib təhqir etdi. Әbu Bərzə Әsləmi dedi: Xəlifə, o kafir oldu, icazə ver onu öldürüm. Әbu Bəkr dedi: Xeyr, onun kafir olmasına heç kəs hökm edə bilməz...»
Qeyd etmək lazımdır ki, şiə məzhəbində təkcə səhabələrə deyil, hətta adi şəxslərə də söyüş vermək haram və böyük günah sayılır. Lakin söyüş verən şəxsin kafir olmasına hökm verməyə heç bir məntiqi əsas yoxdur.
2. Әgər səhabələri söymək və ya onlara lə᾿nət oxumaq bir şəxsi kafir edirsə, onda biri-birlərinə söyüş və lə᾿nət yağdıran səhabələri nə üçün kafir hesab etmirik.
İbni Әbil Hədid Mö᾿təzili «Şərhu-nəhcil-bəlağə» kitabının 4-cü cildində yazır:
«Әbu Bəkr məscidin minbərində əyləşib Әli (ə)-ın arxasınca dedi:
O, bir tülküdür ki, quyruğu ona şahidlik edər...»
O, (Әli) Ummi Təhal kimidir (məşhur zinakar qadın) ki, öz yaxınları ilə zina etməyi xoşlayır....»
(Bu rəvayətin ətrafında geniş söhbət edəcəyik).
İbni Әbil Hədid Mö᾿təzili həmin kitabın 1-ci cildində yazır:
(Ömər Әli (ə)-dan bey᾿ət almağa getdiyi gün)
«Zübeyr (böyük səhabələrdən biri) qılıncını sıyırıb evdən çölə çıxdı. Ömər yanındakılara əmr etdi: Bu iti tutub saxlayın!»
Mə᾿sudi «Әxbaruz-zəman» kitabında, Sibt ibni Cuzi «Təzkirətu xəvassil-ummə fi mə᾿rifətil-əimmə», İbni Әbil Hədid Mö᾿təzili «Şərhu-nəhcil-bəlağə» (2-ci cild) və İbni Әsir «Kamilut-tarix» kitabında yazır:
«Ummul-mö᾿minin Aişə Osmanın (3-cü xəlifə) barəsində fəryad edirdi: Öldürün bu yəhudi sifəti; Allah onu öldürsün, o həqiqətən kafirdir..»
İmam Әhməd ibni Hənbəl «Müsnəd» kitabında (2-ci cild), Hələbi «Әs-sirətul-hələbiyyə» (2-ci cild), Buxari «Səhih» (2-ci cild) və Vahidi «Әsbabun-nüzul» kitabında yazır:
«Әbu Bəkr, Ömər ibni Xəttab və digər səhabələr Peyğəmbərin (s) hüzurunda bir-birlərinə söyüş verir, hətta vururdular.»
Bir-birlərini təhqir edən səhabələrə heç kəs kafir hökmü verməmişdir. Әksinə, onlar əhli-sünnə məzhəblərində hamıdan pak, az qala mə᾿sum kimi təqdim olunurlar. Burada qarşıya anlaşılmaz, çox çətin və eyni zamanda müəmmalı bir sual çıxır: Səhabələri söyənlər kafirdirlər, amma səhabələr nalayiq sözlər deyib bir-birlərini rahatcasına təhqir edə bilərlər?!
12. BİR DAHA SӘHABӘLӘR BARӘSİNDӘ. Әhli-sünnə alimlərinin şiələrin səhabələrə olan münasibətlərinə, bə᾿zən səhabələrin tənqid olunmasına irad etmələrinin köklərini araşdırmaq lazımdır. Nə üçün əhli-sünnə məzhəbləri bu qədər kəskin şəkildə səhabələrin arasında fərq qoymadan onları müdafiə edirlər?
Әhli-sünnə məzhəbəri bütün səhabələrin səhvsiz, günahsız olduğuna e᾿tiqad bəsləyir, hətta onların aşkar şəkildə düçar olduqları səhv və günahları müxtəlif bəhanələrlə təmizə çıxarırlar. Onlar Peyğəmbərdən (s) nəql olunan «Mənim səhabələrim ulduzlar kimidir; hansı birinin arxasınca getsəniz hidayət taparsınız» hədisinə istinad edərək bütün səhabələri e᾿timad olunası şəxsiyyət hesab edirlər.
Burada əhli-sünnə alimlərinin bu əqidə və düşüncələrində səhvə düçar olduqlarını açıqlamaq məcburiyyətindəyik:
1. Әvvəla, səhabə dedikdə Peyğəmbərin (s) dövründə iman gətirib onunla ən azı bir dəfə həmsöhbət olan şəxs nəzərdə tutulur. Bu hesabla o həzrətin zamanında iman gətirən milyonlarla müsəlmanın ən azı 90 faizi səhabə sayılır. Belə deyilsə, səhabə dedikdə kimlər nəzərdə tutulur?
Әgər Peyğəmbərə (s) iman gətirib uzun illər onunla çiyin-çiyinə mübarizə aparan şəxslərə səhabə deyilirsə, əhli-sünnə qardaşlarımız Müaviyə ibni Әbi Süfyana hansı me᾿yar və hesabla səhabə deyirlər?
2. İslam dininin verdiyi tə᾿limlərə əsasən hər bir şəxs tutduğu məqamdan asılı olmayaraq, yalnız və yalnız öz əməlləri qarşısında cavabdehdir:
«Bütün insanlar öz qazandığı əməllər müqabilində cavabdehdirlər». (Tur‒21).
İnsanların dəyər və qiyməti onun tayfası, qohum-əqrəbası, həmsöhbət və ünsiyyətdə olduğu şəxslərlə ölçülmür. Qur᾿ani-Kərimdə insanların ən yaxşısı Peyğəmbər (s) səhabələri və hətta onun qohum-əqrəbaları deyil, təqvalı və imanlı şəxslərin olduğu bəyan edilir:
«Allah yanında sizin ən yaxşılarınız ən təqvalı olanlarınızdır...» (Hücurat‒13).
Allah-taala bütün müsəlmanlara məs᾿uliyyət və cavabdehliyin nə olduğunu anlatmaq üçün, mə᾿sum Peyğəmbərinə, səhvə yol verərsə cəzalanacağını deyir:
«Әgər Peyğəmbər Bizim adımızdan yalan danışsa, onu qüdrətlə tutub ürəyinin damarlarını qırarıq». 
3. Әgər Peyğəmbərə (s) iman gətirib onunla həmsöhbət olan bütün şəxslər, necə deyərlər, «aydan arı, sudan duru» idilərsə, Qur᾿ani-Kərimdə məzəmmət olunan, cəhənnəm və᾿d olunan münafiqlər kimlər idi?!
Bu şəxslər (münafiqlər) iman gətirməmişdilərsə, onlara münafiq yox, kafir və ya müşrik deyilməli idi. Peyğəmbərlə həmsöhbət olmaq səhabə olmağın şərtidirsə, onların bu xüsusiyyəti Qur᾿ani-Kərimdə dəfələrlə açıqlanmışdır. Deməli, bu şəxslərin səhabə olmağında heç bir şübhə yoxdur. Bununla belə Allah-taala bu şəxslərə cəhənnəm və᾿d edir:
«Münafiqlər cəhənnəmin ən aşağı təbəqəsində yerləşəcəklər, onlar üçün heç bir köməkçi tapa bilməzsən...» 
4. Әgər Peyğəmbərə (s) iman gətirib onunla həmsöhbət olan on minlərlə müsəlman, başqa sözlə desək səhabələr, Allahın haram buyurduğu işlərə əl bulaşdırıb heç bir məs᾿uliyyət daşımayacaqdılarsa, onda Qur᾿ani-Kərimdə buyurulan əmr və qadağaların, Peyğəmbər şəriətində mövcud olan göstərişlərin nə mənası var?! Allah-taalanın müqəddəs hökmləri onlara aid deyilmi?
Bu hökmlər təkcə Peyğəmbərdən (s) sonra doğulan müsəlmanlara məxsusdurmu?! Olduqca qəribə bir məntiqdir.....
5. Әgər o zamanda yaşayıb Peyğəmbərə (s) iman gətirən müsəlmanlar bütün əməllərin məs᾿uliyyətindən azaddırlarsa, bəs bizim təqsirimiz nədir ki, o zamanda dünyaya gəlməmişik? Bu hansı ədalətin təzahürüdür ki, müəyyən bir zamanda dünyaya gələn insanlar heç bir məs᾿uliyyət daşımır, digər insanlar isə ən kiçik əməllərə görə cavab verməlidirlər?
«Hər bir kəs zərrə qədərində etdiyi pis əməllərin (cəzasını) görəcək». 
Mümkündür ki, kimsə bu sözlərin müqabilində çarəsiz qalıb səhabələrin günahsız olmasını ayrı bir şəkildə izah etsin.
Deyə bilərlər ki, heç bir əhli-sünnə məzhəbi səhabələrin məs᾿uliyyət daşımamasını iddia etmir. Sadəcə olaraq onlar səhabələrin hamısının tam yə᾿qinliklə İslam dininə bağlı olduqlarını və Allahın haram buyurduğu əməllərdən uzaq qaldıqlarını deyirlər. Digər tərəfdən, əvvəldə qeyd etdiyimiz hədis («Mənim səhabələrim ulduzlar kimidir, hansı birinin arxasınca getsəniz hidayət taparsınız») onların hər hansı bir günah və azğınlıqdan uzaq olduğunu təsdiq edir.
Bu hədisin ətrafında, həmçinin səhabələrin günah və azğınlıqdan tamamilə uzaq olmadıqları barədə növbəti bəhsimizdə söhbət açacağıq.
13. SӘHABӘLӘR MӘ᾿SUM VӘ GÜNAHSIZ DEYİLLӘR. Әhli-sünnə məzhəblərinin tutarlı sənəd hesab etdikləri hədisin («Mənim səhabələrim ulduzlar kimidir; hansı birinin arxasınca getsəniz hidayət taparsınız») geniş izaha ehtiyacı vardır.
Hər hansı bir hədis araşdırılarkən ilk növbədə aşağıdakı iki məsələ diqqət mərkəzində olmalıdır:
1. Hədisin sənədləri;
Sənəd dedikdə həmin hədisin raviləri yə᾿ni, hədisi nəql edən şəxslər nəzərdə tutulur. Silsiləvari olaraq, hədisi nəql edən şəxslər arasında ən azı bir nəfər yalançı və e᾿timadsız şəxs olarsa, həmin hədis sənəd e᾿tibarı ilə zəif sayılır və ona istinad etmək olmaz. Bu məsələdə əhli-sünnə və şiə məzhəbləri arasında heç bir ixtilaf yoxdur. Məşhur əhli-sünnə alimləri (hədisşünas) Buxari və Müslim öz kitablarına «Səhih» adı qoymuşlar. Yə᾿ni, onların fikrinə əsasən bu kitabda toplanan hədislər sənəd e᾿tibarilə səhih və düzgündürlər.
İndi isə qeyd olunan nöqteyi-nəzərdən həmin hədisin sənədinə nəzər salaq:
Qazi İyaz «Şərhuş-şifa» kitabının 2-ci cildində bu hədisin sənəd e᾿tibarı ilə zəif olduğunu yazır.
Әbdu ibni Həmid «Müsnəd» kitabında Abdullah ibni Ömər ibni Xəttabdan nəql edir ki, bu hədisin sənədləri mö᾿təbər deyildir.
İbni Әdi «Kamilut-tarix» kitabında Nafe᾿dən, Nafe᾿ isə Abdullah ibni Ömər ibni Xəttabdan nəql edir ki, bu hədisin sənədləri zəifdir.
İbni Həzəm yazır:
«Bu hədis yalan, qondarma və batildir».
2. Hədisin mətni, mə᾿na və məfhumu.
Hədisin sənəd və ravilərini araşdırmaqla yanaşı, onun mətninə, mə᾿na və məfhumuna da diqqət yetirmək lazımdır. Hədisin mə᾿nası Qur᾿anın hökmləri, real həqiqət və insan ağlı ilə müxalif olarsa, o hədisə istinad etmək olmaz. Məsələn, bütün sənədləri səhih olan bir hədis Allahın şəriki olduğunu və ya Peyğəmbərin (s) günah etdiyini çatdırırsa, o hədis mö᾿təbər sayılmır.
Haqqında danışdığımız hədisin sənəd e᾿tibarilə zəif olduğunu isbat etsək də, onun mətnini, mə᾿na və məfhumunu da araşdırmaq yaxşı olardı.
Hədisin mətnindən belə başa düşülür ki, bütün səhabələr günah və azğınlıq ehtimalından uzaqdırlar. «.....Hansı birinin arxasınca getsəniz hidayət taparsınız» ifadəsindən belə çıxır ki, səhabələr istisnasız olaraq bu ehtimaldan (günah və azğınlıq) tamamilə uzaqdırlar. Çünki Peyğəmbər (s) günahkar bir şəxsin arxasınca getməyə əmr etməz.
Qeyd olunduğu kimi, Peyğəmbərin (s) dövründə iman gətirib onunla həmsöhbət olan on minlərlə şəxs səhabə sayılır. Bu qədər insanın kütləvi şəkildə günah ehtimalından uzaq olmasını normal ağıl qəbul edə bilmir. Yə᾿ni, həqiqətən o dövrdə yaşayan müsəlmanlar günah etmirdilər?!
Hədisdən aşağıdakı üç mə᾿na başa düşülür:
On minlərlə səhabənin hər biri «ulduz» kimidir.... Hər səhabə öz bildiyinə əməl etsə hidayət tapar.
On minlərlə səhabənin hər biri «ulduz» kimidir.... Səhabələr bir-birlərinin arxasınca getsələr hidayət taparlar.
On minlərlə səhabənin hər biri «ulduz» kimidir.... Səhabə olmayanlar onların hansı birinin arxasınca getsələr (hansının???) hidayət taparlar?!
Diqqət edin, hədisin mə᾿nasında nə qədər anlaşılmazlıq vardır. Bu hədis İslam ümmətini hidayətə tərəf yox, təfriqə, ixtilaf və hərc-mərcliyə doğru sürükləyir.
Әgər səhabələrin hər biri özü-özlüyündə hidayət yoludursa, nə üçün Peyğəmbərdən (s) sonra vahid xəlifə tə᾿yin olundu?
Nə üçün səhabə və səhabə olmayan bütün müsəlmanlar yalnız bir səhabəyə tabe olmağa məcbur edilirdilər?
Әgər səhabələrin hər biri hidayət mənbəyi, günah və azğınlıqdan uzaqdırlarsa, nə üçün xəlifələrin dövründə səhabələr ayrı-ayrı əməllərə görə cəzalanırdılar?
Nə üçün ikinci xəlifə Ömər ibni Xəttab Әbu Hüreyrəni (səhabə-ravi) hədis uydurduğuna görə şallaqla tənbeh etdi? Nə üçün üçüncü xəlifə Osman ibni Әfvan Әbu Zər Ğəffari, Әmmar Yasir, Abdullah ibni Məs᾿ud və s. peyğəmbər səhabələrini cəzalandırdı?
Bu hədisin düzgün olmamasının ən böyük dəlili onun tarixi həqiqətlərlə uyğun gəlməməsidir. Yüzlərlə əhli-sünnə kitabları səhabələrin hətta böyük günahlar etdiyini yazmışlar.
On minlərlə səhabənin günahdan uzaq olmadığını yə᾿qin ki, heç kim təkzib etməz. Lakin burada yenə bir addım geri çəkilərək məşhur səhabələrin mübtəla olduqları aşkar günahların bə᾿zilərini nəzərinizə çatdırırıq:
1. İmam Әhməd ibni Hənbəl «Müsnəd» kitabında, Әbu Bəkr Әhməd ibni Hüseyn Şafei «Dəlailun-nübuvvət» kitabında, İbni Әbil Hədid Mö᾿təzili «Şərhu-nəhcil-bəlağə» kitabında yazır:
«Təbuk döyüşündən qayıdarkən səhabələrdən 14 nəfəri sözü bir yerə qoyaraq həzrət Peyğəmbəri (s) «Әqəbə» adlı bir yerdə öldürmək qərarına gəldilər...
Onlar dəhşətli səslər çıxararaq qum doldurulmuş kisəni Peyğəmbərin dəvəsinin qarşısına atdılar ki, dəvə qaranlıqda hürküb həzrəti dərəyə aşırsın. Lakin Allah-taala Öz Rəsulunu bu bəladan hifz etdi..»
2. Ötən bəhslərimizdə Әbu Bəkr, Ömər və s. səhabələrin nalayiq sözlər danışaraq söyüş söydüklərini əhli-sünnə kitablarından nəql etdik. Kimə ünvanlanmasından asılı olmayaraq, nalayiq sözlər söyləməyin haram və böyük günah olması hamıya mə᾿lumdur.
3. Fazil Təftazani «Şərhul-məqasid» kitabında yazır:
«Səhabələrin arasında yaranan kəskin ixtilaf və qarşıdurmalar göstərir ki, onların bə᾿ziləri haqq yolundan azmış, öz nəfslərinə uyub zalım və fasiq olmuşlar».
4. İbni Həcər «Fəthul-bari» kitabının 10-cu cildində;
–Məhəmməd ibni İsmail Buxari «Səhih» kitabında (Maidə surəsinin 90-cı ayəsinin şərhi);
–Müslim ibni Həccac «Səhih» kitabında (Babu təhrimil-xəmr);
–İmam Әhməd ibni Hənbəl «Müsnəd» kitabının 3-cü cildində;
–Məhəmməd Təbəri «Təfsiri-kəbir» kitabının 7-ci cildində;
–Cəlaləddin Siyuti «Dürrül-mənsur» kitabının 2-ci cildində;
–Bədrəddin Hənəfi «Ümdətul-qari» kitabının 10-cu cildində yazır:
«Әbu Təlhə Zeyd ibni Səhl öz evində gizli məclis keçirdi. Səhabələrdən on nəfəri o məclisdə iştirak etdilər. Onların hamısı şərab içdilər. Onlar aşağıdakı səhabələr idi:
Әbu Bəkr, Ömər ibni Xəttab, Әbu Übeydə Cərrah, Әbi ibni Kə᾿b, Səhl ibni Bəyza, Әbu Әyyub Әnsari, Әbu Təlhə (ev sahibi), Әbu Dəcanə, Səmmak ibni Xərşə.
Onlar içib məst olduqdan sonra Әbu Bəkr «Bədr» döyüşündə ölən müşriklərə mərsiyə oxumağa başladı».
14. BİRİNCİ XӘLİFӘ ӘBU BӘKR İBNİ ӘBU QӘHAFӘ. Ötən bəhslərimizdə Peyğəmbərin (s) səhabələri barədə söhbət açdıq. Әhli-sünnə məzhəblərinin səhabələrə ifrat dərəcədə e᾿tiqad bəsləməsinin əsassız olduğunu bəyan etdik. Qeyd etdik ki, onlar mö᾿təbər olmayan hədislərə və məntiqsiz əsaslara istinad edərək səhabələri olduqlarından daha yüksək məqamlarda təsəvvür edirlər. Xüsusi ilə onların xəlifələr haqda olan e᾿tiqadları ifrat məhəbbət üzərində qurulmuşdur. Buna görə də ilk üç xəlifə barəsində nisbətən geniş izah və təhlillər verməyi qərara aldıq.
Həzrət Peyğəmbərdən (s) sonra məşhur səhabələrdən biri olan Әbu Bəkr ibni Әbu Qəhafə ilk xəlifə tə᾿yin olundu.
Bu ilk xilafətin İslam əsaslarına, hətta əhli-sünnənin məqbul hesab etdiyi icma və səsvermə yolu ilə tə᾿yin olunmadığı barədə kifayət qədər mə᾿lumat vermişik.
Әhli-sünnə qardaşlarımız Әbu Bəkrin bu xilafətə başqalarından daha layiqli və əfzəl olduğunu deyirlər. Bu ləyaqət və fəzilətin isbat olunması üçün onlar bə᾿zi dəlillərə istinad etmişlər. Biz bu dəlillərlə tanış olur, onları bir-bir təhlil və mülahizə edirik. Әhli-sünnə məzhəbləri ilk növbədə Әbu Bəkrin Peyğəmbər (s) hicrət edərkən onunla birlikdə olmasını və bu barədə müqəddəs Qur᾿ani-Kərimdə ayə nazil olmasını onun ən böyük fəzilətlərindən sayırlar. Onlar bu ayəni iftixar hissi ilə təkrar-təkrar oxuyur (Məşhur Misir qarisi mərhum Әbdül-basit Məhəmməd Әbdüssəməd bu ayəni bir məclisdə 5 dəfə qiraət edir) və ayədən aşağıdakı müsbət nöqtələri çıxarırlar:
«Onu (Peyğəmbəri) kafirlər (Məkkədən) çıxardıqları zaman, iki nəfərdən biri olduğu halda Allah ona kömək etdi. O iki nəfər (Peyğəmbər və Әbu Bəkr) mağarada gizləndikləri zaman öz yoldaşına dedi: Qorxma Allah bizimlədir. Allah ona rahatlıq verdi və onu gözəgörünməz bir ordu ilə müdafiə etdi». 
1. Peyğəmbər (s) Әbu Bəkri özü ilə ona görə apardı ki, özündən sonra xəlifə olacaq bir şəxs müşriklər tərəfindən öldürülməsin.
2. Allah-taala Özü Әbu Bəkri Qur᾿ani-Kərimdə Peyğəmbərə yoldaş adlandırmışdır.
3. Ayədə Peyğəmbər (s) Әbu Bəkrə «Allah bizimlədir» deyir. Bu isə Allahın Әbu Bəkrlə olmasını göstərir.
4. Ayədə buyurulur ki, Allah-taala Әbu Bəkrə rahatlıq verdi.
Qeyd olunan müsbət nöqtələri sıra ilə bir-bir nəzərdən keçirək:
1. Peyğəmbər (s) Әbu Bəkri özü ilə nə üçün apardı?
Әgər həqiqətən Peyğəmbər (s) Әbu Bəkri öz gələcək xəlifəsini qorumaq məqsədi ilə aparırdısa, bəs nə üçün digər xəlifələri, o cümlədən Ömər, Osman və Әlini özü ilə aparmadı? Xatırladırıq ki, əhli-sünnə məzhəbləri bu dörd xəlifəni eyni səviyyədə və heç bir fərq qoymadan qəbul edirlər.
Әhli-sünnə məzhəblərinin əqidəsinə görə Peyğəmbər (s) heç bir kəsi xəlifə tə᾿yin etməmişdir. Müsəlmanlar hər bir şəxsi xəlifə seçərsə (icma), onun itaəti hamıya lazımdır. Bu əqidə ilə təhlil etdiyimiz fikir bir-birinə tamamilə ziddir.
Әhli-sünnə tarixçisi Təbəri öz tarix kitabının 3-cü cildində yazır:
«Әbu Bəkr həzrət Peyğəmbərin (s) evinə gəlib həzrəti soruşduqda, Әli ibn Әbu Talib, Peyğəmbərin (s) getdiyi yolu ona göstərdi. Әbu Bəkr sür᾿ətlə həzrətin dalınca yollanaraq yolda ona çatdı. Onlar birlikdə mağaraya getdilər...»
Hətta bə᾿zi əhli-sünnə alimləri yazırlar ki, Peyğəmbər (s) Әbu Bəkrin müşriklərə xəbər verəcəyindən qorxub onu özü ilə apardı. Məşhur əhli-sünnə alimi Şeyx Әbul Qasim ibni Səbbağ «Әn-nuru vəl-bürhan» kitabında Məhəmməd ibni İshaqdan, o isə Həssan ibni Sabitdən nəql edir:
«Hicrətdən əvvəl ümrə ziyarəti üçün Məkkəyə getmişdim. Kafirlər Peyğəmbəri (s) və müsəlmanları söyür, incidirdilər....
Peyğəmbər (s) Әliyə əmr etdi ki, gecə onun yatağında yatsın. Sonra Әbu Bəkrin müşriklərə xəbər verəcəyindən qorxub onu da özü ilə götürüb mağaraya getdi...»
2. Allah-taalanın Qur᾿ani-Kərimdə Әbu Bəkrə Peyğəmbərin (s) yoldaşı deməsi heç bir fəzilət daşımır.
Әrəb dilində yoldaş mə᾿nasını ifadə edən «sahib» kəlməsi Qur᾿ani-Kərimdə kafirlərin barəsində də dəfələrlə işlədilmişdir.
Misir hökmdarının zindanında həbsdə olarkən Yusif peyğəmbərin digər iki cavan məhbusa «yoldaş» deməsi Qur᾿ani-Kərimdə belə ifadə olunur:
«Ey mənim zindan yoldaşlarım, müxtəlif və çoxsaylı Allahlar (bütlər) yaxşıdır, yoxsa vahid və güclü Allah!?» (Yusif–39).
Ayənin mə᾿nasından aydın olduğu kimi, bu iki cavan (padşahın aşpazı və şərab paylayanı) kafir və müşrik idilər. Lakin Qur᾿an onları Yusif peyğəmbərin yoldaşı kimi təqdim edir.
Qur᾿ani-Kərim biri mö᾿min, digəri kafir olan iki nəfərin (iki qardaş olmaları ehtimal olunur) mübahisəsini Kəhf surəsində bəyan edərkən kafir şəxsi mö᾿min şəxsə «yoldaş» adlandırır:
«Ona (kafir şəxsə) öz yoldaşı nəsihət edərək dedi: Səni torpaqdan, sonra nütfədən (sperma) yaradan, sonra səni kişi qərar verən Allaha kafir olursan?» 
Gördüyünüz kimi bir şəxsin Peyğəmbər və ya mö᾿min bir şəxslə «yoldaş» olması ona heç bir fəzilət və üstünlük gətirməz.
3. Peyğəmbərin (s) – Allah bizimlədir – deməkdə məqsədi nə idi?
Әvvəla Allahın bir şəxslə olması onun haqq və fəzilət sahibi olmasına dəlalət etməz. İslam e᾿tiqadına görə Allah-taala yaxşı və pisliyindən asılı olmayaraq, bütün insanlarladır, onlara şax damarlarından belə yaxındır:
«Görmürsən (bilmirsən) ki, Allah göydə və yerdə olanları bilir? Üç nəfər pıçıltı edərsə, dördüncü Allahdır (ki, onları eşidir). Beş nəfərdirlərsə, altıncısı Allahdır....» 
Әgər burada «Allah bizimlədir» kəlməsinin tərəfdarlıq mə᾿nasında olduğunu desək, yenə də mütləq bir fəzilət ortaya çıxmır. Belə ki, Әbu Bəkrin Peyğəmbərlə (s) hicrət etməsi sözsüz ki, müsbət bir əməl idi. Bu işdə Allahın onlarla olmağında şübhə yoxdur.
Allahın onlarla olması Әbu Bəkrin şəxsiyyətinə görə yox, həmin işin əhəmiyyətinə görə idi. Hər hansı bir şəxs o zaman Peyğəmbərlə (s) birgə olsaydı, bu kəlmə ona da aid olardı.
Bu o deməkdir ki, Allahın həmin zaman Әbu Bəkrin tərəfində olması ona mütləq bir fəzilət gətirmir və bütün zamanlarda belə olduğuna dəlalət etmir.
4. Ayənin sonunda «Allah ona rahatlıq verdi» cümləsində kim nəzərdə tutulur?
Ayədə heç bir ad çəkilmədən «o» əvəzliyindən istifadə olunur, ilahi kömək və rahatlıqdan danışılır. Heç bir əlamət və izah olmadan əvəzliyi məhz Әbu Bəkrə aid etmək qrammatik qaydalarla uyğun gəlmir.
Daha sonra buyurulan «və onu gözə görünməz bir ordu ilə müdafiə etdi» cümləsi açıq şəkildə göstərir ki, bu rahatlıq Peyğəmbərə (s) nazil olmuşdur. Şübhəsiz ki, Allah-taala gözəgörünməz bir ordu ilə Öz peyğəmbərini müdafiə etməsindən söhbət açır.
Qarşıya belə bir sual çıxır: Peyğəmbərin (s) qeyd olunan rahatlığa, ilahi köməyə ehtiyacı var idimi?
Cavab: Məqam və şəxsiyyətindən asılı olmayaraq, bütün insanların ilahi köməyə, çətinlik zamanı ruhi təskinliyə (Allah tərəfindən) ehtiyacı vardır. Qur᾿ani-Kərimin digər ayələri bu həqiqəti təsdiq edir:
«Sonra Allah Öz təskinlik və rahatlığını Rəsuluna və mö᾿minlərə əta etdi....» 
Әhli-sünnə qardaşlarımızın bu ayədən istifadə edərək üzə çıxardıqları nöqtələri təhlil etdikdən sonra ayədə mövcud olan digər bir həqiqəti də aşkarlamaq yerinə düşərdi.
Ayədə deyilir: O iki nəfər mağarada olarkən Peyğəmbər (s) öz yoldaşına (Әbu Bəkrə) dedi: Qorxma, Allah bizimlədir.
Ayədə açıq şəkildə Peyğəmbərin (s) Әbu Bəkrə «qorxma» deməsi onun bu zaman qorxduğundan xəbər verir. Çünki, Peyğəmbərin qorxmayan bir şəxsə «qorxma» deməsi əbəs və mə᾿nasız görünür.
«Allahın dostları (ona qəlbən bağlı olan kəslər) qorxu və qəmginlik bilməzlər» 
Bu ayə Әbu Bəkrin nə dərəcədə Allah dostu olmasını çox gözəl bəyan edir.
15. ӘBU BӘKRİN DİGӘR FӘZİLӘTLӘRİ. Birinci xəlifə Әbu Bəkr ibni Qəhafənin xilafət məqamına hamıdan layiqli olduğunu iddia edən əhli-sünnə qardaşlarımızın istinad etdiyi dəlillərdən əsas hissəsini Peyğəmbərin (s) hədisləri təşkil edir. Nəql olunan bu hədislərdə Әbu Bəkrin fəzilətlərindən geniş şəkildə söhbət açılır.
Biz hədisşünaslıq haqqında müəyyən qədər mə᾿lumat vermişik. Qeyd etmişdik ki, hər hansı bir cümlənin Peyğəmbərə (s) istinad olunması onun mö᾿təbər bir sənəd olması demək deyildir. Bu məsələdə islami məzhəblərin hamısı eyni fikirdədir, bütün alimlər əldə olunan hədislərin bir hissəsini səhih və mö᾿təbər olmadığını qəbul edirlər. Ötən bəhslərimizdə qeyd etdiyimiz kimi, hədislər ilk növbədə sənəd və məzmun e᾿tibarı ilə araşdırılır. Bir hədisin raviləri arasında ən azı bir nəfər yalançı şəxs olarsa və ya hədisin məzmunu isbat olunmuş islam e᾿tiqadları, Qur᾿ani-Kərimin ayələri ilə uyğun gəlməzsə, o hədis e᾿tibarsız sayılır.
Әbu Bəkrin fəzilətləri barədə nəql olunan hədislərin də bu iki yolla araşdırılması zəruridir.
Әhli-sünnə kitablarında bu barədə nəql olunan hədislərin daha mö᾿təbər və məşhurlarına nəzər salaq:
1. Ömər ibni İbrahim İsa ibni Әlidən, o isə Abdullah ibni Abbasdan nəql edir:
«Peyğəmbər (s) əmisi Abbasa buyurdu: Әmi, Allah-taala Әbu Bəkri Öz dini üçün mənim xəlifəm qərar verdi. Onu eşidin, ona itaət edin ki, nicat tapasınız...»
A. Hədisin sənədi:
Bu hədisi silsiləvari olaraq söyləyən bir neçə ravidən biri də Ömər ibni İbrahimdir ki, onun şəxsiyyəti və sözü əksər əhli-sünnə alimləri tərəfindən qəbul olunmamışdır.
Zəhəbi «Mizanul-e᾿tidal» kitabında yazır:
«Ömər ibni İbrahim çox yalançı bir şəxsdir».
Әbu Bəkr Xətib Bağdadi «Tarixu Bağdad» kitabında yazır:
«Ömər ibni İbrahim əksər hədisşünaslar tərəfindən qəbul olunmamışdır. Çünki o çox yalançı və iftiraçıdır».
B. Hədisin mətn və məzmunu:
Qeyd olunan hədisin mətni, onun məna və məfhumu da onun mö᾿təbər olmadığını göstərir.
Әhli-sünnə məzhəblərinin xilafət barədə olan etiqadı ilə artıq tanış olmuşuq. Onların əqidəsinə görə Peyğəmbər xəlifəsinin tə᾿yin olunması haqda xüsusi bir göstəriş yoxdur. Xalq özü öz rəhbərlərini seçməkdə azaddır. İcma yolu ilə hər kəs səs toplayarsa, ona itaət etmək vacibdir. Bu hədis əhli-sünnənin əqidəsinə zidd olaraq müəyyən bir şəxsi xəlifə və rəhbər tə᾿yin edir.
Әhli-sünnənin e᾿tiqadına görə Peyğəmbər (s) səhabələr arasında fərq qoymadan onların hər birini hidayət mənbəyi adlandırmışdır. Biz bu hədis barəsində söhbət açmışıq: «Mənim səhabələrim ulduzlar kimidir, hər birinin arxasınca getsəniz hidayət taparsınız».
Bu iki hədis mə᾿na baxımından bir-biri ilə ziddir. «Mənim səhabələrim...» hədisi bütün səhabələri hidayət və nicat yolu kimi təqdim edir, bəhs etdiyimiz hədis isə müəyyən bir şəxsi onlardan fərqləndirir.
Hədisin mə᾿nası isbat olunmuş bir çox mütəvatir hədislərlə ziddiyyət təşkil edir. Mütəvatir dedikdə onlarla şəxs tərəfindən nəql olunan və bütün məzhəblər tərəfindən qəbul olunan hədislər nəzərdə tutulur. Bu hədislərdən biri «Qədiri-xum» günü Әli (ə)-ın Peyğəmbər (s) tərəfindən xəlifə tə᾿yin olunduğunu bəyan edir. Biz növbəti bəhslərimizdə bu hədisin 60 əhli-sünnə kitabında təsdiq olunduğunu göstərəcəyik. 120-dən artıq mö᾿təbər sənədi olan bir hədisin müqabilində Ömər ibni İbrahimin nəql etdiyi hədisi qəbul etmək ən azı insafsızlıqdır.
2. Әbu Hüreyrə nəql edir:
«Bir gün Cəbrail (vəhy mələyi) Peyğəmbərə (s) nazil olub dedi: Allah sənə salam göndərdi və soruşdu: Mən Әbu Bəkrdən razıyam, o da məndən razıdırmı?»
A. Hədisin sənədi:
Hədisin sənədində Әbu Hüreyrənin olması hədisin mö᾿təbər olmadığını açıq şəkildə bəyan edir.
Zəməxşəri «Rəbiul-əbrar» kitabında yazır:
«Әbu Hüreyrə Siffeyn müharibəsində Әli (ə)-ın arxasında namaz qılır, yemək vaxtı Müaviyənin süfrəsində otururdu. Onun özü bu barədə deyirdi: Әlinin namazı yaxşıdır, Müaviyənin yeməkləri isə dadlı və ləzzətlidir».
İbni Әbil Hədid «Şərhu-nəhcil-bəlağə» kitabının 1-ci cildində öz müəllimi Şeyxul-mö᾿təzilə İmam Әbu Cə᾿fər İskafidən nəql edir:
«Müaviyə bir dəstə səhabəyə pul verərək tapşırmışdı ki, özlərindən Әlini pisləyən hədislər uydursunlar. Onlardan biri də Әbu Hüreyrə idi.
Bir gün Әbu Hüreyrə Kufə məscidinə daxil olub ucadan dedi: Ey İraq xalqı, siz elə bilirsiniz ki, mən Peyğəmbərin (s) adından yalan danışıb özümə cəhənnəm odu qazanıram? And olsun Allaha ki, Peyğəmbərdən (s) eşitdim ki, buyurdu:
Hər peyğəmbərin öz hərəmi var. Mənim hərəmim Mədinə şəhəridir. Hər kəs bu şəhərdə bir hadisə törətsə Allah ona lə᾿nət etsin.....
Mən Allahı şahid gətirib deyirəm ki, Әli bu şəhərdə böyük bir hadisə törətdi. (Yə᾿ni, Әli (ə) Osmanı öldürdü).
Müaviyə bunu eşidən kimi Әbu Hüreyrəyə çoxlu mükafat verdi».
Təbəri, İbni Әsir, Әllamə Səmhudi, İbni Xəldun öz tarix kitablarında yazırlar:
«Müaviyə ibni Әbu Süfyan Bosr ibni Әrtatı Yəmən qiyamını yatırmağa göndərəndə Әbu Hüreyrəni də bu qaniçən sərkərdəyə müavin tə᾿yin etdi. Onlar qocaya, cavana, körpəyə, qadına rəhm etmədən 30 mindən artıq müsəlmanı qılıncdan keçirdilər».
İbni Әsir öz tarix kitabında, İbni Sə᾿d «Təbəqat» kitabında, İbni Həcər Әsqəlani «İsabə» kitabında, İbni Әbdi Rəbbih «Әqdul-fərid» kitabında yazır:
«İkinci xəlifə Ömər, Әbu Hüreyrəni Bəhreyndə vali olduğu zaman Mədinəyə çağırdı və dedi: “Ey Allahın düşməni, mən səni Bəhreynə vali təyin edəndə ayağında çarıq yox idi. İndi eşitmişəm bahalı atlar almısan.” Ömər bu xəyanətinə görə Әbu Hüreyrəyə, belindən qan çıxanədək şallaq vurdurdu....»
Belə bir şəxsi lə᾿nətlədiklərinə görə şiələrə kafir deməkləri bəs deyil, hələ üstəlik onun hədislərinə də istinad edirlər.
B. Hədisin mətni, məna və məfhumu:
İmam Әbu Cə᾿fər İskafi Әbu Hüreyrənin barəsində deyir: «Bizim alimlərin qənaətinə görə, Әbu Hüreyrənin ağlında çatışmazlıq olmuşdur....» 
Doğrudan da Әbu Hüreyrənin uydurduğu hədislərə diqqət edəndə bu insaflı və imanlı əhli-sünnə aliminin sözünü təsdiq etməli olursan. Haqqında söhbət etdiyimiz hədisin mətninə və mə᾿nasına diqqət yetirin:
«....Allah-taala soruşur: Mən Әbu Bəkrdən razıyam, o da məndən razıdırmı?»
Allahın bir şəxsdən razı olması o deməkdir ki, həmin şəxs öz saleh əməlləri və ruhi keyfiyyətləri ilə belə bir məqama yetişmişdir. Müsbət ruhi keyfiyyətlərdən biri də insanın ilahi qəza və qədərdən razı olmasıdır. Yə᾿ni, mö᾿min şəxslər Allahın bütün hökmlərinin qarşısında təslim olur və öz Rəbblərinin qəza və qədərinə razı olurlar. Yalnız bu mərhələləri keçdikdən sonra insan öz Allahının razılığını qazanmış olur. Bu hədisin mətnindən belə çıxır ki, Allah Әbu Bəkrdən razıdır, lakin Әbu Bəkrin bu məqama çatıb-çatmaması hələ mə᾿lum deyil.
Bütün qeyblərin sirrini bilən Allah Әbu Bəkrin Ondan razı olub olmadığını Peyğəmbərdən soruşur?!
«Biz insanı yaratmışıq və onun nəfsinin hansı vəsvəsələr etdiyini bilirik. Biz insana şax damarından da yaxınıq...» 
Bu hədisin mə᾿nası, yə᾿ni Allah-taalanın Öz bəndələrindən mə᾿lumat alması bütün müsəlmanların əqidəsinə ziddir. Bu iki hədis əhli-sünnənin istinad etdiyi hədislərdən bir nümunə idi. Bütün hədislərin burada gətirilməsi kitabın həcminə uyğun deyil və bizi əsas məqsədimizdən uzaqlaşdırar.
Lakin ümumi şəkildə deyə bilərik ki, Әbu Bəkrin haqqında istinad olunan hədislərin əsasən sənəd e᾿tibarı ilə mö᾿təbər olmadığını əksər əhli-sünnə alimləri öz kitablarında yazmışlar. Müqəddəsi «Təzkirətul-mövzuat» kitabında, Firuzabadi Şafei «Səfərus-səadət» kitabında, Zəhəbi «Mizanul-e᾿tidal» kitabında, Әbu Bəkr Xətib Bağdadi «Tarixu-Bağdad» kitabında bu hədislər barəsində geniş izahlar vermiş və Әbu Bəkr barəsində olan hədislərin raviləri arasında yalançı şəxslərin olduğunu bəyan etmişlər. Bəs bu hədislərin uydurulmasında məqsəd nə olmuşdur?
Bu sualın cavabını böyük əhli-sünnə alimləri Zəhəbi, Cəlaləddin Siyuti, İbni Әbil Hədid və digərləri belə vermişlər:
«Bu hədislər əsasən Әməvilər tərəfindən, xüsusilə Müaviyənin göstərişi ilə uydurulmuşdur. Onlar bu hədisləri Әbu Bəkrə qarşı olan dərin məhəbbətdən deyil, Әliyə qarşı olan kəskin düşmənçilik hissindən ilham alaraq icad edirdilər; onlar bir tərəfdən Әlini pisləyən hədislər uydurur, digər tərəfdən də yalan hədislər nəql etməklə onu Әbu Bəkrlə qarşı-qarşıya qoyurdular».
Göründüyü kimi bu hədislərin uydurulmasında nə xəlifə Әbu Bəkrin, nə də heç bir əhli-sünnə aliminin təqsiri yoxdur. Sadəcə olaraq hədislərə istinad edərkən diqqətli olmaq lazımdır.
16. İKİNCİ XӘLİFӘ ÖMӘR İBNİ XӘTTAB. Birinci xəlifə Әbu Bəkr ibni Qəhafənin vəfatından sonra onun vəsiyyəti ilə İslam xilafətini böyük səhabələrdən biri olan Ömər ibni Xəttab öz öhdəsinə götürdü.
Bir daha xatırlatmaq istəyirik ki, bu araşdırmalar ixtilaf salmaq, düşmənçilik yaratmaq məqsədi daşımır. Həmçinin qeyd etməyi lazım bilirik ki, bu məsələlərdə ümumiyyətlə ixtilaf doğuran heç bir cəhət yoxdur. Sadəcə olaraq burada müqəddəs dinimizin tarixi araşdırılır, hər kəs elmi və məntiqi əsaslarla öz fikrini bəyan edir. Məsələn, Ömər ibni Xəttabın Məkkə şəhərində hökm sürən ağır günlərdə iman gətirməsi, ulu Peyğəmbərimizin (s) səhabəsi olması heç kim tərəfindən təkzib olunmur. Söhbət yalnız xilafət məsələsində bə᾿zi anlaşılmazlıqlardan gedir.
Әhli-sünnə qardaşlarımızın e᾿tiqadına görə Ömər ibni Xəttab Әbu Bəkrdən sonra xilafət məqamına layiq olan ən çıxarlı bir şəxs idi. Onlar bu seçimi əqli və nəqli dəlillərə əsasən məqbul bir hakimiyyət üsulu hesab edirlər.
Biz də öz növbəmizdə bu üstünlüyün hansı dəyərlərə əsaslandığını araşdırmaq və mülahizə etmək hüququndan məhrum deyilik.
İslam dininə görə hər hansı bir şəxsin başqaları ilə müqayisədə daha üstün və əfzəl olması yalnız və yalnız onun iman və elmi ilə bağlıdır.
Ömər ibni Xəttabın iman baxımından başqalarından ən üstün olduğunu demək ən azı mə᾿lumatsızlıq və ya diqqətsizlik sayılır. Әhli-sünnənin öz mö᾿təbər kitablarını vərəqlədikcə, tarixi faktlara, hədislərə nəzər saldıqca həqiqətin bu deyilənlərlə fərqli olduğunu anlamaq heç də çətin deyil. Burada əhli-sünnə kitablarında yazılmış və Ömər ibni Xəttabın iman dərəcəsindən xəbər verən bir neçə faktı yazmaqla kifayətlənirik:
Məşhur əhli-sünnə alimləri Ömər ibni Xəttabın həzrət Məhəmmədin (s) peyğəmbərliyində dəfələrlə şəkk etdiyini yazmışlar.
İbni Məcazili Şafei «Әl-mənaqib» kitabında və Hafiz Әbu Abdullah Məhəmməd ibni Әbi Nəsr Həmidi «Әl-Cəm bəynəs-səhihəyn» kitabında yazır:
«Ömər ibni Xəttab buyurdu: Hüdeybiyyə günündə şəkk etdiyim kimi Məhəmmədin (s) peyğəmbərliyində şəkk etməmişdim».
Cümlənin məzmunundan belə çıxır ki, Ömər dəfələrlə şəkk etmişdi, lakin «Hüdeybiyyə» günü daha böyük şəkkə düçar olmuşdur.
Әziz oxuculara maraqlı olduğu üçün «Hüdeybiyyə» sülhü barədə qısa mə᾿lumat veririk:
Hicrətin 6-cı ilində Peyğəmbər (s) yuxuda öz səhabələri ilə birlikdə Məkkəyə getdiklərini gördü. Həzrətdən yuxunun yozumunu soruşduqda, inşallah Məkkəyə gedəcəklərini buyurdu. Lakin Peyğəmbər (s) bu ziyarətin nə vaxt baş tutacağı barədə bir söz demədi. Həmin il Həzrət (s) öz səhabələri ilə birlikdə Məkkəyə tərəf hərəkət etdi. «Hüdeybiyyə» quyusunun yanında Məkkə müşrikləri silahlı qoşunla onların qarşısını kəsdi. Peyğəmbər (s) döyüş niyyəti ilə gəlmədiyi üçün müşriklərlə sülh razılaşması (Hüdeybiyyə sülh müqaviləsi) əldə edib geri qayıtdı.
Bu zaman Ömər ibni Xəttab öz dediyinə əsasən, həzrətin peyğəmbərliyində şəkk etdi. Peyğəmbərin (s) hüzuruna gedib soruşdu: Ey Allahın Rəsulu, bəs siz buyurdunuz ki, Məkkəyə gedəcəyik, orada ziyarət əməllərini yerinə yetirib başımızı qırxacağıq?! (Baş qırxmaq həcc əməllərindən biridir) Peyğəmbər (s) onun cavabında buyurdu:
«Mən müəyyən bir vaxt tə᾿yin etməmişdim. Dediklərim həqiqətə çevriləcək. Biz Məkkəyə daxil olub ziyarət edəcəyik.»
Bu zaman Cəbrail nazil olub bu ayəni gətirdi:
«And oldsun ki, Allah-taala Öz Rəsulunun yuxusunun çin olduğunu təsdiq etdi. Siz Allahın istəyi ilə əmin-amanlıq içində, başınızı qırxdırmış (və ya) saçınızı qısaltmış halda və qorxmadan Məscidul-hərama (Məkkəyə) daxil olacaqsınız. Allah sizin bilmədiklərinizi də bilir. O bundan əlavə (sizə) tezliklə bir qələbə də bəxş edəcəkdir». 
Ömər ibni Xəttabın iman və e᾿tiqadının Әhli-sünnənin təsəvvür etdiyi dərəcədə olmadığını bəyan edən faktlardan biri də Peyğəmbərin (s) ömrünün son günlərində baş verən hadisələrdir.
1. Buxari «Səhih» kitabında (2-ci cild);
2. Müslim «Səhih» kitabında (vəsiyyət);
3. Həmidi «Әl-cəm bəynəs-səhihəyn» kitabında;
4. İmam Әhməd ibni Hənbəl «Müsnəd» kitabında;
5. İbni Әbil Hədid «Şərhu-nəhcil-bəlağə» kitabında;
6. Kermani «Şərhu Səhih Buxari» kitabında;
7. Nuvi «Şərhu Səhih Müslim» kitabında;
8. İbni Həcər «Әs-səvaiqul-mühriqə» kitabında;
9. Qütbiddin Şafei «Kəşful-ğüyub» kitabında;
10. İmam Ğəzzali «Sirrul-aləmin» kitabında yazırlar:
«Peyğəmbər (s) son həcc ziyarətindən qayıtdıqdan sonra xəstələnib ölüm yatağına düşmüşdü. Səhabələrdən bir dəstəsi həzrətin görüşünə getdilər. Peyğəmbər (s) buyurdu: “Mənə ağ kağız və mürəkkəb verin; sizə vəsiyyətimi yazılı şəkildə verim ki, məndən sonra yolunuzu azmayasınız…»
Ömər ibni Xəttab ucadan dedi: «Boşlayın bu kişini, o sayaqlayır. Allahın kitabı bizə kifayət edər....»
Səhabələrdən bəziləri Öməri müdafiə etdilər, digər səhabələr isə müxalifətçilik edib ona öz etirazlarını bildirdilər. Yaranan səs-küydən narahat olan Peyğəmbər (s) buyurdu:
«Buranı tərk edin, mənim yanımda münaqişə etmək yaxşı iş deyil».
Әziz oxucuların diqqətini Ömər ibni Xəttabın təkcə bu bir cümləsinə cəlb etmək istəyərdik:
«Boşlayın bu kişini, o sayaqlayır. Allahın kitabı bizə kifayət edər...»
Qur᾿ani-Kərimin göstərişinə əsasən Peyğəmbəri (s) müxtəlif ləqəblərlə, hətta adı ilə deyil, «Allahın Rəsulu» deyə çağırmaq lazımdır:
«Məhəmməd sizlərdən heç kimin atası deyil. O, yalnız Allahın Rəsulu və peyğəmbərlərin sonuncusudur». (Әhzab–40).
Ömər ibni Xəttab Qur᾿ani-Kərimin göstərişinə zidd olaraq Allahın peyğəmbərinə «bu kişi» deyir.
Qur᾿ani-Kərim Peyğəmbərin (s) özündən heç bir şey demədiyini, buyurduqlarının yalnız ilahi vəhy olduğunu bəyan edir:
«O, öz nəfsindən (ürəyi istəyən bir şey) danışmır.
Onun danışdıqları vəhydən başqa bir şey deyil». 
Ömər ibni Xəttab isə Peyğəmbərin (s) buyurduğu cümləni vəhy kimi qəbul etmək əvəzinə «O sayaqlayır» deyir. Təkcə bu cümlə onu söyləyənin iman və mə᾿rifətinin nə dərəcədə olduğunu başa düşmək üçün kifayətdir. Necə ki, Qazi İyaz Şafei «Şifa» kitabında, Kermani «Şərhu Səhih Buxari» kitabında, Nuvi «Şərhu Səhih Müslim» kitabında bu cümləni deyən şəxsin kimliyindən asılı olmayaraq iman və mə᾿rifətinin zəif olduğunu açıq şəkildə yazmışlar.
Cümlənin sonunda deyilir: «Allahın kitabı bizə kifayət edər». Bu cümlənin nə qədər məntiqsiz olduğu gün kimi aydındır. Әvvəla, hamıya mə᾿lumdur ki, «Qur᾿ani-Kərim» bir kitab olaraq, təkbaşına insanların hidayəti üçün kifayət etmir. Әgər belə olsaydı, xüsusi bir peyğəmbərə ehtiyac olmazdı. Allah-taala Öz kitabını bilavasitə Öz bəndələrinə göndərər, hər kəs özü bildiyi kimi bu kitabdan istifadə edərdi.
Məşhur əhli-sünnə alimi Qütbiddin Şafei «Kəşful-ğüyub» kitabında yazır:
«Mən xəlifə Ömərin (rəziyəllahu ənhu) bu cümləsinə çox təəccüb edirəm. Elə bil ki, onu anlamayan bir şəxs deyir: Bu kitab mənə kifayət edər, mənim həkimə ehtiyacım yoxdur».
Digər tərəfdən, əgər Allahın kitabı kifayət edərsə «icma və səsvermə» üsulu nəyə lazım idi?
Nə üçün əziz qardaşlarımız özlərini «Әhli-Qur᾿an» yox, əhli-sünnə adlandırırlar?
***
Gördüyünüz kimi əhli-sünnə məzhəblərindən olmaqlarına baxmayaraq, bir çox həqiqi elm sahibləri Ömər ibni Xəttabın iman və e᾿tiqadının təsəvvür olunan qədər fövqəladə olmadığını təsdiq edirlər.
Xəlifə Ömərin elmi keyfiyyətləri barədə növbəti bəhsimizdə söhbət açacağıq.
17. ÖMӘR İBNİ XӘTTABIN E᾿TİRAFI. Qeyd olunduğu kimi hər hansı bir şəxsin başqalarına nisbətən üstünlüyü yalnız onun iman və elmi ilə bağlıdır.
İkinci xəlifə Ömər ibni Xəttabın iman və e᾿tiqadı barəsində söhbət açan tarixi sənədlərə baxarkən mə᾿lum oldu ki, onun başqaları ilə müqayisədə elə də yüksək bir üstünlüyü yoxdur.
İndi isə ikinci xəlifənin elmi keyfiyyətlərini araşdıraraq, onun bu nöqteyi-nəzərdən başqalarından üstün olub-olmadığına nəzər salaq.
Әhli-sünnət kitablarında Ömər ibni Xəttabın öz xilafəti dövründə dəfələrlə elmi xətalara düçar olduğunu, çətinliyə düşəndə Әli (ə)-dan kömək aldığını və Әli (ə)-ın müqabilində öz zəifliyini etiraf etməsini açıq şəkildə yazmışlar.
Cəlaləddin Siyuti «Dürrül-mənsur» kitabında, Zəməxşəri «Kəşşaf» kitabında, Әbu Bəkr Baqilani «Ğəraibul-Qur᾿an» kitabında, Qazi Şukani «Fəthul-qədir» kitabında, Həmidi «Әl-cəm bəynəs-səhihəyn» kitabında, İbni Məcazili «Mənaqib» kitabında yazır:
«Bir gün Ömər ibni Xəttab müsəlmanların qarşısında xütbə oxuyaraq dedi: Hər kəs öz arvadına 400 dirhəmdən artıq mehriyyə tə᾿yin etsə, şallaq vurdurub mehriyyənin artığını beytul-mala daxil edəcəyəm.
Bir qadın ayağa qalxıb Qur᾿ani-Kərimin bu ayəsini oxudu:
«Öz arvadınızı boşayıb yeni arvad aldığınız zaman birinciyə tə᾿yin etdiyiniz mehriyyə çox olsa da, ondan heç nə almayın!» 
Ömər bu ayəni eşitdikdə dedi: Sizin hamınız, hətta qadınlar da Ömərdən savadlıdırlar.»
«Әl-cəm bəynəs-səhihəyn» kitabının müəllifi yazır:
«İkinci xəlifənin dövründə beş kişini tutub Ömərin hüzuruna gətirdilər. Onların zina etdikləri isbat olundu. Xəlifə ilahi hökmün dərhal icrası üçün onların daş-qalaq olunmasına əmr etdi. Bu zaman Әli (ə) oraya çatıb hökmün səhv olduğunu buyurdu. Ömər - sən bizdən daha savadlısan - deyə, hökm etməyi Әli (ə)-a tapşırdı.
Әli (ə) birinci şəxsin boynunu vurdurdu, ikinci şəxsin daş-qalaq olunmasına, üçüncü şəxsə 100 şallaq, dördüncüyə 50 şallaq, beşinciyə 25 şallaq vurulmasına əmr etdi. Ömər hökmün bu qədər müxtəlif olmasına təəccüb edərək bunun səbəbini soruşdu. Әli (ə) onun cavabında dedi: Birinci şəxs İslam hökumətinin himayəsində olan kafir idi. O, müsəlman qadınla zina etdiyi üçün bizim himayədarlığımızdan xaric olaraq ölümə məhkum olundu.
İkinci şəxs evli halda zina etdiyi üçün daş-qalaq olundu.
Üçüncü şəxs subay halda zina etdiyi üçün 100 şallaqla cəzalandı.
Dördüncü şəxsə, qul olduğu üçün azad insanların cəzasının yarısını, yə᾿ni 50 şallaq vuruldu.
Beşinci şəxs isə axmaq və ağıldan kəm olduğu üçün rəsmi cəza almamalıdır; yalnız tənbeh üçün 25 şallaq vurmaq olar. Ömər Әli (ə)-ın bu elmindən heyrətlənərək dedi: Әli (ə) olmasaydı Ömər həlak olardı.»
Nurəddin Maliki «Әl-füsulul-muhimmə» kitabında, Gənci Şafei «Kifayətul-talib» kitabında yazırlar:
«Bir gün Ömər ibni Xəttab Həzifə ibni əl-Yəmanla rastlaşaraq soruşdu: Bu gecəni necə sübh etdin?
Həzifə onun cavabında dedi: And olsun Allaha! Elə bir halda sübh etdim ki, haqdan acığım gəlir, fitnəni sevirəm; görmədiyimə inanır, yəhudi və xristianların sözlərini təsdiq edirəm; mənim yer üzündə elə bir şeyim vardır ki, Allahın göylərdə ondan yoxudur...
Xəlifə Ömər bu sözlərdən əsəbləşib onu cəzalandırmaq istədi. Bu zaman Әli (ə) onlara yaxınlaşaraq dedi:
Onun dedikləri bir həqiqətdir.
-Haqqdan acığım gəlir, yə᾿ni ölümdən acığım gəlir...
-Fitnəni sevirəm, yə᾿ni övladlarımı sevirəm. Әnfal surəsinin 28-ci ayəsində buyurulur: «Bilin ki, sizin malınız və övladlarınız fitnədirlər...»
-Görmədiyimə inanıram, yə᾿ni gözlərin görmədiyi Allaha, qiyamətə inanıram...
-Yəhudi və xristianların sözünü təsdiq edirəm, yə᾿ni onların bir-birinin haqqında dediklərini təsdiq edirəm. Bəqərə surəsinin 113-cü ayəsində buyurulur: «Yəhudilər dedilər, xristianlar bir şey deyillər və xristianlar dedilər, yəhudilər bir şey deyillər...»
-Mənim yerlərdə bir şeyim vardır ki, Allahın göylərdə ondan yoxudur, yə᾿ni mənim arvadım var, Allahın isə yoxdur...
Ömər təəccüb edərək dedi: Әli olmayan (zamanda qarşılaşacağım) çətinlikdən Allaha pənah aparıram...»
İslam xəlifələri dövründə baş vermiş yüzlərlə bu kimi maraqlı hadisələri sadalamaq olar.
Burada yalnız Ömər ibni Xəttabın Әli (ə)-ın müqabilində elmi cəhətdən aciz olduğunu etiraf etməsini təsdiqləyən bə᾿zi əhli-sünnət kitablarının adlarını yazmaqla kifayətlənirik.
1. «Təhzibut-təhzib» - İbni Həcər Әsqəlani;
2. «İbtalul-batil» - Qazi Fəzlullah;
3. «Tə᾿vilu-müxtələfil» hədis – İbni Qüteybə;
4. «Әs-səvaiqul-muhriqə» - İbni Həcər Məkki;
5. «Usdul-ğabə» - İbni Әsir;
6. «Tarixul-xülafə» - Cəlaləddin Siyuti;
7. «Әl-füsulul-mühimmə» - Nurəddin ibni Səbbağ;
8. «Әl-mənaqib» - Xətib Xarəzmi;
9. «Müsnəd» - İmam Әhməd ibni Hənbəl;
10. «Kəşful-bəyan» - İmam Sə᾿ləbi;
11. «Turuqul-həkəmiyyə» - İbni Qəyyim;
12. «Sünən» - İbni Macə;
13. «Şərhu-fəthil-mubin» - Məhəmməd Termezi;
14. «Yənabiul-məvəddə» - Şeyx Süleyman Hənəfi;
15. «Cəvahirul-əqdəyn» - Səmhudi.
Adları çəkilən və digər onlarla kitablarda Ömər ibni Xəttabın bu cümləsi yazılmışdır:
«Әli (ə) olmasaydı Ömər həlak olardı.»
18. HӘZRӘT FATİMӘ RAZI DEYİLSӘ... İslam xəlifələri Әbu Bəkr ibni Әbu Qəhafə və Ömər ibni Xəttab barəsində müəyyən qədər mö᾿təbər mə᾿lumatlar verdik. Lakin bütün dediklərimizə göz yumsaq belə, onların Peyğəmbərin (s) yeganə yadigarı həzrət Fatiməyə qarşı etdikləri səhvləri unutmaq olmur. Həzrət Fatimənin kim olduğu barədə kifayət qədər mə᾿lumat vermək təkcə bu kitabın deyil, onlarla xüsusi kitabın həcminə sığmaz. Təkcə onu deyə bilərik ki, bu əziz xanımın dünya və axirət xanımı olması, onun razılığının Allah-taalanın razılığı, qəzəbinin ilahi qəzəb olmasını bütün şiə və əhli-sünnət kitabları təkrar-təkrar yazmışlar.
Hafiz Әbu Bəkr Beyhəqi «Tarix» kitabında, İbni Әbul-birr «İstiab» kitabında, Mir seyyid Әli Həmədani «Məvəddətul-qurba» kitabında yazırlar:
Peyğəmbər (s) təkrar-təkrar buyurardı:
«Fatimə mənim ümmətimin qadınlarının ən yaxşısıdır.»
İmam Әhməd ibni Hənbəl «Müsnəd» kitabında, Әbu Bəkr Şirazi «Nüzulul-Qur᾿an fi-Әli» kitabında, İbni Әbdul-birr «İstiab» kitabında və Şeyx Süleyman Hənəfi «Yənabiul-məvəddəh» kitabında öz sənədləri ilə nəql edirlər:
Peyğəmbər (s) buyurdu:
«Dünya xanımlarının ən yaxşıları dörd qadındır: Məryəm (İsanın anası), Asiya (Fir᾿onun arvadı), Xədicə (Peyğəmbərin həyat yoldaşı) və Fatimə.»
Hafiz Әbu Musa «Mö᾿cəm» kitabında, İbni Həcər Әsqəlani «İsabə» kitabında, Sibt ibni Cuzi «Təzkirə» kitabında və İbni Həcər Məkki «Әs-səvaiqul-muhriqə» kitabında yazır:
Peyğəmbər (s) öz qızına üz tutub buyurdu:
«Ey Fatimə! Allah-taala sənin qəzəbinə qəzəblənər və razılığına razı olar.»
Buxari «Səhih» kitabında  yazır:
Peyğəmbər (s) buyurdu:
«Fatimə mənim canımın bir hissəsidir. Hər kəs onu qəzəbləndirsə, məni qəzəbləndirmişdir.»
Həzrət Fatimənin dəfələrlə Әbu Bəkr və Ömər tərəfindən inciməsini əksər tarixçilər öz kitablarında qeyd etmişlər.
Xüsusilə, Peyğəmbərin (s) öz qızına hədiyyə etdiyi Fədək bağının onun əlindən alınması xəlifələrin ən böyük səhvlərindən biri idi.
Fədək bağı döyüşlərin birində əldə olunmuş qənimətlərin bir hissəsi idi. İmam Әhməd Sə᾿ləbi «Kəşful-bəyan» kitabında, Cəlaləddin Siyuti «Dürrül-mənsur» kitabında, Şeyx Süleyman Hənəfi «Yənabiul-məvəddə» kitabında, Hakim Həskani «Şəvahidut-tənzil» kitabında (Qeyd olunan kitablar Qur᾿anın təfsirləridir) və İmam Әhməd ibni Hənbəl «Müsnəd» kitabında yazır:
«Öz yaxınlarının haqqını ver...» 
Bu ayə nazil olan kimi Peyğəmbər (s) Fədək bağını həzrət Fatiməyə hədiyyə etdi.»
Göründüyü kimi Fədək bağı Peyğəmbərin (s) öz həyatı dövründə öz qızına bağışladığı xüsusi bir mülk idi. Lakin Әbu Bəkrin xilafəti dövründə bu bağ həzrət Fatimədən alınıb beytul-mala daxil edildi. Әbu Bəkr Fədək bağının irs yolu ilə həzrət Fatiməyə çatdığını deyir, peyğəmbərlərdən isə heç kəsə irs qalmadığını iddia edirdi. O, bu iddiasına dəlil gətirərək deyirdi:
Peyğəmbərdən (s) özüm eşitdim ki, buyurdu:
«Peyğəmbərlərdən heç kimə miras qalmaz.»
Әbu Bəkrin nəql etdiyi bu hədisin səhv olduğunu sübut etmək üçün çoxlu sayda dəlillər gətirmək olar. Lakin həzrət Fatimənin özünün bəyan etdiyi dəlilləri və xanımın öz hüquqlarını necə müdafiə etdiyini oxuculara təqdim etməyi məqsədəuyğun sayırıq.
-Әbu Bəkr Әhməd Cövhəri «Səqifə» kitabında, İbni Әsir «Nihayə» kitabında, Məs᾿udi «Әxbaruz-zaman» kitabında və İbni Әbil Hədid «Şərhu-nəhcil-bəlağə» kitabında yazır:
«Fədək bağı həzrət Fatimədən alındıqdan sonra xanım, Әli (ə)-la birlikdə məscidə gedib öz haqqını tələb edərək buyurdu: Әgər Fədəkin irs olduğunu qəbul etsək, bu irs nə üçün mənə çatmamalıdır? Deyirsiniz ki, peyğəmbərlərdən heç kimə irs çatmaz...? Bəs nə üçün Qur᾿ani-Kərimdə peyğəmbərlərdən irs qalması bəyan edilir?
«Süleyman (peyğəmbər) Davudun (peyğəmbər – Süleymanın atası) irsinə sahib oldu.» 
«(Zəkəriyyə peyğəmbər dua edərək: İlahi,) Öz mərhəmətindən mənə bir övlad ver ki, mənim və Yə᾿qubun övladlarının irsinə sahib olsun...» 
Ey Әbu Qəhafənin oğlu (Әbu Bəkr), Allahın kitabında yazılıb ki, sən öz atandan irs apara bilərsən, mən yox?
Həqiqətən böyük bir iftira yaxmısan. Qəsdən Allahın kitabını tərk edirsiniz. Allah mənim atamı irs qanunundan istisna etdiyi ayəni sizəmi göndərib? Yoxsa siz mənim atamdan və əmim oğlundan (Әli) Qur᾿ana daha arifsiniz? Bilin ki, ən yaxşı hakim Allah, ən yaxşı himayədar Məhəmməd (s) və ən yaxşı üzləşəcəyiniz yer qiyamətdir. O gün batil kəslər ziyana uğrayacaq. Lakin peşmançılıq sizə fayda verməyəcək. Hər şeyin öz vaxtı var, tezliklə görərik kimi əzab çulğalayacaq...»
İbni Әbil Hədid «Şərhu-nəhcil-bəlağə» kitabının 4-cü cildində əlavə edir:
«Həzrət Fatimənin xütbəsindən sonra Әli (ə) da dəlillərini bəyan etdi. Onlar getdikdən sonra Әbu Bəkr xalqı sakitləşdirmək üçün mənbərə çıxıb dedi: O, bir tülküdür ki, öz quyruğu ona şahidlik edər (kimi nəzərdə tutduğu aydındır). O, Ümmi Təhal (məşhur zinakar qadın) kimidir ki, öz yaxınları ilə zina etməyi xoşlayar.»
Doğrudan bu cümlələri oxuduqda onu söyləyənin kim olmasına baxmayaraq, təəccüb edirsən. Әslində təkcə biz yox, məzhəbindən asılı olmayaraq, bütün insaflı və imanlı şəxslər bu cümlələrə təəccüb etmişlər.
İbni Әbil Hədid Mö᾿təzili yazır:
«Xəlifənin bu sözlərini eşidəndə təəccübümü gizlədə bilmədim. Öz müəllimim Әbu Yəhya Nəqib Cə᾿fər əl-Bəsridən soruşdum: Xəlifə bu cümlədə kimi nəzərdə tutur? Ustad buyurdu: Burada qaranlıq bir şey yoxdur. Dedim: Әgər qaranlıq bir şey olmasaydı soruşmazdım. Ustad gülümsəyərək buyurdu: Әli ibni Әbu Talibi nəzərdə tutmuşdur. Bir daha soruşdum: Bu sözlər hamısı Әli (ə)-a aiddir?! Ustad cavab verdi: Oğlum, hakimiyyət və səltənət belədir!!»
Ötən bəhslərimizdə Әli (ə)-dan bey᾿ət almaq üçün onun evinə hücum olunduğu, bu zaman Peyğəmbərin (s) əziz qızının incidilməsi barədə geniş söhbət açmışdıq.
Әbu Məhəmməd Abdullah Bahili Deynuri «Tarixul-xüləfa ər-raşidin» kitabında bu hadisəni geniş şəkildə yazmışdır. Hadisə zamanı həzrət Fatimənin dediyi bir cümlə xanımın Әbu Bəkr və Ömərdən narazı olduğunu açıq şəkildə bəyan edir:
«Atacan! Ey Allahın rəsulu! Səndən sonra Әbu Qəhafənin oğlu (Әbu Bəkr) ilə Xəttabın oğlundan (Ömər) biz nələr çəkdik...»
Həmin iman və insaf əhli olan əhli-sünnət alimi (Deynuri) öz kitabında, həmçinin İbni Әbil Hədid «Şərhu-nəhcil-bəlağə» kitabında yazır:
«Fatimənin ömrünün son günlərində Ömər, Әbu Bəkrə dedi (və ya əksinə): Gəl birlikdə gedib Fatimədən halallıq alaq, biz onu qəzəbləndirmişik. Onlar Fatimənin evinə gəldikdə xanım onlara görüş icazəsi vermədi. Onlar Әli (ə)-dan xahiş edərək evə daxil oldular. Xanım üzünü divara çevirib sakit dayandı. Әbu Bəkr dedi: Ey Peyğəmbərin (s) əzizi, and olsun Allaha ki, səni qızım Aişədən çox istəyirəm. Kaş Peyğəmbərdən (s) sonra ölmüş olaydım. Mən sənin kim olduğunu hamıdan yaxşı bilirəm.
Həzrət Fatimə Әli (ə)-a dedi: Onlardan soruş: Eşitməmişdiniz ki, Peyğəmbər (s) buyurdu: «Fatimənin razılığı mənim razılığım, qəzəbi mənim qəzəbimdir. Qızım Fatiməni sevən məni sevmişdir...»
Әbu Bəkr və Ömər cavab verdilər: Bəli, Peyğəmbərdən (s) bu sözləri eşitmişik. Həzrət Fatimə buyurdu: Mən Allahı və Onun mələklərini şahid tuturam ki, siz məni incitdiniz, mən sizdən razı deyiləm. Atam Peyğəmbəri (s) görən kimi sizdən şikayət edəcəyəm. Onlar bu sözləri eşidəndə şiddətlə ağlamağa başladılar.
Həzrət Fatimə için-için ağlayaraq buyurdu: And olsun Allaha ki, hər dəfə namaz qılanda sizə nifrin edirəm...
Әbu Bəkr dözə bilməyib nalə çəkərək çölə çıxdı.»
Peyğəmbərin (s) əziz qızı cəmi 18 il miskin və qərib bir həyat sürərək atasından 75 və ya 95 gün sonra (bə᾿zi ehtimallara görə 6 ay sonra) vəfat etdi. Xanım öz vəsiyyətində buyurdu: Ya Әli, bunlardan heç biri mənim dəfnimdə iştirak etməsinlər...
Məni gecənin qaranlığında, gözlər yumulub yatandan sonra dəfn edərsən.
Səhih Buxari kitabında yazıldığı kimi Әli (ə), xanımın vəsiyyətinə uyğun olaraq onu gecə yarı keçdikdən sonra torpağa tapşırdı.
Ulu Peyğəmbərimizin (s) haqq də᾿vətinə ləbbeyk deyib ona iman gətirən bütün müsəlmanlar bu sualın cavabı haqqında düşünməlidirlər:
«Görəsən Peyğəmbərimizin (s) cigər parası, əziz qızı Fatimənin müqəddəs məzarı haradadır, bu məzar nə üçün bu günədək gizli qalmışdır?»
19. ÜÇÜNCÜ XӘLİFӘ OSMAN İBNİ ӘFVAN. İkinci xəlifə Ömər ibni Xəttabın vəfatından sonra onun müəyyənləşdirdiyi altı nəfərlik şura Osman ibni Әfvanı müsəlmanların üçüncü xəlifəsi tə᾿yin etdi. Üçüncü xəlifənin qarşısında qoyulan ilkin şərtlərin ən mühüm tərəfi onun Peyğəmbər (s), Әbu Bəkr və Ömərin rəftarlarına uyğun xilafət etməsi idi. Lakin çox təəssüflər olsun ki, üçüncü xəlifə bu şərtlərin əksinə olaraq, Peyğəmbər (s) və əvvəlki iki xəlifənin rəftarlarına da əməl etmədi.
Məşhur əhli-sünnət alimləri İbni Xəldun, İbni Ә᾿səm Kufi, Məs᾿udi, İbni Әbil Hədid və başqaları yazırlar:
«Osman ibni Әfvan xilafətə çatdığı gündən Peyğəmbər (s) və iki şeyxin (Әbu Bəkr və Ömər) rəftarlarına uyğun əməl etmədi.»
Mə᾿sudinin «Mürucuz-zəhəb» kitabında, İbni Әbil Hədidin «Şərhu-nəhcil-bəlağə» kitabında yazdıqlarına əsasən Osmanın ümdə səhvlərindən biri Әbu Bəkr və Ömərin əksinə olaraq israfçılığa yol verməsi idi. O, ilk xəlifə idi ki, gözəl qapıları olan böyük daş imarət tikdirdi. O, Azərbaycan torpaqlarından gələn beytul-malın 20 faizini 100 min dirhəm nəqd pulla birlikdə əmisi oğlu Mərvan ibni Həkəmə bağışladı.
Lakin həmin kitablarda qeyd olunur ki, ikinci xəlifə Ömər, oğlu Abdullahla birlikdə həcc ziyarətinə gedib qayıtdıqdan sonra xərclədikləri cəmi 16 dirhəm pulun israfçılıq olduğunu deyirdi.
Xəlifə Osmanın ən böyük səhvi Peyğəmbərin (s) tapşırıqlarına zidd olaraq, Bəni-üməyyə tayfasına öz hakimiyyət orqanlarında geniş yer verməyi idi. Osman ibni Әfvan özü də Bəni-üməyyə tayfasından idi. Lakin o, öz tayfasının əksinə olaraq İslamın çətin günlərində iman gətirmiş, həmişə Peyğəmbərin (s) ətrafında olmuşdu. Bəni-üməyyə tayfası barəsində gələcək bəhslərimizdə geniş söhbət açacağıq. Qısa şəkildə qeyd edirik ki, bu tayfa bütün əhli-sünnət alimlərinin yazdıqlarına görə, Qur᾿ani-Kərimdə «lə᾿nətlənmiş ağac» adını almışdır.
«...Biz sənin gördüyün yuxunu xalq üçün bir imtahan qərar vermişik; Həmçinin lə᾿nətlənmiş ağacı Qur᾿anda zikr etmişik...» 
İmam Fəxri Razi «Məfatihul-ğeyb» kitabında, Cəlaləddin Siyuti «Dürrül-mənsur» kitabında, Fazil Nişapuri «Ğəraibul-Qur᾿an» kitabında, Qazi Şukani «Fəthul-qədir» kitabında, Şəhabuddin Alusi «Ruhul-məani» kitabında və Məhəmməd Təbəri «Təfsiri Kəbir» kitabında yazır: 
«İsra surəsində «lə᾿nətlənmiş ağac» İbni Abbasın nəql etdiyi hədisə əsasən Bəni-üməyyə tayfasıdır. Peyğəmbər (s) yuxuda onların meymun şəklində onun mənbərinə çıxdıqlarını gördüyü gecə bu ayə nazil olmuşdur.»
Xəlifə Osmanın Bəni-üməyyə tayfasına əsassız şəkildə xüsusi ehtiramla yanaşmasına, hətta onlara səlahiyyətli vəzifələr tapşırmasına bir neçə misal gətiririk.
1. Bütün tarixçilərin yazdığına əsasən, Osmanın əmisi Həkəm ibni Әbil As oğlu Mərvanla birlikdə Peyğəmbər (s) tərəfindən lə᾿nətlənərək Mədinə şəhərindən sürgün olunmuşdu.
Hakim Nişapuri «Әl-müstədrək» kitabında İbni Həcər Məkki «Әs-səvaiqul-muhriqə» kitabında yazır:
Mərvan ibni Həkəm uşaq olduğu zaman Peyğəmbər (s) onun barəsində buyurdu: «O, ilan oğlu ilan, məl᾿un oğlu məl᾿undur...»
İbni Həcər Məkki «Әs-səvaiqul-muhriqə» kitabında Hələbi «Әs-sirətul-hələbiyyə» kitabında, Şeyx Süleyman Hənəfi «Yənabiul-məvəddə» kitabında, İmamul-hərəm «Zəxairul-uqba» kitabında və Duməyri «Həyatul-həyəvan» kitabında yazır:
«Həkəm ibni Әbil As Peyğəmbərin (s) evinə daxil olmaq üçün icazə istədi. Həzrət onun səsini tanıyıb - buraxın gəlsin... Allah ona və onun belindən gələnlərə lə᾿nət eləsin! - deyə buyurdu.»
İmam Fəxri Razi öz təfsirində İsra surəsinin 60-cı ayəsində işlənmiş «lə᾿nətlənmiş ağac» kəlməsini şərh edərkən Ummul-mö᾿minin Aişədən nəql edir:
«(Mərvan ibni Həkəmə üzünü tutaraq) Allah sənin atanı lə᾿nətləyən zaman sən onun belində idin. Sən məl᾿unun bir parçasısan...»
Bu iki şəxs (Həkəm və Mərvan) Әbu Bəkr və Ömərin dövründə Osmanı dəfələrlə vasitəçi salsalar da, Mədinəyə daxil ola bilmədilər. Lakin xəlifə Osman hakimiyyətə gələn kimi onları Mədinəyə gətirdi və hətta xilafətin idarə işlərini Mərvana tapşırdı.
2. Xəlifə Osmanın xilafət işlərində ağına-bozuna baxmadan ləyaqətsiz adamlara vəzifə verməsinə daha bir nümunə Vəlid ibni Üqbəni Kufə şəhərinə hakim tə᾿yin etməsi idi.
Məs᾿udi «Mürucuz-zəhəb» kitabında yazır:
«Peyğəmbər (s) Vəlid ibni Üqbənin barəsində buyurdu: O, cəhənnəm əhlindəndir.»
Siyuti «Tarixul-xüləfa» kitabında, Әbul Fərəc «Әğani» kitabında, İmam Әhməd ibni Hənbəl «Müsnəd» kitabında, Təbəri «Tarixul-uməmi vəl-müluk» kitabında, Beyhəqi «Sünən» kitabında» İbni Әsir «Üsdul-ğabə» kitabında və Yəqubi «Tarix» kitabında yazır:
«Vəlid ibni Üqbə xəlifə Osmanın hökmü ilə Kufə şəhərində hakim olarkən bir gecə sübhə qədər eyş-işrət məclisində şərab içdi. Sübh azanı verildikdən sonra məst halda məscidə gedib camaat namazına imam durdu. O, iki rəkət sübh namazını dörd rəkət qıldı. Xalq səs-küy salanda Vəlid, istəyirsiniz bir az da artırım, dedi.»
3. İslam tarixinə silinməz ləkə olan Müaviyə ibni Әbu Süfyanın Şam şəhərinə hakim tə᾿yin olunması da üçüncü xəlifənin səhvlərindən biri idi. Müaviyənin kim olduğunu bir neçə cümlə ilə yazmaq təbii ki, kifayət etməz. Buna görə də bu ləyaqətsiz şəxsin əhli-sünnət kitablarında lə᾿nətlənməsi və onun mənfur cinayətləri barədə xüsusi söhbət açacağıq. Amma əziz oxucular intizarda qalmasınlar deyə, görkəmli alim Məhəmməd Təbərinin öz tarix kitabında nəql etdiyi bir hədisi gətiririk:
«Bir gün Peyğəmbər (s) gördü ki, Әbu Süfyan bir ulağa minmiş, Müaviyə ulağın cilovunu tutmuş, Yezid isə ulağı arxadan qırmancla sürür. Həzrət buyurdu: Allah o ulağa minənə də, cilovunu tutana da, qırmancla sürənə də lə᾿nət eləsin...»
Xəlifə Osmanın bu diqqətsizlikləri, xüsusilə hakimiyyət orqanlarında yerləşmiş Bəni-üməyyə tayfasının zülmləri bütün xalqı Osmana qarşı üsyan etməyə vadar etdi. Nəhayət Osman ibni Әfvan öz səhvləri ucbatından bir dəstə qiyamçı tərəfindən öldürüldü.
Xəlifə Osmanın dövründə baş verən hadisələr o qədər acınacaqlı idi ki, bütün səhabələr xəlifəyə etiraz edir, ona ağıllı məsləhətlər verməyə çalışırdılar.
İbni Әbil Hədid «Şərhu-nəhcil-bəlağə» kitabında, Məs᾿udi «Әxbaruz-zaman» kitabında və Sibt ibni Cuzi «Xəvassul-ummə» kitabında yazır:
«Ummul-mö᾿minin Aişə fəryad edərək Osmanın barəsində deyirdi: Öldürün bu yəhudi sifəti, Allaha and olsun ki, o kafir olmuşdur.»
Lakin xəlifənin öldürülməsinin nə demək olduğunu bilən Әli (ə) bütün tarixçilərin yazdığına görə var qüvvəsi ilə bu fitnənin qarşısını almağa çalışırdı.
İbni Әbil Hədid «Şərhu-nəhcil-bəlağə» kitabında yazır:
«Әli (ə) son nəticədə Osmanın öldürüləcəyini başa düşdüyü üçün onun yanına gedib çoxlu nəsihətlər verdi. Tövsiyələrinin sonunda Әli (ə) xəlifə Osmana dedi: Səni and verirəm Allaha ki, bu ümmətin qətlə yetirilən xəlifəsi olma! Әvəllər deyilərdi ki, bu ümmətin bir xəlifəsi öldürüləcək. Onun qətli ilə müsəlmanlar arasında başlanan qanlı müharibə qiyamətə qədər qurtarmayacaqdır...»
20. UMMUL-MÖ᾿MİNİN AİŞӘ. Bə᾿zi əhli-sünnət alimlərinin şiə məzhəbinə bid᾿ətçi və azğın gözlə baxmasının səbəblərindən biri də şiələrin Peyğəmbərin (s) həyat yoldaşlarından biri Ummul-mö᾿minin Aişəyə olan münasibətləridir. Bu qərəzli alimlər iddia edirlər ki, Peyğəmbərin (s) həyat yoldaşı Aişə xəlifə Әbu Bəkrin qızı olduğuna görə şiələr ona töhmətlər yağdırır, lə᾿nət və söyüş verir, hətta onun Peyğəmbərə (s) xəyanət etdiyini deyirlər.
Allaha pənah aparırıq bu iftira və böhtanlardan...
Burada şiə məzhəbinin Peyğəmbərin (s) həyat yoldaşları, xüsusilə Ummul-mö᾿minin Aişə barəsində olan əqidələrini açıqlamaq məcburiyyətindəyik.
Şiə məzhəbinin əqidəsinə görə, hər kəs Peyğəmbərin (s) həyat yoldaşlarının hər hansı birinə xəyanət (fəhşa və zina) nisbəti versə kafir və mürtəd sayılır.
O cümlədən, kimliyindən asılı olmayaraq söyüş vermək şiə əqidəsinə əsasən böyük günah sayılır. Peyğəmbərin (s) həyat yoldaşlarına, yə᾿ni həzrətin namus və şərəfinə söyüş verməyə nəinki şiələrin, hətta kafirlərin belə cəsarəti çatmaz.
Şiə məzhəbi də digər müsəlmanlar kimi Qur᾿ani-Kərimin hökmünə əsasən Peyğəmbərin (s) həyat yoldaşlarını, o cümlədən Aişə xanımı ummul-mö᾿minin, yə᾿ni mö᾿minlərin anası hesab edir.
Qeyd etmək lazımdır ki, Qur᾿ani-Kərim Nur surəsində Aişəyə atılan böhtanın yalan olduğunu bəyan edir. Şiə alimləri tərəfindən yazılan təfsir kitablarına müraciət etsək görərik ki, bütün şiə təfsirçiləri mə᾿lum hadisəni olduğu kimi açıqlamış və əhli-sünnətin “hidayət ulduzları” hesab etdikləri səhabələrin Aişə xanıma atdıqları böhtanı rədd etmişlər.
Aişə xanımın xəlifə Әbu Bəkrin qızı olmasına gəldikdə isə, çəkinmədən deyə bilərik ki, şiə məzhəbi belə nadan təəssüblərdən uzaqdır. Әgər şiələr Aişə xanımın Әbu Bəkrin qızı olduğu üçün, onun bə᾿zi hallarda səhvə yol verdiyini iddia edirlərsə, bəs xəlifə Ömərin qızı ummul-mö᾿minin Həfsənin barəsində nə üçün belə sözlər demirlər?! Xəlifə Әbu Bəkrin oğlu iman və sədaqət sərçeşməsi Məhəmməd ibni Әbu Bəkri tə᾿zim və ehtiramla yad edirlər? Doğrusunu desək, şiə məzhəbini başqalarının gözündə bədnam edən onların bütün hadisələrə təəssübsüz və obyektiv yanaşmalarıdır. Şiə məzhəbinin əqidəsinə görə səhv addım peyğəmbər səhabəsi, peyğəmbərin həyat yoldaşı, bir sözlə hər kim tərəfindən atılarsa, səhv kimi qiymətləndirilməlidir. Tam qətiyyətlə deyə bilərik ki, şiə məzhəbi ummul-mö᾿minin Aişə xanımı hər hansı bir əxlaqsız hərəkətdən pak bilir, yalnız onun diqqətsizlik və ya başqa səbəblərdən müəyyən səhv və xətalara düçar olduğunu deyirlər. Maraqlı burasıdır ki, şiə məzhəbinin Aişə xanımın barəsində qeyd etdiyi səhvlərin hər biri əhli-sünnət kitablarında da dəqiq şəkildə yazılmışdır. Әhli-sünnət kitablarında qeyd olunmuş bu tarixi faktları əziz oxuculara təqdim etməzdən öncə, dəfələrlə vurğuladığımız bir məsələni bir daha xatırlatmaq istərdik. Heç bir kəsin şəxsi keyfiyyətləri, məqamı onun mənsub olduğu tayfa, xalq, ailə ilə ölçülməməlidir. Müqəddəs Qur᾿anımız insanların şəxsiyyət və məqamlarının ölçülməsi üçün bizə yalnız bir me᾿yar göstərmişdir.
«Allah yanında sizin ən yaxşılarınız ən təqvalı olanlarınızdır.» 
Әgər Peyğəmbər xanımı olmaq səhvsiz və günahsız olmaq deməkdirsə, nə üçün Qur᾿ani-Kərim Nuh və Lut peyğəmbərlərin həyat yoldaşlarının kafir və cəhənnəm əhli olduqlarını bəyan edir?
«Allah kafirlər üçün Nuhun arvadı ilə Lutun arvadını misal gətirir. Onlar bizim iki saleh bəndəmizin tabeliyində idilər. Peyğəmbər arvadı olması onların heç birinə fayda vermədi. Biz onlara - cəhənnəmə daxil olanlarla birlikdə cəhənnəmə daxil olun - dedik...» 
Aişə xanım hələ Peyğəmbərin (s) öz dövründə tez-tez səhvlərə yol verir, həzrətə qarşı çıxır və atası Әbu Bəkr tərəfindən məzəmmət olunurdu.
İmam Ğəzzali «Ehyaul-ülum» kitabında, Mövla Әli Müttəqi «Kənzul-ümmal» kitabında, Әbu Yə᾿la «Müsnəd» kitabında, Әbu Şeyx «Әl-əmsal» kitabında yazırlar:
«Bir gün Aişə xanım atası Әbu Bəkri evinə də᾿vət etdi ki, onunla Peyğəmbər (s) arasında yaranmış ixtilafa hakimlik etsin. Әbu Bəkr gəlib əvvəlcə Aişədən əhvalatı olduğu kimi danışmasını istədi. Aişə xanım danışarkən sərt şəkildə Peyğəmbərin (s) ədalətsiz olduğunu deyir, təhqiramiz sözlərdən istifadə edirdi. Aişənin sözlərindən qəzəblənən Әbu Bəkr ona elə bir sillə vurdu ki, ağzından qan axmağa başladı.»
Aişə xanımın ən böyük səhvi Qur᾿ani-Kərimin aşkar hökmünü sındıraraq siyasət meydanına atılması və ən nəhayət kişilərə qoşulub Әli (ə)-ın üzərinə hücum etməsi idi.
Allah-taala Әhzab surəsində Peyğəmbərin (s) xanımlarına müraciət edərək buyurur ki, siz başqa qadınlar kimi deyilsiniz; daha sonra onlara Peyğəmbərdən (s) sonra evdə oturmağı əmr edir:
«Oturun evlərinizdə, cahiliyyət zamanındakı kimi xalqın arasına çıxmayın.» 
Görəsən əhli-sünnət qardaşlarımız Qur᾿ani-Kərimin bu ayəsi ilə Aişə xanımın Cəməl döyüşündə başçılıq etdiyi müharibəni necə təhlil edirlər?
Xəlifə Osmanın dövründə fəryad edərək «öldürün bu yəhudi sifəti» deyən Aişə xanım, görəsən nə üçün birdən-birə onun intiqamını almaq həvəsinə düşdü?
Xalqa zülm və sitəm edib xəlifə Osmanın qanına bais olan, Peyğəmbərin (s) dili ilə lə᾿nətlənmiş Mərvan ibni Həkəmə qoşulub Osmanın müdafiəsində az qala oğlanlarını qurban verən Әli (ə)-a qarşı üsyan etməyi necə başa düşmək olar?
Bütün tarixçilərin yazdığına görə Aişə xanım, «Osmanı məzlumcasına öldürdülər, gəlin mənimlə, Allaha and olsun ki, onun intiqamını alacağam» - deyə Mədinədən Bəsrə şəhərinə getdi.
Təbəri, İbni Әsir və başqaları Bəsrədə hansı faciələrin baş verdiyini geniş şəkildə yazmışlar. Әhli-sünnət tarixçisi Məs᾿udi «Mürucuz-zəhəb» kitabının 7-ci cildində yazır:
«Bəsrədə yaralananlardan başqa 70 kişi öldürüldü. Onların 50 nəfərinin boynu vuruldu.»
Təəssüflər olsun ki, Әli (ə)-ın öz dili ilə desək, Təlhə və Zübeyr (iki məşhur səhabə) öz xanımlarını evdə pərdə arxasında gizlətdilər; Peyğəmbərin (s) xanımını dəvəyə mindirib kişilərin döyüşünə gətirdilər.
Әli (ə) döyüşdə qalib gəldikdən sonra Aişə xanımı 20 nəfər mühafizlə birlikdə Mədinəyə göndərdi. Aişə xanım Mədinəyə çatdıqdan sonra Әli (ə)-ın ona qarşı etdiyi hörmət və məhəbbəti razılıqla yad edərək dedi: Amma Әlinin məni 20 nəfər yad kişi ilə yola saldığını anlamadım. Bu zaman onunla gələn 20 nəfər şəxs üzlərini açdı və onların hamısının Әbdul-qeys tayfasının qadınları olduğu məlum oldu. Bununla belə Aişə xanım yenə də sakitləşmədi.
Təbəri öz tarix kitabında yazır:
Әli (ə)-ın ölüm xəbəri Aişəyə çatanda aşağıdakı məzmunda bir şe᾿r oxudu: «Әli tərəfdən fikrim rahat oldu. Mən bir qonaq gözləyən şəxs kimi bu xəbəri gözləyirdim.»
Cəməl döyüşündən ibrət almayan Aişə xanım Әli (ə)-ın oğlu imam Həsən (ə)-la da düşmənçiliyi davam etdirdi.
Sibt ibni Cuzi «Xəvassul-ummə» kitabında, Mə᾿sudi «Әxbaruz-zaman» kitabında, İbni Әbil Hədid «Şərhu-nəhcil-bəlağə» kitabında və Məhəmməd Xavəndşah «Rovzətus-səfa» kitabında yazır:
«İmam Həsən (ə) şəhid olduqdan sonra Bəni-haşim tayfası onun cənazəsini Peyğəmbərin (s) yanında dəfn etmək istəyirdi. Cənazə hərəkət edəndə Aişə xanım bir qatıra minərək Bəni-üməyyə tayfası ilə birlikdə onların qarşısını kəsdi. İbni Abbas dedi: Aişə, sənin əməllərinə təəccüb edirəm. Sənin üçün Cəməl müharibəsini xatırlamaq bəs idi. Deməli, bir gün dəvəyə minərsən, bir gün qatıra. Gözlə ki, bir gün filə minməyəsən…»
21. MÜAVİYӘ İBNİ ӘBU SÜFYAN. Üçüncü xəlifə Osman ibni Әfvanın haqqında danışarkən onun Bəni-üməyyə tayfasına öz hakimiyyətində xüsusi yer verməsini qeyd etmişdik. Xüsusilə, Müaviyə ibni Әbu Süfyanın Şam şəhərinə (indiki Dəməşq) hakim tə᾿yin olunması barədə qısaca mə᾿lumat vermişdik. Müaviyənin necə bir məl᾿un və çirkin şəxsiyyət olması bütün İslam tarixçilərinə mə᾿lumdur. Təəssüflə qeyd etməliyik ki, bə᾿zi əhli-sünnət alimləri, Müaviyə Peyğəmbərin (s) səhabəsi və ya vəhy katibidir - deyə, onun cinayətlərinə göz yummağa çalışırlar. Lakin insafla demək lazımdır ki, belə alimlər çox azdır. O alimlər özləri də yaxşı bilirdilər ki, hər hansı bir cinayəti ört-basdır etmək və o cinayətlə razılaşmaq həmin cinayətə şərik olmaq deməkdir.
İlk növbədə Müaviyənin xilafət və hakimiyyətinin əsaslarına nəzər salaq. O, hansı əsasla İslam xəlifəsi sayılır? Müaviyə Osman ibni Әfvan tərəfindən Şam şəhərinə hakim, yə᾿ni xəlifənin nümayəndəsi tə᾿yin olundu. Bütün əhli-sünnətin rəsmi şəkildə dördüncü xəlifə qəbul etdikləri Әli (ə) xilafətə çatdığı ilk gündən Müaviyəni bu vəzifədən kənarlaşdırdı. Lakin Müaviyə dövri xəlifənin hökmünü ayaq altına ataraq özünü müstəqil bir hökumət e᾿lan etdi. Buna görə də tam qətiyyətlə deyə bilərik ki, İslam xilafətini parçalayıb ümməti fəlakətə salan ilk şəxs Müaviyə olmuşdur.
Müaviyənin lə᾿nətlənməyə layiq olduğunu təsdiqləyən bə᾿zi dəlilləri əziz oxuculara təqdim edirik:
1. Qur᾿ani-Kərimin açıq-aşkar ayəsinin hökmünə əsasən Müaviyə və atası Әbu Süfyan başda olmaqla Bəni-üməyyə tayfası Allah tərəfindən lə᾿nətlənmişdir.
Bütün təfsirçilərin, o cümlədən İmam Sə᾿ləbi, İmam Fəxri Razi, Siyuti və başqalarının yazdıqlarına əsasən Peyğəmbər (s) bir gecə Bəni-üməyyə tayfasının meymun şəklində onun mənbərinə çıxdıqlarını gördü. Həzrət yuxudan ayılan kimi bu ayə nazil oldu:
«Biz sənin gördüyün yuxunu xalq üçün bir imtahan qərar vermişik. Həmçinin Qur᾿anda zikr olunan lə᾿nətlənmiş ağac da (belədir).» 
Qeyd etdiyimiz təfsirçilər və onlarla digər alimlər ayədə deyilən «lə᾿nətlənmiş ağacın» Bəni-üməyyə tayfası olduğunu yazmışlar.
2. Ötən bəhslərimizdə Məhəmməd Təbərinin «Tarixul-uməmi vəl-müluk» kitabında yazdığı bir hədisi təqdim etmişdik. Әbu Süfyan bir ulağa minib oğlu Müaviyə və nəvəsi Yezidlə birlikdə getdiyi zaman Peyğəmbər (s) onların hər üçünü lə᾿nətlədi.
3. Qur᾿ani-Kərim günahsız insanların öldürülməsi barədə buyurur:
«Bir mö᾿mini bilərəkdən öldürən şəxsin cəzası əbədi cəhənnəmdir. Allah o şəxsə qəzəb və lə᾿nət edər, onu böyük bir əzaba düçar edər.» 
Minlərlə günahsız insanın qanını tökən Müaviyə şübhəsiz ki, bu ayənin hökmünə daxildir.
İbni Әsakir, Yə᾿qub ibni Әbu Süfyan, Beyhəqi, İbni Әbdül-birr, İbni Әsir və başqaları öz tarix kitablarında yazırlar:
«Peyğəmbərin (s) ən sadiq səhabələrindən olan Hücr (ya Hicr) ibni Әdi (Üdey) və digər yeddi nəfər səhabə Әli (ə)-a lə᾿nət oxumadıqlarına görə Müaviyənin əmri ilə ağır işgəncələrlə öldürüldülər.» (Bu səhabələrin qəbri indiyə qədər Dəməşq şəhərində qalır.)
Peyğəmbərin (s) əziz nəvəsi, behişt cavanlarının ağası imam Həsən ibni Әli (ə) Müaviyənin planı ilə öldürülmədimi?
Məs᾿udi, İbni Әbdül-birr, Әbdul-fərəc İsfəhani, Məhəmməd ibni Sə᾿d öz tarix kitablarında imam Həsən (ə)-ın Müaviyənin hiyləsi ilə öz arvadı tərəfindən zəhərlə öldürülməsini geniş şəkildə yazmışlar.
Təbəri, İbni Xəldun, Səmhudi kimi tarixçilərin yazdığına əsasən qaniçmiş sərkərdə Bosr ibni Әrtat Müaviyənin əmri ilə Peyğəmbərin (s) müqəddəs şəhəri Mədinəyə və eləcə də Yəmənə hücum edərək qocalı, cavanlı, qadınlı, uşaqlı 30 mindən artıq müsəlmanı qılıncdan keçirdilər.
Bu qədər tökülən müsəlman qanları Müaviyənin məl᾿un və zalim olduğunu isbat etməyə yetərli deyilmi?
4. Әllidən artıq əhli-sünnət alimi, o cümlədən İmam Sə᾿ləbi, imam Fəxri Razi, İbni Səbbağ Maliki, İmamul-hərəm, Müslim ibni Həccac (Səhihi-Müslimin müəllifi) və başqaları Peyğəmbərdən (s) bu hədisi nəql edirlər:
«Hər kəs Әli (ə)-ı söyərsə, məni söymüşdür. Məni söyənsə, Allahı söymüşdür.»
Məscidlərdə, mənbərlərdə Әli (ə)-a lə᾿nət və söyüş söydürən Müaviyə kafir və məl᾿un sayılmırmı?
Bütün tarixçilərin yazdığına əsasən Müaviyənin qoyduğu bu bid᾿ət səbəb oldu ki, Әli (ə) 69 il müsəlmanlar tərəfindən nalayiq sözlərlə təhqir olunub söyülsün.
Müaviyənin Peyğəmbər (s) səhabəsi və ya vəhy katibi olması onun bu cinayətlərinə, fəsad və küfrünə bəraət qazandıra bilərmi?
Yeri gəlmişkən Müaviyənin vəhy katibi (Qur᾿an yazan) olması barədə də bir neçə kəlmə mə᾿lumat verək. Müaviyə Peyğəmbərin (s) risalətinin son illərində iman gətirdi. Hamıdan axırda iman gətirdiyi üçün xalq arasında xəcalət çəkirdi. Tarixçilərin yazdığına əsasən Peyğəmbərin (s) əmisi Abbas o həzrətdən xahiş etdi ki, Müaviyəyə bir iş tapşırmaqla onu bu vəziyyətdən xilas etsin. Peyğəmbər (s) ərəblərə göndərdiyi məktubları yazmağı Müaviyəyə tapşırdı.
Әhli-sünnət tarixçisi Mədaini nəql edir ki, Zeyd ibni Sabit vəhy katibi idi.
Müaviyə isə Peyğəmbərlə (s) ərəblər arasında olan məktubları yazırdı.
Təəccüblüdür ki, fasiq və məl᾿un olması bütün tarix kitablarında təsdiqlənən bir şəxsin cinayətləri ört-basdır edilir və Peyğəmbərin (s) yoldaşı ummul-həbibənin qardaşı olduğu üçün xalul-mö᾿minin - mö᾿minlərin dayısı adlanır!? Lakin xəlifə Әbu Bəkrin oğlu, Aişə xanımın qardaşı Məhəmməd ibni Әbu Bəkr Әli (ə)-ın sədaqətli səhabəsi olduğu üçün heç kim tərəfindən xatırlanmır...!
22. YEZİD İBNİ MÜAVİYӘ. Yezid ibni Müaviyənin törətdiyi cinayətləri, İslam tarixinə yazdığı silinməz ləkələri yazmaq üçün illərlə vaxt, onlarla kitab lazımdır. Allahın dinini və qiyaməti açıq-aşkar təkzib edən bu fasiq çox böyük məharətlə atasının törətdiyi cinayətlərə kölgə saldı.
Görəsən nadan təəssüb gözlərini örtən qərəzli qələm sahibləri Yezid ibni Müaviyənin törətdiyi cinayətləri, Peyğəmbərin (s) dizləri üstündə böyüyən imam Hüseyn (ə)-ın faciəli qətlini, Әhli-beyt namuslarının əsir götürülüb küçə-bazarlarda gəzdirilməsini necə izah edirlər?
Sibt ibni Cuzi, Әbul-həsən Mədaini və başqa tarixçilər yazırlar:
«Mədinədə Təvvabin qiyamı yatırıldıqdan sonra Yezid ibni Müaviyənin əmri ilə Peyğəmbərin (s) şəhərinə basqın edildi. Bu basqında o qədər müsəlman öldürüldü ki, hətta Peyğəmbərin (s) məscidi və mübarək qəbrinə qədər qan axmışdı. Yezidin qoşunu xalqa amansızcasına divan tutur, müsəlmanların namusuna təcavüz edirdilər. Belə ki, həmin hadisədə zorlanmış mindən artıq ərsiz qadın sonradan dünyaya qanunsuz uşaq gətirdilər.»
Yezid ibni Müaviyənin açıq-aşkar Allahın dini və qiyamət gününü təkzib etməsini isbat etmək üçün onun «Divan»ından bə᾿zi şe᾿rləri oxuculara təqdim edirik. Yezidin söylədiyi bu şe᾿rləri Әbul Fərəc, Şeyx Abdullah Şəbravi Şafei, Xətib Xarəzmi və İbni Әbil Hədid kimi böyük əhli-sünnət alimləri öz kitablarında yazmış və o fasiqin lə᾿nətlənməsinə hökm vermişlər.
Şe᾿rlərin bir hissəsinin tərcümələri:
«Şərab bir günəş kimi saqinin əlində çıxır, mənim ağzımda qürub edir. Әgər Məhəmmədin dinində haramdırsa, gəlin İsanın dinində içək.»
(Öz mə᾿şuqəsinə üz tutaraq) «Әzizim, yaxın gəl ki, sənə öz qəlbimdəkiləri deyim..., hər kəs qiyamətdən nə danışsa, əbəs və yalan sözlərdir ki, bizi eyş-işrətdən uzaqlaşdırır...»
İmam Hüseyn (ə)-ın əhli-beytini Şama əsir gətirən zaman, onları görən kimi bu şe᾿ri oxumağa başladı:
«Bu əsirlər görünən kimi, bu günəşlər mənim sarayıma saçan kimi bir qarğa qarıldadı (bunu ərəblər tərslik əlaməti bilirlər), dedim: sən qarıldasan da, qarıldamasan da mən Məhəmməddən öz intiqamımı aldım...»
Xətib Xarəzmi, Әbul-fərəc ibni Cuzi, Şeyx Abdullah Şəbravi Şafei yazırlar:
İmam Hüseyn (ə)-ın kəsilmiş başı Yezidin qarşısına qoyulanda o, yəhudi və xristian qonaqlarının qarşısında, bu gün Bədr gününün müqabilində bir gün oldu ya Məhəmməd! – deyərək bu şe᾿ri oxumağa başladı:
«Kaş Bədr günü ölən babalarım burda olaydılar. Sevincdən fəryad edib deyərdilər: Әl-qolun var olsun Yezid! Onların ən böyüklərini öldürdün, bu Bədrin cavabı idi, indi oldu heç-heçə.
Bəni-haşim (Peyğəmbərin tayfası) səltənətlə oyun oynadılar. Yoxsa, nə bir xəbər var idi, nə də vəhy gəlmişdi. Xəndəfin (babalarından biri) oğlu olmazdım əgər Məhəmmədin balalarından intiqam almasaydım. Әziz övladını öldürüb Әlidən öz qisasımızı aldıq...»
Bu şe᾿rlərin sahibinə müsəlman demək onu lə᾿nətləməmək İslamın əsaslarını ayaq altına qoymaq deyilmi?
Yaxşı olardı ki, şiə məzhəbinə böhtanlar yağdırıb onlara müşrik, kafir deyənlər bu cümlələri söyləyən şəxs barədə diqqətlə fikirləşsinlər. Bir tərəfdən təəssübü kənara qoymaq istəməyənlər, digər tərəfdən də gün kimi aydın olan bu həqiqətlərdən qaça bilməyən şəxslər qəribə bir anlaşılmazlıq qarşısında qalırlar..!
Dəməşq şəhərində hər gün təkrarlanan qəribə bir mənzərə ilə rastlaşdım. Bu şəhərin əhli-sünnət əhalisi hər gün böyük Әməvi məscidinə gəlir, əvvəlcə imam Hüseyn (ə)-ın mübarək başı qoyulduğu yeri öpüb ziyarət edir, daha sonra hündürlüyü 3-4 metr olan Yezidin taxtının altında namaz qılırlar. Әziz qardaşlarımızın dediyinə görə bu taxtın altında qılınan namazı Allah-taala Yezidə xatir qəbul edir..!
Çox qəribə məntiqdir..., ölənə Allah rəhmət eləsin, öldürənə əl-qolun var olsun demək, özünü başqalarına güldürmək deyilmi?
“Yezid ictihad edib”, yə᾿ni “İslamın məsləhətini imam Hüseyni öldürməkdə görüb”, deməklə özümüz özümüzü aldatmırıqmı?
Yezid ictihad edib Peyğəmbərin əziz övladını öldürə bilirsə, şiələr ictihad edib onu və fasiq atasını lə᾿nətləyə bilməzlərmi?
23. İMAM ӘLİ İBNİ ӘBİ TALİB (Ә). Şiə məzhəbi tərəfindən mə᾿sum imam kimi tanınan və ilahi əmrlə Peyğəmbərin (s) bilavəsitə xəlifəsi olduğuna e᾿tiqad bəslənən Әli ibni Әbi Talib (ə) barəsində qısa şəkildə mə᾿lumat verməyi lazım bilirik.
Peyğəmbərin (s) doğma əmisi oğlu, dünya və axirət xanımı həzrət Fatimənin ömür-gün yoldaşı Әli (ə)-ın barəsində ətraflı söhbət açmaq çox çətindir. Bütün tədqiqatçılar tərəfindən «Zatul-əb᾿ad», yə᾿ni müxtəlif cəhətlər sahibi adlandırılan Әli (ə)-ın şəxsiyyəti o qədər əhatəlidir ki, bir dəstə onun ədalətinə tab gətirməyib onu kafir adlandırmış (xəvaric firqəsi), başqa bir dəstə isə onun fəzilətləri qarşısında heyran qalıb ona Allah demişlər (Әliallahilər-ğulat firqəsi). Әlişünaslığı bir mə᾿rifət meyarı kimi təsəvvür etsək, insan zəkası bu vahidin başlanğıc və son nöqtəsi arasında öz acizliyini etiraf etmək məcburiyyətində qalır.
Әli (ə)-ın adının bu günə qədər yaşaması onun ilahi bir həqiqət olduğunu açıq şəkildə isbat edir.
Әli (ə) tarixin hər hansı bir dahi şəxsiyyəti olsaydı, əgər Sokrat, Aristotel, Platon, Hegel, Marks, Kant olsaydı çoxdan tarix səhifələrindən silinmişdi. İman və insaf nümunəsi olan əhli-sünnət alimi İbni Әbil Hədid Mö᾿təzili «Şərhu-nəhcil-bəlağə» kitabında əvəzsiz bir cümlə yazmışdır:
«Nə deyim sənin şəxsiyyətin qarşısında ya Әli? Sənin fəzilətlərini amansız düşmənlər qəlblərində yatan kin-küdurətdən, dostların isə qorxudan gizlətdilər. Bununla belə sənin fəzilətlərini sayıb qurtarmaq mümkün deyil...»
Әli (ə)-ın şəxsiyyətinin ən kamil tə᾿rifi qısa bir cümlədə yatır: «Әli (ə)-ı tanımaq mümkün deyil...»
69 il mənbərlərdə, namazlarda Әli (ə)-a lə᾿nət yağdıran, onun kafir olduğunu dünyaya car çəkən Müaviyənin yəqin ki, ağlına belə gəlməzdi ki, bir gün beynəlxalq kitab festivalında bir xristian aliminin Әli (ə) barəsində yazdığı kitab bütün əsərləri kölgədə qoyacaq: «Әli – bəşər ədalətinin fəryadı.»
«Ey zaman, var qüvvəni toplayıb o elmi ilə, o şücaəti ilə, o ədaləti ilə dünyaya bir də Әli gətirə bilərsənmi!?» 
Әziz oxucular! Bu kiçik yazıda həqiqəti əks etdirməyə aciz olan cümlələrlə Әli (ə)-ın fəzilət dəryasından yalnız bir neçə damlanı siz əzizlərə təqdim edirik.
24. ӘLİ (Ә)-IN FӘZİLӘTLӘRİ. Әli (ə)-ın fəzilətləri barədə ümumi və bəsit bir mə᾿lumat əldə etmək üçün həzrətin şəxsi keyfiyyətlərini bəyan edən üç məsələ ətrafında dayanmaq olar:
1. Әli (ə)-ın əsil-nəsəbi:
Әli (ə) Peyğəmbərin (s) tayfası Bəni-haşim nəslindəndir. Həzrətin doğma atası cənab Әbu Talibdən başlayaraq Adəm peyğəmbərə qədər babaları arasında müşrik və kafir bir kəs olmamışdır. Әli (ə)-ın ata-babaları aşağıdakı tərtiblə Adəm peyğəmbərə qədər gedib çatır:
1. İmran Әbu Talib. 2. Әbdül-müttəlib. 2. Haşim. 3. Әbül Manaf. 4. Qusi. 5. Kilab. 6. Mərrəh. 7. Kə᾿b. 8. Liva. 9. Ğalib. 10. Fəhr. 11. Malik. 12. Nəzr. 13. Kənanə. 14. Xəzimə. 15. Mudrikə. 16. İlyas. 17. Muzr. 18. Nizar. 19. Mə᾿d. 20. Әdnan. 21. Әdd. 22. Әdəd. 23. Yəsə᾿. 24. Həmyəs. 25. Binət. 26. Salaman. 27. Həml. 28. Qəydar. 29. İsmail. 30. İbrahim. 31. Tarəx. 32. Tahur. 33. Şaru. 34. Әbrğu. 35. Taliğ. 36. Abir. 37. Şalih. 38. Әrfəxşəz. 39. Sam. 40. Nuh. 41. Ləmən. 42. Mətuşələk. 43. Әxnux. 44. Yarid. 45. Məhlail. 46. Qəynan. 47. Әnus. 48. Şəys. 49. Adəm Әbul-bəşər.
Adları çəkilən şəxslər Әbdül-Müttəlibdən başlayaraq Peyğəmbərin (s) də babaları sayılırlar.
Hamıya mə᾿lumdur ki, Peyğəmbərin (s) babaları arasında müşrik və kafir şəxs olmamışdır. Həzrət Әbu Talib istisna olmaqla, Әli (ə) babalarında Peyğəmbərlə (s) şərikdir. Bə᾿zi qərəzli alimlər Әli (ə)-ın nəsəbini şübhə altına salmaq üçün həzrətin atası Әbu Talibin iman gətirməsinə şübhə ilə yanaşmışlar. Burada Әbu Talibin iman gətirməsini təsdiqləyən bir neçə dəlil gətiririk:
Mir Seyyid Әli Həmədani «Məvəddətul-qurba» kitabında, Şeyx Süleyman Hənəfi «Yənabiul-məvəddə» kitabında, Qazi Şukani «Hədisul-qudsi» kitabında Peyğəmbərdən (s) nəql edirlər:
«Cəbrail nazil olub mənə dedi: Allah-taala sənə salam göndərərək buyurdu: Səni endirən sülbə (atası Abdullah), səni həml edən bətnə (anası Amənə) və səni himayəsinə götürən şəxslərə cəhənnəm odunu haram etdim.»
Mə᾿lum olduğu kimi, Peyğəmbərin (s) himayədarı babası Әbdül-müttəlib, onun vəfatından sonra əmisi Әbu Talib olmuşdur.
Həzrət Әbu Talibin söylədiyi şe᾿rlər onun imanından xəbər verir. Bu şe᾿rləri İbni Әbil Hədid, Әbul Qasim Bəlxi, Әbu Cə᾿fər İskafi, Sibt ibni Cuzi kimi əhli-sünnət alimləri öz kitablarında qeyd etmişlər. Şe᾿rlərdən bə᾿zi parçalarla tanış oluruq:
«Bizdən istəyirlər ki, İslam dininə qarşı qiyam edək, əlimizə qılınc götürüb Məhəmmədlə döyüşək. Yox, yalan deyirsiniz; Allahın evinə and olsun ki, xaliqindən kitab nazil olmuş, insanları hidayətə səsləyən Məhəmmədlə döyüşmək əbəs və çox böyük səhvdir.»
«Ey Allahın şahidləri şahid olun! Mən Әhmədin (Məhəmməd (s)) dinindəyəm. Hər kəs yolundan azırsa azsın, mən hidayət olmuşam!»
Gördüyünüz kimi Әli (ə)-ın əsil-nəsəbində Allahın varlığına iman gətirməyən müşrik və kafir bir şəxs yoxdur.
Әli (ə)-ın nurani xilqəti onun ən böyük fəzilətlərindən biridir.
Hənbəli məzhəbinin imamı Әhməd ibni Hənbəl öz «Müsnəd» kitabında, həmçinin Mir Seyyid Әli Həmədani, İbni Məcazili Şafei, Məhəmməd ibni Təlhə öz kitablarında Peyğəmbərdən (s) nəql edirlər:
«Mən və Әli Adəm peyğəmbər yaranmazdan 14 min il (yəqin ki, yer ili deyil) öncə Allahın yaratdığı vahid nur idik. Adəm yaranan gün Allah bu nuru onun sülbündə qərar verdi. Bu nur sülblərdən sülbə gələrək Әbdül-müttəlibin sülbündə ikiyə parçalandı. Nübuvvət məndə, imamət isə Әlidə qərar verildi.»
Bütün İslam tarixçilərinin yazdığına görə, Әli (ə)-ın təvəllüdü müqəddəs Kə᾿bə evində olmuşdur. Anası Fatimə binti Әsəd Məscidul-həramda olduğu zaman Kə᾿bənin divarları yarılaraq içəri də᾿vət olundu. Həcərül-əsvədlə üz-üzə dayandıqda Kə᾿bənin sol küncündə yarılmış divarın izləri bu günə qədər qalmaqdadır.
2. Әli (ə)-ın iman və təqvası:
Bütün tarixçilərin yazdığına əsasən, Әli (ə) körpəliyindən Peyğəmbərin (s) tərbiyəsi altında böyümüş və ona ilk iman gətirən kişi olmuşdur. Әli (ə)-ın hamıdan əvvəl iman gətirdiyini təsdiqləyən dəlillərdən bir neçəsini gətiririk:
İbni Әbdül-birr «İstiab» kitabında, İbni Әbil Hədid «Şərhu-nəhcil-bəlağə» kitabında, Hakim Nişapuri «əl-Müstədrək» kitabında Peyğəmbərdən (s) nəql edirlər:
«Qiyamət günü Kövsərin kənarında mənim yanıma gələn ilk şəxs, hamıdan əvvəl iman gətirən Әli olacaq.»
Məşhur tarixçi Məhəmməd Təbəri «Tarixul-uməmi vəl-müluk» kitabında öz mö᾿təbər sənədləri ilə Üdey ibni Qeys Kəndidən nəql edir:
«Cahiliyyət dövründə mən ətriyyat alveri ilə məşğul idim. Məkkə şəhərinə etdiyim səfərlərin birində Abbasla birlikdə Məscidul-hərama getdim. Günəş artıq xeyli qalxmışdı. Bu zaman ay kimi bir nurlu cavan məscidə daxil olub üzünü Kə᾿bəyə tərəf çevirdi və namaz qılmağa başladı. Bir az keçdikdən sonra gözəl bir cavan gəlib onun sağ tərəfində, daha sonra örtüklü bir qadın gəlib onların arxasında durdu. Mən bu mənzərədən təəccüblənərək Abbasdan bunun nə olduğunu soruşdum. O cavab verdi: Әvvəl gələn cavan mənim qardaşım oğlu Məhəmməddir, sonra gələn isə başqa bir qardaşımın oğlu Әli, o qadın isə Məhəmməddin həyat yoldaşıdır. Məhəmməd iddia edir ki, ona Allah tərəfindən din nazil olmuşdur. İndi yer üzündə bu üç nəfərdən başqa bu dinə iman gətirən yoxdur.»
Әli (ə)-ın təqvasına gəldikdə isə həzrətin dünyaya e᾿tinasızlığı, sadə həyatı bütün tarixçilər tərəfindən qələmə alınmışdır.
Şeyx Süleyman Hənəfi, Məhəmməd ibni Təlhə Şafei, Məhəmməd Təbəri kimi tarixçilər Süveyd ibni Ğəflədən nəql edirlər:
«Bir gün Әli (ə)-ı süfrə üstündə gördüm. Onun qarşısında bir kasa turşumuş ayran var idi. Әli (ə) qabığı təmizlənməmiş quru arpa çörəyini çətinliklə sındırır, ayranda isladaraq yeyirdi. Mən həzrətdən nə üçün təmizlənməmiş arpa çörəyi yediyini soruşduqda cavab verdi: Canım qurban olsun Peyğəmbərə (s)! O da belə çörək yeyirdi, ölən günədək doyunca buğda çörəyi yemədi...»
İbni Әhməd Xarəzmi, İbni Məcazili Şafei və başqaları nəql edirlər:
«Bir gün Әli (ə)-ın hüzuruna bir qab şirin halva gətirdilər. Həzrət barmağını halvaya batırıb dedi: Nə gözəl rəngi, nə xoş ətri var, amma Әli onun dadını bilmir. Həzrətdən halvanın onun üçün haram olduğunu soruşduqda cavab verdi: Allahın halalı haram olmaz. Amma mən necə qarnımı doyura bilərəm ki, ölkənin ətrafını aclar bürümüşdür.»
Hafiz Әbu Nəim İsfahani, Şeyx Abdullah Şəbravi Şafei, Məhəmməd ibni Təlhə Şafei, İbni Səbbağ Maliki, Sibt ibni Cuzi və başqaları nəql edirlər:
«Zirar Şam şəhərində Müaviyə ilə apardığı müzakirədə dedi: Bir gecə Әlini gördüm ki, ilan vurmuş adamlar kimi qıvrılır, ağlayaraq deyir: Ey dünya get məndən başqalarını aldat! Mən səni üç təlaqla boşamışam. Artıq sənin mənə qayıtmaq ümidin yoxdur. Sənin ömrün çox qısa, təhlükən isə böyükdür...»
3. Әli (ə)-ın elmi:
Әli (ə)-ın sonsuz elm və ilahi hikmət sahibi olduğunu bu günədək heç kim təkzib etməmişdir. Ötən bəhslərimizdə bütün səhabələrin, xüsusilə xəlifələrin Әli (ə)-ın hamıdan elmli olmasını e᾿tiraf etdikləri barədə söhbət açmışdıq. Әli (ə)-ın 1400 il bundan öncə buyurduğu elmi məsələlər bu gün də bütün alim və mütəfəkkirləri heyran qoyur.
Yüzlərlə əhli-sünnət kitablarında nəql olunmuş bir hədis «Mən elmin şəhəriyəm, Әli isə onun darvazasıdır». Әli (ə)-ın Peyğəmbər (s) elminin varisi olduğunu gözəl şəkildə bəyan edir.
Әli (ə)-ın həzrət Peyğəmbərdən (s) sonra bütün bəşəriyyətdən elmli və əfzəl olmasını bütün alimlər təsdiq etmişlər.
Necə ki, İbni Әbil Hədid «Şərhu-nəhcil-bəlağə» kitabının 1-ci cildinin əvvəllərində yazır:
«Həqiqətən o, Peyğəmbərdən (s) sonra bütün bəşəriyyətin əfzəl və üstünü idi.»
Kitabın ilk səhifəsində bu böyük əhli-sünnət alimi maraqlı bir xütbə ilə sözə başlamışdır:
«Bağışlayan və mehriban Allahın adı ilə! Həmd olsun o Allaha ki, üstün olmayanı (ilk xəlifələri) üstün olandan (Әli) önə çəkdi.»
Әli (ə)-ın dəfələrlə təkrarladığı bir cümlə onun elminin bir e᾿caz olduğundan xəbər verir:
«Ey insanlar, istədiyiniz sualı məndən soruşun. Məndən əvvəlkilərin, məndən sonra gələnlərin bütün elmləri mənim sinəmdə yatır.»
İSTİAB. Bu hədis «Müsnəd», İstiab», «Yənabiul-məvəddə» «Fəraid», «Məvəddətul-qurba», «Mənaqib», «Tarixul-xüləfa», Fəthul-bari», «Təfsirul-itqan» və onlarla digər əhli-sünnət kitablarında nəql olunmuşdur.
«İstədiyiniz sualı məndən soruşun» demək, zahirən sadə görünsə də bu cümləni deməyə heç kimin cəsarəti çatmamışdır.
İbni Әbdül-birr, Әbdul-Abbas Şafei, Xətib Bağdadi kimi alimlər çəkinmədən demişlər:
«Bu cümləni Әli (ə)-dan özgə hər kəs demişsə, yalançı olduğu sübut olunmuşdur.»
Bu mövzunu İbni Әbil Hədid Mö᾿təzilinin bir cümləsi ilə sona yetiririk:
«Çox təəccüblü və heyrətamizdir. Bu kişi ömrünün sonunadək bir dəfə də olsun bilmirəm demədi... yəqin ki, bu bir mö᾿cüzədir. Axı belə şeylər bəşər qüdrətindən xaricdir..!»
25. ӘLİ (Ә) QUR᾿ANİ-KӘRİMDӘ. Bə᾿zi alimlər iddia edirlər ki, Әli (ə) şiə məzhəbinin təsəvvürləri qədər fəzilət sahibi olsaydı, mütləq Qur᾿ani-Kərimdə adı çəkilərdi. Әvvəla qeyd etməyi lazım bilirik ki, bir şəxsin Qur᾿ani-Kərimdə adının çəkilib-çəkilməməsi onun fəzilətini təsdiq və ya təkzib etmir.
Zeyd ibni Haris sadə bir müsəlman olmasına baxmayaraq, səhabələr arasında yeganə şəxsdir ki, Qur᾿ani-Kərimdə adı ilə zikr olunmuşdur. 
Qur᾿ani-Kərim şəxsən Peyğəmbərə (s) nazil olub, amma o həzrətin adı bu müqəddəs kitabda yalnız beş dəfə çəkilmişdir. (Ali-İmran-144, Әhzab-40, Səff-6, Məhəmməd-2, Fəth-29.) Әgər bir şəxsin adının Qur᾿anda zikr olunması fəzilət olsaydı, Peyğəmbərin (s) mübarək adı hamıdan artıq zikr olunmalı idi. Halbuki Adəm, Nuh, Musa, İsa, İbrahim və başqa peyğəmbərlərin adları İslam Peyğəmbərinin (s) adından dəfələrlə artıq zikr olunmuşdur.
Bilmək lazımdır ki, ilahi ne᾿mət olan ağıl və zəka biz insanlara ona görə verilmişdir ki, düşünməyi, nəticə çıxarmağı bacaraq. Әgər gözlərimizin önünə pərdə çəkən təəssübkeşlikdən yaxa qurtarıb Qur᾿ani-Kərimə nəzər salsaq, Әli (ə)-ın təkzibolunmaz fəzilətlərini rahat şəkildə müşahidə edə bilərik. Bu fəzilətlər o qədər çoxdur ki, əhli-sünnət təfsirçiləri Әbu Nəim İsfahani və Әbu Bəkr Şirazi Әli (ə) haqqında nazil olan ayələri toplayaraq xüsusi bir kitab yazmışlar. (Ma xəzələ minəl-qur᾿ani fi Әli, Nüzulul-qur᾿ani fi Әli). Әgər biz imam Sə᾿ləbi, imam Fəxri Razi, Siyuti, imam Әhməd ibni Hənbəl, Təbəri, Müslüm, Nəsai, İbni Həcər kimi alimlərin kitablarına baxsaq, Әli (ə) barəsində nazil olan ayələrin təkcə əhli-sünnət kitablarında 300-dən artıq olduğunu görərik. Bu qədər dəlillərin müqabilində - Әli (ə)-ın adı Qur᾿anda yoxdur - deyə, inad etməyimiz Bəni-israilin - Allahı görməsək iman gətirmərik - deməsinə bənzəmirmi?
Burada Әli (ə)-ın fəzilətlərini isbat edən bir neçə ayəni misal olaraq əziz oxuculara təqdim edirik.
1. «Sənə əta olunan elm və hikmətdən sonra səninlə hər kəs mübahisə etsə de ki, gəlin biz öz oğlanlarımızı, siz də oğlanlarınızı, biz öz qadınlarımızı, siz də öz qadınlarınızı, biz öz cavanlarımızı, siz də öz cavanlarınızı çağıraq. Sonra (haqqın sübut olunması üçün) bir-birimizə nifrin edib Allahın lə᾿nətini kafir şəxslərə istəyək.» 
Ayənin nazilolma səbəbi çox maraqlıdır. Bir dəstə xristian həzrət Peyğəmbərin (s) hüzuruna gəlib İslamın İsa peyğəmbərin barəsində nə buyurduğunu soruşdular. Peyğəmbər (s) İsanın bir insan olduğunu, Allah və ya Allahın oğlu olmadığını buyurdu. Onlar, bəs onun atası kim idi? deyə soruşdular. Həzrət onların cavabında bir sual buyurdu: Adəm insan idi, yoxsa Allah? Dedilər: Şübhəsiz ki, insan idi. Həzrət soruşdu: Bəs onun atası kim idi?!
«Allah yanında İsanın misalı Adəm kimidir ki, onu torpaqdan yaratdı, sonra ona bir “ol” kəlməsi dedi, o da oldu.» 
Bu möhkəm dəlillərin müqabilində xristianlar yenə də inad etmək istəyəndə, qeyd etdiyimiz ayə nazil olaraq onları mübahisəyə də᾿vət etdi.
İmam Fəxri Razi, imam Sə᾿ləbi, Siyuti, Zəməxşəri, Müslüm və başqaları bu ayəni şərh edərkən yazmışlar:
«Zil-hiccə ayının 25-də xristianlar bu mübahiləyə hazır olduqlarını e᾿lan etdilər. Bu zaman Peyğəmbər (s) sağ tərəfində Әli, sol tərəfində Fatimə, qarşısında isə Həsən və Hüseyn qalanın (Mədinə) qapısından gəlirdilər. Xristianlar bu nurani şəxsləri görüb nifrin etməkdən boyun qaçırdılar.»
Ayəyə diqqət etsək görərik ki, Peyğəmbər (s) üç dəstə şəxsi mübahiləyə də᾿vət edir: Oğlanlarımız, qadınlarımız və canlarımız (özümüz).
Hadisənin təfsilatı göstərdi ki, oğlanlarımız Həsən və Hüseynə, qadınlarımız Fatimə xanıma, canlarımız (özümüz) isə Әli (ə)-a olunan işarədir. Qur᾿anın bu mübarək ayəsində «canlarımız» kəlməsinin Әli (ə) olduğunu bütün əhli-sünnət təfsirçiləri təsdiq etmişlər.
2. «Həqiqətən sizin mövla və rəhbəriniz Allah, Allahın rəsulu və iman gətirən, namaz qılıb rüku halında zəkat verənlərdir.» 
Bu ayənin barəsində böyük təfsirçilərin nəzər və fikirlərini bəyan etməzdən öncə, ayənin mə᾿nasına diqqət yetirək. Әgər ayənin sonunu «namaz qılıb, zəkat verib, rüku edənlər» kimi tərcümə etsək, bu ayə bütün mö᾿minlərə şamil olar. Çünki, bütün mö᾿minlər namaz qılır, zəkat verir və rüku edirlər. Lakin ayənin qrammatik quruluşu göstərir ki, bu tərcümə düzgün deyildir. Təəssüflər olsun ki, bizim hörmətli tərcüməçilərimiz də bu ayəni Azərbaycan dilinə belə tərcümə etmişlər. Lakin ayənin sonunda «rüku edən halda» ifadəsi göstərir ki, bu ayə xüsusi bir hadisəyə işarə edir. Ayə rüku halında zəkat verən müəyyən bir şəxsdən söhbət açır. Rüku etdiyi halda zəkat və sədəqə verən şəxs kim idi?
İmam Sə᾿ləbi, imam Fəxri Razi, Carullah Zəməxşəri, İbni Sə᾿dun Qurtəbi, Fazil Nişapuri, Әbu Bəkr Cəssas, Әbu Bəkr Şirazi, Beyzavi, Siyuti, Şukani, imam Nəsai, İbni Təlhə Şafei, İbni Səbbağ Sibti, ibni Cuzi və başqa əhli-sünnət alimləri bu ayənin şərhində müxtəlif ifadələrlə yazmışlar:
«Bu ayə nazil olan kimi Peyğəmbər (s) məscidə getdi. Bu zaman bir dilənçinin sevincək məsciddən çıxdığını gördü. Həzrət bunun səbəbini soruşduqda, dilənçi namaz halında olan bir şəxsi göstərib dedi: O rükuda olduğu zaman əlini mənə tərəf uzadıb barmağındakı bu üzüyü mənə verdi. Peyğəmbər (s) namaz halında olan şəxsin Әli (ə) olduğunu görəndə təkbir deyərək buyurdu: Ayə Әlinin barəsində nazil olmuşdur.»
3. «Həqiqətən Allah iradə etmişdir ki, siz Әhli-beyti bütün pisliklərdən təmizləyib, sizi tamamilə paklığa çıxarsın.» 
Ayədə Peyğəmbər (s) Әhli-beytinin bütün pisliklərdən, günahlardan tamamilə paklanmasından söhbət açılır. Ayəni təfsir edərkən bə᾿zi alimlər Әhli-beytin Peyğəmbərin (s) xanımları olduğunu demişlər. Lakin ərəb dilinin çoxşaxəli, geniş bir dil olduğunu nəzərə alsaq, ayədə qadınlar deyil, kişilər barəsində söhbət açıldığını rahat şəkildə anlaya bilərik. Azərbaycan dilindən fərqli olaraq, ərəb dilində hər hansı bir cümlədə nəzərdə tutulan şəxslərin qadın və ya kişi cinsindən olduğunu anlamaq çox asandır.
Bu ayədə həm Әhli-beyt sözünə işarə olunan əvəzliklərin kişi cinsində olması yuxarıdakı təfsirin yanlış olduğundan xəbər verir. Doğrudur, bu ayədən əvvəl və sonra gələn ayələr Peyğəmbərin (s) xanımlarından söhbət açır. Lakin bütün bu ayələr qadın cinsindən olmaları ilə bu ayədən tamamilə fərqlənirlər. Qur᾿ani-Kərimin digər ayələrində də belə hallara təsadüf etmək olar. Məsələn, Yusif surəsinin 29-cu ayəsinə diqqət edək:
«Yusif, bu məsələdən vaz keç və öz günahından tövbə et…»
Ayənin zahirindən hər iki əmrin Yusif peyğəmbərə olunmasını başa düşürük. Lakin ikinci əmrin qadın cinsində olması bunun Yusifə deyil, Züleyxaya aid olunduğunu açıqlayır. Gördüyünüz kimi bir ayənin daxilində qrammatik cinsiyyət, mövzuları bir-birindən tamamilə ayırır. Necə ki, Müslim ibni Həccac «Səhih» kitabında Hüseyn ibni Səmrədən nəql edir:
«Zeyd ibni Әrqəmdən soruşdum ki, Peyğəmbərin (s) xanımları bu ayədə Әhli-beytə daxildirlərmi? Cavab verdi: Allaha and olsun ki, xeyr. Çünki qadınlar bir müddət kişinin evində qalırlar. Təlaqdan sonra isə başqa bir şəxsin evinə gedirlər. Әhli-beyt yalnız o kəslərdirlər ki, hansı evdə olsalar da, Peyğəmbərin (s) yaxın qohumu sayılırlar.»
İmam Fəxri Razi, imam Sə᾿ləbi, Siyuti, İbni Həcər Әsqəlani, imam Әhməd ibni Hənbəl, Müslim ibni Həccac, Şeyx Süleyman Hənəfi, İbni Həcər Məkki, Məhəmməd Təbəri bu ayənin barəsində nəql etdikləri hədisdə deyirlər:
«Әhli-beyt Peyğəmbər (s), Әli (ə), Fatimə, Həsən və Hüseynə şamil olur.»
Yeri gəlmişkən qeyd edək ki, həzrət Fatimənin buraya daxil olması ayənin kişi cinsindən olmasına maneçilik törətmir. Әrəb dilinin qrammatik qaydalarına əsasən bir toplumda həm kişi, həm də qadın olarsa, cümlə kişi cinsini ifadə edən bir formada olur (ərəb dilində buna təğlib-qələbə deyilir). Qur᾿ani-Kərimin bütün ayələri həm kişilərə, həm də qadınlara aid olmasına baxmayaraq, kişi cinsində işlədilmişdir.
Beləliklə, Әli (ə)-ın fəzilətlərini əks etdirən yüzlərlə ayədən üçü ilə xülasə şəkildə tanış olduq.
26. ӘLİ (Ә)-IN İMAMӘT VӘ XİLAFӘTӘ TӘ᾿YİN OLUNMASI. Ötən bəhslərimizdə Peyğəmbərin (s) xəlifəsi, yə᾿ni İslam ümmətinin rəhbər və imamının tə᾿yinolunma üsulları barədə danışdıq. Qeyd etdik ki, şiə məzhəbinin əqidəsinə görə İslam ümmətinin rəhbər və imamı yalnız ilahi əmrlə tə᾿yin olunmalıdır. Bütün aqil insanlar kimi, Peyğəmbər (s) də özündən sonra İslam hökumətini və müsəlmanları öz ixtiyarına buraxıb gedə bilməzdi. Başqa dinlərdən fərqli olaraq müqəddəs İslam dini müəyyən zaman və məkan çərçivəsində məhdudlaşmır. İslamın hökmlərinə diqqət etsək görərik ki, bu hökmlər təkcə Peyğəmbərin (s) 23 illik risalət dövrünü deyil, qiyamətə qədər olacaq bütün zamanları əhatə edir. Bəs bütün bu hökmlərin fövqündə dayanan, demək olar ki, İslamın müqəddəratını həll edən hakimiyyət məsələsi həll olunmamış qala bilərdimi? Şübhəsiz ki, bu talehyüklü məsələ ilahi göstərişlə həll olunmalı, ümmətin gələcək taleyi müəyyənləşdirilməli idi.
Tarixi sənədlərdən məlum olur ki, xilafət məsələsi İslam dini nazil olduğu gündən risalətin son gününədək Peyğəmbərin (s) diqqət mərkəzində olmuşdur.
Bəs Peyğəmbər (s) bu ağır məs᾿uliyyəti kimin öhdəsinə qoymuş, imamət və xilafətə kimi tə᾿yin etmişdir? Bu barədə nəql olunan yüzlərlə hədisdən bir neçəsini təqdim edirik:
1. Hədisud-dar:
İmam Әhməd ibni Hənbəl «Müsnəd» kitabında, imam Sə᾿ləbi «Kəşful-bəyan» kitabında, İbni Әhməd Xarəzmi «Mənaqib» kitabında, Məhəmməd Təbəri «Təfsiri-kəbir» və həmçinin «Tarixul-uməmi-vəl-müluk» kitabında, İbni Әbil Hədid Mö᾿təzili «Şərhu-nəhcil-bəlağə» kitabında, İbni Әsir «Kamilut-tarix» kitabında, Həmidi «əl-Cəm bəynəs-səhihəyn» kitabında, imam Nəsai «Xəsaisul-ələvi» kitabında və «Şüəra» surəsinin 214-cü ayəsinin şərhində yazmışlar:
«Bu ayənin hökmünə əsasən Peyğəmbər (s) öz yaxın qohumlarını əmisi Әbu Talibin evinə də᾿vət etdi. Onlar Peyğəmbərin (s) çox az miqdarda hazırladığı yeməkdən yeyib doyduqdan sonra həzrət sözə başladı: (xülasə) Ey Әbdül-müttəlibin övladları! Allah məni xalq üçün Peyğəmbər (s) tə᾿yin etmişdir. Mən sizi sözdə yüngül, həqiqətdə ağır olan iki cümləyə də᾿vət edirəm: Allahdan başqa Allah yoxdur, Məhəmməd Onun rəsuludur. Hər kəs mənim bu də᾿vətimi birinci qəbul etsə mənim qardaşım, vəzirim, varisim və məndən sonra xəlifəm olacaq... Peyğəmbər (s) bu sözləri üç dəfə təkrar etsə də hər dəfə Әli (ə)-dan başqa heç kim cavab vermədi. Bu zaman Peyğəmbər (s) üzünü Әli (ə)-a tutub buyurdu: Sən mənim qardaşım və məndən sonra xəlifəmsən.»
Bu hadisəni müsəlman tarixçilərindən başqa, Tomas Karlil (18-ci əsr Londan), Tol Lehojur (18-ci əsr Paris), Haşim Nəsrani (18-ci əsr Dəməşq) kimi xristian alimləri də öz tarix kitablarında yazmışlar.
2. Hədisus-Səqəleyn:
Otuzdan artıq əhli-sünnət kitablarında, o cümlədən Səhih Müslim, Səhih Әbi Davud, Səhih Termezi, Səhih Nəsai, Müsnəd, Müstədrək, Hilyətul-övliya, Üsdul-ğabə, əl-Cəm bəynəs-səhihəyn, əl-Cəm bəynəs sihah-sittə, Әqdul-fərid, Məhtalibus-sual, Mənaqib, Yənabiul-məvəddə, Şərhu-nəhcil-bəlağə, Fəraidus-simətəyn, Kəşful-bəyan və başqa kitablarda Peyğəmbərdən (s) nəql olunur:
«Mən sizin aranızda iki ağır əmanət qoyub gedirəm. Onlardan biri Allahın kitabı Qur᾿an, digəri isə mənim Әhli-beytimdir. Bu iki əmanət bir-birindən qiyamətə qədər ayrılmazlar. Hər kəs onlara itaət etsə nicat tapar, onlardan ayrılanlar isə həlak olarlar.»
Hədisin mə᾿nası açıq-aşkar Әli (ə)-ın və onun mə᾿sum övladlarının itaətinin vacib olduğunu bəyan edir.
3. Hədisul-mənzilə:
Bütün şiə və əhli-sünnət alimlərinin nəql etdikləri «Hədisul-mənzilə» rəvayəti Әli (ə)-ın imamət və xilafətini isbat edən təkzibolunmaz faktdır. Hədisdə Әli (ə)-ın Peyğəmbərə (s) olan nisbəti Harunun Musa peyğəmbərə olan nisbətinə bənzədilir. Qur᾿ani-Kərim Harunun Musa peyğəmbərin qardaşı, vəziri, özü olmayanda xəlifəsi olmasından xəbər verir. Peyğəmbərdən (s) nəql olunan bu hədisin mətni belədir:
«Әlinin mənə olan nisbət və məqamı Harunun Musaya olan nisbət və məqamı kimidir. Lakin məndən sonra Peyğəmbər gəlməyəcək.»
Bu hədis müxtəlif şəkilli cümlələrlə 31 əhli-sünnət kitablarında 25 məşhur səhabədən nəql olunmuşdur. (Səhih Buxari, Səhih Müslim, Səhih Termezi, Səhih Nəsai, Tarixi-Təbəri, Müsnədi imam Hənbəli daxil olmaqla).
Gördüyünüz kimi nəql etdiyimiz hədislər «mütəvatir» həddindən keçmişdir. 10-dan (təqribən) artıq yolla nəql olunan hədislərə «mütəvatir» deyilir. «Mütəvatir» hədislərin qondarılma ehtimalı yoxdur. Buna görə də bu hədislər bütün məzhəblərdə səhih və mö᾿təbər sayılırlar.
27. QӘDİR-XUM HADİSӘSİ. Tarixin daş yaddaşına silinməz hərflərlə həkk olunmuş Qədir-xum hadisəsi Әli (ə)-ın imamət və xilafətinə şəhadət verən ən böyük dəlildir. Qədir-xum hadisəsinin mö᾿təbər sənədlərini araşdırmazdan öncə hadisənin mahiyyəti barədə xülasə şəkildə mə᾿lumat veririk:
Hicrətin 10-cu ilində, yə᾿ni İslam Peyğəmbərinin (s) ömrünün son ilində həzrət Məhəmməd (s) özünün son həcc mərasimini tamamlayaraq Mədinəyə qayıdırdı. Bu zaman 120 mindən artıq müsəlman əziz Peyğəmbərlərini müşayiət edirdilər. Zil-hiccə ayının 18-ci günü həzrətin qafiləsi Qədir-xum adlı bir səhraya yetişdi. Həzrət Peyğəmbər (s) gözlənilmədən hamıya bu isti səhrada dayanmağı əmr etdi. Bir az öncə onlardan ayrılan Yəmən, Taif və başqa diyarlardan olan müsəlmanların arxasınca qasid göndərərək onların qayıtmasını istədi. Həzrət dəvə xamıdlarından düzəldilmiş uca bir yerə çıxaraq əvvəlcə bir neçə kəlmə Әli (ə)-ın fəzilətlərindən, onun barəsində nazil olan ayələrdən danışaraq buyurdu:
Ey müsəlmanlar, mən sizə sizin özünüzdən daha yaxın deyiləmmi? (Yə᾿ni mənim əmr və göstərişlərim sizin öz fikirlərinizdən daha əhəmiyyətli deyilmi? Mən sizin rəhbəriniz deyiləmmi?) Dedilər: Bəli ya Rəsuləllah! Həzrət Peyğəmbər, Әli (ə)-ın əlindən tutaraq bacardıqca yuxarı qaldırdı və buyurdu: Mən hər kəsin mövlasıyamsa (rəhbəri), Әli də onun mövlasıdır! İlahi! Onu sevəni Sən də sev, ona düşmən olana Sən də düşmən ol. Ona kömək edən şəxsə kömək et, onu zəlil etmək istəyəni zəlil et!
Daha sonra üzünü bütün müsəlmanlara tutaraq: Gedin Әliyə bey᾿ət edin! Buyurdu. Әli (ə)-a hamıdan öncə Ömər, sonra Әbu Bəkr daha sonra Osman, Təlhə, Zübeyr və bütün müsəlmanlar bey᾿ət etdilər.»
Bu böyük hadisəni bütün tarixçilər 120-dən artıq mö᾿təbər sənədlə nəql etmişlər.
Burada bu hadisəni nəql edən əhli-sünnət kitablarının bir hissəsini gətiririk:
Məfatihul-ğəyb – İmam Fəxri Razi;
2. Kəşful-bəyan – imam Sə᾿ləbi;
3. Dürrül-mənsur – Cəlaləddin Siyuti;
4. Әsbabun-nüzul – Nişapuri Әbul Həsən;
5. Təfsiri-kəbir – Məhəmməd Təbəri;
6. Hilyətul-övliya – Hafiz İsfəhani;
7. Səhih – Müslim ibni Həccac;
8. Tarix – Məhəmməd Buxari;
9. Sünən - Әbi Davud;
10. Sünən – Termezi;
11. Kitabul-vilayə - Hafiz ibni Әqdih;
12. Tarix – İbni Kəsir;
13. Müsnəd – imam Әhməd ibni Hənbəl;
14. Sirrul-aləmin – Ğəzzali;
15. İstiab – İbni Әbdül-birr;
16. Mətalibus-sual – İbni Təlhə Şafei;
17. Mənaqib – İbni Məğazili Şafei;
18. Fusulul-mühimmə - İbni Səbbağ Maliki;
19. Məsabihus-sünnə – İbni Məs᾿ud Bəğəvi;
20. Mənaqib – Xətib Xarəzmi;
21. Qamusul-üsul – Məcduddin ibni Әsir;
22. Sünən və xəsaisul ələvi – imam Nəsai;
23. Yənabiul-məvəddə – Şeyx Süleyman Hənəfi;
24. Әs-Səvaiqul-muhriqə - İbni Həcər Məkki;
25. Sünən – İbni Yezid Hafiz ibni Macə;
26. Müstədrək – Hakim Nişapuri;
27. Әvsət – İbni Әhməd Təbərani;
28. Üsdul-ğabə - İbni Әsir Cəzəri;
29. Təzkirətu xəvassil-ummə - Sibt ibni Cuzi;
30. Әqdül-fərid – İbni Әbdi Rəbih;
31. Cəvahirul-əqdəyn - Әllamə Səmhudi;
32. Minhacus-sünnə - İbni Teymiyyə;
33. Fəthul-bari – İbni Həcər Әsqəlani;
34. Rəbiul-əbrar – Carullah Zəməxşəri;
35. Әd-dirayə fi hədisil-vilayə - Әbu Səid Səcistani;
36. Duatul-huda ila ədai həqqil-məvalat – Həskani;
37. Әl-Cəm bəynəs-sihah sittə - İbni Müaviyə Әbdəri;
38. Әl-Әrbəin – imam Fəxri Razi;
39. Әhadisul-mütəvatirə - Muqbili;
40. Tarixul-xüləfa – Siyuti;
41. Məvəddətul-qurba – Mir seyyid Әli Həmədani;
42. Xəsaisul-ələvi - Әbdul-fəth Nəzəzi;
43. Fəslul-xitab – Xacə Buxari;
44. Әl-Әrbəin – Cəmaləddin Şirazi;
45. Feyzul-qədir - Әbu-rəuf əl-Mənavi;
46. Kifayətu-talib – İbni Şərəf ən-Nəvəvi;
47. Təhzibul-əsma – İbni Şərəf ən-Nəvəvi;
48. Fəraidus-sibtəyn – İbrahim Həmvini.
49. İbtalul-batil – Qazi Fəzlullah;
50. Siracul-munir – Şəmsəddin Şərbini;
51. Әl-Miləl vən-nihəl – Şəhristani Şafei;
52. Tarixu Bağdad – Xətib Bağdadi;
53. Tarix – İbni Әsakir Dəməşqi;
54. Şərhu-nəhcil-bəlağə - İbni Әbil Hədid;
55. Ürvətul-vüsqa - Әlauddin Səmnani;
56. Tarix – İbni Xəldun;
57. Kənzul-ümmal – Müttəqi Hindi;
58. Әsnəl mətalib - Әbul-xeyr Dəməşqi;
59. Şərhu Məvaqif – Şərif Hənəfi Cürcani;
60. Ğəraibul-qur᾿an – Nizamuddin Nişapuri.
Bu qədər mö᾿təbər sənədin müqabilində e᾿tirafa məcbur olan bə᾿zi qərəzli alimlər belə bir məntiqsiz bəhanə gətirirlər: Bu hadisənin tarixi fakt olması şübhəsizdir. Lakin Peyğəmbər (s) bu hədisdə «mövla» dedikdə dostluq və məhəbbət nəzərdə tuturdu. Bu isə Әli (ə)-ın imamət və xilafətinə dəlalət etmir!..
Cavab: Doğrudur «mövla» sözünün mə᾿nalarından biri də dost deməkdir, lakin:
1. Әgər mövla sözünün bir mə᾿nası rəhbər, digər mə᾿nası dost deməkdirsə, nə üçün təkcə dost mə᾿nasını qəbul edək? Mövla dedikdə hansı mə᾿nanın nəzərdə tutulduğunu bilmiriksə, hansı dəlil və sübuta əsasən yalnız dost mə᾿nasını qəbul etməliyik?
2. Bir şəxsin dostluq və məhəbbətinin nə qədər əhəmiyyəti vardır ki, təkcə 60-dan artıq əhli-sünnət kitabı, 120-dən artıq sənədlə bu hədisi nəql etmişlər!?
3. Bunu hansı məntiqlə qəbul edək ki, İslam Peyğəmbəri (s) qızmar günəş altında, pul kimi qızaran səhrada müsəlmanlara dayanmaq əmri verir, ayrılan dəstələri geri qaytarıb onlara Әlini sevin deyir!?
4. Hədisin məzmununa bütünlüklə diqqət etsək görərik ki, Peyğəmbər (s) əvvəlcə özünün bütün müsəlmanlara olan vilayətini xatırladır və müsəlmanlardan bir daha bey᾿ət alır:
«Ey müsəlmanlar, mən sizə sizin özünüzdən yaxın deyiləmmi?»
Yə᾿ni mənim itaətim bir ilahi rəhbər kimi hamıya vacib deyilmi?
Müsəlmanlar bir daha bu həqiqəti iqrar etdikdən sonra Peyğəmbər (s) - mənim rəhbərliyimi qəbul edən kəslər Әlinin rəhbərliyini də qəbul etməlidirlər -.deyə buyurdu.
5. Cəlaləddin Siyuti «Dürrül-mənsur» kitabında, İbni Әbi Hatəm Razi «Təfsirul-ğədir» kitabında, Hafiz Təbəri «əl-Vilayə» kitabında, Hafiz Әbu Bəkr Şirazi «Ma nəzələ minəl-qur᾿an fi Әli» kitabında, Həskani «Şəvahidut-tənzil» kitabında, Qazi Şukani «Fəthul-qədir» kitabında, Bədrəddin Hənəfi «Ümdətul-qari» kitabında, İmam Sə᾿ləbi «Kəşful-bəyan» kitabında, İbni Səbbağ Maliki «Füsulul-mühimmə» kitabında və 20-dən artıq digər əhli-sünnət kitablarında Qədir-xum hadisəsini şərh edərkən yazmışlar:
«Peyğəmbər (s) Qədir-xum səhrasına yetişdikdə Qur᾿ani-Kərimin bu ayəsi nazil oldu:
«Ey Peyğəmbər, Allah tərəfindən sənə nazil olan hökmü xalqa çatdır. Әgər bunu etməsən öz peyğəmbərliyini yerinə yetirməmisən...» 
Bu ayə nazil olan kimi Peyğəmbər (s) müsəlmanlara dayanmaq əmri verdi və mə᾿lum xütbəni oxudu.»
Diqqət edin, əgər biz mövla sözünü dost mə᾿nasında qəbul etsək, belə çıxır ki, Allah-taala xüsusi bir ayə nazil edərək Öz Peyğəmbərinə əmr edir ki, xalqı isti səhrada dayandırıb Әlinin dostluğunu tövsiyə etsin!!!
Maraqlı burasıdır ki, Peyğəmbər (s) müsəlmanlara «Әli ilə dost olun» deməsə, 23 illik risalət və peyğəmbərliyini yerinə yetirməmiş olur!!!»
Gəlin qəbul edək ki, qeyd etdiyimiz ayənin məzmununa əsasən Peyğəmbərin (s) risalətinin tamamlanması hesab olunan, qızmar günəş altında 120 mindən artıq müsəlmana xitab edilən bu tarixi cümləni sadə bir dostluq mə᾿nasına yozduğumuzu eşidənlər bizə və ya bizim dinimizin məntiqinə qəhqəhə ilə gülsələr, onlara qoşulub gülməkdən başqa çarəmiz qalmır.
28. ӘMR SAHİBLӘRİ KİMLӘRӘ DEYİLİR? «Ey iman gətirənlər, Allaha, Peyğəmbərə və öz əmr sahiblərinizə itaət edin. Әgər bir məsələdə ixtilaf etsəniz, Allaha və qiyamət gününə iman gətirmişsinizsə, o məsələni Allaha və Peyğəmbərə həvalə edin. Bu, xeyirli və nəticə e᾿tibarı ilə daha yaxşıdır.» 
Allah-taala bu ayədə bütün mö᾿minlərə özünə, Peyğəmbərə və «əmr sahiblərinə» mütləq şəkildə itaət etməyi əmr edir. Ayədə itaət əmrinin mütləq və istisnasız olduğu diqqətdən kənarda qalmamalıdır. Allah-taala özünün və mə᾿sum Peyğəmbərinin itaətinin vacib olduğu miqdarda «əmr sahiblərinin» də itaətini də vacib etmişdir.
Allah-taalaya öz bəndələri tərəfindən mütləq şəkildə itaət olunması müzakirə və təhlilə ehtiyacı olmayan bir məsələdir. Həmçinin Peyğəmbərə (s) itaətin sorğusuz-sualsız vacib olması o qədər də dərin fikir və araşdırma tələb etmir. Çünki, Peyğəmbər (s) ilk növbədə ilahi vəhylə həmişə rabitədədir, buyurduğu bütün əmrlər bilavasitə ilahi əmr kimi qəbul olunur. Lakin «əmr sahiblərinin» itaətinin mütləq şəkildə əmr olunması, yə᾿ni onun itaətinin Allah və Peyğəmbərin (s) itaəti ilə fərqli olmaması bir anlaşılmazlıq və sual doğurandır: Bu «əmr sahibləri» kimlərə deyilir? Şübhəsiz ki, söhbət bütün ümmətin vahid rəhbərə itaət etməsindən gedir. Lakin bu rəhbər hansı keyfiyyətlərə malik olmalı, kim tərəfindən tə᾿yin olunmalıdır? Ötən bəhslərimizdə İslam ümmətinin rəhbərinin tə᾿yin olunması yolları barədə söhbət açmışdıq.
Bu ayədə itaətin vacib olunduğu «əmr sahibləri» qeyd olunan yolların hansı biri ilə tə᾿yin olunan rəhbərlərə deyilir?
1. İrsi yolla tə᾿yin olunan rəhbərlər;
2. Zor gücü ilə hakim olan rəhbərlər;
3. İcma və səs vermə yolu ilə tə᾿yin olunan rəhbərlər.
Çox təəssüflər olsun ki, bə᾿zi alimlər kor-koranə şəkildə tə᾿yin olunma üsulundan asılı olmayaraq, bütün hakim və rəhbərlərin «əmr sahibi» olduğunu və onlara itaətin vacib olduğunu demişlər.
Bu fikrin batil və bütün səmavi dinlərin mahiyyətinə zidd olduğunu isbat etmək o qədər də çətin deyil.
Elə isə ilahi peyğəmbərlər nə üçün öz zamanlarının zalım hakimlərinə itaət etmədilər? Nə üçün Musa peyğəmbər Fir᾿onun, İbrahim peyğəmbər Nəmrudun zülm və tüğyanları qarşısında qiyam etdi?
Zahirindən göründüyü kimi, bu təfəkkür tərzinin bünövrəsi qəsbkar əməvilər sülaləsinin hakimiyyət illərinə təsadüf edir. Demək istəyirlər ki, imam Hüseyn (ə) Allahın dinini təkzib edən mənfur Yezid ibni Müaviyəni (l.ə.) əmr sahibi hesab edərək onun əllərini öpməli idi!?
Söhbət yalnız icma və səsvermə üsulu ilə seçilən rəhbərdən gedə bilər ki, Allah-taala bu üsulla tə᾿yin olunan rəhbərə mütləq şəkildə itaət olunmasını vacib etmişdirmi? Diqqət etsək cavabın mənfi olduğunu qəbul etməli olacağıq.
İcma və səsvermə yolu ilə tə᾿yin olunan rəhbərin müəyyən dərəcədə səhv etməsinə ehtimal olunmurmu?
Xalqın əksəriyyətinin seçdiyi hər hansı bir şəxs günahdan uzaq və mə᾿sum hesab olunurmu?
Şübhəsiz ki, insanların zahiri keyfiyyətlərlə qiymətləndirib seçdikləri heç bir şəxs səhv və günah ehtimalından uzaq deyil. Çünki, biz insanlar bir-birimizin batinini görmək, qəlbindən xəbər verməyə qadir deyilik. Bə᾿zən insanları tanımaqda, öz nikbinliklərimizdə elə böyük səhvlərə yol veririk ki, illərlə peşmançılıq çəkirik. Bəs Allah-taala səhv və günah ehtimalı olunan bir şəxsin (ehtimal az olsa belə) itaətini Öz itaəti qədərində vacib edə bilərmi?
Bu, yolu yaxşı tanımayan bir şəxsi başqalarına bələdçi tə᾿yin etməyə bənzəmirmi? Bütün aqil insanlar qəbul edirlər ki, mütləq şəkildə itaəti vacib olan şəxs hökmən mə᾿sum və günah ehtimalından uzaq olmalıdır.
İmam Fəxri Razi «Məfatihul-ğeyb» təfsirində bu ayəni şərh edərkən yazır:
«Әgər bu ayədə «əmr sahiblərinin» mə᾿sum olmadığını desək, iki zidd məfhumu bir yerə cəm etmiş olarıq – gecə ilə gündüzün bir vaxtda cəm olması kimi... (iki zidd məfhum dedikdə günah və itaəti nəzərdə tutur).»
Bəli, təsdiq etməliyik ki, itaəti sorğusuz-sualsız vacib olan şəxs mütləq mə᾿sum olmalıdır.
Bəs mə᾿sum şəxslər kimlərdir?
Ötən bəhslərimizin birində Әhzab surəsinin 33-cü ayəsində Әhli-beytin bütün günah və pisliklərdən paklanması və mə᾿sum olması barədə mə᾿lumat vermişik. Müxtəlif əhli-sünnət kitablarında Әhli-beytin Әli (ə)-a və onun övladlarına şamil olduğunu bəyan etdik. Bu barədə bir neçə mö᾿təbər hədis gətirməklə bir daha həqiqəti açıqlayırıq:
Şeyx Süleyman Hənəfi «Yənabiul-məvəddə» kitabında Peyğəmbərdən (s) nəql edir:
«Mən, Әli, Həsən, Hüseyn və Hüseynin övladlarından doqquz şəxs bütün pisliklərdən paklanmış və bütün günahlardan mə᾿sumdurlar.»
Şeyxul-islam Həmvini «Fəraidus-simətəyn» kitabında Salman Farsidən nəql edir:
«Peyğəmbər (s) əlini imam Hüseynin çiyninə qoyub buyurdu: O, imam oğlu imamdır. Onun sülbündən gələn doqquz imam ən yaxşı insanlar, əmanətdar və mə᾿sumdurlar.»
Gördüyünüz kimi bütün mö᾿təbər hədislər göstərir ki, itaəti vacib olan «əmr sahibləri» ilahi əmrlə tə᾿yin olunan mə᾿sum imamlardır.
Bundan əlavə, digər hədislərdə və bu ayənin şərhində «əmr sahiblərinin» Әli (ə) və onun övladları olduğu açıq şəkildə bəyan edilmişdir:
Әbu İshaq Şeyxul-islam Həmvini «Fəraidus-simətəyn» kitabında, özünün mö᾿təbər saydığı hədislərə istinad edərək yazır:
«Peyğəmbərdən (s) bizim əlimizə belə çatmışdır ki, «əmr sahibləri» Әli (ə) və digər Әhli-beytdir.»
İsa ibni Yusif Həmədani Şafei Səlim ibni Qeysdən nəql edir:
«Bir gün Әli (ə) bir dəstə səhabənin müqabilində Peyğəmbərdən (s) «əmr sahibləri» barəsində soruşdu. Həzrət buyurdu: Ya Әli! Sən onların birincisisən.»
Məhəmməd ibni Mö᾿min «Risalətul-e᾿tiqadat» kitabında yazır:
«Әmr sahibləri Әli (ə)-ın barəsində nazil olmuşdur.»
Şeyx Süleyman Hənəfi «Yənabiul-məvəddə» kitabında yazır:
«Peyğəmbər (s) Әlini Mədinədə canişin tə᾿yin edəndən sonra bu ayə Әlinin barəsində nazil oldu.»
29. ӘLİ (Ә)-IN ON BİR ÖVLADININ İMAMӘTİ. Әli (ə)-ın imamət və xilafətinin ilahi əmrlə tə᾿yin olunduğu barədə kifayət qədər dəlil və sübutlar gətirdik.
Lakin İslam hakimiyyəti və ilahi xilafət Әli (ə)-la bitmir. Şiə məzhəbinin əqidəsinə görə bu ilahi xilafət Әli (ə)-ın on bir övladının imaməti ilə davam edir.
Diqqət etmək lazımdır ki, bu on bir mə᾿sum imamın hakimiyyəti irsiyyət hüququ demək deyil. İlahi hakimiyyət heç kəsin şəxsi malı və ya hüququ deyil ki, irsiyyət və varislik yolu ilə bir şəxsdən digər şəxsə ötürülsün. Məsələn, imam Həsən (ə)-ın imamətinin qanuniliyinin Әli (ə)-ın oğlu olması ilə heç bir əlaqəsi yoxdur. Müasir dövrümüzdə hər hansı demokratik dövlətdə xalq tərəfindən seçilmiş bir ölkə rəhbərinin oğlu növbəti seçkilərdə uğur qazanarsa, onun hakimiyyətinin hüquqiliyini atası ilə əlaqələndirmək olmaz (şübhəsiz ki, söhbət demokratiya şüarı ilə diktatorluq edən dövlətlərdən getmir).
Bəs şiə məzhəbi Әli (ə)-ın on bir övladınının imamət və hakimiyyətinin qanuniliyini necə izah edir? İlk növbədə qeyd etmək lazımdır ki, ilahi əmrlər ümumi şəkildə «Qur᾿ani-Kərim»də öz əksini tapmışdır. Məsələn, hal-hazırda biz müsəlmanların xüsusi bir tərzdə qıldığımız namaz, Qur᾿ani-Kərimdə yalnız «namaz qılın» əmri ilə ifadə olunmuşdur. Lakin namazın neçə rəkət olması, hansı surələrin oxunması və digər təfsilatı Qur᾿anda göstərilməmişdir. Bu təfsilat və onun tə᾿limləri Peyğəmbərin (s) öhdəsinə düşür. Qur᾿anda olub-olmamasından asılı olmayaraq, Peyğəmbərin (s) göstərişlərinə itaət etmək hamıya vacibdir. Qur᾿ani-Kərim bu barədə buyurur:
«Peyğəmbər əmr etdiyi bütün şeylərə itaət edib, nəhy (qadağan) etdiyi bütün şeylərdən çəkinin!» 
Bu ayəyə əsasən biz «namaz qılın» ifadəsini bəsit bir şəkildə qəbul edib öz istədiyimiz kimi namaz qıla bilmərik. Ötən bəhslərimizdən aydın olduğu kimi, hakimiyyət və imamət məsələsi Qur᾿ani-Kərimdə dəfələrlə ümumi şəkildə bəyan olunmuşdur. Məsələn, Nisa surəsinin 59-cu ayəsində «əmr sahiblərinə itaət edin» deyə, Allah-taala bizlərə hakimiyyət və imamət qarşısında olan vəzifələrimizi müəyyənləşdirir. Lakin məsələnin təfsilatını, əmr sahiblərinin kimlər olduğunu bu ayənin məzmunundan əldə etmək olmur.
Digər hökmlər kimi bu məsələnin təfsilatını öyrənmək üçün Peyğəmbərə (s) müraciət etmək lazımdır.
Peyğəmbərin (s) mübarək hədislərinə müraciət etdikdə görürük ki, ilahi hakimlər dəfələrlə həzrət Peyğəmbər (s) tərəfindən bəyan olunmuşdur.
Şeyx Süleyman Hənəfi «Yənabiul-məvəddə» kitabında (77-ci bab) yazır:
«Yəhya ibni Həsən (əhli-sünnət hədisşünası) «Әl-ümdə» kitabında mö᾿təbər sənədlə Peyğəmbərin (s) xəlifələrinin Bəni-haşim tayfasından on iki nəfər olduğunu yazmışdır.»
Həmçinin Səhih Buxari 3 sənədlə, Səhih Müslim 9 sənədlə, Səhih Әbi Davud 3 sənədlə, Səhih Termezi 1 sənədlə Peyğəmbərin xəlifələrinin 12 nəfər olduğunu yazmışlar...»
Әbu İshaq Şeyxul-islam Həmvini «Fəraidus-simətəyn» kitabında Mücahid ibni Abbasdan nəql edir:
«Nə᾿səl adlı bir yəhudi, Peyğəmbərin (s) hüzuruna gəlib İslam dini barəsində sorğu-sual etməyə başladı. O, qənaətbəxş cavablar aldıqdan sonra İslam dinini qəbul edərək soruşdu: Ya Rəsuləllah, Musa (ə) özündən sonra Yuşəin xəlifə olmasını vəsiyyət etdi. Bəs sizin xəlifələriniz kimlərdir?
Peyğəmbər (s) buyurdu: Mənim xəlifələrim Әli, Həsən, Hüseyn və onun 9 övladıdır.
Nə᾿səl bir daha sual edərək onların (9 nəfərin) adlarını bilmək istədiyini dedi:
Həzrət buyurdu: Hüseyn şəhid olduqdan sonra onun övladlarlı Әli (Zeynəl-abidin), Məhəmməd (Baqir), Cə᾿fər (Sadiq), Musa (Kazim), Әli (Riza), Məhəmməd (Təqi), Әli (Nəqi), Həsən (Әsgəri) və Məhəmməd-əl-Məhdi sıra ilə imamətə nail olarlar.
Daha sonra Peyğəmbər (s) buyurdu: Xoş o kəsin halına ki, onları sevər və itaət edər. Bu zaman Nə᾿səl sevinclə İslam və Әhli-beyt barəsində şe᾿r oxumağa başladı...»
Әbul-muəyyəd Xətib Xarəzmi «Mənaqib» kitabında, Şeyx Süleyman Hənəfi «Yənabiul-məvəddə» kitabında Cabir ibni Abdullah Әnsaridən nəql edir:
«Cəndəl ibni Cünadə adlı bir yəhudi, Peyğəmbərin (s) hüzuruna gəlib İslam dinini qəbul edərək dedi: Bu gecə yuxuda Musa (ə)-ı gördüm. Həzrət mənə buyurdu: Sonuncu Peyğəmbər Məhəmmədin dininə iman gətir və ondan sonra onun xilafətinə itaət et. Həmd və şükürlər olsun Allaha ki, sənin dininə iman gətirdim, bəs sənin xəlifələrin kimlərdir?
Peyğəmbər (s) buyurdu: Onların birincisi Әlidir. Sonra Həsən, Hüseyn və onun 9 övladı. Sən bunların 3 nəfərinin imamətinə şahid olacaqsan. Dördüncü imam dünyaya gəldikdən sonra dünyanın son ne᾿mətini (dadacaq və) bir qab süd içdikdən sonra vəfat edəcəksən.
Cəndəl ibni Cünadə dedi: Ya Rəsuləllah, mən Әli, Həsən və Hüseynin adını Tövratda İlya, Şəbər və Şübeyr kimi görmüşəm, bəs qalan 9 nəfər kimlərdir?
Həzrət buyurdu: Әli (Zeynəl-abidin), Məhəmməd (Baqir), Cə᾿fər (Sadiq), Musa (Kazim), Әli (Riza), Məhəmməd (Təqi), Әli (Nəqi), Həsən (Әsgəri) və Məhəmməd əl-Məhdidir ki, (axırıncısı) qeybə çəkilər. Sonra zühur edib zülm və fəsadla dolmuş yeri ədalətlə gülüstana döndərər.
Xoş o kəslərin halına ki, o, qeybdə olduğu zaman səbirli olarlar, Allahdan qorxub onları sevərlər.»
Qeyd etmək lazımdır ki, gözlərdən qeybdə olan və Allahın iradəsi ilə bir zaman zühur edib yer üzündə mütləq ədalət bərqərar edəcək 12-ci imam həzrət Məhəmməd əl-Məhdi əl-Höccət ibnil-Həsən (ə)-ın varlığını təsdiq edən 500-dən artıq mö᾿təbər hədis 70-ə qədər əhli-sünnət kitablarında qeyd olunmuşdur.
30. BÜTÜN MÜSӘLMANLARIN QARDAŞLIĞI. «Yapışın Allah ipindən və heç vaxt dağılmayın. Allahın sizə bəxş etdiyi ne᾿mətləri yada salın. Bir-birinizlə düşmən olduğunuz zaman, Allah sizin qəlblərinizi birləşdirdi və Onun ne᾿məti ilə bir-birinizə qardaş oldunuz. Sanki, atəş dolu bir dərəyə tökülməkdə idiniz lakin, Allah sizi ondan xilas etdi...» 
Әziz oxucular! Bu gün biz müsəlmanların birliyə, qardaşlığa daha çox ehtiyacımız vardır. Müqəddəs dinimiz bəşəriyyəti zülm və sitəmlərdən xilas etmək üçün bütün insanları birliyə də᾿vət edir. Haqqın qalib gəlməsi üçün biz insanlar ən azı sağlam vicdan ətrafında birləşməliyik. Hər hansı bir müsəlman bizləri ixtilafa, qarşıdurmaya səsləyirsə, çəkinmədən deyə bilərik ki, bu şəxsin İslam dini haqqında qətiyyən anlayışı yoxdur və ya müsəlman cildinə girmiş əcnəbi nökəridir. Biz müqəddəs Qur᾿anımıza baxsaq görərik ki, vəhdət və qardaşlıq prinsipi ilə yaşamaq bəlkə də bizim vacib ibadətlərimizdən daha zəruridir. Çox maraqlıdır ki, Qur᾿ani-Kərim zülmə, cəhalətə son qoymaq üçün hətta xristian və yəhudiləri təkallahlığa e᾿tiqad bəsləyən bir din kimi birliyə də᾿vət edir:
«De ki, ey kitab əhli (xristian və yəhudilər) gəlin sizinlə bizim aramızda müştərək olan kəlmənin ətrafında birləşək...» 
Belə bir prinsip və şüarlar verən bir din və ümmətin parçalanması, ardıcıllarının bir-birinə düşmən gözü ilə baxması sadəcə olaraq öz dinindən üz çevirməkdən özgə bir şey deyil.
Qeyd etdiyimiz kimi, bu gün bizim dini qardaşlığa həmişəkindən daha artıq ehtiyacımız var. Bu gün dinimiz özünün ən çətin və ən ağır günlərindən birini yaşayır. Tarix boyu sərvətlərimizə, namusumuza göz dikmiş xristian və yəhudilər dişlərini həmişəkindən daha artıq itiləmişlər. Diqqət edin xristian dininin tarixi düşməni olan yəhudilər onların necə də səmimi dostuna çevrilmişlər. Təsadüfü deyil ki, müqəddəs Məryəm (ə)-a zinakar, həzrət İsa (ə)-a zinazadə deyən yəhudilər barəsində Roma Papası rəsmi şəkildə belə bir bəyanat verdi: Yəhudilər biz xristianların tarixi dostudurlar. Onlar İsa Məsihin dar ağacına çəkilməsində iştirak etməyiblər.
Әl-ələ verib müsəlmanları özlərinə qul etmək istəyən küfrün qarşısında əl-ələ verib qardaş olmaqdan başqa çarəmiz yoxdur.
Burada Livan müsəlmanlarından olan görkəmli mütəfəkkir Seyyid Şərəfüddinin 100 il bundan öncə Misirin əl-Әzhər universitetində söylədiyi bir kəlamı xatırlatmaq yerinə düşərdi:
«Müsəlmanları siyasət parçalamışdır. Bu gün də onları siyasət birləşdirməlidir.»
Bu gün Hənəfi, Şafei, Hənbəli, Maliki və Cə᾿fəri məzhəblərinin arasında düşmənçilik həddinə gətirəcək heç bir fərq yoxdur. Bütün müsəlmanlar «Allahdan başqa mə᾿bud yoxdur, Məhəmməd (s) Onun rəsuludur» deyə bir-birləri üçün doğma qardaşa çevrilirlər. Hamımız əziz Peyğəmbərimiz və onun Әhli-beytinin sevgisi ilə yaşayırıq. Әhli-beyt sevgisini tərənnüm edən şe᾿r və mədhlər qoşan əhli-sünnət qardaşlarımız heç də şiələrdən geri qalmırlar. Burada Şafei məzhəbinin rəhbəri imam Şafeinin Әhli-beyt haqqında söylədiyi bir şe᾿rin tərcüməsini təqdim edirik:
«Әlinin, Fatimənin, Həsən və Hüseynin tə᾿rifindən söz düşəndə bə᾿zi nakəslər başqa şeylər danışmağa cəhd göstərirlər. Onlar bu tə᾿rifi deyənlərə «rafizi», yəni dindən çıxmış deyirlər. Allaha pənah aparıram bu insanlardan! Onlar bilmirlər ki, mənim Allahım Әhli-beytə salavat göndərir. Lə᾿nət olsun, min lə᾿nət olsun belə nadanlığa...!»
***
Şükürlər olsun aləmlərin Rəbbinə! İnsanı yaradıb ona qələm ilə yazmağı öyrədən Allaha həmd və sitayiş edir, Peyğəbər (s) və onun Әhli-beytinə salavat və salam göndəririk...!
Müvəffəqiyyət yalnız qadir Allahın əlindədir; Ondan özgə nə bir qüdrət, nə bir əzəmət vardır!

Комментариев нет:

Отправить комментарий